Məhkəmə qərarları › İş №8(103)-284/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-284/2025

17.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-284/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Tələbkar “alimentin indeksasiyası barədə” ərizəsinə dair icraat üzrə (açar sözlər: alimentin indeksasiyası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası hakimlər Səlimova Səadət Rəşid qızı (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və X3 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-498/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilən şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İşin halları, iş üzrə məhkəmə icraatı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1473/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən, cavabdeh Borclu xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay 170 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Tələbkar ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsində icraat Tələbkar ərizə ilə məhkəməyə müraciət edərək, alimentin minimum əmək haqqına uyğun indeksasiya olunması haqqında qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-498/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən, ərizə təmin edilərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 1473/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdeh Borclu iddiaçı Tələbkar ödənilməli olan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmuşdur. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2020-ci ildə alimentin 170 manat məbləğində təyin olunmasını və həmin vaxt minimum əmək haqqının 250 manat olmasını nəzərə alaraq müəyyən edir ki, 2020-ci ildə minimum əmək haqqının 0,68 misli həddində aliment tutulması qət edildiyindən, alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,68 misli həddində indeksasiya olunmalıdır. Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə Borclu Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-498/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından şikayət verərək, qərardadın ləğv edilməsini, ərizənin rədd edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Tələbkar Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-1473/2020 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, ərizənin məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləğinin minimum əmək haqqına uyğun indeksasiya olunması haqqında qərardad çıxarılmasını xahiş etmiş, məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(011)-498/2025 nömrəli müvafiq qərardadı ilə ərizətə edilmişdir. Məhkəmə tərəfindən iddiaçının ərizəsi təmin edilərək Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(011)-1473/2020 nömrəli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü X1 ilə bağlı təyin edilmiş alimentin indeksasiyası həyata keçirilərkən onun maddi vəziyyəti, stabit işinin olmaması, aylıq gəliri, ailə vəziyyəti, himayəsində daha 2 azyaşlı uşağın olmasını, onlardan birinin xəstəliyinin olmasını (xəstəliyi təsdiq edən sənədlər apellyasiya şikayətinə əlavə ediləcək) və həmin xəstəliklə əlaqədar olaraq onun maddi imkanının yetərsiz olması nəzərə alınmamış, hətta əvvəllər də tərəfindən ödənilməli olan aliment məbləğini, yəni 170 manatı maddi vəziyyətinin pis olmasına görə ödəməkdə çətinlik çəkdiyini, buna baxmayaraq, çətinliklə də olsa ödənişlərdən yayınmadan və gecikdirmə olmadan ödəmiş olmağını nəzərə almadan qəbul etdiyi qərardadla vəziyyətini daha da pisləşdirmişdir. Məhkəmə 2020-ci il üzrə minimum aylıq əmək haqqının 250 manat olmasını nəzərə alaraq hər ay təyin edilmiş 170 manat məbləğində alimentin minimum aylıq əmək haqqının 0,68 misli həddində indeksasiya olunmalı olması barədə qərara gəlməkdə hesab edir ki, qanunvericiliyin tələblərini pozmuşdur. Belə ki, iddiaçı indeksasiya barədə ərizəsində yaşayış minimumunun artmasına görə təyin edilmiş alimentin məbləğinin indeksasiya olunmasını xahiş etsə də, məhkəmə iddiaçının xeyrinə minimum aylıq əmək haqqının 0,68 misli həddində aliment tutulması barədə qərardad qəbul etməklə faktiki olaraq ərizəçinin qeyd etdiyi və dövlətin uşaqlar üçün müəyyən edilmiş minimum məbləğdən, 246 manatdan da çox 272 manat alimentin tutulması ilə nəticələnən qərardad qəbul etməklə qanunvericiliyin tələblərini də pozmuşdur. Halbuki məhkəmənin iddia tələbindən kənara çıxması qanunvericiliklə məhdudlaşdırılmışdır. Bundan başqa, məhkəmə qərardad qəbul edərkən onun maddi vəziyyəti nəzərə alınmamışdır. Onun sözügedən məhkəmə qərardadı ilə indeksasiya olunmuş məbləği ödəmək üçün maddi imkanı qətiyyən yoxdur və bu təkcə onun yox, həm də onun himayəsində olan ikinci nikahından olan ailəsinin və 2 uşağının, xüsusilə də uşaq autizmi, Kanner sindromu F84.0 diaqnozu qoyulmuş uşağının çətin vəziyyətdə qalması və maddi vəziyyətinin ağırlaşması deməkdir. O, autizm diaqnozu qoyulmuş oğlunun müalicə və reabilitasiyaları üçün hər ay çətinliklə də olsa maddi vəsait əldə edib xərcləməlidir. Həmin müalicə və reabilitasiyalar olmasa onun uşağının vəziyyəti daha da ağırlaşar. Hazırki maddi vəziyyəti buna imkan vermir. O, həm uşağın qayğısına qalmalı, həm də işləyib ailəsini dolandırmalıdır. İşi isə stabil olmadığı üçün aylıq qazancı 300-350 manat civarı olur. Bu qazancla o həm ailənin dolanışıq xərclərini qarşılamalı, həm müalicə və reabilitasiyalara vəsait xərcləməli, həm də aliment ödəməlidir. Onun aliment ödəməkdən yayınmaq və boyun qaçırmaq kimi də fikri yoxdur. Belə fikri olsa əvvəllər də alimenti vaxtlıvaxtında ödəməzdi. Lakin, o, məhkəmənin qərardadı əsasında artırılmış aliment məbləği ilə razı ola bilməz. Çünki, məhkəmə onun düşdüyü vəziyyəti nəzərə almadan 272 manat məbləğində indeksləşdirərək alimenti artırmaqla onu çıxılmaz vəziyyətdə qoymuşdur. Hazırki maddi vəziyyəti elədir ki, 200 manatdan artıq aliment ödəməyə maddi imkanı heç cür əl vermir. Ona görə də hesab edir, qərardad ləğv edilməli, ərizə əsassız olduğundan rədd edilməsi barədə qərardad qəbul edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-498/2025 nömrəli qərardadına əsasən, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-498/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilən şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. Şikayətə qarşı Tələbkar etirazı onunla əsaslandırılmışdır ki, o, 2010-cu il noyabr ayında Borclu ilə nikaha daxil olmuş, birgə nikahlarından xx.xx.2011-ci il təvəllüdlü Hüseynzadə Kənanla birlikdə, uşağın altı aylığında küçəyə atılmış, 2013-cü ilin yanvar ayında qarşı tərəfin ərizəsi əsasında nigahı pozulmuş, təkrar ailə həyatı qurmamışdır. O, 14 il ərzində uşağa tək başına baxır, bu illər ərzində bir dəfə də olsun borclu uşaqla maraqlanmamışdır. Alimenti icraçının tələbinə əsasən, ödəyir. Alimentdən əllavə borclu övladına vəsait ödəmir. Borclu uşağın hansı məktəbdə, neçenci sinifdə oxuduğundan xəbəri yoxdur. O, uşağın normal yaşaması üçün gecə və gündüz növbəli, ağır və zərərli iş rejimində işləyir. İpoteka kreditinə girərək ev almış, uşağın təhsilinə görə hər ay 120 manat ödəniş edir. Gecə növbəsində olarkən tək qalıb narahat olduğu üçün məcbur yanında qalan şəxsə hər ay 50 manat ödəniş edir. Borclunun ikinci nigahından olan uşağı üçün təqdim olunan xəstəlik sənədinə görə belə xəstələrə dövlət tərəfindən uşağa və ona baxana müavinət ödənilir. Əgər qarşı tərəf 3-cü uşağı saxlaya bilməyəcəkdisə niyə dünyaya gətirirdi. Bu özü bir məsuliyyətsizlikdir. Ona görə də şikayətin təmin edilməməsi xahiş olunur. Tətbiq edilən hüquq normaları Azərbaycan Respublikasının Konstitusiyası Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Maddə 129. İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İİİ. Məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Ailə Məcəlləsi Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Maddə 58.2.Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Maddə 75.1 Valideynlər uşaqlarını saxlamağa borcludurlar. Maddə 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Maddə 75.4 Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında” Qanunun Maddə 1. İndeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmdir. Maddə 2. Vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsinin əsasını istehlak qiymətlərinin indeksi təşkil edir. Azərbaycan Respublikasında istehlak qiymətlərinin indeksi əhalinin yaşayış minimumunu hesablamaq üçün qəbul edilmiş minimum istehlak səbətinə uyğun olaraq dövlət, kooperativ ticarətində və xüsusi ticarətdə qiymətlərin, habelə mülkiyyət formasından asılı olmayaraq bütün xidmət sahəsi obyektlərində pullu xidmət tariflərinin dəyişilməsinin müşahidəsi nəticəsində əldə edilmiş statistika məlumatı əsasında hesablanır. Maddə 3. Aşağıdakılar indeksləşdirilməlidir: ... - aliment. Uşaq hüquqları haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir. Maddə 13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 80. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Mddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Maddə 397.1. Bu Məcəllənin 269.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduqda məhkəmənin qərardadından verilən ilkin şikayət işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilir. Maddə 397.2. Apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.1. apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; 402.2.2. kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; 402.2.3. kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; 402.2.4. iş üzrə icraata xitam verilməsi barədə; 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında. Maddə 402.3. Birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyəti haqqında qərardadlarından və həmin qərardadlardan verilən şikayətin qaytarılması haqqında qərardaddan kassasiya şikayəti verilə bilər. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 2 sentyabr 2015-ci il tarixli Qərarı “Konstitusiya Məhkəməsinin Plenumu Mülki Prosessual Məcəllənin qeyd olunan normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır.” “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2016-cı il tarixli, 8-2/2016 nömrəli Qərarı: Bənd 8.2. Məhkəmələrə izah edilsin ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Nikahın pozulması ilə əlaqədar uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir. Bənd 8.3. Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Bənd 8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir). Bənd 8.4-2. Nəzərə alınmalıdır ki, Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Bənd 8.11-1. Alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-498/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya ilk növbədə qeyd edir ki, ödənilməli olan pul məbləğinin indeksasiyası dedikdə, tələbkarın hüquqlarının və qanuni mənafelərinin inflyasiya proseslərinin mənfi təsirlərindən qorunması məqsədilə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən tələbkara ödənilməli olan pul məbləğinin inflyasiyanın artım səviyyəsinə mütənasib olaraq artırılması başa düşüldüyündən indeksasiya inflyasiya nəticəsində istehlak qiymətlərinin artdığı bir şəraitdə tələbkarın üzləşdiyi zərərin əvəzinin ödənilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş prosessual mexanizmdir. Kollegiya borclunun şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, həmin dəlillər alimentin indeksasiya edilməməsi üçün əsas olmadığından, bu hallar Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi üçün müraciətin əsası olduğundan, alimentin miqdarının dəyişdirilməsi məsələsinə isə hazırkı icraat çərçivəsində baxılması qeyri-mümkün olduğundan, borcluya müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunur. Kollegiya tədqiq olunmuş sübutlara məcmu halında hüquqi qiymət verib belə nəticəyə gəlir ki, şikayətin dəlilləri hazırkı qərardadın ləğv edilməsi üçün deyil, borclunun təyin olunan alimentin məbləğinin dəyişdirilməsinə dair müraciət etmək hüququndan istifadə etmək üçün əsas olduğundan, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2024-cü il 20 dekabr tarixli qərarında nümayiş etdirilmiş hüquqi mövqelərə əsasən, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməli olduğundan, qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalı olduğundan birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır. İstinad olunanlara əsasən kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı və qanuni hesab edib, borclu tərəfindən mübahisələndirilən məhkəmə aktının şikayət verilə bilən hüquq pozuntusuna əsaslanmadığından şikayətin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadının isə dəyişdirilmədən saxlanması qənaətinə gəlir. Belə ki, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 35-ci maddəsinin 3-cü bəndinin tələbinə əsasən, məhkəməyə müraciət olunan istənilən fərdi şikayət açıq əsaslandırılmamış və ya şikayət vemə hüququndan sui-istifadə edilmiş hesab edilərsə qəbul olunmayan elan edilə bilər. Şərh olunanlara əsasən, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-402-ci maddələrini rəhbər tutaraq Məhkəmə kollegiyası qərara aldı Şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-498/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar