Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-285/2025 20.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), X2 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-33/2025 saylı qərardadından X3 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(005)- 4482/2016 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdən başlayaraq, X5 xx.xx.2009cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)- 4823/2018 saylı qətnaməsinə əsasən Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(005)- 4482/2016 saylı qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin dəyişdirilməsi, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılması üçün X5 hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində alimentin Tələbkar xeyrinə tutulması qət edilmişdir. X3 şikayət ərizəsi ilə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinə müraciət edərək, Nərimanov rayon İcra şöbəsinin icraatında olan 231462/2018-15-12 saylı icra işi üzrə icra məmuru Rafail Səfərovun 2016-2019-cu illər ərzində ödənilmiş alimentlə bağlı təkrar tələbinin qanunsuz hesab edilməsi, 2016-2019-cu illərdə X3 tərəfindən Tələbkar xeyrinə ödənilmiş alimentin nəzərə alınması və hesablanmış keçmiş borcun əsassız hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-33/2025 saylı qərardadı ilə ərizənin qismən təmin edilməsi, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icraatında olan 231462/2018-15-12 saylı icra işi üzrə icra məmuru Rafail Səfərovun X3ndan 2016-2019-cu illər ərzində alimentlə bağlı artıq ödənilmiş 2.000 manat məbləğdə tələbin qanunsuz hesab edilməsi və X3 tərəfindən Tələbkar xeyrinə artıq ödənilmiş 2.000 manat məbləğin nəzərə alınması qərara alınmışdır. Həmin qərardaddan X3 şikayət verərək, qərardadın qismən ləğv edilməsini və şikayətin tam təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(005)-4482/2016 saylı qətnaməsi ilə xx.xx.2016-cı il tarixdən etibarən xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 240 manat sabit pul məbləğində alimentin ondan tutularaq Tələbkar verilməsi qət edilmişdir. Məhkəmə qərarı onun tərəfindən icra edilmiş və ötən müddət ərzində hər hansı pritenziya olmamışdır. 2024-cü ildə tələbkar və icra məmuru ona 2016-2019-cü illər üçün alimentin verilməməsi ittihamı ilə çıxış edərək, həmin illərin alimentinin ödənilməsini tələb etmiş və məcburi icra tələbləri nəticəsində öz istəklərinə nail olmuşlar. Məhkəmə baxışı zamanı izahat verən icra məmuru və tələbkar icra işi üzrə heç bir borcun qalmadığını söyləmişlər. İzahatlarında həmçinin 2016-2019-cu illər ərzində heç bir aliment ödənilmədiyini vurğulamışlar. Məhkəmənin sorğusuna verilmiş cavab məktubuna əsasən müəyyən edilmişdir ki, həqiqətən də onun tərəfindən tələbkarın kart hesabına xeyli miqdarda vəsait ödənilmişdir. Bundan sonra tələbkar yenə də aliment ödənişinin vaxti ilə verilməsini inkar edərək, müxtəlif bəhanələr gətirmişdir. Məhkəmə iclasında icra məmuru da tələbkarla həmrəylik nümayiş etdirərək, 2017-ci ilə aid olan alimentin həqiqətən də ödənilmədiyini bildirmiş, bank sənədlərində əks olunan vəsaitin tərəflərin təsərüfatı birgə idarə etmələri ilə əlaqələndirmiş və hətta bunun şahidi olduğunu söyləmişdir. İşə baxan hakim barələrində şikayət etdiyi şəxslərin izahatlarını əsas tutub ərizənin tam təmin edilməsindən imtina etmiş, nəticədə qarşı tərəfin mənafeyinə uyğun qərar qəbul etməklə maddi və prosessual qanunvericiliyin tələblərini pozmuşdur. Tərəflərin izahatına əsasən və işin mübahisəsiz halı ondan ibarətdir ki, 2016-cı ildə "xxxx" ASC-də tələbkara açılan hesab alimentin ödənilməsi üçün nəzərdə tutulmuşdur. Belə olan halda kart hesabına ödənilən vəsaitin bir qisminin nəzərə alınması, bir qisminin isə nəzərə alınmaması əsassız, qanunsuz və məntiqsizdir. Beləliklə, göstərilənlərə əsasən şikayət ərizəsinin əsaslı olduğu bəlli olur. Belə olan halda birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı qüvvəsində qala bilməz. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-33/2025 saylı qərardadı ilə X3nun şikayəti təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-33/2025 saylı qərardadı ləğv edilməli, borclunun şikayətinə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun: 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir; 69-cu maddəsinə əsasən alimentlərin tutulması və aliment öhdəlikləri üzrə borcların ödənilməsi qaydası Azərbaycan Respublikasının Ailə Məcəlləsi ilə müəyyən edilir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 106.3-cı maddəsinə əsasən borclar alimentin məhkəmənin qətnaməsi və ya aliment ödənilməsi barədə saziş ilə müəyyən edilən miqdara uyğun olaraq icra məmuru tərəfindən müəyyən edilir; 106.5-cı maddəsinə əsasən icra məmuru tərəfindən aliment üzrə borcun müəyyən edilməsi ilə razılaşmayan tərəflərdən hər biri onun hərəkətlərindən mülki prosessual qanunvericiliklə müəyyən olunmuş qaydada şikayət edə bilər; 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Məhkəmə kollegiyası işin hallarına istinadən ilk növbədə qeyd edir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli, 2(005)-4482/2016 saylı qətnaməsinə əsasən xx.xx.2016-cı il tarixdən başlayaraq, X5 xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2015-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşaq üçün 120 manat, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq Tələbkar verilməsi qət edilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(005)-4823/2018 saylı qətnaməsinə əsasən bu qətnamə ilə müəyyən edilmiş aliment məbləği dəyişdirilmiş və həmin uşaqların yetkinlik yaşına çatana kimi saxlanılması üçün X5 hər ay hər uşaq üçün 154 manat olmaqla, cəmi 308 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmuşdur. Sonuncu qətnamə ilə müəyyən edilmiş məbləğdə aliment həmin qətnamə qanuni qüvvəsini aldığı tarixdən tutulmağa başlanmışdır. Hazırda borclu icra sənədini icra edən icra məmurunun 2016-2019-cu illər ərzində onun tərəfindən alimentin ödənilməməsinə istinadən ondan tələbkarın xeyrinə 7.200 manat məbləğində alimentin ödənilməsini tələb etdiyini bildirir və həmin dövrə aid aliment borcunun olmadığını, ondan faktiki olaraq icra etdiyi öhdəliyin yenidən icra edilməsinin (təkrar alimentin ödənilməsinin) tələb edildiyini vurğulayaraq, həmin dövr üçün borcun hesablanmasının qanunsuz hesab edilməsini tələb edir. İş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının protokoluna əsasən borclunun vəkili və nümayəndəsi borcludan 7.200 manat məbləğində aliment borcunun tələb edilməsinin qanunsuz və əsassız olduğunu vurğulamışdır. İclasda iştirak edən tələbkar isə borclunun uzun illərdir ki, aliment ödəmədiyini, lakin bu günlərdə bütün borcunu ödədiyini və hazırda aliment borcunun olmadığını bildirmişdir. Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru da məhkəmə iclasında borclunun 17.493 manat məbləğində aliment borcunun yarandığını, lakin görülmüş məcburi icra tədbirləri nəticəsində onun borcu tam ödədiyini, hazırda aliment borcunun olmadığını göstərmişdir. İş üzrə xx.xx.2025-ci il tarixdə keçirilmiş məhkəmə iclasının protokoluna əsasən isə borclunun vəkili və nümayəndəsi borcludan artıq alınan pul vəsaitinin ona geri qaytarılmalı olduğunu bildirmiş və işə baxan hakim tərəfindən ona verilmiş suala cavab olaraq 11.700 manat pula istinad etmişdir. Lakin bu məbləğin ödənilməli olan aliment borcu olmasına və ya artıq ödənilmiş məbləğ olmasına aydınlıq gətirilməmişdir. Digər tərəfdən icra məmuru 17.493 manat məbləğində aliment borcunun tam bağlanıldığını bildirildiyi bir halda, borclu bu məbləğin 7.200 manat hissəsini mübahisələndirmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən icra sənədi üzrə borclunun ümumilikdə və 2016-2019-cu illər üzrə hansı məbləğdə aliment borcunun yarandığı, o cümlədən 17.493 manat məbləğində borcun hansı hissəsinin məhz 2016- 2019-cu illərə aid olduğu, ümumiyyətlə 17.493 manat məbləğində borcun hansı tarixdə və qaydada ödənildiyi müəyyən edilməmiş, bu hissədə hər hansı araşdırma aparılmamışdır. Halbuki, ilk növbədə məhz 2016-2019-cu illər üzrə ödənilməli olan və ödənilmiş aliment borcunun məbləği müəyyən edilməli idi. Bu məbləğin hesablanması da hər hansı çətinlik yaratmır. Belə ki, qeyd edilən dövr ilk qətnaməni tam, ikinci qətnaməni isə qismən əhatə edir. Bununla belə, qətnamələrin qüvvəyə minmə və alimentin hesablanmasının başlanğıc tarixləri əsas götürüldükdə uşaqların saxlanılması üçün borcludan xx.xx.2016-cı il tarixdən təxminən 2018-ci ilin noyabr ayının ortalarına (təxminən 2 il 6 ay) kimi (birinci instansiya məhkəməsi ikinci qətnamənin qanuni qüvvəyə minmə tarixini də dəqiqləşdirməmişdir) hər ay ümumilikdə 240 manat, 2018-ci ilin noyabr ayının ortalarından isə xx.xx.2020-ci il tarixədək (son tarix xx.xx.2019-cu il olmaqla, təxminən 13 ay) hər ay ümumilikdə 308 manat məbləğində aliment tutulmalı idi. İş materiallarında olan tələbkarın "xxxx" ASC-də açılmış müvafiq hesabından çıxarışa əsasən xx.xx.2018-ci il – xx.xx.2019-cu il tarixlərində aliment ödənişi qismində onun hesabına ümumilikdə 11.577 manat məbləğində pul daxil olmuşdur. Bundan əvvəlki dövrə aid "xxxx" ASC-nin bank qəbzlərinə əsasən isə borclu tərəfindən tələbkara aliment ödənişi qismində xx.xx.2017-ci il tarixdə 2.000 manat, xx.xx.2017-ci il tarixdə isə 500 manat məbləğində pul ödənilmişdir. Bununla belə, 2017-2019-cu illər ərzində bu məqsədlə borclu tərəfindən tələbkara ümumilikdə 14.000 manatdan artıq vəsait ödənilmişdir. Halbuki, xx.xx.2016-cı - xx.xx.2019-cu il tarixləri üçün daha az məbləğdə aliment ödənilməli idi. Lakin birinci instansiya məhkəməsi yalnız "xxxx" ASC-nin bank qəbzlərində olan məbləğləri nəzərə almış, "xxxx" ASC-də açılmış müvafiq hesabından çıxarışda aliment ödənişi kimi göstərilən məbləğlərə qiymət verməmişdir. Bu səbəbdən borcludan aliment borcu olaraq məhz 2.000 manat məbləğində pulun tutulmasının (tələb edilməsinin) qanunsuz hesab edilməsi barədə birinci instansiya məhkəməsinin mövqeyi əsaslı hesab edilə bilməz. Bununla belə, istinad edilən bütün muhasibat sənədləri nəzərə alınmaqla yuxarıda göstərilən məsələlər üzrə araşdırma aparılmalı və məhz bu qaydada borclu tərəfindən aliment borcu olaraq hansı tarixdə, hansı məbləğin ödənildiyi (17.493 manat və ya başqa məbləğ), bu məbləğin hansı hissəsinin 2016-2019-cu illər ərzində yaranmış aliment borcunun silinməsinə yönəldiyi, bundan əvvəl 2016-2019-cu illər üçün hansı məbləğdə aliment borcunun ödənildiyi müəyyən edilməli və nəticəsindən asılı olaraq şikayətin əsaslı (tam və ya qismən) olub-olmamasına hüquqi qiymət verilməlidir. Beləlkilə, məhkəmə kollegiyası göstərilənləri nəzərə alıb, belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi öz mövqeyində haqlı olmamışdır. Bu səbəbdən şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, şikayətə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X3 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-33/2025 saylı qərardadı ləğv edilsin. X3 tərəfindən verilmiş şikayətə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-285/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-285/2025
20.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver