Məhkəmə qərarları › İş №8(103)-286/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-286/2022

20.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-286/2022 20.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və Həsənov Rəşad Məhəmməd oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə, X1 borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə 15 iyul 2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsi barədə şikayət ərizəsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-771/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərardadından X2 tərəfindən verilmiş şikayətə əsasən işə yazılı icraat qaydasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 şikayət ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edərək, Xətai rayon İcra şöbəsinin X1 icra şöbəsinə məcburi gətirilməsi barədə 15 iyul 2022-ci il tarixli qərarının qanunsuz hesab edilərək ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai rayon İcra şöbəsinin icra məmuru Mehdi Zeynalov tərəfindən X1 icra şöbəsinə məcburi gətirilməsi barədə 15 iyul 2022-ci il tarixdə qərar qəbul edilmişdir. Borclu dəfələrlə icra işi ilə əlaqədar icra şöbəsində uşaqla olmuşdur. İcra məmurunun dəfələrlə uşaqla söhbəti atası ilə görüşməsi ilə əlaqədar nəticə verməmişdir. Uşaq ağlayır və atası ilə görüşmək niyyətində deyildir. İcra şöbəsində onun uşağına təzyiqlər göstərirlər. Nəticədə uşağın psixologiyası pozulur. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-771/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Həmin qərardadın ləğvinə dair X1 şikayəti birinci instansiya məhkəməsinin 29 avqust 2022-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, məhkəmə qətnaməsinin qüvvəsinin alması, icraata başlamaq haqqında qərarın surəti, tələbin könüllü icra edilməsi barədə bildiriş verilməsi heç də əhəmiyyət daşımır. Borclunun icra şöbəsinə məcburi gətirilməsi İcra haqqında Qanunun 84.2-ci maddəsi ilə tənzimlənir. Həmçinin indiyə qədər nə çağırış vərəqəsi, nə də ki, icra məmuru tərəfindən qəbul edilmiş, məcburi gətirilməsi haqqında qərar ona təqdim edilməyib. Bundan başqa icra məmurunun icra şöbəsinə getməsi barədə çağırış vərəqəsinin göndərilməsi sübut edilməlidir. Ona isə sübut edirlər ki, məhkəmə qətnaməsi qüvvəsini almış və icra məmuru icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin 19 avqust 2022-ci il tarixli qərardadı ləğv edilməklə, iş şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, borclu tərəfindən mübahisələndirilən borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə qərarı iş materiallarına əlavə edilməmişdir. Həmçinin həmin qərarın əldə edilməsinə dair borclu tərəfindən məhkəməyə ərizə verilsə də həmin ərizəyə münasibət bildirilməmişdir. Göründüyü kimi borclu mübahisələndirdiyi icra məmurunun qərarını əldə edə bilmədiyini məhkəməyə bildirsə də həmin qərar işə əlavə edilməmişdir. Həmçinin borclu tərəfindən mübahisələndirilən - borclunun icra şöbəsinə məcburi gətirilməsi barədə qərarın tarixi şikayətdə 15 iyul 2022-ci il tarixli olması qeyd edilsə də, birinci instansiya məhkəməsinin qərardadının əsaslandırıcı hissəsində həmin qərarın tarixi 04 iyul 2022-ci il tarixli olması öz əksini tapmışdır. Bununla belə qənaətə gəlmək olar ki, birinci instansiya məhkəməsi hansı qərarın qanuniliyini yoxladığını müəyyən edə bilməmişdir. Digər tərəfdən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi qərardadının əsaslandırıcı hissəsində icra işinin materiallarını araşdırmasını göstərsə də, nə icra işinin materialları işə əlavə edilməmiş, nə də icra işinin materiallarının əldə edilməsi, onun nəzərdən keçirilməsi 19 avqust 2022-ci il tarixli məhkəmə iclas protokulunda öz əksini tapmamış, həmçinin məhkəmə borclunun şikayətinə baxsa da, adı çəkilən iclas protokulunda “təqdimatı və ona əlavə edilmiş sənədlərin nəzərdən keçirildiyini” qeyd etmişdir. Bununla yanaşı məhkəmə kollegiyası qeyd edir ki, “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunvericiliyin mənasına görə borclunun icra şöbəsinə məcburi gətirilməsi yalnız, onun icra məmurunun çağırışına məhəl qoymadığı, yəni müəyyənləşdirilmiş qaydada dəvət olunmasına baxmayaraq, bundan imtina etdiyi təqdirdə mümkündür. İş materiallarında icraata başlamaq haqqında qərar, eləcə də tələbin könüllü icrası haqqında qərar olsa da icra məmurunun öz qərarını əsaslandırdığı halların mövcudluğunu təsdiq edən sübutlar barədə, yəni borcluya göndərilən bildirişlərin borcluya çatdırılıbçatdırılmamasına dair sənədlərin olmamışdır. Halbuki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Buna əsasən, məhkəmə işə baxarkən icra vərəqəsinin və bununla bağlı icraata başlamaq haqqında qərarın, eləcə də könüllü icra barədə bildirişin həqiqətən də borcluya təqdim edilib-edilmədiyini, onun icra şöbəsinə dəvət olunubolunmadığını və üzrsüz səbəbdən bundan yayınıb-yayınmadığını araşdırmalıdır. Eyni zamanda şikayətə baxılması ilə bağlı məhkəmənin iclas protokollarından məhkəmənin icra işini tələb edərək öyrəndiyi, ötən müddət ərzində hansı icra hərəkətlərinin aparıldığını yoxladığı və borclunun icra şöbəsinə məcburi gətirilməsi üçün prosessul və maddi hüquqi əsasların mövcud olub-olmadığını aydınlaşdırdığı ümumiyyətlə görünmür. Bundan başqa borclu şikayətlərində dəfələrlə icra şöbəsində uşaqla birlikdə olmasını bildirmişdir. Lakin qeyd edildiyi kimi birinci instansiya məhkəməsi tərəfindən icra işi tələb edilərək öyrənilməmiş və borclunun həmin dəlilinə münasibət bildirilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-771/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərardadı ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin iştirakını təmin etməklə, icra məmurunun çağırışlarının borcluya çatdırılıb-çatdırılmaması, borclunun icra hərəkətlərini yerinə yetirib-yetirməməsi aydınlaşdırmalı eləcə də müvafiq icra işi tələb edilməklə zəruri halları araşdıraraq şikayətə qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-771/2022 nömrəli, 19 avqust 2022-ci il tarixli qərardadı ləğv edilərək, iş şikayətə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Rəşad Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar