Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-286/2024 13.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatının təmin edilməməsi barədə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli qərardadından icra sənədi üzrə Tələbkar nümayəndəsi (vəkili) tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Xətai Rayon icra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli qərarla icraata başladığı Bakı Apellyasiya Məhkəməsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu 1000 manatın, 57 580 ABŞ dollarının və 398 manat dövlət rüsumunun tutulub Tələbkar ödənilməli olduğunu, icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək, qərarın surətinin bildirişlə Borclu göndərildiyini və tələbin könüllü təmin edilməsi üçün 10 gün müddət müəyyən olunduğunu, lakin bu müddət ərzində borclu tərəfindən tələbin könüllü təmin edilmədiyini, İcra şöbəsi tərəfindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərildiyini bildirmiş, buna görə də “İcra haqqında” Qanunun 84-1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 21 iyun 2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilməmiş, məhkəmə (hakim) öz qənaətini onunla əsaslandırmışdır ki, icra məmuru borclu tərəfindən icra sənədində əks olunmuş tələbin üzrsüz səbəbdən icra edilməməsi (icra edilməsindən yayınması) barədə sübutları məhkəməyə təqdim etməmiş, məhkəmə araşdırması zamanı borclunun qətnamənin icrasından qərəzli olaraq yayınmadığı, tələbkara olan borcunu hissə-hissə ödəmək iqtidarında olduğu üçün buna dəfələrlə cəhd etdiyi, tələbkar tərəfindən hissəvi ödənişin qəbul edilmədiyi, eləcə də borclunun əmək fəaliyyətinin xarici şirkətlərlə bağlı olmaqla onun bununla bağlı tez-tez xarici ölkələrə ezam edildiyi müəyyən olunmuşdur. Həmin qərardaddan tələbkarın nümayəndəsinin verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, borclu tərəfindən 6 aydan uzun müddət ərzində qətnamənin könüllü icra edilməsi istiqamətində heç bir addım atılmamış, yalnız məhkəməyə təqdimatla müraciət olunduqdan sonra (daha doğrusu məhkəmə qərardadı qəbul edildikdən sonra) formal şəkildə 2000 manat ödəniş edilmişdir. Bu isə öhdəliyin çox kiçik bir hissəsidir (təxminən 1/50 hissə). Tələbkar hesab edir ki, təqdimat təmin edilməli və borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Belə ki, borclunun ölkədən getməsi ilə icra sənədinin icrasına maneələr yarana bilər, bu isə öz növbəsində icra sənədinin icrasının mümkünsüz olması və ya uzun müddət icrasız qalması ilə nəticələnə bilər ki, bu da Avropa Konvensiyasının məhkəmə aktlarının ağlabatan müddətdə icra olunması tələbinə ziddir. "Klass Almaniyaya qarşı” işində Avropa İnsan Hüquqları Məhkəməsi vurğulamışdır ki, üzv dövlətlərdə yaşayan hər bir fərd ədalət mühakiməsi funksiyasını həyata keçirən məhkəmələrə müraciət edərkən, məhkəmələrə qarşı öz güvənlərini göstərir və məhkəmənin ədalətli qərar çıxarmasına və sonda, mövcud ədliyyə sistemində həmin məhkəmə qərarlarının icrasına gecikdirilmədən başlanılacağına etimad edir. Üzv dövlətlərdə bu etimadın doğruldulmaması ədalət mühakiməsi anlayışına heç də uyğun gəlməməkdədir. Çünki ədalətin tam bərqərar olması üçün düzgün əsaslandırılmış qərarın qəbul edilməsi yetərli deyil, həm də həmin qərar lazımi müddətdə və qaydada icra edilməlidir. Halbuki mövcud vəziyyətdə Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsinin hələ də icra edilməmiş olması ədalət anlayışına uyğun gəlmir. Bu səbəblə də, nəticəsi bu qətnamənin icrasına yardımçı ola bilən, icra sənədinin icrasına maneənin aradan qaldırılmasına yönələn təqdimatın məhkəmə tərəfindən təmin edilməməsi qəbul edilməzdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və təqdimat təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. “Cəfərov Azərbaycana qarşı” iş üzrə 11 fevral 2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” 29 iyul 2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir (bax, Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il, § 40, Qərar və Qərardadların Hesabatı, 1997-İİ). Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə isə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Kollegiya qeyd edir ki, “İcra haqqında” qanun, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə o deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, Bakı Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə verilmiş icra sənədinə əsasən, Borclu 1000 manat, 57 580 ABŞ dolları və 366 manat dövlət rüsumunun əvəzi tutulub Tələbkar ödənilməlidir. İş materiallarından həmçinin aydın olur ki, həmin icra sənədinin icrası ilə bağlı zəruri icra hərəkətləri həyata keçirilmiş, borcluya bildiriş təqdim olunmuş, icra sənədinin icrasını üzrsüz səbəbdən təmin etmədiyi üçün Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə o, İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 manat məbləğində cərimə tənbeh tədbiri tətbiq olunmuşdur. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etməməkdə haqlı olmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-582/2024 saylı iş üzrə 21 iyun 2024cü il tarixli qərardadı ləğv edilsin. Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai Rayon icra şöbəsinin icra məmurunun təqdimatı təmin olunsun. xx.xx.1967-ci il tarixdə anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Məmməd Məmmədov
Məhkəmə qərarları › İş №8(103)-286/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-286/2024
13.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver