Məhkəmə qərarları › İş №8(103)-287/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-287/2024

07.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-287/2024 07.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X8 Sarıyevin sədrliyi ilə, X7 və X2 ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 8(006)-115/2024 saylı qərardadından X1 və Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Borclu icra sənədinin icraatına xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət edərək, şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 960/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsinin icra edilməsi ilə əlaqədar icra hərəkətlərinin və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixli "icraata xitam verilməsi haqqında" qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və işin yenidən icraya qaytarılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdırlar ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-960/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar ilə Bakı şəhəri Nəsimi Bələdiyyəsi arasında bağlanmış Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair 25 oktyabr 2005-ci il tarixli, 02/85 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanda icarəyə verilmiş 400 (dörd yüz) kv metr torpaq sahəsinin zəbt olunmuş hissəsindən (200 kv metr hissədən) cavabdehlər Borclu və X4 çıxarılması və torpaq sahəsinin boşaldılaraq iddiaçı Tələbkar təhvil verilməsi qət edilmiş, qətnamənin icrası Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinə həvalə edilmişdir. Qeyd edilən qətnamənin icra edilməsi ilə əlaqədar Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən qətnamə icra edilərkən qanun pozuntusuna yol verilmişdir. Belə ki, icra məmuru Nəsimi Bələdiyyəsinə müraciət ünvanlayaraq qətnamənin icrası ilə bağlı olaraq torpaq sahəsinin konkret hansıissədə ayrılmasının müəyyən edilməsi məqsədilə mütəxəssis dəvət etmiş, lakin Bələdiyyə tərəfindən torpaq sahəsinin koordinatlarını müəyyən etmək səlahiyyətinə və bacarığına malik mütəxəssis deyil, bu cür səlahiyyətə malik olmayan hüquqşünas icra işində iştirak etmişdir. Göründüyü kimi, icra məmuru, məhkəmə qətnaməsi ilə bölünməsi müəyyən edilmiş, lakin konkret hansı hissədə bölünməsi qeyd edilməmiş torpaq sahəsinin konkret olaraq hansı koordinatlar çərçivəsində bölünməsinin müəyyən edilməsi zərurətini nəzərə almadan bu sahədə mütəxəssis qurum olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-dən mütəxəssis dəvət etmədən və Bələdiyyədən mütəxəssisin deyil, torpaq sahəsinin koordinatlarını müəyyən etmək səlahiyyətinə və xüsusi biliyə malik olmayan hüquqşünasın iştirakı ilə icra işi həyata keçirmiş, bunun nəticəsində qeyri-müəyyən şəkildə 200 kv metr torpaq sahəsini ayıraraq iddiaçıya vermiş və xx.xx.2024-cü il tarixli "icraata xitam verilməsi" haqqında qərar qəbul etmiş və kobud qanun pozuntusuna yolvermişdir. Daha sonra Tələbkar məhkəməyə etiraz ərizəsi ilə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-960/2023 nömrəli xx.xx.2023-cü il tarixli, qətnaməsinin icra edilməsi ilə əlaqədar icra hərəkətlərinin və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixli "icraata xitam verilməsi haqqında" Qərarın qanunsuz hesab edilərək ləğv edilməsinə və işin yenidən icraya qaytarılmasına dair" şikayətinin rədd olunması və işə düzgün və tezliklə baxılmasına maneçilik törədildiyindən, iş vaxtının lüzumsuz itirilməsi üçün borcludan 100 manat nağd pul vəsaitinin tutulmasını və tələbkara ödənilməsi barədə qərardad çıxarasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, borclu Şikayətində - Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-960/2023 nömrəli xx.xx.2023-cü il tarixli, qətnaməsinin icra edilməsi ilə əlaqədar icra hərəkətlərinin və Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixli "İcraata xitam verilməsi haqqında" Qərarın qanunsuz hesab edilərək ləğv edilməsinə və işin yenidən icraya qaytarılmasına dair qərardad qəbul edilməsini xahiş edir. "İcra məmuru, məhkəmə Qətnaməsi ilə bölünməsi müəyyən edilmiş, lakin konkret hansı hissədə bölünməsi qeyd edilməmiş torpaq sahəsinin konkret olaraq hansı koordinatlar çərçivəsində bölünməsinin müəyyən edilməsi zərurətini nəzərə almadan bu sahədə mütəxəssis qrum olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-dən mütəxəssis dəvət etmədən və Bələdiyyədən mütəxəssisin deyil, torpaq sahəsinin koordinatlarını müəyyən etmək səlahiyyətinə və xüsusi biliyə malik olmayan hüquqşünasın iştirakı ilə icra işi həyata keçirilmiş, bunun nəticəsində qeyri-müəyyən şəkildə 200 kv.metr torpaq sahəsini ayıraraq iddiaçıya vermiş və xx.xx.2024-cü il tarixli "İcraata xitam verilməsi haqqında" Qərar qəbul etmiş və kobud qanun pozuntusuna yol vermişdir."-göstərilmişdir. Açıq-aşkardır ki, şikayətdə göstərilən dəlillər borclunun formal mülahizəsi və uydurması olmaqla yanaşı, həm də dolandırıcı və təhrif olunmuş ifadələrdən istifadə edilməklə tərtib olunduğundan, həmin şikayətdə göstərilənlər əsasında xx.xx.2024-cü il tarixli "icraata xitam verilməsi haqqında" Qərarın ləğv edilməsi qəbul edilən deyil və yol verilməzdir. Əvvala qeyd edir ki, borclu tərəfindən şikayətə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)- 960/2023 nömrəli xx.xx.2023-cü il tarixli, qətnaməsinin qət etdi hissəsində, 2(103)- 960/2023 nömrəli xx.xx.2024-cü il tarixdə verilmiş icra Vərəqəsində və xx.xx.2024-cü il tarixli "İcraata xitam verilməsi haqqında" Qərarın "Müəyyən etdim" hissəsində azərbaycan dilində açıqaydın səlist və hüquqi baxımından anlaşılan qaydada göstərilir ki, "iddiaçı Tələbkar ilə Bakı şəhəri Nəsimi Bələdiyyəsi arasında bağlanmış Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair 25 oktyabr 2005-ci il tarixli, 02/85 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanda icarəyə verilmiş 400 (dörd yüz) kv.m torpaq sahəsinin zəbt olunmuş hissəsindən (200kv.m.hissədən) cavabdehlər Borclu və X10 çıxarılsın və torpaq sahəsi boşaldılaraq iddiaçı Tələbkar təhvil verilsin. Deməli, qanuni qüvvədə olan məhkəmə Qətnaməsində torpaq sahəsinin konkret olaraq ünvanı və icarəyə verilmiş 400 (dörd yüz) kv.m torpaq sahəsinin zəbt olunmuş 200 kv.metr hissəsindən borclunun çıxarılması və həmin hissənin tələbkara təhvil verilməsi göstərildiyi halda, yəni mübahisə predmetinin obyekti olan torpaq sahəsinin ümumiyyətlə bölgüsü barədə hər hansı bir tələb və məhkəmə qərarı olmadığında), açıqaşkardır ki, borclunun torpaq sahəsinin bölgüsü ilə bağlı bu dəlili-onun uydurmasına və formal mülahizəsinə əsaslanır. Bundan başqa, tələbkarın istifadəsində olan ünvan 1 ünvanında 400 (dörd yüz) kv.m torpaq sahəsinin zəbt olunmuş 200 kv.metr hissəsindən borclular Borclu və onun qardaşı X10 xx.xx.2024-cü il tarixli Akt əsasında çıxarıldığı və tələbkara təhvil verildiyi halda, (eləcə də borclunun qardaşı X4 şikayətçi olmadığını da nəzərə alsaq) hazırda hansı ünvanda yerləşən torpaq sahəsinin bölgüsünün aparılması dəlili anlaşılan deyil və bu dəlil onun yalnız və yalnız özünə aydın olan dəlil olmaqla, onun qeyri-adekvat hərəkət etməsini sübut edir. Hazırda mübahisələndirilən Qərarın əsaslarından biri hesab edilən İcra məmurları tərəfindən tərtib edilən xx.xx.2024-cü il tarixli Akt- tələbkarın etibarnamə üzrə nümayəndəsinin, Bələdiyyənin hüquqşünasının və 2 nəfər hal şahidlərinin iştirakı ilə tərtib edildiyindən qanunvericiliyin tələbinə uyğundur, eləcə də həmin akt ləğv olunmamış və etibarsız hesab edilmədiyindən, eyni zamanda hazırda da borclu tərəfindən mübahisələndirilmədiyi üçün hüquqi qüvvəyə malikdir. Bir Faktı da xüsusi olaraq qeyd edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-3209/2021 saylı, 18 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçılar Borclu və X4 (bundan sonra birlikdə Məmmədov qardaşları adlanacaq) cavabdehlər Tələbkar və Nəsimi Bələdiyyəsinə qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" 2(006)- 3209/2021 saylı mülki iş, iddiaçı Tələbkar cavabdehlər Borclu və X6 qarşı "torpaq sahəsinin boşaldılması və s. tələbinə dair" e-2(006)-2855/2021 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticənin faktiki əsası ondan ibarət olmuşdur ki, "Tərəfləri iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri kimi qəbul etmək mümkün deyildir." İşin hallarından müəyyən olunur ki, Tələbkar Birinci instansiya məhkəməsinin qətnaməsindən qismən, yəni onun iddia tələbinin təmin olunmaması hissəsindən narazı qalmış və apellyasiya şikayəti vermişdir. Lakin, Məmmədov qardaşları Birinci instansiya məhkəməsinin qətnaməsindən tam olaraq, yəni, o cümlədən özlərinin iddia tələblərinin təmin olunmaması ilə də razılaşmışlar. Bir sözlə, Məmmədov qardaşları iddia tələblərini irəli sürməyə imkan verən subyektiv hüququn sahibləri olmadıqlarını qəbul etmişlər. Artıq şərhə etiyac qalmır ki, Məmmədov qardaşları subyekt olaraq, hazırkı iş üzrə mübahisə predmetinin obyeki üzərində hər hansı bir hüquqları olmadığı halda, eləcə də bu fakt artıq qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də müəyyən edildiyi halda, Borclu tərəfindən hazırkı Şikayətin verilməsi üçün də subyektiv hüququnun olmadığı qeydşərtsiz ispatlanır. Digər tərəfdən, belə nəticəyə gəlməyə əsas verir ki, digər borclu, yəni o biri qardaş olaraq Məmmədov Azər, mübahis predmetinin obyekti üzərində subyekt olaraq artıq hər hansı bir hüququnun olmaması ilə barışmış və Şikayət verməmişdir. Bundan başqa, borclunun "qeyri-müəyyən şəkildə 200 kv.metr torpaq sahəsini ayıraraq" dəlili də dolandırıcı və təhrif olunmuş formal mülahizədən başqa birşey deyildir. Belə ki, Bakı Apellyasiya Məhkəməsi MK-nın 2(103)-960/2023 nömrəli xx.xx.2023-cü il tarixli Qətnaməsinin 44-cü bəndində açıq-aydın və anlaşılan şəkildə qeyd olunur ki,"Göstərilənlərlə yanaşı, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli ünvandakı torpaq sahəsinə yerində baxış da keçirildi. Baxış zamanı müəyyən edildi ki, torpaq sahəsi düzbucaqlı şəklində yerləşir, yəni torpaq sahəsinin bir tərəfinin avtomobil yoluna paralel, digər tərəfi ücüncü şəxsə aid tikilinin divarına paralel yerləşir, digər tərəfi iddiaçının üçüncü şəxs Nazim Şahbazova satdığı fərdi yaşayış evinə, əks tərəfi isə cavabdehin (yəni borcluların) giriş darvazasından avtomobil yoluna qədər olan yola paralel yerləşir, torpaq sahəsinin kənarları çəpərlənmədiyi müəyyən edildi. Göründüyü kimi, yerli baxış zamanı da mübahisəli torpaq sahəsinin iddiaçıya məxsus evə bitişik olduğu təsdiq olundu. Bu cür vəziyyətdə cavabdehlərin (yəni borcluların) həmin torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədi olmadan iddiaya etirazı başadüşülən olmamışdır. Açıq-aşkardır ki, borclunun uydurması, formal mülahizəsi, təhrif olunmuş və dolandırıcı ifadələri əsasında tərtib edilmiş Şikayəti ilə, eyni zamanda qeyri-adekvat hərəkətləri ilə qanuni qüvvədə olan məhkəmə Qətnaməsi ilə müəyyən edilən hallar və Faktlar yenidən mübahisə obyektinə çevrilir. Digər tərəfdən, borclunun əsassız və qanunsuz Şikayəti və qeyri-adekvat hərəkəti əsasında açıq-aşkardır ki, borclu icra işinin lüzumsuz uzadılmasına cəhd edir və eləcə də hazırkı işə düzgün və tezliklə baxılmasına maneçilik törədilir. Daha sonra ərizəçi X9 icra sənədinin icraatına xitam verilməsi barədə şikayətlə məhkəməyə müraciət edərək, şikayətinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-960/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsinin icra edilməsi ilə əlaqədar icra hərəkətlərinin və Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Murad Xudaverdiyev tərəfindən qəbul edilmiş, xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi haqqında” qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və işin yenidən icraya qaytarılmasına dair qərardad çıxarılmasını xahiş etmişdir. Daha sonra ərizəçi X9 məhkəməyə ərizə ünvanlayaraq, şikayətinin 8(006)-115/2024 saylı işin icraatına birləşdirilərək baxılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Nəsimi Rayon Məhkəməsinin 8(006)-170/2024 saylı iş üzrə xx.xx.2024-cü il tarixli qərardadı ilə hazırda icraatda olan Borclu tərəfindən verilmiş “icra sənədinin icraatına xitam verilməsi”nə dair şikayəti ilə bağlı 8(006)-115/2024 saylı iş ərizəçi X9 tərəfindən verilmiş “icra sənədinin icraatına xitam verilməsi”nə dair şikayəti ilə bağlı 8(006)-170/2024 saylı işlə bir icraatda birləşdirilməsi və işlərə birlikdə baxılaraq 8(006)-115/2024 nömrəsinin verilməsi qərara alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 8(006)-115/2024 saylı qərardadı ilə ərizəçilər Borclu və X9 tərəfindən verilmiş “icra sənədinin icraatına xitam verilməsi”nə dair qərardan verilmiş şikayətin rədd edilməsi qərara alınmışdır. Qərardaddan X1 və Borclu nümayəndəsi və vəkili Vəkil Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından şikayət verərək, şikayətin təmin edilməsi, Nəsimi rayon Məhkəməsinin İş № 8(006)-115/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edilməsi və ərizənin (şikayətin) təmin edilməsinə dair yeni qərardadın qəbul edilməsi və və şifahi icraat qaydasında baxılması və X5, X3 və maraqlı şəxslərin (qərar qəbul etmiş icra məmuru və qanuna zidd formada heç bir səlahiyyəti olmadan icra məmurunun qətnamənin icra edilməsi kimi aktlaşdırılmasında iştirak etmiş Nəsimi Bələdiyyəsinin hüququşunası) dindirilməsinin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, icra məmuru, məhkəmə qətnaməsi ilə bölünməsi müəyyən edilmiş, lakin konkret hansı hissədə bölünməsi qeyd edilməmiş torpaq sahəsinin konkret olaraq hansı koordinatlar çərçivəsində bölünməsinin müəyyən edilməsi zərurətini nəzərə almadan bu sahədə mütəxəssis qurum olan Daşınmaz Əmlakın DövlətKadastrı və Reyestri PHŞ-dən mütəxəssis dəvət etmədən və Bələdiyyədən mütəxəssisin deyil, torpaq sahəsinin koordinatlarını müəyyən etmək səlahiyyətinə və xüsusi biliyə malik olmayan hüquqşünasın iştirakı ilə icra işi həyata keçirmiş, bunun nəticəsində qeyri-müəyyən şəkildə 200 kv metr torpaq sahəsini ayıraraq iddiaçıya vermiş və xx.xx.2024-cü il tarixli “icraata xitam verilməsi” haqqında qərar qəbul etmiş və kobud qanun pozuntusuna yol vermişdir. Qeyd edilməlidir ki, məhkəmə öz qərarını əsaslandırarkən ərizəçilərin müvafiq torpaq sahəsi üzərindəki mülkiyyət hüquqlarını təsdiq edən hüquqmüəyyənedici sənədlərin mövcud olmamasına görə onların həmin torpaq sahəsi ilə bağlı subyektiv hüquqlarının olmamasına istinad etmişdir. Lakin, həmin torpaq sahəsinin uzun müddətdir ki, ərizəçilərin ailəsinin istifadə olmasına dair şahidlərin notariat qaydasında təsdiq edilmiş ərizələri mövcuddur və zərurət halında məhkəməyə təqdim edilə bilər. Həmçinin qeyd edilməlidir ki, hazırki iş üzrə ərizəçilər mübahisələndirilən icra qərarının aid olduğu məhkəmə işi üzrə cavabdehlər qismində tanınmış və mübahisədə birbaşa tərəf olmuşdurlar. Həmçinin, müvafiq torpaq sahəsinin Tələbkar icarəyə verilməsinə dair Nəsimi Bələdiyyəsi ilə bağlanmış müqavilə də saxtalaşdırılmış müqavilədir. Belə ki, Nəsimi Bələdiyyəsindən əldə edilmiş məktubdan da müəyyən edilir ki, Bələdiyyənin sistemində müvafiq torpaq sahəsinə münasibətdə hər hansı müqavilə aşkar edilməmişdir. Həmin torpaq sahəsi dövlət mülkiyyətində olmaqla heçvaxt bələdiyyənin mülkiyyətində olmamışdır və bələdiyyə tərəfindən özgəninkiləşdirilə bilməzdi. Ona görə də Tələbkar həmin torpaq sahəsi üzərində hər hansımülkiyyət hüququmövcud deyildir. Buna baxmayaraq əvvəlki məhkəmə işləri üzrə hakimlər tərəfindən bu pozuntu hallarına göz yumularaq Tələbkar xeyrinə qərarlar qəbul edilmiş, sonuncu qətnamənin icrası zamanı isə icra məmuru tərəfindən də qanunsuzluqlar törədilmiş, müvafiq torpaq sahəsinin bölünməli olan konkret koordinatlarınınmüəyyən edilməsi bu sahədə ekspert və mütəxxəssisin səlahiyyətlərində olsa da, bu səlahiyyətlərə və zəruri biliyə malik olmayan Bələdiyyənin hüquqşünasının iştirakı ilə akt tərtib etmiş və icra işi üzrə icraata xitam verilməsinə dair qərar qəbul etmişdir. Nəsimi rayon Məhkəməsi isə icra məmurunun bu cür qanunsuz hərəkətlərinə göz yumaraq əsassız şəkildə şikayəti rədd etmişdir. Eyni zamanda qeyd edilməlidir ki, Azərbaycan Respublikasının icra qanunvericiliyinin tələblərinə görə, icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Göründüyü kimi, qanunvericilik icra məmurunun üzərinə vəzifə qoyur ki, icraedilən qətnamə və ya qərarda qeyri-müəyyən hallar aşkar etdikdə icra məmuru müvafiq qətnamənin izah edilməsinə dair məhkəmə müraciət etməlidir. Hazırki işin halları kontekstindən yanaşdıqda müəyyən edilir ki, Bakı Apellyasiya Məhkəməsinin icra edilən qətnaməsində ayrılmalı olan 200 kv.m. torpaq sahəsinin koordinatları və məhz hansı sərhədləri əhatə etməsi göstərilməmişdir. Bunun müəyyən edilməsi isə ya icra məmuru tərəfindən icra işinə bu sahədə xüsusi biliyi və səlahiyyəti olan mütəxəssisin cəlb edilməsi, ya da məhkəməyə ərizə ilə müraciət edərək qətnamənin müvafiq hissədə izah edilməsinin tələb edilməsidir. Lakin icra məmuru tərəfindən göstərilən tədbirlərin heç biri həyata keçirilməmiş, icranın təmin edilməsi üçün formal olaraq mütəxəssisin iştirakı üçün müraciət edilsə də, mütəxəssis deyil, bu sahədə biliyə və səlahiyyətlərə malik olmayan, üstəlik torpaq sahəsinin bələdiyyəyə məxsus olmamasına baxmayaraq, Nəsimi Bələdiyyəsinin hüquqşünasının iştirakı ilə icra işi aparılmışdır. Yuxarıda göstərilənlərlə yanaşı qeyd edilməlidir ki, qanunsuz qərar qəbul etmiş icra məmurunun və icra hərəkətlərinin keçirilməsində mütəxəssis əvəzinə, buna dair səlahiyyətləri olmadan iştirak etmiş Bələdiyyənin hüquqşünasının məhkəmə iclaslarına dəvət edilməsi və dindirilməsinə dair məhkəmə qarşısında qaldırılmış vəsatətlər məhkəmə tərəfindən təmin edilsə də, həmin şəxslər məhkəmə iclaslarına çağırılmamış və dindirilməmişdirlər. Göründüyü kimi, məhkəmə iş üzrə təqdim edilmiş sübutlara düzgün və hərtərəfli qiymət verməməklə yanaşı, iş üzrə mühüm əhəmiyyət kəsb edən halların aydınlaşdırılması məqsədilə verilmiş və təmin edilmiş vəsatəti dəicra etməmiş, icra məmurunun və bələdiyyənin hüquqşünasının məhkəmə iclasında iştirakını və dindirilməsini təmin etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 11 iyul 2024-cü il tarixli, 8(006)-115/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini araşdırıb, iş materiallarını tədqiq edib, hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 8(006)-115/2024 saylı qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 6.1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin qərarları icra sənədləri sayılır. Həmin Qanunun 20.1.5-ci maddəsinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi üzrə icraata xitam verilir. Həmin Qanunun 20.2-ci maddəsinə görə isə, icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmuru tərəfindən əsaslandırılmış qərar qəbul edilir. Həmin qərar icra qurumunun rəhbəri tərəfindən yoxlanılaraq təsdiq olunur və onun surəti 3 gün müddətində tərəflərə, habelə icra sənədini vermiş məhkəməyə və ya digər orqana (notarius istisna olmaqla) göndərilir. Göründüyü kimi, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli Qanunu ilə “İcra haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən, icra sənədi üzrə icraata xitam verilməsi səlahiyyəti məhkəmələrdən alınaraq icra qurumuna verilsə də, qanunverici məhkəməyə öz təşəbbüsü ilə icra məmurunun icraata xitam verilməsi barədə qərarının qanuniliyini yoxlamaq səlahiyyəti vermişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbuletdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Kollegiya qeyd edir ki, Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-960/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə apelyasiya şikayətinin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-2855/2021 saylı, 02 noyabr 2021-ci il tarixli qətnaməsinin hazırki apellyasiya icraatının predmeti olan, yəni iddiaçı Tələbkar cavabdehlər Borclu və X6 qarşı iddianın rədd olunması hissəsində ləğv edilməsi və həmin hissədə iddianıntəmin edilməsi, iddiaçı Tələbkar ilə Bakı şəhəri Nəsimi Bələdiyyəsi arasında bağlanmış Bələdiyyə torpaq sahəsinin icarəyə verilməsinə dair 25 oktyabr 2005- ci il tarixli, 02/85 nömrəli müqaviləyə əsasən ünvan 1 ünvanda icarəyə verilmiş 400 (dörd yüz) kv.m torpaq sahəsinin zəbt olunmuş hissəsindən (200 kv.m.hissədən) cavabdehlər Borclu və X4 çıxarılması və torpaq sahəsinin boşaldılaraq iddiaçı Tələbkar təhvil verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)- 4347/2023 saylı qərarı ilə cavabdehlər Borclu tərəfindən verilmiş kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-960/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. İcra məmuru M.Ə.Xudaverdiyev və qeyriləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, icra sənədinin icrası ilə əlaqədar qeyd edilən ünvana gəlindiyi, bələdiyyə əməkdaşının iştirakı ilə qeyd edilən ünvanda ölçülərin aparıldığı və 200 kv.m. torpaq sahəsinin tələbkarın etibarnamə üzrə nümayəndəsinə təhvil verildiyi göstərilmişdir. xx.xx.2024-cü il tarixli icraata xitam verilməsi haqqında qərarın surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-960/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli icra sənədinə xitam verilmişdir. Ərizəçilər şikayətini onunla əsaslandırırlar ki, torpaq sahəsinin konkret hansı hissədə ayrılmasının müəyyən edilməsi məqsədilə mütəxəssis dəvət etmiş, lakin Bələdiyyə tərəfindən torpaq sahəsinin koordinatlarını müəyyən etmək səlahiyyətinə və bacarığına malik mütəxəssis deyil, bu cür səlahiyyətə malik olmayan hüquqşünas icra işində iştirak etmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini əsassız hesab edərək qeyd edir ki, ünvan 1 ünvanda icarəyə verilmiş 400 (dörd yüz) kv.m torpaq sahəsinin ərizəçilər Borclu və X9 tərəfindən zəbt olunmuş 200 kv.m. hissəsinin Tələbkar məxsus olması artıq Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-960/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsi ilə təsdiq edildiyindən (həmin sahədə yerli baxış keçirildiyindən), mütəxəssisin iştirakına ehtiyac qalmamışdır. Belə ki, iş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)- 960/2023 nömrəli, 24 iyul 2023-cü il tarixli qətnaməsinin əsaslandırıcı hissəsindən görünür ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli ünvandakı torpaq sahəsinə yerində baxış da keçirilmiş və baxış zamanı müəyyən edilmişdi ki, torpaq sahəsi düzbucaqlı şəklində yerləşir, yəni torpaq sahəsinin bir tərəfinin avtomobil yoluna paralel, digər tərəfi ücüncü şəxsə aid tikilinin divarına paralel yerləşir, digər tərəfi iddiaçının üçüncü şəxs Nazim Şahbazova satdığı fərdi yaşayış evinə, əks tərəfi isə cavabdehin giriş darvazasından avtomobil yoluna qədər olan yola paralel yerləşir, torpaq sahəsinin kənarları çəpərlənmədiyi müəyyən edildi. Göründüyü kimi, yerli baxış zamanı da mübahisəli torpaq sahəsinin iddiacıya məxsus evə bitişik olduğu təsdiq olunmuşdur. Bu cür vəziyyətdə cavabdehlərin həmin torpaq sahəsinə dair hər hansı bir hüquqmüəyyənedici sənədi olmadan iddiaya etirazı başadüşülən olmamışdır. Torpaq sahəsi uzun illər ərzində cavabdeh tərəfin faktiki istifadəsində olması da əraziyə baxış zamanı müəyyən edilməmişdir. Ən azından bu illər ərzində torpaq sahəsi cavabdeh tərəfin istifadəsində idisə, hansısa formada bunu, yəni kənarlarının çəpərlənərək mühafizə və istifadə olunduğunu müşahidə etmək olardı. Göründüyü kimi Bakı Apellyasiya Məhkəməsi tərəfindən mübahisəli ünvandakı torpaq sahəsinə yerində baxış keçirilmiş və baxış zamanı mübahisəli torpaq sahəsinin Tələbkar məxsus evə bitişik olduğu təsdiq olunmuşdur. Həmin əraziyə baxış zamanı isə Tələbkar məxsus evə bitişik 200 kv.m sahədən başqa hər hansı bir əlavə 200 kv.m sahə olmadığı da müəyyən edilmişdir. Bu isə onu sübut edir ki, bu halda əlavə mütəxəssisin iştirakına hər-hansı zərurət qalmamışdır. Eyni zamanda iş materiallarından görünür ki, ərizəçilər Borclu və X5 ünvan 1 ünvanda icarəyə verilmiş torpaq sahəsinə hər hansı bir mülkiyyət və ya digər hüquqları (müqavilə, icra və ya bələdiyyə) olmamışdır. Belə ki, ərizəçi Borclu 1968-ci il tarixində həmin torpaq sahəsi ilə bağlı müqavilə bağladığını iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. İddiaçılar Borclu və X10 (cavabdehlər Tələbkar və Nəsimi Bələdiyyəsinə qarşı "müqavilənin etibarsız hesab edilməsi tələbinə dair" iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət etmişlər, lakin Nəsimi Rayon Məhkəməsinin 2(006)-2855/20221 saylı qətnaməsi ilə iddia rədd edilmişdir. Beləliklə, ərizəçilərin həmin ərazi üzrə hər hansı hüquqlarının olmaması məhkəmənin qanuni qüvvəsini almış qətnaməsi ilə bir daha təsdiq edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası ərizəçilər tərəfindən icra hərəkətlərinin qanunsuzluğu və icraata xitam verilməsi haqqında qərarın ləğvi üçün əsas təşkil edəcək hər hasnı bir mötəbər sübutun təqdim edilməməsini nəzərə alaraq hesab edir ki, məhkəmə şikayəti təmin etməməklə qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət əsassız olmaqla, qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Birinci instansiya məhkəməsi tərəfindən qanunvericiliyin tələblərinə düzgün əməl olunmuşdur, ona görə də, məhkəmə qərardadı dəyişdirilmədən saxlanmalı, şikayət isə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 və Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 27 iyun 2024-cü il tarixli, 8(006)- 115/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Xəyal Sarıyev Hakimlər Fuad Abdıyev Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar