Məhkəmə qərarları › İş №8(103)-289/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-289/2021

16.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-289/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, Ərizəçi İskəndərov Ayaz Zülfüqar oğlunun iştirakı ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli e-2(001)- 7549/2018 saylı məhkəmə əmrinin hissə-hissə icra edilməsinə dair ərizə barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-313/2021 saylı, 19 may 2021-ci il tarixli qərardadından borclu İskəndərov Ayaz Zülfüqar oğlu tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Borclu İskəndərov Ayaz Zülfüqar oğlu məhkəməyə ərizə ilə müraciət edərək, qətnamənin hissə-hissə aylıq 50 manat ödəməklə, 4 il 3 ay müddətində icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. O, ərizəsini onunla əsaslandırmışdır ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 20 avqust 2018-ci il tarixli məhkəmə əmri ilə “xxxx” ASC-nin ona qarşı pul tələbinə dair iddiası təmin edilmişdir. Məhkəmə əmrinə əsasən, ödənilməli olan 3.762,52 manat borcun bir hissəsi ödənilmişdir.“xxxx” ASC-nin 16 iyun 2021-ci il tarixli 135 №li Binəqədi rayon İcra Şöbəsinə göndərdiyi məktubda kredit borcu üzrə qalıq məbləği 2.583,46 manat təşkil edir. Lakin sonradan o, kredit borcu üzrə heç bir ödəniş edə bilməmişdir. Hal-hazırda qalan borcu birdəfəlik və ya əmək haqqısının 50%-i mislində ödəməyə imkanı yoxdur. Maaşı azdır və ailədə öhdəsində iki yetkinlik yaşına çatmayan uşaq var. Həyat yoldaşı işləmir. Tələb olunan məbləği o, hissə-hissə aylıq 50 manat ödəməklə 4 il 3 ay müddətində icra edə bilər. Odur ki, ərizənin təmin edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-313/2021 saylı, 19 may 2021-ci il tarixli qərardadı ilə ərizə təmin olunmamış, həmin qərardaddan borclunun verdiyi şikayət də təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında məlumatlandırılmış icra sənədi üzrə digər tərəflər məhkəməyə gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər, kollegiya onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası ərizə üzrə toplanmış materialı tədqiq edərək belə qənaətə gəlir ki, şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir. Başqa sözlə, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Kollegiya hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab vermir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 403 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-313/2021 saylı, 19 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar