Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-289/2025 23.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/2022-021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin qanunsuz hesab edilməsi barədə Borclu ərizəsinə dair icraat üzrə (Açar sözlər: icra məmurunun hərəkətlərindən (hərəkətsizliyindən şikayət) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X5 (sədrlik edən və məruzəçi), X4 və X1 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-229/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/2022-021 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə mənzilinin qeyri qanunsuz sökdüyü üçün icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi və barəsində xüsusi qərardadın çıxarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə təqribən 11 radələrində Bakı şəhər İcra Hakimiyyətinin Sərəncamı ilə mərhum anasına ayrılan torpaq sahəsinə yerləşən fərdi yaşayış evi sökülmüşdür. Bu məsələnin hardan qaynağlanmağı barədə məlumat aldıqda ona bəlli olmuşdur ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)- 103/2022- 021 saylı mülki iş olmuş və həmin iş üzrə o tərəf olsa da tikili ona məxsus olmamışdır. Qaradağ Rayon Məhkəməsi Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/2022- 021 saylı mülki iş üzrə icra vərəqəsi göndərmiş və icra məmuru həmin fərdi yaşayış evinin kimə məxsus olmasını aydınlaşdırmadan onun mülkünə ziyan vurmaqla mərhum anasına məxsus olan tikilini sökməklə mülkiyyət hüququnu pozmuş və bu da bir sıra ailə daxili problemlərin yaranmasına çıxarmışdır. Bu əsasla məhkəməyə müraciət edir və ona məxsus olmayan fərdi yaşayış evimin söküntüsü ilə əlaqədar olaraq məmurun hərəkətinin qanunsuz hesab edilməsi və qanuna müvafiq olaraq barəsində xüsusi qərardadın çıxarılmasını istərdi. Bildirmək istərdi ki, dəfələrlə icra vərəqəsi əsasında görülən işlə əlaqədar çıxarılan qərarı icraçıdan istəsə də hətta qərarı ona təqdim etməkdən imtina etmiş və anası tərəfindən təqdim olunan qərar əsasında şikayət edir və məhkəmədən müddətin keçməsini üzürlü hüsab edilməklə şikayətə baxmasını xahiş edir. İcra məmuru söküntünü sökmədən öncə mənzilin kimə məxsus olmasını müəyyən etməli və o həmin mülki iş üzrə mülkiyyətçi olmadığı halda belə bir özbaşınalığın edilməsi mülkiyyət hüququna ziddir.
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-229/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/2022-021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin qanunsuz hesab edilməsi və barəsində xüsusi qərardad çıxarılması barədə Borclu tərəfindən verilmiş ərizənin təmin edilməməsi qərara alınmışdır.
4. Birinci instansiyası məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, icra məmurunun söküntü ilə əlaqədar hərəkətləri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 103/2022-021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və ona verilən şikayətlərə əsasən qəbul edilmiş yuxarı instansiya məhkəmələrinin qərarları üzrə verilmiş icra vərəqinin icrası istiqamətində həyata keçirilmiş, icra məmurunun hər-hansı qeyri-qanuni hərəkətləri müəyyən edilməmişdir. Borclunun əsas dəlili bundan ibarətdir ki, yaşadığı evin müllkiyyətçisi onun anasıdır, belə olan halda o, icra sənədi üzrə borclu olmamalı idi. Məhkəmə bununla bağlı qeyd edir ki, hər üç instansiya məhkəmələrində Borclu mülki iş üzrə cavabdeh olmuşdur, bundan əlavə, mülkiyyətçinin fərqli olması məsələsi məhkəmə nəzarəti qaydasında icraatın predmeti deyildir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, icra məmurunun icra sənədinin icrası ilə əladar qanunsuz hərəkətlərinə dair sübutlar təqdim edilmədiyindən və xüsusi qərarın qəbul edilməsi ilə bağlı qanunvericilikdə göstərilən əsaslar olmadığından Borclu Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/2022-021 saylı, xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə icra hərəkətlərinin qanunsuz hesab edilməsi və barəsində xüsusi qərardad çıxarılması barədə ərizəsi təmin edilməməlidir.
Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
5. Qərardaddan narazı qalan Borclu şikayət verərək Baki şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(002)-229/2025 nömrəli qərardadın ləğv edilərək, Qaradağ Rayon Məhkəməsinin 2(002)-103/2022-021 saylı xx.xx.2022-ci il tarixli icra vərəqəsi üzrə mənzilinin qeyri qanunsuz sökdüyü üçün icra məmurunun hərəkətinin qanunsuz hesab edilməsi və barəsində xüsusi qərardadın çıxarılması haqqında şikayətin baxılmasının Qaradağ Rayon Məhkəməsinin səlahiyyətinə aid olması və işin birinci inistansiya məhkəməsinə qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
6. Şikayət ərizə ilə eyni məzmunda əsaslandırılmışdır.
7. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
9. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1. İcra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. Maddə 12.1. Bu Qanunun 8.2-ci maddəsinin üçüncü bəndində nəzərdə tutulmuş hal istisna olmaqla, icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Maddə 26. İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
10. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
11. Belə ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(002)- 103/2022 saylı qətnaməsinə əsasən, ünvan 1 ünvanda inşa edilmiş tikili iddiaçı X3 məxsus yaşayış evi ilə 1.2 metr məsafə qoyulmaqla həmin hissədə cavabdeh Borclu hesabına sökülməsi, iddiaçı X3 məxsus ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evinin pilləkəninin təmirinə cavabdeh tərəfindən yaradılmış süni maneələr aradan qaldırılması, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evinin mansardının açıq eyvanına vurulmuş zərərə görə 2520 manat cavabdeh Borclu iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir.
12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli 2(103)- 7034/2022 saylı qətnaməsinə əsasən apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsini 2(002)-103/2022 saylı iş üzrə 18 avqust 2022-ci il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
13. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli 2(002)-2068/2023 saylı qərarına əsasən, cavabdeh Borclu tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmişdir.
14. İşin müəyyən olunmuş hallarından göründüyü kimi icra məmurunun söküntü ilə əlaqədar hərəkətləri Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)- 103/2022-021 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi və ona verilən şikayətlərə əsasən qəbul edilmiş yuxarı instansiya məhkəmələrinin qərarları üzrə verilmiş icra vərəqinin icrası istiqamətində həyata keçirilmiş, icra məmurunun hər-hansı qeyri-qanuni hərəkətləri müəyyən edilməmişdir.
15. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.
16. Məhkəmə kollegiyası borclunun yaşadığı evin müllkiyyətçisinin onun anası olması, bu səbəbdən həmin iş üzrə cavabdeh, icra sənədi üzrə borclu olmaması barədə dəlillərini əsassız hesab edərək qeyd edir ki, hər üç instansiya məhkəmələrində Borclu mülki iş üzrə cavabdeh olmuş, iş üzrə qəbul edilmiş məhkəmə aktını apellyasiya və kassasiya qaydasında mübahisəlndirsə də hazırda irəli sürdüyü mülkiyyətçi olmaması barədə dəlilləri irəli sürməmişdir.
17. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, icra məmurunun icra sənədinin icrası ilə əladar qanunsuz hərəkətlərinə dair sübutlar təqdim edilmədiyindən və xüsusi qərarın qəbul edilməsi ilə bağlı qanunvericilikdə göstərilən əsaslar olmadığından məhkəmə borclu tərəfindən verilmiş ərizəni təmin etməməklə qanuni və əsaslı hüquqi nəticəyə gəlmişdir.
18. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
19. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-229/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.