Məhkəmə qərarları › İş №8(103)-29/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-29/2024

30.01.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-29/2024 30.01.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Əkbərov Kamran Hüseyn oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Həsənova Şərqi Əlabbas qızının katibliyi ilə, Nərimanov Rayon Məhkəməsinin 8(005)-601/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i: Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Babək Qarayev təqdimatla məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2557/2023 saylı, xx.xx.2023-cu il tarixli icra sənədinin icrasının təmini istiqamətində hərəkətlərin davam etdirilməsi məqsədi ilə icra sənədi tam icra olunanadək borclu xx.xx.1965-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Gursu Hamitin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərar qəbul edilməsi məsələsinə baxılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2557/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Gursu Hamitdər 42717 manat və 228 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. İcra sənədi şöbənin icraatına xx.xx.2023-cü il tarixdə daxil olmuş və həmin tarixdə icraata başlamaq haqqında qərar qəbul edilərək icra olunması üçün borcluya məlumat üçün isə tələbkara və məhkəməyə göndərilmişdir. Həmin tarixdən etibarən icra məmuru tərəfindən icra sənədlərinin icraatının təmini istiqamətində icra tədbirləri davam etdirilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə dəfələrlə borclunun ünvanına xəbərdarlıq məktubu göndərilmiş, lakin borclu tərəfindən bu vaxta qədər məhkəmə qərarının icrası könüllü olaraq təmin edilməmiş, həmçinin xəbərdarlıq məktubuna hər hansı münasibət bildirilməmişdir və məhkəmə qərarının icrasından üzürsüz səbəbdən yayınmışdır. Gursu Hamitin tərəfindən icra sənədinin icrası könüllü olaraq təmin edilmədiyi üçün borclunun əmlak vəziyyətinin yoxlanılması məqsədi ilə müvafiq orqan və təşkilatlara sorğular edilmiş, lakin borclunun adına hər hansı daşınar yaxud daşınmaz əmlak aşkar edilməmişdir. Borclu barəsində məhkəmə qərarının olması, habelə uzun müddətdir tələbkara olan borcun ödənilməsindən qərəzli olaraq yayınması borclu Gursu Hamitin hər an ölkə hüdudlarını tərk etmək ehtimalını artırır. Borclunun ölkə xaricinə çıxmaq riski isə, icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsinə mane olur. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-601/2023 nömrəli, xx.xx.2023cü il tarixli qərardadı (hakim Aytən Novruzova) ilə təqdimat təmin edilməmişdir. Tələbkar tərəfindən həmin qərardaddan şikayət verilmiş və şikayətin dəlilləri ondan ibarət olmuşdur ki, icra məmuru tərəfindən borclu şəxs Gursu Hamitə könüllü icra ilə bağlı xəbərdarlıq məktubu şəxsən təqdim olunub. Gursu Hamitə xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nərimanov Rayon İcra və Probasiya Şöbəsinə gələrək bildirişi şəxsən qəbul edib. Bildirişi almağı ilə bağlı icraata başlamaq haqqında qərara imza atmaqla bidirişi və qərarı aldığını təsdiq edib. İcra məmuru texniki səhv olaraq həmin sənədi təqdimata əlavə etməyib. Həmin sənəd şikayətə əlavə edilir. Bu da onu təsdiq edir ki, icra mərmuru tərəfindən bütün zəruri hərəkətlər yerinə yetirilib. xx.xx.2023-cü il tarixdən sonra Gursu Hamit icra məmurunun zəng və çağırışlarına məhəl qoymur icra sənədinin icrası ilə bağlı heç bir addım atmır. Gursu Hamit icra məmurunun çağırışlarına gəlmədiyi üçün onun barəsində axtarış elan edilib. Qeyd olunanlara əsasən qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Məhkəmə tərəfindən şikayət xx.xx.2023-cü il tarixli qərardadla təmin edilməmiş və iş baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv edilməli və iş materialları təqdimata yenidən baxılması üçün rayon məhkəməsinə göndərilməlidir. Belə ki, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2557/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi üzrə borclu Gursu Hamitdər 42717 manat və 228 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. “AZEMİS” elektron məhkəmə informasiya sistemində şəxsin gəlir məlumatlarından görünür ki, Gursu Hamit “X1” MMC-nin direktoru, vəzifəsində işləyir və aylıq əmək haqqı 1000 manat təşkil edir. Təqdimatı təmin etməyən rayon məhkəməsi öz mövqeyini belə əsaslandırmışdır ki, iş materialları ilə icra məmuru tərəfindən borclunun ünvanında könüllü icra ilə bağlı xəbərdarlıq məktubunun göndərildiyi təsdiq edilmir. İcra məmuru tərəfindən borcluya bu xəbərdarlıq məktubunun nə vaxt göndərilməsi, onun tərəfindən məktubun alınıbalınmaması və ümumiyyətlə bu məktubun göndərilməsini təsdiq edən hər hansı sübut yoxdur. Belə olan halda, müvafiq əsaslar olmadan şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırıması icra qanunvericiliyin tələblərinə ziddir. Həmçinin elektron məhkəmə informasiya sistemindən şəxsin ölkə daxilində daimi işinin və müntəzəm aylıq əmək haqqının olması müəyyən olunur ki, bu hallar icra məmuru tərəfindən araşdırılmamışdır. Kollegiya rayon məhkəməsinin icra işi üzrə borclunun ünvanına könüllü icra ilə bağlı xəbərdarlıq məktubunun göndərilməsinin təsdiq edilməməsi barədə mövqeyi ilə bağlı bildirir ki, tələbkarın şikayətə əlavə etdiyi xx.xx.2023-cü il tarixli icraata başlamaq haqında qərarın surətindən müəyyən olunur ki, borclu xx.xx.2023-cü il tarixdə qərarı və bildirişi almasını öz imzası ilə təsdiq etmişdir (i/v 29). Belə olan halda isə müəyyən olunur ki, rayon məhkəməsi tərəfindən hazırkı təqdimata baxılarkən lazımi araşdırma aparılmamış, icra işi tələb edilməmiş, nəticədə düzgün olmayan qənaətə gəlinmişdir. Bu azmış kimi, tələbkarın şikayətində rayon məhkəməsinin təqdimatın təminindən imtina üçün istinad etdiyi yeganə halın, yəni borclunun könüllü icra barədə məlumatının olmamasını təkzib edən, başqa sözlə desək, borclunun həmin icra işi üzrə icraata başlamaq və müvafiq bildirişi şəxsən imza etməklə almasına dair sübutlar təqdim etməsinə baxmayaraq, MPM-in 269-cu maddəsinə görə şikayətə əsasən öz qərardadını ləğv etmək səlahiyyəti olan rayon məhkəməsi, tələbkarın şikayətinin həmin və hazırkı təqdimatın təmini, demək ki, həm də məhkəmə aktının icrası üçün mühüm ola biləcək dəlillərinə hər hansı əhəmiyyət verməmiş və onları araşdırmamışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35) Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40). Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.) Göstərilənlərə əsasən, Kollegiya hesab edir ki, şikayət təmin edilməklə rayon məhkəməsinin qərardadı ləğv edilməli və icra məmurunun təqdimatı: a) tərəflərin iştirakı təmin olunmaqla, b) eləcə də icra işi tələb olunaraq yenidən baxılması üçün məhkəmə qətnaməsinin icrasının təmini yönündə müvafiq məhkəmə aktının qəbul edilməsi üçün iş materialları Nərimanov Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin apellyasiya instansiya məhkəməsinin səlahiyyətlərini müəyyən edən 398-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2, 398, 400, 402, maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, q ə r a r a a l d ı: Tələbkar tərəfindən verilmiş şikayət təmin edilsin. Nərimanov Rayon Məhkəməsinin 8(005)-601/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin və Nərimanov Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru tərəfindən verilmiş təqdimata yenidən baxılması üçün iş materialları həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar