Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-290/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Mərdanova Xumar Afət qızının sədrliyi və məruzəsi ilə, Həsənov Elnur Məmmədsaat oğlu və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5 iştirakı ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8533/2018 saylı, 05.10.2018-ci il tarixli qətnaməsinin hissə-hissə icra edilməsi barədə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 8(001)-312/2021 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli e-2(001)-8533/2018 saylı məhkəmə əmri ilə X2ndan 4.571,78 manat məbləğində pul vəsaiti və 20 manat dövlət rüsumu alınaraq, kreditor "xxxx” ASC -yə verilməlidir. X2 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 05 oktyabr 2018-ci il tarixli e-2(001)-8533/2018 saylı məhkəmə əmrini hər ay 50 manat olmaqla 5 il 4 ay müddətinə hissə-hissə icra etməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 8(001)-312/2021 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Qeyd olunan qərardaddan narazı qalan borclu şikayətlə məhkəməyə müraciət edərək, qərardadın ləğv edilməsi və ərizənin təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, əmək haqqının 50%-i “xxxx” ASC-yə olan borcunun ödənilməsinə yönəldiyindən yaşayış minimumunu təmin edə bilmir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 24.05.2021-ci il tarixli, 8(001)-312/2021 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunvericilikdə nəzərdə tutulmuş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən şikayətə digər tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət əsassız oldğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, «Məhkəmə qərarlarının icrası haqqında» Qanunun 15-ci maddəsinə görə tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının MPM-inn 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-nin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəzıyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərində qeyd edilən tövsiyyələrə görə, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Hazırkı iş üzrə icra vərəqəsinin icrasına çətinlik yaradan, borclu üçün yaranmış əlverişsiz hal ilə bağlı məhkəməyə heç bir sübut təqdim edilməmişdir. İcra vərəqəsinin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına icra vərəqəsi üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Borclunun əmlak vəziyyətini nəzərə almaqla icra vərəqəsinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya icra vərəqəsinin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun icra vərəqəsini icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikasının Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 30 mart 2006-cı il tarixli qərarının 6-cı bəndində deyilir ki, mülki işlər üzrə məhkəmə baxışı müddəti iddia ərizəsinin məhkəməyə daxil olduğu vaxtdan başlayır və məhkəmə qərarının icrasının başa çatmasına kimi davam edir. Hər bir iş üzrə «ağlabatan müddət» konkret işin xarakterindən, mürəkkəbliyindən, ərizəçinin proseslə bağlı davranışından asılı olaraq müəyyənləşdirilməlidir. Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar. Məhkəmə kollegiyası qeyd edir ki, borclunun maddi vəziyyətinin aşağı olması qərardadın ləğv edilməsinə əsas ola bilməz. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, borclunun ərizəsində məhkəmə qərarının hissə-hissə icra olunmasına əsas ola biləcək heç bir dəlil göstərmədiyindən, icra vərəqəsinin icrasına çətinlik yaradan, borclu üçün yaranmış əlverişsiz hal ilə bağlı məhkəməyə heç bir sübut təqdim etmədiyindən ərizə təmin edilə bilməz. Ona görə də hazırkı iş üzrə icra vərəqəsinin hissəhissə icra edilməsinə əsas verən hallar müəyyən edilmədiyindən, ərizə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək səlahiyyəti vardır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət təmin olunmamalı Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 8(001)-312/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 263, 264, 398 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19.05.2021-ci il tarixli, 8(001)-312/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Fuad Babayev
Məhkəmə qərarları › İş №8(103)-290/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-290/2021
16.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver