Məhkəmə qərarları › İş №8(103)-290/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-290/2025

17.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-290/2025 17.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Kazımov Elşən Cələddin oğlu və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Xətai Rayon Məhkəməsinin 8(011)-179/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından X1 və Borclu tərəfindən verilmiş şikayətlərə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Tələbkar A.Nəzirova şikayət ilə məhkəməyə müraciət edərək, Xətai Rayon İcra şöbəsinin məmurunun "icra vərəqinin düzgün icra olunması üçün borclu S.İayevin 2020-ci ildən hal-hazıradək aylıq əmək haqqının tam məbləğini araşdırararaq aliment miqdarının azalmasının araşdırılması, BP şirkətindən borclunun əmək haqqından 2020-ci ildən hazıradək tutulan Həyatın yaşam sığortası müqavilələri üzrə tutulmaların aparılması barədə hesabatın və sənədlərin tələb olunması, borclunun bəhs olunan həyatın yaşam sığortası müqavilələri üzrə əldə etdiyi sığorta ödənişlərinin 1/3 hissəsinin ondan tutularaq tələbkara ödənilməsinin təmin edilməsi, aylıq ödənilən alimentin BP şirkəti tərəfindən icra qurumuna təqdim etdiyimiz bank kartına köçürülməsini təmin edərək icra vərəqinin düzgün icra olunmasının həyata keçirilməsi" barədə xahişinə cavab verməməsi barədə hərəkətsizliyini qanunsuz hesab etməsini məhkəmədən xahiş etmişdir.

2. Xətai Rayon Məhkəməsinin 8(011)-179/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilmiş, Xətai Rayon Məhkəməsinin 2(011)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin qanunauyğun şəkildə icra olunması üçün Borclu xx.xx.2022-ci il tarixdən hal-hazıradək aylıq əmək haqqı və digər gəlirlərinin müəyyən edilməsinə, alimentin qanunla nəzərdə tutulmuş məbləğdən aparılmasının araşdırılmasına, həmçinin alimentin miqdarının onu ödəyən şəxsə çatası qazancdan (gəlirdən) vergilər tutulduqdan sonra qalan məbləğ hesabına təmin olunmasına yönəlmiş tədbirlər görülməsi müəyyən edilmişdir.

3. Xətai Rayon Məhkəməsinin 8(011)-179/2025 nömrəli, xx.xx.2025-ci il tarixli Qərardadı ilə Xətai Rayon Məhkəməsinin eyni nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından X1 və Borclu tərəfindən verilmiş şikayətlər təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Tələbkar A.Nəzirova şikayətini belə əsaslandırmışdır ki, borclu xx.xx.2023-cü il tarixdə Paşa Həyat Sığortadan 52841,25 manat məbləğində sığorta ödənişi əldə etmişdir. Həmin sığorta ödənişi də borclunun gəlirini təşkil etdiyindən Xətai Rayon Məhkəməsinin 2(011)-223/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən həmin məbləğin 1/3 hissəsi aliment borcu kimi borcludan tutularaq tələbkara ödənilməli idi.

5. Borclu şikayətini belə əsalandırmışdır ki, Bakı şəhəri Xətai rayon icra şöbəsinin № xx/xx-243294/2022-20 saylı xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən 2022-ci ilin dekabr ayından etibarən cavabdehin aylıq qazancından aliment tutulmaları aparılır. xx.xx.2022-ci il tarixindən hesablanmaqla yaranmış aliment borcuna görə 2022-ci ilin dekabr ayından 2023-cü il iyun ayına qədər olan müddət ərzində onun qazancının və digər gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutulması ilə yanaşı, yığılmış borca görə əlavə 890 manat tutulmuşdur. Qalıq borc tam tutulduqdan sonra isə, yəni 2023-cü ilin iyul ayından etibarən yalnız qazancın və digər gəlirlərin 1/3 hissəsi miqdarında aliment tutularaq iddiaçının bank hesabına köçürülmüşdür. Aliment sığorta müqavilələri üzrə sığorta haqları çıxılmazdan əvvəl tutulur. 2022-ci il sentyabr ayından 2022-ci il dekabr ayına qədər yığılmış aliment borcunun hesablanmasında da bu qayda nəzərə alınmışdır. Məhkəmə iş üzrə sübutlara düzgün qiymət verməmiş və nəticədə səhv qərardad qəbul etmişdir. Bununla yanaşı, iş materialları ilə tanış olarkən məhkəmənin icra işinin materialları ilə tam şəkildə tanış olmadığı, icra işinin materiallarını işə əlavə etmədiyini qeyd etmişdir. Həmçinin, məhkəmə iclasında iştirak edən icra məmuru icra işinin ona yeni verildiyini və işin gedişatı barədə məlumatsız olduğunu da bildirmişdir. Qeyd edir ki, Afaq Nəzirova “BP Eksploreyşn (Kaspian Sİ) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən xx.xx.2024-cü il tarixli məktubda qeyd edilən məlumatın düzgün olmadığını və məlumatların təhrif olunduğunu bildirsə də, məktubda qeyd edilənləri təkzib edəcək, eləcə də iddia tələbini əsaslandırdığı dəlillərini təsdiq edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

6. Tələbkar A.Nəzirova şikayətində Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-179/2025 saylı qərardadının ləğv edilməsi və - Xətai Rayon İcra şöbəsinin məmurunun “icra vərəqinin düzgün icra olunması üçün Borclu 2020-ci ildən hal-hazıradək aylıq əmək haqqının tam məbləğini araşdıraraq aliment miqdarının azalmasının araşdırılması, BP şirkətindən borclunun əmək haqqından 2020-ci ildən hazıradək tutulan həyatın yaşam sığortası müqavilələri üzrə tutulmaların aparılması barədə hesabatın və sənədlərin tələb olunması, borclunun bəhs olunan həyatın yaşam sığortası müqavilələri üzrə əldə etdiyi sığorta ödənişlərinin 1/3 hissəsinin ondan tutularaq tələbkara ödənilməsinin təmin edilməsi, aylıq ödənilən alimentin BP şirkəti tərəfindən icra qurumuna təqdim etdiyi bank kartına köçürülməsini təmin edərək icra vərəqinin düzgün icra olunmasının həyata keçirilməsi” barədə xahişinə cavab verməməsi barədə hərəkətsizliyinin qanunsuz hesab edilməsi barədə qərardad qəbul edilməsi, əks təqdirdə şikayətin baxılması üçün Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına göndərilməsini xahiş etmişdir.

7. Borclu isə Xətai rayon Məhkəməsinin 8(011)-179/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsi və iş üzrə tələbkarın şikayətinin təmin olunmaması barədə qərardad qəbul edilməsi xahiş etmişdir.

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

10. Məhkəmə işin materiallarını nəzərdən keçirib, şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Rayon Məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, Xətai Rayon Məhkəməsinin 2(011)-223/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tərəflərin arasında bağlanmış nikahın pozulması, birgə nikahdan doğulmuş uşaqların iddiaçının himayəsində saxlanılması və uşaqların yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay cavabdehin qazancının və gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir, məhkəmə tərəfindən uşaqların saxlanılması ilə bağlı aliment ilk olaraq xx.xx.2022-ci il tarixdən hesablanmağa başlamışdır.

12. Rayon məhkəməsi qeyd etmişdir ki, Borclu “BP Exploration (Caspian Sea) Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində mühəndis vəzifəsində işləyir, onun əmək haqqı 6766,67 manat təşkil edir. xx.xx.2021-ci il tarixdə cavabdeh, “BP” və "xxxx" ASC arasında HYS05442/21, HYS-02492/22 və HYS-03551/23 nömrəli həyatın yaşam sığortası müqavilələri imzalanmışdır. Tələbkar həmin müqavilələr üzrə borcluya ödənilmiş məbləğdən aliment tutulmasını tələb edir, bununla bağlı məhkəməyə müraciət etmiş, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə aliment məbləğinin borclunun gəlirlərindən tutulmasının icra məmuru tərəfindən həyata keçirildiyi göstərilmiş, bununla bağlı icra məmuruna müraciət edilsə də, icra məmuru tərəfindən qanunamüvafiq tədbirlər həyata keçirilməmişdir.

13. Məhkəmə hesab edir ki, qətnamənin icrası üçün qanunla müəyyən edilmiş tədbirlər həyata keçirilmədiyindən icra məmurunun hərəkətsizliyindən tələbkar tərəfindən verilən şikayət əsaslıdır. Belə ki, Məhkəmə hazırkı iş üzrə rayon məhkəməsinin araşdırmasını və gəldiyi qənaəti haqlı hesab edir. Göründüyü kimi, icra məmurunun hərəkətsizliyi qanunsuz olduğundan, Məhkəmə rayon məhkəməsinin mövqeyi ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi tələbkarın şikayətini qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir, qərardad qanuni və əsaslı, şikayətlər isə əsassız olduğundan təmin edilməməlidir.

14. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ hissəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.

16. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurlarından şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

17. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

18. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35)

19. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40).

20. Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.)

21. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

22. “Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında” (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan MR Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

23. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

X1 və Borclu tərəfindən verilmiş şikayətlər təmin edilməsin. Xətai Rayon Məhkəməsinin 8(011)-179/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilməsi nəzərdə tutulmamışdır.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar