Məhkəmə qərarları › İş №8(103)-293/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-293/2022

21.09.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-293/2022 21.09.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Məmmədova Səyalı Əziz qızının katibliyi ilə, X1 Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-44/15 saylı qətnaməsinə izah verilməsi barədə X3 ərizəsinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-44/15 saylı qətnaməsi ilə ilk iddia tələbi qismən təmin edilərək, Cavabdeh X3 xeyrinə 28 oktyabr 2009-cu il tarixli borc müqaviləsi üzrə 10000 manat əsas borc məbləğinin, 2400 manat faiz borcu məbləğinin, 1990 manat dəbbə pulunun (penya), 37190 manat vurulmuş maddi zərərin - əldən çıxmış faydanın əvəzinin, 18 dekabr 2009-cu il tarixli borc müqaviləsi üzrə 5000 manat əsas borc məbləğinin, 1400 manat faiz borcu məbləğinin, 22295 manat vurulmuş maddi zərərin - əldən çıxmış faydanın əvəzinin, 25 mart 2010-cu il tarixli borc müqaviləsi üzrə 25 may 2010-cu il tarixdən 25 sentyabr 2010-cu il tarixə kimi müddət üçün qismən ödənilməli olan 3240 manat faiz borcu məbləğinin - ümumi məbləğ kimi 83515 manat pul məbləğinin tutulması, Borclu müqavilədən irəli gələn 15000 manat əsas borcun, 550 manat faiz borcunun və 3655,25 manat qanundan irəli gələn faiz borcunun, cəmi 19205,25 manat məbləğində pulun tutularaq X4 ödənilməsi, ilk iddia tələbinin qalan hissədə, habelə qarşılıqlı iddia tələbinin təmin edilməməsi, ilk iddia ərizəsinin verilməsi ilə əlaqədar ödənilmiş 20 manat dövlət rüsumunun 10 manatından 9 manatının Borclu və 1 manatının Cavabdeh tutularaq X4 ödənilməsi, qalan 10 manatının isə X4 aid edilməsi qət olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-6370/2018 saylı qətnaməsi ilə Cavabdeh apellyasiya şikayəti qismən təmin olunmuş, iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 10 avqust 2015-ci il tarixli qətnaməsi qismən, yəni «ilkin iddia tələbi üzrə Cavabdeh ilk iddia tələbi üzrə iddiaçı X3 xeyrinə 28 oktyabr 2009-cu il tarixli borc müqaviləsi üzrə 10000 (on min) manat əsas borc məbləğinin, 2400 (iki min dörd yüz) manat faiz borcu məbləğinin, 1990 (min doqquz yüz doxsan) manat dəbbə pulunun (penya), 37190 (otuz yeddi min yüz doxsan) manat vurulmuş maddi zərərin - əldən çıxmış faydanın əvəzinin, 18 dekabr 2009-cu il tarixli borc müqaviləsi üzrə 5000 (beş min) manat əsas borc məbləğinin, 1400 (bir min dörd yüz) manat faiz borcu məbləğinin, 22295 (iyirmi iki min iki yüz doxsan beş) manat vurulmuş maddi zərərin - əldən çıxmış faydanın əvəzinin tutulması» hissələrində ləğv olunmuş, ilk iddia həmin hissələrdə təmin olunmamış, qətnamə yoxlanılan digər hissədə dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-141/2019 saylı qərarı ilə cavabdehlərin Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)- 6370/2018 saylı qətnaməsindən verdikləri kassasiya şikayətləri təmin olunmamış, qətnamə dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2022-ci il tarixdə iş üzrə iddiaçı X2 Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-44/15 saylı qətnaməsinə izah verilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə aidiyyəti üzrə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası ərizəni nəzərdən keçirərək belə qənaətə gəlir ki, ərizə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinə əsasən işə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır (maddə 230.1). Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir (maddə 230.2). Qətnamə və ya qərardad icra edilməmişsə onun izah edilməsinə yol verilir (maddə 230.3). İşdən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(103)-6370/2018 saylı qətnaməsi icra olunması üçün Yasamal Rayon İcra Şöbəsinə göndərilmiş, xx.xx.2019-cu il tarixdə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilərək, icra hərəkətləri aparılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılan hissəsi və apellyasiya instansiyası məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi aydın, dəqiq və başa düşüləndir, orada qətnamənin icrasında çətinlik yaradan, yaxud onu qeyri-mümkün edən hər hansı hal yoxdur. Qətnamənin məzmununda anlaşılmayan, yaxud çətin başa düşülən ifadələrə də rast gəlinmədi. İcra məmuru tərəfindən də bununla bağlı hər hansı müraciət olunmamışdır. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq qətnaməyə izah verilməsi barədə ərizəni əsassız sayır və hesab edir ki, ərizə göstərilən səbəbdən rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230, 263, 264, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: X1 Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli, 2(004)-44/15 saylı qətnaməsinə izah verilməsi barədə ərizəsi təmin edilməsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar