Məhkəmə qərarları › İş №8(103)-294/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-294/2021

21.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-294/2021 21.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Qürbət Ağa oğlu Əsgərov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Kürdoğlu Vidadi oğlu İsmayılzadənin katibliyi ilə, Bakı şəhərində Bakı Apelasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-227/2021 saylı 05 may 2021-ci il tarixli qərardadından Borclu MMC tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı Şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Cəmil Tağıyev təqdimatla məhkəməyə müraciət edərək, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********605500 nömrəli, 15.09.2020-ci il tarixli icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə tələbin borclunun əmlakına yönəldilməsi üçün borclu "Borclu" MMC-nin adına ünvan 1 ünvanında yerləşən 173,10 kv.m və 57.40 kv.m qeyri-yaşayış sahələrindən ibarət ümumi sahəsi 0,3366 ha olan torpaq sahəsinin üzərinə həbs qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-227/2021 nömrəli, 05.05.2021ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. 14.05.2021-ci il tarixdə borclu "Borclu" MMC-nin nümayəndəsi məhkəməyə şikayət təqdim edərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)- 227/2021 nömrəli, 05.05.2021-ci il tarixli qərardadının ləğv edilməsini və təqdimatın təmin edilməməsini xahiş etmişdir. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-227/2021 saylı 16 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət baxılması üçün işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə kollegiyasının iclasına gəlməmişlər və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş bu maddədə qeyd olunan şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. İş üzrə tərəflər məhkəmə kollegiyasının iclasına üzrlü səbəblər olmadan gəlmədiklərinə görə məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-227/2021 saylı 05 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin **********605500 nömrəli, 15 sentyabr 2020-ci il tarixli icra sənədinə əsasən Borclu MMC tərəfindən 26.173,24 əsas, 7.245,51 manat faiz, 120 manat maliyyə sanksiyası olmaqla ümumilikdə 33.538,24 manat vergi borcu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqdimatdan görünür ki, borclu icra sənədinin tələbini könüllü müddət ərzində icra etməmiş və belə olan halda məcburi icra hərəkətləri həyata keçirilərək, “Elektron İcra” İnformasiya Sistemindən əldə edilmiş məlumata əsasən Borclu MMC-nin adına ünvan 1 ünvanında yerləşən 173,10 kv.m və 57,40 kv.m qeyri-yaşayış sahələrindən ibarət ümumi sahəsi 0,6366 ha olan torpaq sahəsi aşkar edilmişdir. Təqdimata əlavə edilmiş sənədlərdən görünür ki, 23.02.2021-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmiş, qərar və tələbin könüllü icrası barədə bildiriş Borclu MMC-yə göndərilmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərini təmin edilməsi üçün borclunun yetərli pul vasitələri olmadıqda Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 50.2-ci maddəsinə əsasən icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Həmin Qanunun 50.4-cü maddəsində borclunun əmlakı üzərinə həbs qoyulmasının iki halı göstərilmişdir: Qanunun 50.4.1-ci maddəsinə görə, tələbkara verilməsi və ya satılması nəzərdə tutulan əmlakın mühafizəsini təmin etmək üçün və Qanunun 50.4.2-ci maddəsinə görə, borclunun əmlakının müsadirəsi haqqında məhkəmə qərarının icrasını təmin etmək üçün. Azərbaycan Respublikasının Mülki Prosesual Məcəlləsinin 236-cı maddəsinə əsasən, məhkəmə qətnamənin icrasını bu Məcəllənin 13-cü fəslində müəyyən olunmuş qaydada təmin edə bilər. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin formalaşdırdığı presedentə görə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi tətbiq olunan vasitələrlə qarşıya qoyulan məqsədin ağlabatan mütənasibliyini tələb edir. Əgər müvafiq şəxs xüsusi və həddən artıq məhrumiyyətə məruz qalıbsa, mütənasibliyin müəyyən edilməsindən söhbət gedə bilməz. (“Hakansson və Sturesson İsveçə qarşı” iş üzrə 1990-cı il 21 fevral tarixli Qərarı) “Klark Qordon Morrisin (Clark Gordon Morris) şikayəti üzrə bəzi normativ hüquqi aktların Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26.05.2017-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə görə, məhdudiyyətlərin tətbiq edilməsi zamanı mütənasiblik, qanuni məqsədə uyğunluq prinsiplərinə riayət edilməsinin vacibliyi vurğulanmışdır, mütənasiblik prinsipinə riayət olunmasını təmin etmək üçün məhkəmə qanunvericiliyə uyğun olaraq işə baxarkən, hər bir konkret halda məhdudiyyətin müəyyən olunmasının əsaslarını, borclunun buna qarşı etirazlarını öz daxili inamına görə qiymətləndirməli, işi hərtərəfli, tam və obyektiv araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Belə olan halda məhkəmə haqlı olaraq hesab etmişdir ki, icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən icra edilmədiyindən, həmçinin borcluya rəsmi bildiriş göndərilməsinə baxmayaraq icra sənədində göstərilən pul vəsaiti onun tərəfindən ödənilmədiyindən, bununla da, icra sənədinin icrası mümkün olmadığından, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Bakı Şəhəri Nərimanov rayon icra şöbəsinin icra məmuru Cəmil Tağıyev Borclu MMC–yə məxsus olan əmlakın üzərinə həbs qoyulması” barədə təqdimatı təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi borclunun əmlakı üzərinə həbs qoymaqda haqlı olmuşdur. Şikayətlərin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətlərdə göstərilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayəti təmin edilməməli, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-227/2021 saylı 05 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu MMC tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 8(005)-227/2021 saylı 05 may 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar