Məhkəmə qərarları › İş №8(103)-295/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-295/2020

30.07.2020 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-295/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Məmmədov Məmməd Allahverdi oğlundan və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi X1 oğlunun katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərardadından borclu Şıxıyev Mövsüm Nazim oğlunun vermiş olduğu şikayətə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal rayon İcra və Probasiya Şöbəsinin icra məmuru Sahib Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Xətai rayon məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(011)-4608/2015 saylı qətnaməsinə əsasən verilmiş xx.xx.2018ci il tarixli, 2(011) 4608/2015 saylı icra sənədinin icrasını təmin etmək məqsədi ilə borclu Şıxıyev Mövsüm Nazim oğluna məxsus “Mercedes S 350” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Yasamal rayon məhkəməsinin 8(004)-1468/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərardadı ilə təqdimat təmin edilərək borclu Şıxıyev Mövsüm Nazim oğluna məxsus “Mercedes S 350” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə həbs qoyulması qərara alınmışdır. Borclu Şıxıyev Mövsüm Nazim oğlu ərizə ilə məhkəməyə müraciət edərək Yasamal rayon məhkəməsinin 8(004)-1468/2018 saylı, xx xxxxxxxx 2018-ci il tarixli qərardadının ləğv edilməsini və “Mercedes S 350” markalı, **-DC-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin üzərinə qoyulmuş həbsin götürülməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli, 2(011)-4608/2015 saylı qətnaməsi qanuni qüvvəyə minməmişdir. Odur ki, onun icrasının təmini üçün tədbirlər görülə bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-319/2019 saylı, xx xxxx 2020-ci il tarixli qərardadına əsasən, borclu Şıxıyev Mövsüm Nazim oğlunun ərizəsi rədd edilmişdir. Həmin qərardaddan borclu Şıxıyev Mövsüm Nazim oğlu tərəfindən verilmiş şikayət xx xxx 2020-ci il tarixdə Yasamal Rayon Məhkəməsinin 8(004)-223/2020 saylı qərardadı ilə təmin edilməmiş və şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2015ci il tarixli, 2(011)- 4608/2015 saylı qətnaməsi qanuni qüvvəyə minməmişdir. Lakin həmin qətnamə icraya yönəldilmiş və borcluya məxsus **-DC-*** dövlət nömrə nişanlı avtomobil üzərinə icra mərhələsində icra məmurunun təqdimatına əsasən həbs qoyulmuşdur. Qətnamə qanuni qüvvəyə münmədiyindən, borclu hesab edir ki, ona məxsus “Mercedes S 350” markalı **-DC-*** dövlət nömrə nişanlı avtomobil üzərinə həbsin qoyulması barədə qərardad ləğv edilməlidir. Şikayətə baxılması üzrə təyin olunmuş məhkəmə iclası barədə məlumatlandırılmış tərəflər məhkəmə iclasına gəlməmişlər və səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən gəlməyən tərəflərin iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində məcburi icra tədbirləri sadalanmış və borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi bu tədbirlərdən biri kimi göstərilmişdir. Həmin Qanunun 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Adı çəkilən Qanunun 50.1 və 50.2-ci maddələrinə görə, icraata başlamaq haqqında qərar borcluya təqdim olduğu gündən ən geci 1 ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. Borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunın əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin 1-ci hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-in 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, Xətai Rayon Məhkəməsinin xx xxxxxxx 2015-ci il tarixli qətnaməsi yalnız faiz borcu hissəsində mübahisələndirildiyindən, qalan hissədə isə mübahisələndirilmədiyindən qətnamənin mübahisələndirilməyən hissədə gələcəkdə icrasını təmin etmək məqsədi ilə borcluya məxsus əmlak üzərinə qoyulmuş həbs ləğv edilə bilməz və ərizəçinin ərizəsi rədd edilməlidir. Şikayətin dəlillərinə münasibət bildirərək kollegiya hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğv olunması üçün əsas deyildir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin olunmasın. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 8(009)-170/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Rəşad Həsənov Hakimlər: Məmməd Məmmədov Şeyda Məhərrəmova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar