Məhkəmə qərarları › İş №8(103)-295/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-295/2021

16.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-295/2021 16.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayev Fuad Fikrət oğlunun sədrliyi ilə, Mərdanova Xumar Afət qızı və Həsənov Elnur Məmmədsaat oğlundan ibarət tərkibdə, Musayev Şahəli Calal oğlunun katibliyi, tələbkar “xxxx” ASC-nin nümayəndəsi Məmmədov Tural Nizami oğlunun iştirakı ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-39/2021 saylı, 12 fevral 2021-ci il tarixli qərardadından tələbkar “xxxx” ASC tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədilə, borclu Bayramov Azər Mehralı oğlunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)- 75/2017 saylı 22.02.2017-ci il tarixli icra sənədinə əsasən borclu Bayramov Azər Mehralı oğlundan 1077.21 manat məbləğində pul vəsaiti tutularaq tələbkar “xxxx” ASC-nin xeyrinə ödənilməlidir. Bu icra sənədi 13.03.2019-cu il tarixdə Bakı şəhəri Xətai rayon icra və probasiya şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilmişdir. İcraata başlamaq haqqında qərar qəbul edilmiş, qərarın surəti bildirişlə icra sənədi üzrə borclu Bayramov Azər Mehralı oğluna göndərilmiş, tələb könüllü təmin edilmədiyindən borclunun əmlak vəziyyətini yoxlamaq üçün aidiyyəti təşkilatlara sorğular göndərilmişdir. Lakin borcluda tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Barəsində icra sənədinin icrasını təmin etmək və onun qanunla nəzərdə tutulan məsuliyyətdən boyun qaçırmasının qarşısını almaq məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti yaranmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-39/2021 saylı, 12 fevral 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmiş, həmin qərardaddan tələbkar bankın nümayəndəsinin verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, borclu uzun müddətdir qanuni qüvvədə olan məhkəmə qətnaməsini icra etməmiş, onun icrasından müxtəlif bəhanələrlə yayınmış, edilmiş xəbərdarlıqlara məhəl qoymamış, məhkəmə isə təqdimatı təmin etməməklə onun bu hərəkətlərinə haqq qazandırmışdır. Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi şikayətin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış borclu və icra şöbəsinin nümayəndəsi səbəbləri barədə məlumat vermədən məhkəmə iclasına gəlməmiş, kollegiya onların iştirakı olmadan şikayətə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və təqdimat təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. “Cəfərov Azərbaycana qarşı” iş üzrə 11 fevral 2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” 29 iyul 2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn Yüksək Tərəflərin Konvensiyanı ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir (bax, Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il, § 40, Qərar və Qərardadların Hesabatı, 1997-İİ). Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə isə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Kollegiya qeyd edir ki, “İcra haqqında” qanun, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə o deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, Zəngilan Rayon Məhkəməsinin 2(034)-75/2017 saylı 22.02.2017-ci il tarixli icra sənədinə əsasən Bayramov Azər Mehralı oğlundan 950 manat 45 qəpik əsas borc, 96 manat 36 qəpik faiz borcu, 0.40 qəpik bank xərci pulu və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu, cəmi 1077 manat 21 qəpik məbləğində pul tutularaq “xxxx” ASC-yə ödənilməsi qət edilmişdir. İş materiallarından həmçinin aydın olur ki, həmin icra sənədinin icrası ilə bağlı zəruri icra hərəkətləri həyata keçirilmiş, borcluya bildiriş təqdim olunmuş, onun izahatı alınmış, izahatında o, borcu yaxın zamanlarda ödəyəcəyini bildirmiş, lakin icra sənədinin icrasını təmin etməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi “borc məbləğinin 1077.21 manat həddində olması da, şəxsin konstitusiya ilə təsbit olunmuş azadlıq hüququna qeyri-mütənasib olduğu”nu vurğulamaqla təqdimatı təmin etməməkdə haqlı olmamışdır. Belə ki, borclunun ölkədən getmək hüququnun məhdudlarşdırılması müvəqqəti xarakter daşıyır və borclu icra sənədini tam icra etdikdən sonra həmin məhdudiyyət aradan qaldırılacaqdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qərara aldı: Şikayət təmin olunsun. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-39/2021 saylı, 12 fevral 2021-ci il tarixli qərardadı ləğv edilsin. Bayramov Azər Mehralı oğlunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Xətai Rayon İcra və probasiya şöbəsinin icra məmurunun təqdimatı təmin olunsun. 26 aprel 1972-ci il tarixdə Zəngilan Rayonu, Sobu kəndində anadan olmuş, Zəngilan Rayonu, Sobu kəndində qeydiyyatda olan Bayramov Azər Mehralı oğlunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim: Fuad Babayev Hakimlər: Xumar Mərdanova Elnur Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar