Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-295/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), X7 və X1 ibarət tərkibdə, Borclu X3 “qətnamənin icra üsulunun dəyişdirilməsi” barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 8(011)-554/2024 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayət üzrə işə yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Borclu X5 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin e-2(011)-570/2023 nömrəli iş üzrə 23 fevral 2023-cü il tarixli qətnaməsinin icra qaydasının dəyişdirilərək, “xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün onun qazancının 1/3 hissəsi miqdarda tələbkar Borclu xeyrinə tutulan alimentin yarısının bank hesabına köçürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, məhkəmə qərarına əsasən, xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün X3 qazancının 1/3 hissəsi miqdarda alimentin tutularaq Borclu xeyrinə verilməsi qət olunmuşdur. X3 aylıq qazancından cavabdehin xeyrinə tutulan alimentin minimum miqdarı olan 3000 manatdan (hansı ki, bir çox aylarda 5000 və daha artıq olur) artıq olan məbləğin 50%-i, yəni uşaqlar yetkinlik yaşına çatanadək onların adına açılmış bank hesabına köçürüləcək məbləğ 2000 manata yaxındır və yenə bir çox aylarda onun miqdarı 3000 manata yaxınlaşır və hətta daha da artıq olur. Bu məbləğ uşaqlar arasında bərabər bölündükdə isə onların hər birinin adına ayrıca olaraq açılmış bank hesablanna köçürüləcək məbləğ ən azı 1000 manat təşkil edir. Borclu özünün və uşaqlarının yaşayışını və digər ehtiyaclarını təmin etmək üçün isə hər ay ən azı 2000 manat, bir çox aylarda isə 3000 manata yaxın vəsait qalır ki, bu miqdar onların hər üçünün layiqli həyat səviyyəsini təmin etmək üçün kifayət edir. Eyni zamanda, tərəfindən uşaqların bir çox ehtiyaclarının mütəmadi olaraq qarşılandığı nəzərə alınsa, qeyd edilən məbləğdən artıq olan tutulmanın onun tələbkar tərəfindən sui-istifadə olunmasına gətirib çıxaracağı nəticəsinə gəlmək qaçınılmazdır. Ona görə də bu sui-istifadənin qarşısının alınması, onun minimuma endirilməsi üçün ondan tutulan alimentin 50 faizi uşaqlar yetkinlik yaşına çatanadək onların adına açılmış bank hesabına köçürülməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 8(011)-554/2024 nömrəli qərardadı ilə (hakim Sahibə Hacıyev) ərizə təmin olunmamışdır. Qərardaddan narazı olan borclu ondan şikayət verərək qərardadın ləğv olunmasını, ərizənin təmin olunması barədə yeni qərardad qəbul olunmasını xahiş etişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli, 8(011)-554/2024 nömrəli qərardadı ilə şikayət təmin olunmamış, baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Şikayətə qarşı tələbkar tərəfindən etiraz daxil olmuş, etirazda şikayətin əsassız olması, həqiqəti əks etdirməməsi, hazırkda dünyada gedən sürətli iqtisadi artım qarşısında uşaqların tələbatının qarşılanmasının çətin olması, alimentin yalnız uşaqların təhsili və inkişafı üçün xərcləndiyi, birgə yaşadıqları dövrdə uşaqların rifahının daim yüksək saxlanıldığı, hazırda uşaqları ilə birgə kirayədə qaldıqları və s. göstərilmişdir. Məhkəmə kollegiyası, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan məhkəmə qərarlarından görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 19 may 2020-ci il tarixli, 2(011)-455/2020 saylı qətnaməsi ilə X5 ilə Borclu arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013cü il təvəllüdlü X4 və xx.xx.2014-cü il təvəllüdlü X6 anaları Borclu yanında saxlanılması, uşaqların yetkinlik yaşma çatana kimi saxlanılmaları üçün 22 oktyabr 2019-cu il tarixdən hesablanmaqla X2 hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarda alimentin tutularaq Borclu xeyrinə verilməsi qət olunmuşdur. Borcu hazırki ərizəsində ondan tutulan alimentin miqdarının 50 faiz hissəsinin uşaqların adına bank hesabına köçürülməsini xahiş etmişdir. Ərizəni rədd edən birinci instansiya məhkəməsi öz mövqeyini onunla əsaslandırmışdır ki, alimentin məbləği uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən olunur. Ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özüözlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. Ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Hazırki vəziyyətdə isə həmin tələbin təmin edilməsinin uşağın maraqlarına uyğun olması, eyni zamanda uşağa verilən alimentdən düzgün istifadə olunmadığını düşünməyə əsas verəcək hər hansı hal məhkəmə tərəfindən müəyyən olunmamış və ərizəçi tərəf tələbinin əsası kimi istinad etdiyi hallarla bağlı məhkəməyə mötəbər sübutlar təqdim etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq, əlavə olaraq aşağıdakıları qeyd edir. MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 4 saylı 24 noyabr 2005-ci tarixli Qərarının 12-ci bəndinə əsasən, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli Qərarında məhkəmələrə izah edilmişdir ki, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Qanunun 13-cü maddəsi). Məhkəmə tərəfindən alimentin miqdarı müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas meyar olmalı və yalnız bir tərəfin deyil, hər iki tərəfin ailə və maddi vəziyyəti öyrənilməlidir. Bu zaman məhkəmələr uşağın valideynlərinin birgə yaşadıqları dövrdə ailənin maddi vəziyyəti və yaxud ayrı yaşadıqları dövrdə uşağın saxlanılmasına valideynlərdən biri tərəfindən könüllü qaydada vəsait ödənilməsini və uşağın bu ödəmənin dayandırıldığı vaxtadək olan dövrdəki təminat səviyyəsini nəzərə almalıdırlar. Əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, musiqi, rəsm, idman, rəqs və digər dərnəklərə gedib-getməməsi də nəzərə alınmalıdır. Həmin Qərarın 8.9-cu bəndində müəyyən edilmişdir ki, alimentin 50 faizdən çox olmayan məbləğinin aliment ödəyən valideynin tələbi ilə yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürülməsi barədə qərar çıxarılarkən məhkəmə aliment alan valideynin buna münasibətini, belə qərarın gələcəkdə uşağın tam və hərtərəfli inkişafına (onun qidalanmasına, təhsilinə, tərbiyəsinə və s.) təsirini, uşağın saxlanması, tərbiyəsi, təhsili üçün ayrılan vəsaitin aliment alan valideyn tərəfindən lazımi qaydada icra olunub-olunmamasını və s. bu kimi halları nəzərə almalıdır. Qeyd onun hüquqi aktlardan müəyyən olunur ki, uşaqların saxlanılması üçün aliment məbləği tutularkən uşaqların əvvəlki təminat səviyyəsi nəzərə alınmalı və bunun əsasında aliment məbləği tutulmalıdır. Həmçinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 04/2023 nömrəli qərardadına əsasən ödənilən alimentin məbləğinin ölkədə uşaqlar üçün müəyyən olunan yaşayış minimumundan yüksək olması özü-özlüyündə alimentin artıq olan hissəsinin bank hesabına köçürülməsi üçün əsas vermir. Belə ki, bu zaman uşağın yaşı, təhsili (ödənişli və ya ödənişsiz), o cümlədən əlavə haqq ödənilməklə uşağın məktəbəqədər tərbiyə müəssisəsinə, müxtəlif dərnəklərə getməsi, səhhəti, həmçinin bu qaydanın müəyyən edilməsinin uşağın mənafelərinə uyğunluğu da nəzərə alınmalıdır. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən əldə edilmiş çıxarışdan görünür ki, borclu “X13 Aviaşirkəti” MMC-də təyyarəçi işləyir, əmək haqqı 8500 manatdır, tələbkar isə “Respublika Perinatal Mərkəzi” publik hüquqi şəxsində tibb bacısı işləməklə əmək haqqısı 568 manat təşkil edir. Tələbkarın məhkəmə kollegiyası ünvanladığı etirazdan və ona əlavə olunmuş sənədlərdən, habelə məhkəmə qərarlarından görünür ki, uşaqlar təhsilləri ilə bağlı ödəniş tələb edən əlavə kurslara və fərdi dərslərə, habelə şahmat və üzgüçülük məşğələlərinə cəlb olunmuşlar. Habelə, uşaqlar sağlamlıq vəziyyətlərinə görə həkim müayinələrindən keçirlər. Bununla yanaşı, borculunun özünün də mövqeyindən görünür ki, birlikdə yaşadıqları dövrdə daima uşaqlarının təminat səviyyəsini yüksək səviyyədə saxlamış, onların istirahət və təhsilinə xüsusi önəm vermişlər. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, uşaqlar üçün ödənilən aliment bir hissəsinin bank hesaba köçürülməsi uşaqların təhsili, yaşayışı və səhhəti üçün xərcləmələrin azalmasına səbəb olacaqdır ki, bu da onların mənafeyinə ziddir və əvvəlki təminat səviyyəsinin azalmasına səbəb ola bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinin tətbiqi üzrə 04/2023 nömrəli qərardadına əsasən ödənilən aliment məbləğinin yüksək olması əsası ilə onun bir hissəsinin bank hesabına köçürülməsi barədə müraciət edən şəxs bu qaydanın müəyyən edilməsinin məhz uşağın mənafeyinə xidmət etdiyini əsaslandırmaq və sübut etmək vəzifəsi daşıyır. Müraciət, alimentin (bir hissəsinin) uşağa deyil, başqa məqsədlərə sərf olunması əsası ilə edildiyi halda da mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı ümumi prinsiplərinə uyğun olaraq, sübutetmə yükü bu müraciəti edən tərəfin üzərinə düşür. Nəzərə alınmalıdır ki, ödənilən alimentin məbləği uşağın ödənişli təhsilə, əlavə məşğələlərə cəlb edilməsinə, uşağın mənafeyinə xidmət edən daha yaxşı həyat şəraitinin təmin edilməsinə imkan verirsə, aliment ödəyən tərəfin yuxarıda qeyd edilən məsələlərlə bağlı xərclərə razılığı tələb edilmir. Belə ki, uşaq himayəsində saxlanılan valideyn məhkəmə qətnaməsi ilə xeyrinə tutulmuş alimentin məbləği, habelə öz şəxsi vəsaitləri və imkanları həddində uşağın saxlanılması, təhsili, tərbiyəsi və normal inkişafı üçün zəruri hesab etdiyi tədbirləri həyata keçirmək hüququna malikdir. Hazırkı halda isə, ərizəçi ərizənin təmin edilməsinin yetkinlik yaşına çatmayan uşaqların üstün maraqlarına uyğun olmasını, eyni zamanda alimentdən düzgün istifadə olunmamasına əsas verəcək və s. bu kimi digər zəruri halların mövcudluğunu əsaslandıra və sübut edə biləmiş, şikayətin dəlillərini ümumi sözlərlə ifadə etmişdir. Halbuki, MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə kollegiyası, qeyd olunanları nəzərə alaraq, bu qənaətə gəlir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri isə əsassızdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Borclu X3 qətnamənin icra üsulunun dəyişdirilməsi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 8(011)-554/2024 nömrəli qərardadından borclu tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 04 iyul 2024-cü il tarixli, 8(011)- 554/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-295/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-295/2024
20.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver