Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-296/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi Hakimlər Səmədov Tofiq Səməd oğlu və Tanrıverdiyev Anar Vəzir oğlundan ibarət tərkibdə, Həsənov Orxan Qəhrəman oğlunun katibliyi, Tələbkar, Borclu iştirakı ilə, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-24/2020 saylı, 07 may 2021-ci il tarixli qərardadından tələbkarın verdiyi şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri 25 saylı notariat kontorunun 8İ-1033 saylı, 25.09.2019-cu il tarixli icra qeydi üzrə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair Bakı şəhəri Xəzər rayon İcra və Probasiya şöbəsinin icra məmuru X2 təqdimatla məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-24/2020 saylı 13.02.2020-ci il tarixli qərardadı ilə təqdimat təmin olunaraq, xx.xx.1967-ci ildə anadan olmuş və ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. Bundan sonra borclu 17.03.2020-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək məhdudiyyətin götürülməsini xahiş etmişdir. Rayon məhkəməsi 19.03.2020-ci il tarixdə borclunun müraciətinə cavabında Xəzər Rayon Məhkəməsinin 8(003)-24/2020 saylı 13.02.2020-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıldığını və həmin qərardadı mübahisələndirmək hüququ olduğunu izah etmişdir. Daha sonra borclu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə ərizə ilə müraciət edərək məhdudiyyətin götürülməsini xahiş etmişdir. Həmin ərizə rayon məhkəməsinə aidiyyəti üzrə göndərilmiş, məhkəmə 20.05.2020-ci il tarixdə borcluya cavab məktubunda Xəzər Rayon Məhkəməsinin 8(003)-24/2020 saylı, 13.02.2020-ci il tarixli qərardadı ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırıldığını və həmin qərardadı mübahisələndirmək hüququ olduğunu təkrar izah etmişdir. Bundan sonra Borclu Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-24/2020 saylı 13.02.2020-ci il tarixli qərardadının ləğv edilərək, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının üzərindən götürülməsini xahiş etmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-24/2020 saylı, 07 may 2021-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-24/2020 saylı 13.02.2020-ci il tarixli qərardadı ləğv edilmişdir. Tələbkarın həmin qərardaddan verdiyi şikayət məhkəmənin eyni saylı, 24.05.2021-ci il tarixli qərardadı ilə təmin edilməmiş, şikayət baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkar şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında borclu şikayətlə razılaşmayaraq təmin edilməməsini xahiş etdi. Hazırkı məsələ ilə bağlı işə məhkəmə kollegiyasında baxılmasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Xəzər rayon İcra və Probasiya şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət üzrə apellyasiya qeyri-mümkün hesab olunmalı, iş materialları aşkar olunmuş uyğunsuzluğun aradan qaldırılması üçün rayon məhkəməsinə geri qaytarılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iş materiallarında tələbkarın məhkəmənin 07.05.2021-ci il tarixli qərardadından verdiyi şikayətə əlavə edilmiş (i/v 68- 69) Bakı Apellyasiya Məhkəməsinin 8(103)-480/2020 saylı, 06.11.2020-ci il tarixli qərardadından görünür ki, borclunun hazırkı ərizə ilə eyniməzmunlu ərizəsinə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 8(003)-178/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qərardadı ilə baxılmış və ərizə təmin edilməməmişdir. Həmin qərardaddan borclu tərəfindən verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin 8(103)-480/2020 saylı, 06.11.2020-ci il tarixli qərardadı ilə qismən təmin edilmiş, həmin qərardadda qeyd edilmişdir ki, borclunun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması barədə ərizəyə məhkəmə tərəfindən deyil, icra məmuru tərəfindən baxılır. Bu səbəbdən, Xəzər Rayon Məhkəməsinin 8(003)- 178/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qərardadının ləğv edilməsi, “borclunun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması” barədə ərizəsinin mümükünlüyü məsələsinə yenidən baxılması üçün iş materiallarının rayon məhkəməsinə göndərilməsi qərara alınmışdır (i/v 68-69). Mülki işə materiallarına əlavə edilmiş Bakı şəhər Xəzər Rayon Məhkəməsinin 8(003)- 10/2021 saylı, 03 fevral 2021-ci il tarixli qərardadından görünür ki, məhkəmənin 8(003)- 178/2020 saylı, 05 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilmiş, “borclunun ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması” barədə ərizəsi rədd edilmişdir (i/v 74-75). Bununla da müəyyən olunur ki, hazırkı işdə borclunun eyni məzmunlu, yəni “ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması” barədə ərizəsinə Bakı şəhər Xəzər Rayon Məhkəməsində 8(003)-178/2020 nömrəsi ilə artıq baxılmış, bununla bağlı yuxarıda qeyd edilən məhkəmə aktları qəbul edilmişdir. Daha sonra məhkəmə borclunun “ölkədən getmək hüququna qoyulmuş məhdudiyyətin aradan qaldırılması” barədə ərizəsinə təkrar baxaraq hazırkı mübahisələndirilən qərardadı qəbul etmişdir. Həmçinin birinci instansiya məhkəməsinin 07.05.2021-ci il tarixli qərardaddan tələbkarın verdiyi şikayətə baxılması barədə 24.05.2021-ci il tarixli qərardadının “qərara aldı” hissəsində hazırkı işdə tərəf olmayan borclu X1 verdiyi şikayətin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi qeyd edilib. Bundan əlavə, iş materialları araşdırılarkən məlum olmuşdur ki, iş materiallarında xronoloji ardıcıllıq pozulmuş, həmçinin materiallarda çatışmazlıq da vardır. Belə ki, iş materiallarının 50-ci vərəqində 07.05.2021-ci il tarixli qərardaddan tələbkarın verdiyi şikayətə baxılması barədə 24.05.2021-ci il tarixli qərardad, daha sonra, 07.05.2021-ci il tarixli protokol və qərardad işə tikilmişdir (i/v 51-54). Kollegiya bildirir ki, təqdimata baxılması zamanı uyğunsuzluqlarla yanaşı iş materiallarının tikilməsində də uyğunsuzluqlar olmuşdur. Bununla da müəyyən olunur ki, hazırkı iş materiallarının tikilməsi zamanı Azərbaycan Respublikası Prezidentinin 27.09.2003-cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəsissələrində kargüzarlığın aparılmasına dair» Təlimat, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Kollegiyasının 29 noyabr 2011-ci il tarixli 3-N nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının məhkəmələrində kargüzarlığın aparılmasına dair» təlimatın tələbləri kobud şəkildə pozulmuş, həmçinin Bakı Apellyasiya Məhkəməsinin “Məhkəmələrdə kargüzarlığın aparılmasının bəzi məsələlərinə dair” 5d-112/17 saylı icmal məktubun da tövsiyələrinə əməl olunmamışdır. Belə olan halda, məlum olur ki, şikayətə əsasən, iş materiallarına istinad edilməklə baxılması mümkünsüzdür. Bu baxımdan, Kollegiya qeyd edir ki, iş materiallarında olan uyğunsuzluq və xronoloji ardıcıllığın düzəldilməsi ilə bağlı iş materialları rayon məhkəməsinə göndərilməlidir. MPM-in tələbinə görə apellyasiya instansiyası məhkəməsi daxil olmuş işlərin apellyasiya qaydasında baxılmasının mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. Əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər (maddə 366.1, 366.2, 366.3.). «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (19 may 2018-ci il tarixdən qüvvəyə minmiş) 1 may 2018-ci il tarixli Azərbaycan Respublikasının Qanunundan sonra Məcəllənin 402-ci maddəsinə əsasən mülki və inzibati-iqtisadi kollegiyalarının qətnamələrindən, işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Beləliklə müəyyən olunur ki, prosessual qanunverciliyə edilmiş dəyişikliyə görə hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmuşdur. Göstərilənlərə əsasən, Məhkəmə, MPM-nin 269, 366, 400, 402-ci maddələrinin tələbini rəhbər tutaraq QƏRARA ALDİ: Tələbkar tərəfindən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 8(003)-24/2020 saylı, 07 may 2021-ci il tarixli qərardadından verilən şikayət üzrə apellyasiya qeyri-mümkün hesab edilsin və şikayətə baxılmasını mümkünsüz edən və qərardadın əsaslandırıcı hissəsində qeyd edilmiş uyğunsuzluqların aradan qaldırılması üçün iş materialları Bakı şəhər Xəzər Rayon Məhkəməsinə qaytarılsın. Qərardad rəsmi qaydada verildiyi gündən hesablanmaqla ondan 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qərardaddan şikayət verilməmişsə, bu müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: İkram Şirinov Hakimlər: Tofiq Səmədov Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №8(103)-296/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-296/2021
23.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver