Məhkəmə qərarları › İş №8(103)-296/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-296/2023

31.08.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-296/2023 31.08.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və X2 ibarət tərkibdə, Borclu mülkiyyətində olan avtomobilin üzərinə həbs qoyulmasına dair Bakı şəhəri Nizami rayon İcra şöbəsinin təqdimatı üzrə çıxarılmış Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-255/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Bakı şəhəri Nizami rayon İcra şöbəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1031/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən 23 sentyabr 2011-ci il təvəllüdlü X4 və 21 dekabr 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2023-cü il tarixdən hesablanmaqla Borclu hər ay hər uşaq üçün 220 manat, cəmi 440 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulmalıdır. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin böyük icra məmuru Əlihüseyn Aslanov təqdimatla Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, həmin icra sənədinin icrasının təmin edilməsi məqsədi ilə Borclu mülkiyyətində olan “Mersedes E 200” minik markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi xx.xx.2023-cü il tarixdə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin icraatına daxil olmuş, müvafiq qərarla icra məmuru tərəfindən icraata başlanmış və bu barədə tərəflərə məlumat verilməsi təmin edilmişdir. Lakin Borclu icra məmurunun qanuni tələblərini yerinə yetirməməklə icra sənədinin icrasını təmin etməmiş və icranı təmin etməməsinin səbəbləri barədə şöbəyə məlumat verməmişdir. Həyata keçirilmiş məcburi icra tədbirləri nəticəsində borclunun mülkiyyətində “Mersedes E 200” minik markalı, **-GK-*** dövlət qeydiyyat nişanlı avtomobilin olduğu müəyyən edilmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-255/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təqdimat rədd edilmişdir. Həmin qərardaddan Bakı şəhəri Nizami rayon İcra şöbəsi şikayət verərək, qərardadın ləğv edilməsini və təqdimatın təmin edilməsini xahiş etmişdir. Şikayət təqdimatın məzmununa uyğun əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, icra sənədi üzrə artıq 2.200 manat məbləğində aliment borcu yaranmışdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-255/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nizami rayon İcra şöbəsinin şikayəti təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılması barədə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, lakin şikayətlə bağlı hər hansı sənəd, habelə işə məhkəmə iclasında baxılması barədə vəsatət daxil olmamışdır. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin qeyd edilən qərardadı ləğv edilməli, təqdimata yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməlidir. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun: 43.1.1-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiri hesab edilir; 44.1.3-cü maddəsinə əsasən könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsasdır; 45.1-ci maddəsinə əsasən tələbin borclunun əmlakına yönəldilməsi bu əmlakın üzərinə həbs qoyulmasından, götürülməsindən və satılmasından ibarətdir; 45.6-cı maddəsinə əsasən tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir; 50.2-ci maddəsinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, icra haqqında qanunvericilikdə icra sənədinin icra şöbəsinə daxil olduğu gündən icra məmuru tərəfindən görülməli olan bütün tədbirlər təsbit edilmiş, o cümlədən icra sənədinin icrası “könüllü” və “məcburi” mərhələlərə bölünməklə hər mərhələ üzrə müddətlər və icra məmurlarının səlahiyyətləri dəqiqləşdirilmişdir. Könüllü icra müddətinin axımının da icra sənədi üzrə icraata başlamaq haqqında qərarın, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya təqdim edilməsi günündən hesablanması müəyyən edilmişdir. İcra sənədinin könüllü icra üçün müəyyən edilmiş müddət ərzində icra edilməməsi məcburi icra tədbirlərinin tətbiqi üçün əsas yaradır və bu tədbirlər çərçivəsində icra məmuru tərəfindən ilk olaraq, borclunun manatla və xarici valyuta ilə, o cümlədən banklarda və digər kredit təşkilatlarında pul vəsaitlərinin və başqa sərvətlərin olub-olmaması araşdırılmalı, bundan sonra onun digər əmlakının axtarılması və gəlirinin müəyyən edilməsi üçün bütün tədbirlər həyata keçirilməlidir. Hazırki işin halları baxımından məhkəmə kollegiyası vurğulayır ki, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-1031/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsində onun alimentin tutulması hissəsində dərhal icra edilməsi qət edilmiş və bununla bağlı xx.xx.2023-cü il tarixdə verilmiş icra sənədi icra olunması üçün Bakı şəhəri Nizami rayon İcra şöbəsinə göndərilmişdir. Həmin icra sənədi üzrə icra icraatına xx.xx.2023-ü il tarixdə başlanılmış və bu barədə qərar, tələbin könüllü icrası haqqında bildirişlə birlikdə borcluya göndərilmişdir. Təqdimat da məhz könüllü icra müddəti bitdikdən sonra, yəni xx.xx.2023cü il tarixdə məhkəməyə təqdim edilmiş və həmin tarixə icra sənədi üzrə ən azı 1.320 manat məbləğində aliment borcu yaranmışdır. Təqdimata baxılan zaman borclunun izahatından onun icra sənədi barədə məlumatlı olması müəyyən edilir. Borclu verdiyi apellyasiya şikayətində isə qətnaməni nikahın pozulması və uşaqların yaşayış yerinin müəyyən edilməsi hissəsində mübahisələndirməmişdir. Belə olan halda, icra sənədini vermiş birinci instansiya məhkəməsinin qətnamənin qanuni qüvvəyə minməməsinə istinadən təqdimatı təmin etməməsi anlaşılmaz bir mövqedir. Belə ki, artıq müəyyən edildiyi kimi, həm könüllü icra müddətinin bitməsi, həm də borcun yaranması məcburi icra tədbirlərinin həyata keçirilməsi üçün əsas yaratmışdır. Eyni zamanda, nəzərə alınmalıdır ki, borclunun apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-4573/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə qismən təmin edilmiş və nəticədə qətnamə yalnız alimentin məbləği ilə bağlı hissədə dəyişdirilərək, hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat məbləğində müəyyən edilmişdir. Həmin qətnamə qanuni qüvvəsini almış və qətnamə üzrə verilmiş icra sənədi icra olunması üçün icraya yönəlmişdir. Bununla belə, əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmaqla borclunun hazırki tarixə ən azı 2.400 manat məbləğində aliment öhdəliyi yaranmışdır. Bu da öz növbəsində həm müddətin uzanması, həm də məbləğin artması səbəbindən icra sənədinin hazırki icra vəziyyətinin yoxlanılmasını, o cümlədən aliment məbləğinin ödənilib-ödənilməməsinin, tam ödənilmədiyi təqdirdə qalıq qalmış borcun məbləğinin və bunun səbəblərinin müəyyən edilməsini zəruri edir. Məhz bu araşdırmanın nəticəsi olaraq borclunun mülkiyyətində olan avtomobilin üzərinə həbsin qoyulmasına əsasların yaranıb-yaranmamasına hüquqi qiymət verilməlidir. Bu da öz növbəsində birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və təqdimata yenidən baxılmasını şərtləndirir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nizami rayon İcra şöbəsinin şikayəti qismən təmin edilməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-255/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilməli, təqdimata yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilməli, şikayət qalan hissədə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264-cü, 397-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Nizami rayon İcra şöbəsinin şikayəti qismən təmin edilsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-255/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nizami rayon İcra şöbəsinin təqdimatına yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilsin. Şikayət qalan hissədə rədd edilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar