Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-296/2024 19.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-5586/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasov təqdimatına dair icraat üzrə (Açar sözlər: ünsiyyətdə olmaq hüququnun verilməsi) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X6 (sədrlik edən və məruzəçi), X4 və Babayev Fuad Fikrət oğlundan ibarət tərkibdə, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-5586/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasov təqdimatına dair icraat üzrə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-351/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından borclu X1 tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-5586/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatın dayandırılması məsələsinə baxılmasını xahiş etmişdir.
2. Təqdimat onunla əsaslandırılmışdır ki, 30. 01 .2020- ci il tarixli qərarla icraata başladığı Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5586/2019-011 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən Borclu1 övladı xx.xx.2015-ci il təvəllüdlü X8 ilə hər həftənin şənbə günü saat 12:00-dan saat 17:00-dək 5 saat ünsiyyətdə olmaq hüququ verilmişdir. Sözügedən icra sənədi xx.xx.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qaydada icraata başlanılmış və tələbin könüllü icrası haqqında bildirişi borcluya göndərilmişdir. Nəzərə alınmalıdır ki, “İcra haqqında” Qanunun 44-cü maddəsinə əsasən borclu şəxsə qarşı hər hansı məcburi icra tədbirlərin görülməsi yalnız ona könüllü icra üçün müddətin verilməsindən və həmin müddətin keçməsindən sonra yol verilir. İcraat zamanı “Elektron icra” informasiya sistemindən əldə olunmuş məlumata əsasən borclu M.Ağayeva oğlu ilə birgə xx.xx.2020-ci il tarixdə ölkə hüdudlarını Türkiyə Respublikası istiqamətində tərk etmişlər və hazıradək geri qayıtmamışdılar. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.2-ci maddəsinə əsasən borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda icraat dayandırılır. Bununla əlaqədar olaraq “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 18.1.2-ci maddəsini rəhbər tutaraq, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5586/2019- 011 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icraatının dayandırılması məsələsinə baxılması xahiş olunmuşdur.
3. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-351/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-5586/2019 nömrəli, xx.xx.2019-cu il icra sənədinin icraatın dayandırılması qərara alınmışdır.
4. Hazırda iş üzrə tələbkar Borclu1 məhkəməyə şikayət ünvanlayaraq, şikayətin təmin edilməsi, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-351/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadın ləğv edilməsi və təqdimatı təmin edilməməsini xahiş etmişdir.
5. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasov təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-5586/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatın dayandırılması məsələsinə baxılmasını xahiş etmişdir. Məhkəmə təqdimatı təmin edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)-5586/2019 nömrəli, xx.xx.2019-cu il icra sənədinin icraatı dayandırılması barədə qərardad qəbul etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarını pozaraq icra işini, eləcə də işin hallarını tam və hərtərəfli araşdırımayıb, nəticədə əsassız və ədalətsiz qərardad qəbul etmişdir. Belə ki, məhkəmə öz qərardadı ilə onun övladı ilə olan ünsiyyət hüququnu məhdudlaşdırmış, dövlətin adından çıxarılmış qətnamənin icrasından borclunun yayınmasına dolayısı yolla şərait yaratmışdır. Ona görə də məhkəmənin qərardadı ləğv edilməli və təqdimat təmin edilməməlidir. Hazırki məsələ üzrə icra sənədi icra edilməli olduğu təqdirdə icra məmuru icra tədbirlərini görmək istəmir və zəruri hərəkətlər etmir. O, övladı ilə 4 il ərzində icra məmurunun hərəkətsizliyi nəticəsində görüşə bilməmişdir.
6. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 351/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilərək,Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-351/2024 saylı, xx.xx.2024-cü il tarixli tarixli qərardadının ləğv edilməsi və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-5586/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə icraatın dayandırılması barədə Bakı şəhəri Yasamal rayon İcra şöbəsinin icra məmuru Səvxan Abbasovun təqdimatının təmin edilməməsi qərara alınmışdır. Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:
7. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)- 351/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından borclu X1 apellyasiya şikayəti verərək, Yasamal Rayon Məhkəməsinin 22 iyul 2024-ci il tarixli, 8(004)-351/2024 saylı qərardadının ləğv edilməsinə, Yasamal rayon İcra Şöbəsinin icra məmuru Səvxan Abbasovun təqdimatının təmin edilərək Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)- 5586/2019 nömrəli, xx.xx.2019-cu il icra sənədi üzrə icraatı dayandırmasına dair yeni qərardad qəbul edilməsini xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, ilk növbədə bildirmək istəyir ki, tələbkarın şikayətdə qeyd etdikləri yalandır, həqiqəti əks etdirmir. Belə ki, ilkin məhkəmə prosesində tərəfindən tələbkarın uşağın Türkiyəyə aparılmasından xəbərdar olması, tələbkarın Türkiyəyə gedərək onunla görüşməsi, mütəmadi olaraq onun əlaqə saxlaması, Whats up proqramı vasitəsilə görüntülü danışmasına dair kifayət qədər sübutlar təqdim olunmuş, onların birlikdə vaxt keçirmələrinə dair video görüntülər işə əlavə olunmuşdur. Bundan əlavə, həmçinin, Borclu2 ilkin olaraq Türkiyədə təhsil alması, orada ailə həyatı qurması və xx.xx.2015-ci il təvəllüdlü Davud Ağayevin də Türkiyədə hansı ünvanda yaşaması və harada təhsil almasına dair müvafiq sənədlər məhkəmə prosesində təqdim olunmuşdur. (Tərəfindən təqdim olunmuş sənədlər və video disk işin içərisində mövcuddur, müvafiq sənədləri və video diski təqdim etməyi məhkəmə prosesində aparılmış audio-video çəkilişlə də təsdiq olunur) Bundan əlavə, qeyd etmək istərdi ki, ilkin məhkəmə prosesində tələbkarın dedikləri ilə Qərardadın ləğv olunmasına dair yazdığı şikayət Ərizəsində göstərilənlər demək olar ki,eynilik təşkil edir və üst-üstə düşür. Belə olan halda əlavə heç bir sübut təqdim edilmədiyi təqdirdə hakimin öz Qərardadını ləğv etməsi məntiqə sığmamaqla yanaşı qanunvericiliyin tələblərinə uyğun deyildir.
9. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-351/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi, borclu X1 tərəfindən verilmiş şikayətin mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.
10. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır.
11. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.
Tətbiq edilən hüquq normaları:
12. “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu
Maddə 21.2. Bu Qanunun 18-ci maddəsində nəzərdə tutulmuş icraatın dayandırılmasının mümkün olduğu hallarda icra məmuru tərəfindən icraatın dayandırılması barədə müvafiq məhkəməyə əsaslandırılmış və icra qurumunun rəhbəri tərəfindən təsdiq olunmuş təqdimat verilir. Maddə 18.1. Aşağıdakı hallarda icra sənədi üzrə icraat dayandırıla bilər: Maddə 18.1.2. borclu üzrlü səbəblərdən icra hərəkətlərinin həyata keçirildiyi yerin hüdudlarından kənarda olduqda; Maddə 18.1.3. borclu ağır xəstəliyinə görə stasionar müalicə müəssisəsində müalicə olunduqda; Maddə 18.1.4. icra məmuruna etirazın təmin edilməməsindən və ya icra məmurunun hərəkətlərindən şikayət verildikdə; Maddə 18.1.5. borclu, onun əmlakı axtarışda olduqda və ya onun uşağı axtarışda olduqda;
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-351/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
14. “İcra Haqqında” Azərbaycan Respublikasının Qanununun 17 və 18-ci maddələrində icra sənədi üzrə icraatın dayandırılmasını məcburi edən və mümkün edən hallar göstərilmişdir. Qanunun 18-ci maddəsində sadalanan hallar icra sənədi üzrə icraatın dayandırılmasının məcburi halları deyildir. Bu hallar olduqda icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə icraat dayandırıla bilər.
15. İş materiallarında olan Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 4337/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilərək, Borclu1 (atanın) icazəsi olmadan iddiaçı X2 (anaya) 11 avqust 2015-ci il təvəllüdlü övladı X5 yetkinlik yaşına çatanadək Azərbaycan Respublikasının hüdudlarından müvəqqəti olaraq kənara çıxarılmasına və gətirilməsinə icazə verilməsi qət edilmişdir.
16. Göründüyü kimi müvafiq qətnamə ilə uşağın, atasının icazəsi olmadan müvəqqəti olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarə çıxarılmasına və gətirilməsinə icazə verildiyi halda, borclu uzun illərdi ki, uşaqla birlikdə ölkə hüdudlarını tərk etmiş, bununla da Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-4337/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinin tələbləri və icrası pozulmaqla yanaşı, dövlətin adından çıxarılmış digər, atanın uşaqla ünsiyyət hüquqlarını müəyyən edən və hazırda da qüvvədə olan Bakı Şəhəri Yasamal Rayon Məhkəməsi tərəfindən verilmiş 2(004)- 5586/2019 nömrəli, xx.xx.2019-cu il tarixli qətnaməsinin də, icrasına manelər yaradır.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, borclunun xarici ölkəyə gedərək orada ailə həyatı qurması və davamlı orada yaşaması, hazırki icra işi üzrə icraatın dayandırılması üçün üzürlü səbəb və əsaslı hal ola bilməz.
18. Bundan əlavə, “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 6/2011 saylı, 28 oktyabr 2011-ci il tarixli qərarında qeyd edilir ki, “...Məhkəmələr nəzərə almalıdır ki, ünsiyyət qaydasının müəyyən edilməsi zamanı işin əhəmiyyətli halları (ünsiyyət tələb edən valideynin yaşayış yerinin şəraiti və uşağın yaşayış yerindən uzaqlığı, uşağın yaşı, sağlamlığı, təhsil rejimi və digər diqqətəlayiq hallar) nəzərə alınmaqla, gecə qalmaqla ünsiyyətin qaydasının müəyyən edilməsinə dair iddia tələblərinin təmin edilməsi imkanı da istisna edilmir. Məhkəmələr uşaqların öz valideynləri ilə ünsiyyət forması kimi şəxsi görüşdən əlavə, mümkün olduğu hallarda digər ünsiyyət formalarının (yazışma, telefon danışıqları, video-əlaqə və texnologiyaların imkan verdiyi digər vasitələr) tətbiqini də nəzərdən keçirməlidirlər”.
19. Məhkəmə kollegiyası hesab edir ki, icra sənədinin icrası ilə əlaqədar icra üsulunun forma və qaydasının dəyişdirilməsi ilə bağlı da müraciət edilə bilər.
20. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
21. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası
Q Ə R A R A A L D İ:
Şikayət təmin edilməsin. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-351/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fuad Babayev