Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-297/2025 01.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ alimentin indeksasiya edilməsi barədə Tələbkar tərəfindən verilmiş ərizəsinə dair iş üzrə Açar sözlər: indeksasiya Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X7 və İsgəndərov Akif Əsgər oğlundan ibarət tərkibdə, Tələbkar tərəfindən verilmiş alimentin indeksasiya edilməsi barədə ərizəyə dair iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 8(010)- 373/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat
1. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(010)- 2890/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-818/2020 saylı, 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmış, Borclu 03 iyun 2010-cu il təvəllüdlü X3 və 18 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 193 manat, cəmi 386 manat sabit pul məbləğində aliment Tələbkar xeyrinə tutulması qət edilmişdir.
2. Tələbkar alimentin indeksasiyası barədə ərizə ilə məhkəməyə müraciət edərək, həmin qətnamə əsasında təyin edilmiş aliment məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının indeksasiya edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
3. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Suraxanı Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(010)-2890/2022 saylı qətnaməsinə əsasən himayəmdə olan 03 iyun 2010-cu il təvəllüdlü X3 və 18 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşma çatanadək saxlanılması üçün tutulan alimentin məbləği hal-hazırda uşaqların minimum dolanacaq xərclərini ödəmir. Ona görə də cavabdeh tərəfindən verilən alimentin məbləğinin artırılması zərurəti yaranmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarına və Ailə Məcəlləsinin müvafiq maddələrinə əsasən alimentin məbləği ərizənin verildiyi tarixdə ölkə üzrə mövcud olan minimum əmək haqqına münasibətdə təyin olunmalıdır.
4. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 8(010)- 373/2025 nömrəli qərardadı ilə ərizə qismən təmin edilərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi 13 iyul 2022-ci il tarixli, 2(010)-2890/2022 nömrəli qətnaməsi ilə sabit pul məbləğində tutulan aliment ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0,64 misli həddində indeksasiya edilməsi, 03 iyun 2010-cu il təvəllüdlü X3 və 18 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün Borclu Tələbkar xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində sabit pul məbləğində aliment tutulması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır.
5. Qərardad onunla əsaslandırılmışdır ki, məhkəmə hazırkı ərizə əsasında artıq qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında konkret olaraq müəyyən edilmiş aliment məbləğinin həmin qətnamənin qəbul edildiyi il üzrə minimum əməkhaqqı məbləğinə uyğun indeksasiyasını həyata keçirir. Bu baxımdan məhkəmənin indeksasiyanı cari il üçün həyata keçirmək imkanı yoxdur. Sabit pul məbləğində alimentin tutulmasına dair qətnamə 2022-ci ildə qəbul edildiyindən və həmin il ölkə üzrə müəyyən edilmiş minimum əməkhaqqı 300 manat məbləğində təşkil etdiyindən qətnamə üzrə tutulan hər ay hər uşaq üçün 193 manat sabit pul məbləğində aliment ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqının 0.64 (193/300) misli həddində indeksasiya olunmalıdırBununla belə məhkəmə, Ali Məhkəmə Plenumunun müvafiq qərarına bir daha istinad edərək qeyd edir ki, alimentin indeksasiyasından fərqli olaraq, Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır.
6. Həmin qərardaddan Borclu şikayət verərək qərardadın ləğv, ərizənin isə rədd olunmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
7. Şikayətin dəlillərinə görə, birinci instansiya məhkəməsi tərəfindən qətnamə çıxarılarkən bir sıra maddi hüquq normaları pozulmuş və düzgün tətbiq edilməmişdir. Belə ki, məhkəmə iclasında borclu ərizəni qəbul etməyərək bildirmişdir ki, ailə həyatı qurmuşdur və dörd yaşında uşağı var. Ərizəçinin tələb etdiyi alimenti ödəməyə maddi imkanı yoxdur. Bu səbəbdən məhkəmədən ərizənin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi nəzərə almamışdır ki, tərəflərin ailə qurduğu ildən, yəni 2008-ci ildən Borclu ədliyyə orqanlarında işləyir, konkret olaraq hazırkı işə əlavə edilən Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasının 28 aprel 2025-ci il tarixli elektron arayışından görünür ki, X9 13 mart 2013-ci il tarixdən Penitensiar Xidmətdə xüsusi rütbəli əməkdaş kimi qulluqdadır, hal-hazırda Bakı İstintaq Təcridxanasının Təsərrüfat şöbəsinin kiçik inspektoru vəzifəsində xidmət edir və aylıq ələ çatan əməkhaqqı məbləği 786 manat təşkil edir. Borclu Bakı İstintaq Təcridxanasında qapalı şəraitdə xidmət etdiyinə və bu səbəbdən hazırda başqa qazancı (başqa gəlirləri) olmadığına görə, onun aylıq əmək haqqıməbləği cəmi 786 manat təşkil edir. Bundan başqa, tərəflərin nikahı rəsmi qaydada pozulduqdan sonra Borclu 19 fevral 2021-ci il tarixdə X1 ilə rəsmi nikaha daxil olmuş, həmin nikahdan 26 iyul 2021-ci il tarixdə X6 adlı uşaqları doğulmuşdur. Beləliklə, nəzərə alınsa ki, Borclu aylıq əmək haqqı məbləği cəmi 786 manat təşkil edir, onun yeni nikahından 26 iyul 2021-ci il təvəllüdlü üçüncü uşağı - X6 adlı uşaqları da doğulmuşdur, əgər Tələbkar hazırkı ərizəsinin təmin olunması barədə qərardad qüvvədə saxlanılarsa, o halda Borclu özünü və yeni ailəsini və uşağını saxlamasına, demək olar ki, əməkhaqqı qalmır. Tərəflər arasında alimentin həcminin artırılması barədə bundan əvvəlki, yəni Suraxanı Rayon Məhkəməsinin 2(010)- 818/20 saylı, 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə Azərbaycan Dövlət İqtisad Universitetinin 09 yanvar 2020-ci il tarixli, 010-013-xx/xx/2020 nömrəli arayışına əsasən müəyyən edilmişdir ki, Tələbkar Azərbaycan Dövlət İqtisad Universitetində “Xarici dillər” kafedrasında baş müəllim vəzifəsində işləyir və onun aylıq əmək haqqı 972 manat təşkil edir (bax: qətnamənin 4-cü səhifəsinin 7-ci abzası). MPM-in 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Hazırda həmin əmək haqqı 1500 manatdan artıqdır. Bundan başqa, tərəflər arasında başqa mübahisələr üzrə məhkəmə prosesləri zamanı Tələbkar özü etiraf edir ki, o, aylıq əməkhaqqından başqa, ingilis dilindən uşaqlar hazırlayır və hər ay bu fəaliyyətindən 500-600 manat gəlir əldə edir. Beləliklə, göründüyü kimi, Tələbkar Borclu təqribən üç dəfə artıq əməkhaqqı alır. Belə olan halda hazırkı ərizənin dəlilləri əsassızdır. Bir faktı da nəzərə almaq lazımdır ki, Tələbkar Borclu sonuncunun aldığı, hazırda tərəflərin paylı mülkiyyətində olan və nikah pozulana qədər daim yaşadığı Bakı şəhəri, Xətai rayonu, Neapol küçəsi, 8 a saylı evin, 4 saylı mənzilinə də buraxmır və digər yaşayış sahəsi yoxdur, o halda Borclu hansı maddi problemlərlə qarşıqarşıya qalmasını anlamaq çətin olmazdı. Bundan başqa, o da nəzərə alınsa ki, qanunda aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi miqdarda aliment tutulur. Birinci instansiya məhkəməsi tərəfindən qərardad çıxarılarkən “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşın çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarına (20 dekabr 2024-cü il tarixli qərarla edilmiş dəyişikliklərdən sonra) istinad etmiş, lakin həmin normalar işin faktiki hallarına əsasən düzgün tətbiq edilməmişdir. İşin faktiki hallarından göründüyü kimi, iddianın təmin olunması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci, həmin Məcəllənin 81.3-cü, həmin Məcəllənin 112.1ci maddəsində müəyyən olunmuş heç bir hal mövcud deyildir.
8. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 may 2025-ci il tarixli, 8(010)- 373/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.
Tətbiq edilən hüquq
9. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
10. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.
11. «Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024- cü il tarixli Qərarı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 2016- cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarında dəyişiklik edilmiş və 8.4-2 yarımbənd əlavə edilmişdir: qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir).
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
12. Məhkəmə kollegiyası qeyd edir ki, şikayətdə qeyd olunan xüsusatlar alimentin indeksasiya edilməməsi üçün əsas ola bilməz. Belə ki, bu hallar tələbkara pul vəsaitinin ödənilməsi və borclunun maddi vəziyyətinin pisləşməsi ilə bağlı olduğundan Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən alimentin miqdarının dəyişdirilməsi üçün əsas ola bilər. Bu məsələyə isə hazırkı icraat çərçivəsində baxılması mümkün deyildir və bununla bağlı borcluya müvafiq iddia ərizəsi ilə məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
13. Birinci instansiya məhkəməsi düzgün olaraq Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 13 iyul 2022-ci il tarixli, 2(010)-2890/2022 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-818/2020 saylı, 29 yanvar 2020-ci il tarixli qətnaməsi ilə təyin edilmiş alimentin məbləği artırılmış, Borclu 03 iyun 2010-cu il təvəllüdlü X3 və 18 iyul 2013-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay bir uşağa 193 manat, cəmi 386 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,64 misli həddində indeksasiya edilməsini müəyyən etmişdir.
14. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.
15. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 8(010)- 373/2025 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 30 aprel 2025-ci il tarixli, 8(010)- 373/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.