Məhkəmə qərarları › İş №8(103)-298/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-298/2021

23.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-298/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X10 Əsgərovun sədrliyi və məruzəsilə, Azad Nizam oğlu İmanov və Vahid Nəriman oğlu Sadıqovdan ibarət tərkibdə, Məhkəmə iclas katibi: Qantural İlqar oğlu Mürsəlzadənin katibliyi, X1, Borclu1, onun və digər Borclu2 nümayəndəsi və vəkili X3 iştirakları ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 8(001)-1/2021 saylı qərardadından borclular Borclu1 və Borclu2 tərəfindən verilmiş şikayətlərə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: X2 Bakı Apellyasiya Məhkəməsinin 03.03.2011-ci il tarixli 2(103)-611/11 saylı qətnaməsi ilə ona ödənilməli olan pul məbləğinin 2014-cü ilin oktyabr ayından 2019-cu ilin oktyabr ayınadək olan dövr üçün indeksasiya edilərək tutulmasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Tələbkar ərizəsini onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-611/11 saylı 03.03.2011-ci il tarixli icra sənədinə əsasən cavabdeh Borclu1 49800 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə, cavabdeh Borclu2 40000 ABŞ dollarının ödəniş gününə Azərbaycan manatına olan məzənnə ilə tutularaq ona ödənilməlidir. Qanuni qüvvəsini alan məhkəmə aktı uzun müddət icra olunmamış qalmışdır. Yalnız 2019-cu ilin iyul ayında borclu X8 mülkiyyətində olan 49500 manat dəyərində qiymətləndirilən Gədəbəy şəhərində yerləşən 0,45 ha torpaq sahəsini ona təklif etmiş və o, bu təklifi qəbul edərək torpağa dair mülkiyyət hüququ qeydə alınmışdır. 2019cu ildən etibarən Borclu2 hər ay pensiyasından ona 200 manat ödəyir. Ona görə də Bakı Apellyasiya Məhkəməsinin 03.03.2011-ci il tarixli 2(103)-611/11 saylı qətnaməsi ilə ona ödənilməli olan pul məbləğinin borclular tərəfindən icra sənədinin icra edilmədiyi 2014-cü ilin oktyabr ayından 2019-cu ilin oktyabr ayınadək olan indeksasiya edilərək borclulardan onun xeyrinə tutulmasına dair qərardad qəbul edilməsini xahiş edir. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 8(001)-1/2021 saylı qərardadına əsasən ərizə təmin edilərək Borclu1 19471,8 ABŞ dollarının, Borclu2 15640 ABŞ dollarının ödənişin icra edildiyi gün Azərbaycan Respublikası Mərkəzi Bankının müəyyən etdiyi məzənnə üzrə manatla X5 xeyrinə tutulması, Borclu1 və Borclu2 müştərək qaydada iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyərinə görə 150 manatın dövlət nəfinə tutulması qərara alınmışdır. Birinci instansiya məhkəməsi tədqiq edilmiş sübutlarla müəyyən etmişdir ki, borclular 2011-ci ildən qanuni qüvvəsini alan məhkəmə aktını icra etməmiş, tələbkarın müraciəti əsasında Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 10.10.2014-cü il tarixli 8(001)-477/2014 saylı qərardadına əsasən Bakı Apellyasiya Məhkəməsinin 03.03.2011-ci il tarixli 2(103)-611/11 saylı qətnaməsi ilə cavabdeh X4 tutulmalı olan 49800 ABŞ dollarının və cavabdeh Borclu2 tutulmalı olan 40000 ABŞ dollarının indeksasiyası aparılmış, bundan sonra da borclular icra sənədini icra etməməkdə davam etmiş, yalnız 2019-cu ilin iyul ayından sonra borclular icra sənədini qismən icra etmişlər. Birinci instansiya məhkəməsinin işin müəyyən edilmiş halları əsasında gəldiyi nəticəyə görə pul məbləğlərinin indeksasiyası, istehlak qiymətlərinin artması ilə əlaqədar həmin məbləğin dəyərini qorumaqla şəxsin qanuni mənafeyini müdafiə etmək məqsədi daşıdığından, tələbkarın indeksasiya tələbi əsaslıdır. Ona görə də Borclu1 19471,8 ABŞ dolları (69271,8-49800=19471,8), Borclu2 15640 ABŞ dolları (55640-40000=15640) X5 xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232, 439-cu maddələrinin və Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikasının 17.06.1992-ci il Qanununun tələbləri ilə əsaslandırmışdır. Birinci instansiya məhkəməsinin qərardadı ilə razılaşmayan borclular verdikləri şikayətlərində qeyd etmişlər ki, maddi imkanlarının aşağı olması səbəbindən borcu vaxtında qaytara bilməmişlər, 2015-ci ildə baş vermiş devalivasiya nəticəsində manat ABŞ dollarına münasibətdə dəyərdən düşmüş, bu da tələbkarın xeyrinə olmuşdur. Ona görə də qərardadın ləğv edlib, ərizənin rədd edilməsini xahiş edirlər. Məhkəmə kollegiyasının iclasında Borclu1, onun və digər Borclu2 nümayəndəsi və vəkili X6 şikayətlərinə uyğun izahatlar verərək, şikayətlərinin təmin edilməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 8(001)-1/2021 saylı qərardadının ləğv edilərək, ərizənin rədd edilməsi barədə qərardad çıxarlımasını xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında X2 şikayətləri əsassız hesab edərək, təmin edilməməsini, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 8(001)- 1/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Kollegiya tərəflərin izahatlarını, şikayətin dəlillərini iş materiallarına əsasən yoxlayıb hesab edir ki, borclular tərəfindən verilmiş şikayət əsaslı hesab edilməklə, qərardad ləğv edilməli, ərizə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Azərbaycan Respublikasında vətəndaşların pul gəlirlərinin və əmanətlərinin indeksləşdirilməsi haqqında Azərbaycan Respublikasının 17.06.1992-ci il Qanununun 1-ci maddəsinə əsasən, indeksləşdirmə Azərbaycan Respublikasının ərazisində istehlak qiymətlərinin artması ilə əlaqədar olaraq əhalinin alıcılıq qabiliyyətini qorumaq məqsədilə vətəndaşların pul gəlirlərini və əmanətlərini artırmağın dövlət tərəfindən müəyyən edilmiş mexanizmidir. Məhkəmə qeyd edilən qanunvericiliyin tələblərini nəzərə alıb qeyd edir ki, devalivasiya milli valyutanın xarici valyutaya nisbətən məzənnəsinin ucuzlaşması manatdan istifadə edən hər kəsə təsir edir. İş materiallarından görünür ki, məhkəmə qətnaməsi ilə tutulmalı məbləğin valyutası ABŞ dolları olduğundan və baş vermiş devalivasiya nəticəsində manatın dəyərini itirməsi hazırki tələbə münasibətdə indeksasiya aparılması üçün əsas ola bilməz. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin etməklə, yuxarıda qeyd edilən qanunvericiliyin tələblərini hazırki mübahisəyə səhv tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanaraq hesab edir ki, borclular tərəfindən verilmiş şikayətlər təmin edilməli, qərardad ləğv edilməklə, ərizə rədd edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.3, 400 və 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Borclular Borclu1 və Borclu2 tərəfindən verilmiş şikayətlər təmin edilsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 12 aprel 2021-ci il tarixli, 8(001)-1/2021 saylı qərardadı ləğv edilsin. X1 Bakı Apellyasiya Məhkəməsinin 03.03.2011-ci il tarixli 2(103)-611/11 saylı qətnaməsi ilə ona ödənilməli olan pul məbləğinin 2014-cü ilin oktyabr ayından 2019-cu ilin oktyabr ayınadək olan dövr üçün indeksasiya edilərək tutulmasına dair ərizəsi təmin edilməsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Qürbət Əsgərov Hakimlər Azad İmanov Vahid Sadıqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar