Məhkəmə qərarları › İş №8(103)-299/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-299/2023

04.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-299/2023 04.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü tarixli, 2(004)-1677/2022 saylı icra sənədi üzrə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatına dair Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-313/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Aslan Aslanbəyli təqdimatla məhkəməyə müraciət edərək, "İcra haqqında” Azərbaycan Respublikası qanununun 84-1-ci maddəsini rəhbər tutaraq, iş üzrə borclu xx.xx.1985-ci il təvəllüdlü, ünvan 1 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququnun müvəqəti məhdudlaşdırılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-313/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı ilə ("İcra haqqında” Azərbaycan Respublikası Qanununun 84.2, 84-1.1, Mülki Prosessual Məcəlləsinin 231.3-cü maddələrinə istinadən) təqdimat təmin edilməmişdir. Qərardadda qeyd edilmişdir ki, Təqdim olunmuş materiallar araşdırılarkən müəyyən olundu ki, "İcraata başlama haqqında” 27 may 2022-ci il tarixli qərarın, tələbin könüllü icrası haqqında bildirişin borcluya təqdim edilməsinə baxmayaraq, icra sənədinin icrasına hələ də nail olunmamışdır. Bununla belə, hazırki icra sənədinin verilməsinə əsas olan məhkəmə qətnaməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 31 mart 2023-cü il tarixli 2(103)-393/2023 nömrəli qətnaməsinə əsasən ləğv edilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanuni qüvvəyə mindiyi təqdirdə, həmin qətnamə ilə hazırki icra sənədinin verilməsi üçün əsas olmuş məhkəmə qərarı ləğv edildiyindən icra sənədi üzrə icraata da xitam veriləcəkdir. Odur ki, hazırki halda Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmasına əsas yoxdur. Tələbkar şikayət verərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-313/2023 saylı işi üzrə xx.xx.2023-cü tarixli qərardadı ləğv edilsin, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1677/2022 saylıü, 26 may 2022-ci il tarixli icra sənədinin icrası məqsədi ilə Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması barədə Bakı şəhəri Yasamal Rayon İcra Şöbəsinin icra məmuru Aslan Aslanbəylinin təqdimatının təmin edilməsini xahiş etmişdir. Şikayətdə "İcra haqqında" AR Qanununun 84-1.1; Mülki Prosessual Məcəllənin 88-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə icra məmurunun təqdimatını təmin etməyərək, yalnız bir əsas gətirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-393/2023 saylı, 31 mart 2023-cü il tarixli qətnaməsi ilə, Borclu Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayəti qismən təmin edilmiş, Yasamal Rayon Məhkəməsinin 26 may 2022-ci il tarixli qətnaməsi ilə Tələbkar və Borclu uşaqlar üçün qarşılıqlı olaraq alimentin tutulmasına aid hissədə ləğv edilmiş, Tələbkar və Borclu aliment tutulması barədə tələblərinin rədd edilməsi qət edilmişdir.Yuxarıda göstərilən Bakı Apellyasiya Məhkəməsinin 31 mart 2023-cü il tarixli qətnaməsi bu günə kimi qanuni qüvvəsini almamış, məhkəmə elektron sistemində 20 aprel 2023-cü il tarixdə yerləşdirilmiş, həmin iş üzrə iddiaçı Tələbkar tərəfindən kassasiya şikayəti hazırlanır və məhkəməyə təqdim ediləcək. İş materiallarından məlum olur ki, Borclu 16 fevral 2022-ci il tarixdən 28 aprel 2022-ci il tarixə kimi aylıq əmək haqqısı 5500 manat təşkil etmişdir. Bu müddət üzrə onun 4312 manat aliment borcu yaranmış, hal-hazırda Borclu 13519 manat aliment borcu təşkil edir. İcra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən bildiriş göndərilməsinə, dəfələrlə şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu X3 icranı könüllü olaraq icra etməmiş və təmin etməkdən hər dəfə bir bəhanələrlə, üzürlü səbəb olmadan boyun qaçırmışdır. Məhkəmə öz qərardadında qeyd etmişdir ki, borclu İsmiyeva X2 MMC arasında 28 aprel 2022ci il tarixdən etibarən əmək müqaviləsinə xitam verilmiş, icra sənədi şirkətə 24 avqust 2022-ci il tarixdə daxil olmuşdur, borclunun nə vaxt əmək müqaviləsinə xitam verilməsi və icra sənədi hansı tarixdə şirkətə daxil olması icra məmurunun təqdimatını təmin edilməməsinə yetərli əsas deyil. Məhkəmə borclunun nümayəndəsinin əsassız izahatı ilə kifayətlənmiş, bununla bağlı dəqiq araşdırma aparmadan formal əsaslarla icra məmurunun təqdimatını təmin etməmiş, işdə olan sənədlərə kifayət qədər qiymət verməmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-313/2023 saylı işi üzrə xx.xx.2023-cü tarixli qərardadı ilə Tələbkar şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Birinci instansiya məhkəməsinin qərardadının əsaslılığını Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Kollegiyasının 22 aprel 2013-cü il tarixli, 2-N saylı qərarı ilə təsdiq edilmiş “Şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının icra xidməti tərəfindən tətbiqi qaydaları haqqında Təlimat”ın 2.2, 2.3, 2.4, 2.6; “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 17-26, 84-1.1; Mülki Prosesual Məcəllənin 385-388, 395-400-cü maddələrinə əsasən mübahisələndirilən dəlillərə münasibətdə yoxlayan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, şikayətin sübutedici əsası və aidiyyəti olmayan dəlilləri üzrə prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. «İcra haqqında» Azərbaycan Respublikası Qanunun 84-1.1-ci maddəsinə əsаsən: məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Həmin qanunun 17.1.7-ci maddəsinə əsаsən: İcraatda olan iş üzrə qəbul olunmuş məhkəmə aktlarından verilmiş apellyasiya və kassasiya şikayəti müvafiq məhkəmələrin icraatına qəbul olunduqda icra sənədi üzrə icraat məcburi olaraq dayandırılır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 397, 398, 400-402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Tələbkar şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-313/2023 saylı işi üzrə xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar