Məhkəmə qərarları › İş №8(103)-299/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-299/2024

27.08.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-299/2024 27.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Həsənov Elnur Məmmədsaat oğlundan (sədrlik edən və məruzəçi), Mərdanova Xumar Afət qızından və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair icra məmurunun təqdimatının təmin edilməməsi barədə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 17 iyul 2024-cü il tarixli qərardadından icra sənədi üzrə tələbkar "xxxx" MMC-nin nümayəndəsi tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon icra şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, xx.xx.2021-ci il tarixdə icraatına başladığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu X2 4630,29 manat məbləğində pul vəsaitinin Tələbkar1 ASC-nin xeyrinə, xx.xx.2021-ci il tarixdə icraatına başladığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 6193,6 manatın tutulub “X6 Azərbaycan” QSC-nin xeyrinə, xx.xx.2022-ci il tarixdə icraatına başladığı Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən isə 14 896 ABŞ dollarının (ödəniş günü rəsmi məzənnəyə müvafiq manatla) və 513 manatın tutulub Tələbkar3 MMC-nin xeyrinə, 100 manatın tutulub Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməli olduğunu, sözügedən icra sənədləri üzrə başlanılmış icraat zamanı tələbin X4 tərəfindən könüllü icra üçün müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyini, könüllü icra haqqında bildirişlərin xx.xx.2023-cü il tarixdə borcluya rəsmi qaydada, imza etdirilməklə təqdim edilməsinə baxmayaraq, borclu tərəfindən icra sənədləri üzrə tələblərin üzrsüz səbəbdən icra edilmədiyini, icra tədbirləri zamanı və elektron icra informasiya sistemindən borcluya məxsus əmlakın və gəlirlərin müəyyən edilmədiyini, borclunun mütəmadi olaraq ölkə hüdudlarından kənara çıxdığını, tələbkar "Faktor Lizinq” MMC-nin xx.xx.2024-cü il tarixli ərizə ilə müraciət edərək məhkəmə qətnaməsinin icrasını təmin etmək məqsədi ilə onun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə təqdimatla müraciət olunmasını xahiş etdiyini, bildirmiş, buna görə də “İcra haqqında” Qanunun 84-1-ci maddəsinə əsasən borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin (məhkəmə) 17 iyul 2024-cü il tarixli qərardadı ilə təqdimat təmin edilməmiş, məhkəmə (hakim) öz qənaətini onunla əsaslandırmışdır ki, borclu xx.xx.2024-cü il tarixdə üç icra sənədi üzrə 11 436,89 manat ödəniş etmiş, onun icra sənədlərini üzrsüz səbəbdən icra etməməsi, icra sənədlərinin icra olunması üçün görülmüş digər məcburi icra tədbirlərinin nəticə verməməsi, icra sənədlərinin icra olunması üçün borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasının zəruriliyi əsaslandırılmamış və həmin halları təsdiq edən sənədlər təqdimata əlavə edilməmişdir. Məhkəmə həmçinin vurğulamışdır ki, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması o zaman tətbiq olunur ki, o, ölkə ərazisində qaldığı təqdirdə icra sənədlərini icra etmək iqtidarında olur, lakin icra sənədlərini üzrsüz səbəbdən icra etmir. Lakin iş materiallarında olan sənədlər əsasında bu nəticəyə gəlmək mümkün olmur. Borclu "BP Eksploreyşn (Kaspian Si) Limited Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində texnik işləməklə 4487,29 manat məbləğində əmək haqqı alır. Digər tərəfdən, icra məmuru digər icra tədbirləri görməmiş, yəni borclunun əmlakı, bank hesabları, gəlirləri və s. barədə sorğular verməmiş, müvafiq icra sənədi üzrə borclunun mülkiyyətdində olan əmlakların üzərinə həbs qoyulmamış, həmçinin onun gəlirlərinə yönəldilməmişdir. Həmin qərardaddan Tələbkar3 MMC-nin nümayəndəsinin verdiyi şikayət də təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunaraq birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və təqdimat təmin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Mülki Prosessual Məcəllənin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Qanunun 3.1-ci maddəsinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. “İcra haqqında” Qanunun 12-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı gündən iki ay müddətində icra hərəkətlərini həyata keçirməli və icra sənədində göstərilən tələblərin icra olunmasını təmin etməlidir. Müstəsna hallarda icra sənədində göstərilən tələblərin icra olunması icra qurumunun rəhbərinin təqdimatı əsasında icra xidmətinin rəhbəri (baş icra məmuru) tərəfindən 1 ay müddətinədək uzadıla bilər. Azərbaycan Respublikasının qanunvericiliyi ilə və ya icra sənədi ilə icrası dərhal nəzərdə tutulmuş tələblər təxirəsalınmadan icra olunur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi də özünün bir çox qərarlarında məhkəmənin yekun qərarlarının icrasının ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi olduğunu və Konvensiyanın 6-cı maddəsi ilə təminat altına alındığını vurğulamışdır. “Cəfərov Azərbaycana qarşı” iş üzrə 11 fevral 2010-cu il tarixli və “Cəfərli və digərləri Azərbaycana qarşı” 29 iyul 2010-cu il tarixli qərarlarında Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi hər kəsin hüquq və vəzifələrinə aid iddiasının məhkəmə və ya tribunal qarşısına çıxarılması hüququnu təmin edir; bu mənada, o, «məhkəmə hüququnu» ehtiva edir ki, mülki məsələlərdə icraatı başlamaq hüququ olan məhkəməyə müraciət etmək hüququ onun bir aspektidir. Lakin Razılığa gələn Yüksək Tərəflərin daxili hüquq sistemləri yekun məcburi məhkəmə qərarının bir tərəfin zərərinə hərəkətsiz qalmasını mümkün edərsə, bu hüquq xəyali olar. Bu ağlasığmaz olar, əgər Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi tərəflərə verilən prosessual təminatları təfsilatı ilə izah etsin - ədalətli, açıq və sürətli məhkəmə araşdırmaları - lakin məhkəmə qərarlarının icrası qorunmasın; Konvensiyanın 6-cı maddəsini yalnız məhkəməyə müraciət etmək və araşdırmaların nəticələnməsi hüququnu verən kimi şərh etmək, Razılığa gələn X1 ratifikasiya edərkən üzərlərinə götürdükləri qanunun aliliyi prinsipi ilə zidd olan vəziyyətlərə gətirib çıxarmaq kimi olar. Buna görə, Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə qərarının icra olunması «araşdırmanın» ayrılmaz hissəsi kimi qiymətləndirilməlidir (bax, Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il, § 40, Qərar və Qərardadların Hesabatı, 1997-İİ). Beləliklə, qanunvericiliyin sadalanmış müddəalarının mənasına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsidir. Məhkəmə tərəfindən çıxarılmış yekun və məcburi qərarın icra olunmaması pozulmuş hüquqların səmərəli şəkildə bərpa olunmasına xidmət etməli olan ədalət mühakiməsinin mahiyyətinə xələl gətirmiş olur. Nəzərə almaq lazımdır ki, qanunverici qüvvəyə minmiş məhkəmə aktlarının icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericilikdəki ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qətnamə xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. “İcra haqqında” Qanunun 84-1.1-ci maddəsinə görə isə, məhkəmə qərarları əsasında verilmiş icra sənədləri könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, borclunun ölkədən getmək hüququ icra məmurunun əsaslandırılmış təqdimatı əsasında məhkəmənin qərarı ilə müvəqqəti məhdudlaşdırıla bilər. Borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə icra məmuru tərəfindən dərhal borclunun özünə, tələbkara və müvafiq icra hakimiyyəti orqanına məlumat verilir. Kollegiya qeyd edir ki, “İcra haqqında” qanun, borclunun ölkədən getmək hüququnun məhdudlaşdırılmasını icra sənədinin onun tərəfindən üzrsüz səbəbdən könüllü icra üçün müəyyənləşdirilmiş vaxt ərzində icra edilməməsi ilə şərtləndirmişdir, bu isə o deməkdir ki, icra sənədi haqqında borclunun məlumatı olmalı, ona könüllü icra üçün vaxt verilməli və bu müddət ərzində o, heç bir üzrlü səbəb göstərmədən icranı həyata keçirməməlidir. İşin müəyyən olunmuş hallarından görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən borclu X2 4630,29 manat məbləğində pul vəsaiti Tələbkar1 ASC-nin xeyrinə, xx.xx.2020-ci il tarixli icra sənədinə əsasən 6193,6 manat “X6 Azərbaycan” QSC-nin xeyrinə, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən isə 14 896 ABŞ dollarının (ödəniş günü rəsmi məzənnəyə müvafiq manatla) və 513 manat Tələbkar3 MMC-nin xeyrinə, 100 manat Məhkəmə Ekspertizası Mərkəzinin xeyrinə tutulmalıdır. İş materiallarından həmçinin aydın olur ki, həmin icra sənədlərinin icrası ilə bağlı zəruri icra hərəkətləri həyata keçirilmiş, borcluya bildirişlər təqdim olunmuş, lakin icra sənədlərinin icrası tam təmin edilməmişdir. Bu baxımdan kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi təqdimatı təmin etməməkdə haqlı olmamışdır. Mülki Prosessual Məcəllənin 398.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Şikayət təmin olunsun. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-376/2024 saylı iş üzrə 17 uyul 2024-cü il tarixli qərardadı ləğv edilsin. Borclu ölkədən getmək hüququnun məhdudlaşdırılmasına dair Bakı şəhəri Yasamal Rayon icra şöbəsinin icra məmurunun təqdimatı təmin olunsun. xx.xx.1968-ci il tarixdə Beyləqan rayonunda anadan olmuş, Bakı şəhəri, Yasamal rayonu, X3 küçəsi ev 1, mənzil 22 ünvanında qeydiyyatda olan Borclu ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qərardaddan şikayət verilə bilməz. Hakimlər: Elnur Həsənov Xumar Mərdanova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar