Məhkəmə qərarları › İş №8(103)-299/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-299/2025

25.06.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-299/2025 25.06.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 ödənilməli olan aliment məbləğinin indeksasiyası barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: alimentin indeksasiyası) Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X11 (sədrlik edən və məruzəçi), X7 və X3 ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-265/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilən şikayət üzrə mülki işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:

1. X2 ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)- 4650/2018 saylı qətnaməsinə əsasən müəyyən edilmiş alimentin artırılmasını, 1 uşaq üçün 245 manat sabit pul məbləğində aliment tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, daha sonra tələbin dəqiqləşdirilməsinə dair ərizə verərək, Nərimanov Rayon Məhkəməsinin 2(005)-2498/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli həddində indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

2. Borclu məhkəməyə etiraz ərizəsi ünvanlayaraq bildirmişdir ki, Rusiya Federasiyasında yaşayır və işləyir. Əmək haqqısı Azərbaycan manatı məzənnəsinə uyğun olaraq 475 manat təşkil edir. Qeyd olunanlaraq əsasən ərizənin rədd edilməsini xahiş etmişdir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-265/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizənin təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2498/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə tutulan alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşaq üçün ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli, cəmi 1,56 misli həddində indeksasiya olunması qərara alınmışdır.

Şikayətin dəlilləri, birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə və şikayətə etirazın dəlilləri:

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-265/2025 nömrəli, xx.xx.2025ci il tarixli qərardadından Borclu nümayəndəsi və vəkili Vəkil tərəfindən verilən şikayət həmin məhkəmənin 23 may 2025-ci il tarixli qərardadı ilə təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. 5.Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə borclu şəxs olaraq X20 göstərmişdir, lakin nəticə hissəsində qərardadı icra etməli olan şəxsin adı ümumiyyətlə göstərilməmişdir. Yəni həmin qərardada əsasənə 624 manat sabit pul məbləğində aliment X13 tutulmalıdır. Qərardadda adı göstərilmədiyi üçün həmin qərardadın icrası Borclu tələb edilə bilməz. Bu halın özü xx.xx.2025-ci il tarixli 8(005)-265/2025 saylı qərardadı qanunsuz və etibarsız edən ən böyük qanuni əsasdır. Məhkəmə qərardad qəbul edərkən prosessual və maddi hüquq normalarını kobud şəkildə pozmuşdur. Tərəflərin heç birinin iştirakı olmadan, ərizəçi üzürsüz səbəbdən məhkəməyə gəlmədən və öz tələbini məhkəmədə müdafiə etmədən qərardadın qəbul edilməsi qanunsuzdur və bu hal mülki prosessual məcəlləyə görə ərizənin baxılmamış saxlanması üçün əsas olmuşdur. Alimentin artırılması barədə əvvəlki (2(005)-2498/2023 saylı, xx.xx.2023-cü il tarixli) qətnaməni qəbul edən hakim Ramin Quliyev tərəfindən eyni tərəflər arasında eyni predmet barəsinə işə təkrar baxımışdır və bu hal da prosessual məcəlləyə görə həmin hakim tərəfindən işə baxılmasının yolverməzliyidir. Ali Məhkəmə Plenumunun xx.xx.2024-ci il tarixli 15 nömrəli qərarı (yəni sabit pul məbləğinin indeksasiyası) tövsiyyə xarakteri daşıyır. Bu qərar məhkəmə tərəfindən “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” AR Konstitusiya Məhkəməsinin Plenum 27 iyul 2016-ci iltarixli Qərarının və Ailə Məcəlləsinin 76-78-ci, Mülki Prosessual Məcəllənin 2-ci, 4-ci, 8-ci, 9-9.3-ci, 19.1.3ci, 14-ci, 76-cı,77-ci, 88-ci, 259-cu, 261-ci, 185-ci, “İcra haqqında” qanunun 65-ci maddəsisinin, həmçinin Azərbaycan Respublikasının Konstitusiyasının 17 maddəsinin 2-ci bəndinə,127-ci maddəsinin 2-ci bəndinin, 129-ci maddəsinin 3-ci bəndinin imperativ tələblərinin kobud şəkildə pozulması üçün əsas olmammalıdır. Ümumiyyətlə alimentin təyin edilməsi qaydası və miqdarı yalnız Ailə Məcəlləsinin 76, 77, və 78-ci normaları ilə tənzimlənir. Ailə Məcəlləsinin həmin normalarının təbinə görə stabil gəliri olan şəxslərin aylıq qazancın 1 uşağa görə 1/4, 2 uşağa görə 1/3, 3 uşağa görə yarısı ailment miqdarı olaraq tutulur. Lakin qeyri-müntəzəm və dəyişən qazancı olan şəxslərdən alimentin sabit pul məbləğində miqdarının müəyyən edilməsini ailə qanunvericiliyi məhkəmənin səahiyyətinə verir. Həmçinin tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla ailə məcəlləsinin 78.2-ci və “İcra haqqında”qanunun 65-ci normaları ilə sabit pul məbləğində alimentiin yuxarı həddini müəyyən edilmişdir. Nazirlər Kabinetinin müəyyən etdiyi ölkə üzrə əmək haqqının minimum aşağı həddi və uşaqlara görə yaşayış minimumu yalnız iqtisadi göstəricilərin, əmək haqlarının və uşaq pulunun minimun həddinin hesablanması üçün əsas ölçü vahididir. Həmin ölçü vahidləri sabit pul məbləğində alimentin miqdarının müəyyən edilməsi üçün ölçü vahidi deyil və bu hal Ailə Məcəlləsinin 78-ci, “İcra haqqında” qanunun 65-ci maddələrinin tələblərinə ziddir. “İcra haqqında” qanunun 65-ci maddəsində göstərilir ki, icra sənədi icra edilərkən borclunun əmək haqqından və ona bərabər sayılan digər gəlirlərindən tutmaların məbləği 50 faizdən çox ola bilməz. Tələb, bir neçə icra sənədi üzrə borclunun əmək haqqına və ona bərabər sayılan digər gəlirlərinə yönəldildikdə, qazancın 50 faizi borcluda qalmalıdır. Alimentlərin tutulması, sağlamlığa vurulmuş ziyanın ödənilməsi, ailəni dolandıranın itkisi nəticəsində zərər çəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsi və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsi zamanı bu Qanunun 65.1-ci və 65.2-ci maddələri ilə müəyyən edilmiş məhdudiyyətlər tətbiq edilmir. Belə hallarda əmək haqqından və ona bərabər sayılan digər gəlirlərdən tutmaların məbləği 70 faizdən çox ola bilməz. Birinci instansiya məhkəməsi qərardad qəbul edilərkən qanunvericiliyin bu mütləq tələblərini nəzərə almayaraq qanunları və borclunun hüquqları pozulmuşdur. Lakin sözügedən məhkəmə qərardadı ilə hesablandığı təqdirdə uşaqlar üçün ödənməli olan məbləğ 624 manat təşkiledir. Bu isə borclunun nəinki maaşının 70 faizindən çoxdur, hətta onu xeyli miqdarda daaşır. Borclu hal-hazırda Rusiya Federasiyasında işləyir və onun əmək haqqı ölkənin pul məzənnəsinə müvafiq olaraq 475 manat həcmindədir. Buradan da görünür ki, məhkəmənin gəlmiş olduğu nəticə qanunsuz və olduqca absurddur. Əlavə olaraq qeyd edir ki, Borclu yenidən ailə həyatı qurmuş və həmin nigahdan 2 övladı vardır. Onun həyat yoldaşı işləmir və övladlarından biri xəstədir, onun müalicəsi isə kifayət qədər vəsait tələb edir. Həmçinin X2 alimentlə bağlı hüquqlarından sui-istifadə edərək borclunu maddi cəhətdən çətin vəziyyətdə qoymağa çalışır. Uşaqlarını maddi cəhətdən təmin etməkdə tələbkarın çətinlik çəkməsi ilə bağlı qeyd etdikləri həqiqəti əks etdirmir. Tələbkarın özü hal-hazırda borcludan 4 dəfə yüksək əmək haqqı almasına baxmayaraq keçmiş ərinə qarşı olan qərəzliyi səbəbilə hesab edir məhkəmənin vasitəsi ilə onu daha da çətin vəziyyətdə salır və bu yolla həm onun özündən həm də ikinci nigahından doğulmuş 2 körpə biri ağır xəstə olan uşaqlarından qisas alır. Məhkəmə iş üzrə əhəmiyyətli olan halları nəzərə almamış, yalnız bir tərəfin mövqeyindən çıxış edərək qarşı tərəfin hüquqlarının kobud pozulmasına səbəb olan qərardad qəbul etmişdir.

6. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılır. 7.Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

Tətbiq edilən hüquq normaları:

8. Azərbaycan Respublikasının Ailə Məcəlləsi

Maddə 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Maddə 110.2 Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir.

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

232.1. Tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnamənin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. 232.2. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə ərizəyə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur. 232.3. Ödənilməli pul məbləğlərinin indeksasiyası barədə məhkəmə qərardadından şikayət verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. Məhkəmə kollegiyası şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

11. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2498/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-3172/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 manat məbləğində aliment tutularaq X9 verilməsi qət edilmişdir.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2024-cü il tarixli, 15 nömrəli qərarı ilə Plenumun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına dəyişiklik edilmişdir. Belə ki, həmin Plenum Qərarına 8-ci bənd üzrə aşağıdakı məzmunda yarımbəndlər əlavə edilmişdir: - “8.4-1. Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. -8.4-2 Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır.

13. “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 05 yanvar 2023-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il sentyabrın 1-dən 345 manat müəyyən edilmişdir.

14. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir. 15.Məhkəmə qeyd etmişdir ki, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı 2023cü il üzrə müəyyən edilmiş 345 manat məbləğində minimum əmək haqqının 0,52 mislini təşkil edir. Bu baxımdan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,52 misli həddində indeksasiya olunmalıdır. 16.Məhkəmə Ailə Məcəlləsinin 110.1 və 110.2-ci maddəsinin tələblərini və Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarıda şərh edilənləri nəzərə alaraq alimentin indeksasiyası barədə tələbkarın ərizəsini təmin etmişdir. 17.Məhkəmənin mövqeyi ilə razılaşmayan borclunun dəlilləri ondan ibarətdir ki, məhkəmə üzürsüz səbəbdən məhkəmə iclasında iştirak etməyən tələbkarın iştirakını təmin etmədən işə baxmış, borclunun vəziyyətini nəzərə almamış, borclu Rusiyada işləməklə Azərbaycan məzənnəsi ilə 475 manat maaş alır, o, yenidən nikaha daxil olmuş və həmin nikahdan 2 uşağı vardır.

18. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, alimentin indeksasiyasının mahiyyəti sabit pul məbləğində müəyyən edilmiş alimentin vakt keçdikcə inflyasiya və yaşayış minimumua uyğun artırılaraq pul öhdəliklərinin real dəyərinin qorunması üçün onun yenidən hesablanmasından ibarətdir.

19. Məhkəmənin qərardadın təsviri hissəsində borclu şəxs olaraq X17 göstərməsi texniki səhv olmuşdur.

20. Qanuni qüvvəsini almış Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 2498/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinə əsasən Nərimanov Rayon Məhkəməsinin 2(005)-3172/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilməsi, xx.xx.2011-ci il təvəllüdlü X8, xx.xx.2008-ci il təvəllüdlü X5 və xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Borclu hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 540 manat məbləğində aliment tutularaq X9 verilməsi qət edilmişdir.

21. İndeksasiya barədə ərizəyə baxan məhkəmə də Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-2498/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə hər uşağa görə tutulmalı olan 180 manat alimentin qətnamənin qəbul edildiyi tarixə olan minimum əmək haqqına nisbətdə mislini müəyyən etmişdir (180/345=0.52).

22. Həmin qətnamə üzrə isə cavabdeh (borclu) Borcludur.

23. Məhkəmənin çəkişmə prinsipini təmin etməməsinə dair şikayətin dəlillərini əsassız hesab edən kollegiya qeyd edir ki, MPM-in 231.2.-ci maddəsinə əsasən həmin ərizələrə məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslər iclasın vaxtı və yeri haqqında xəbərdar edilirlər, lakin onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həll edilməsinə mane olmur.

24. Beləliklə, şikayətin dəlillərini əsassız hesab edən məhkəmə kollegiyası qeyd edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

25. Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.

26. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 397, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Q Ə R A R A A L D İ:

Şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-265/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən hakim imza: Günay Axundova Hakimlər imzalar: Cəmilə Musayeva Fərrux Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar