Məhkəmə qərarları › İş №8(103)-300/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-300/2021

24.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-300/2021 24.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlunun sədrliyi ilə (məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, X1, X2 və nümayəndəsi-vəkili X8 iştirakı ilə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.06.2019-cu il tarixli 2(005)- 329/2019 saylı qətnaməsi üzrə borcun hissə-hissə ödənilməsi barədə X2nun ərizəsinə baxılmasına dair mülki iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli 8(005)-203/2021 saylı qərardadından borclu tərəfindən verilmiş şikayətə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin 14.06.2019-cu il tarixli 2(005)-329/2019 saylı qətnaməsi ilə müəyyən edilmiş borcun birdəfəlik ödənilməsi mümkün olmadığından qətnamənin icrasını dəyişdirərək borcun hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14 iyun 2019-cu il tarixli 2(005)-329/2019 saylı qətnaməsi ilə iddiaçı X5 cavabdeh X6 qarşı əmlak tələbinə dair iddiası qismən təmin edilərək, dəyəri 105 manat olan 3 ədəd qırmızı, boz və mavi naxışlı yay koftaların, dəyəri 126 manat olan 4 ədəd cins qara, boz və ağ rəngli yubkaların, dəyəri 64 manat olan bir ədəd qalın koftanın, dəyəri 35 manat olan mixəyi və qara rəngli papaqların, dəyəri 87 manat olan 2 ədəd boz və ağ rəngli jaketlərin, dəyəri 52 manat olan 1 ədəd papaqlı jaketin, dəyəri 30 manat olan 1 ədəd cins şalvarının, dəyəri 172 manat olan 3 ədəd yaşıl, qırmızı və ağ rəngli donların, dəyəri 95 manat olan 2 ədəd mavi və çəhrayı rəngli pijamaların, dəyəri 75 manat olan 2 cüt yay ayaqqabıların, dəyəri 20 manat olan 15 ədəd corabların, dəyəri 86 manat olan 1 ədəd mavi naxışlı kostyumun natura şəklində X3 alınaraq X7 verilməsi, əşyaları natura şəklində təqdim etmək mümkün olmadıqda onların dəyərinin cavabdehdən alınaraq iddiaçıya verilməsi və Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti, məhəllə 30 ünvanındakı 14 nömrəli binanın 41 saylı mənzili üçün “xxxx” MTK-ya ödənilmiş 19,245 manatın 1/2 hissəsinin iddiaçının xeyrinə tutulması qət edilmiş, qalan hissədə iddia təmin edilməmişdir. Qətnaməyə əsasən tutulacaq pul tələbini birdəfəlik ödəməyə imkanı yoxdur. Əmək haqqı azdır, ayda 160 manat məbləğində aliment ödəyir. Tələb olunan məbləği hissə-hissə ayda 100 manat olmaqla ödəyə bilər. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli 8(005)- 203/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişir. X2 şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmiş, məhkəmənin 27.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək, baxılması üçün mülki işlə birlikdə Bakı Apelyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır, o, icra sənədi ilə tutulması qət edilən məbləğin hissə-hissə ayda 250-300 manat olmaqla ödəmə imkanına malikdir, əvvəllər işləməsə də, iki aydan bir az artıq müddətdir ki, işə düzəlmişdir və əmək haqqı 670 manat təşkil edir. Son iki ay ərzində hər ay 300 manat olmaqla, ümumilikdə 600 manat ödəniş etsə də, tələbkar borcu tam tələb edərək, həmin vəsaiti qəbul etməkdən imtina etmişdir. Məhkəmə iclasında iştirak edən borclu və nümayəndəsi-vəkili şikayəti müdafiə edərək, təmin edilməsini xahiş etdilər. Məhkəmə iclasında iştirak edən tələbkar şikayətə etiraz edərək, təmin edilməməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, o, borcun birdəfəyə tam ödənilməsini tələb edir, ona görə borclunun iki dəfəyə ödədiyi 600 manatı qəbul etməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumatlandırılmış icra şöbəsinin nümayəndəsi məhkəməyə gəlmədiyinə görə, işə nümayəndənin iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və X2nun borcun hissə-hissə ödənilməsi barədə ərizəsinə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni belə əsaslandırmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 14.06.2019-cu il tarixli 2(005)- 329/2019 saylı icra sənədi ilə tutulması qət edilən məbləğin borclu tərəfindən hansı müddətə kimi icra edilməsi ərizədə dəqiq göstərilməmiş, həmçinin tələbkarın bu məsələyə münasibəti müəyyən edilə bilməmişdir. Kollegiya qeyd edir ki, məhkəmənin qərardadı ləğv edilməlidir. Belə ki, iş materiallarından hansı icra sənədi üzrə borcun tutulmalı olması müəyyən edilmir, həmin icra sənədi və icra işinin materialları iş materiallarına əlavə edilməmiş, məhkəmə isə qanuni və əsaslı nəticəyə gəlmək üçün müvafiq sənədləri tələb etmədən, yalnız borclunun ərizəsində göstərilənlərə istinad edərək nəticəyə gəlmişdir. Məhkəmənin hansı işə baxması aydın deyildir. Göründüyü kimi, məhkəmə tərəfindən yuxarıda qeyd olunan hallar nəzərə alınmamışdır, odur ki, Kollegiya hesab edir ki, qərardad ləğv edilərək, sadalanan hallar müəyyən edilərək borclunun ərizəsinə yenidən baxılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400 və 401-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q ə r a r a a l d ı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22.04.2021-ci il tarixli 8(005)- 203/2021 saylı qərardadı ləğv edilsin və borcun hissə-hissə ödənilməsi barədə X2nun ərizəsinə yenidən baxılması üçün iş həmin məhkəməyə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar