Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-300/2025 02.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və Fuad Şəmsəddin oğlu Talışinskidən ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsinin binasında Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-187/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyənetdi: X1 ərizə ilə məhkəməyə müraciət edərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-306/2019 saylı qətnaməsi ilə tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının misli həddində indeksasiya olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-306/2019 saylı əsasən xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Borclu tutularaq ona verilməsi qət edilmişdir. Nərimanov Rayon Məhkəməsinin 8(005)-187/2025 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ilə ərizənin təmin edilməsi, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-306/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tutulan alimentin məbləği sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində indeksasiya olunması qərara alınmışdır. Həmin qərardaddan borclu X4 şikayət verərək, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)-187/2025 saylı qərardadının ləğv edilməsini və ərizənin təmin edilməməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı ilə birgə nikahından xx.xx.2010-cu ildə X9 adlı övladı olmuşdur. Ayrılmağının səbəbi o idi ki, iddiaçının bəzi hərəkətlərini qəbul edə bilmirdi. Dəfələrlə ayrılmaq qərarına gəlmişlər. Ondan əvvəl iddia ərizəsi ilə məhkəməyə müraciət etdiyini bildirir. Sonradan oğlunun olması onun gələcəyi naminə susmuşdur. Nərimanov rayonunda qeydiyyatımız yoxdur. O, Bakı şəhəri Nərimanov rayon məhkəməsinə alimentin artırılması tələbi ilə müraciət etdi. Alimentin artırılması tələbi Nərimanov Rayon məhkəməsi tərəfindən təmin edilərək hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.88 misli həddində indeksasiya olunması barədə qərar çıxarıldı. Heç nədən xəbəri olmadan alimentin məbləğinin artırıldığını bildirir. İddiaçı X3 ilə aralarında razılaşma olmuşdur ki, cavabdeh evdən heç nə götürmədən və heç nə tələb etmədən çıxır, iddiaçı isə aliment tələb etməyəcək. Razılaşmaya baxmayaraq oğlunun bütün ehtiyaclarını yəni ayda 200 manat ödəyirdi. İndi alimentin artırılması barədə iddia qaldırıb. Alimenti ödəməyə imkanı olmadığını bildirir. Belə ki, heç bir yerdə işləmir, ondan başqa ailəlidir və bir uşağı vardır. Oğlu Rəsul ondan xahiş etdi ki, məhkəmə qaydasında onun yanında qalmasını istəyir. Nizami rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etdiyini bildirir. Aliment məbləğinin artırılaraq ödənilməsi tələbinin təmin edilməsindən xəbəri olmadığını bildirir. Çox acınacaqlı vəziyyətdə yaşadığını, həm də ailəli olduğunu qeyd edir. Məcbur olub uşağını qorumaq üçün iddiaçının tələbləri ilə razılaşıb öz evindən çıxarıldığını bildirir. Cavabdeh məhkəmə tərəfindən dinlənilməli olduğunu qeyd edir. Hakimlər qərar qəbul edərkən atanın fikrini öyrənməli idilər. Məhkəmə proseslərində iştirak etməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-187/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(005)- 187/2025 saylı qərardadından Borclu tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-187/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İşin hallarından görünür ki, Nərimanov Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(005)-306/2019 saylı əsasən xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 160 manat sabit pul məbləğində alimentin Borclu tutularaq ona verilməsi qət edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. Həmin Məcələnin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda / işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Belə ki, “Minimum aylıq əmək haqqının artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 08 fevral 2019-cu il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2019-cu il yanvarın 1-dən 180 manat müəyyən edilmişdir. “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 23 dekabr 2024-cü il tarixli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarı 2019-cu il üzrə müəyyən edilmiş 180 manat məbləğində minimum əmək haqqının 0,88 mislini təşkil edir. Bu baxımdan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,88 misli həddində indeksasiya olunmalıdır. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda qeyd olunanlara əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Belə ki, uşaqların üstün mənafeyi və minimum xərclərinin qarşılanmasının zəruriliyini məhkəmə əsas götürür. Borclunun qeyd olunan alimenti ödəməyə maddi imkanının olmaması barədə göstərdiklərinə münasibətdə qeyd olunmalıdır ki, uşaqların qanunvericilikdə nəzərdə tutulmuş həddə aliment almaq hüquqları vardır, cavabdehin şikayətində göstərdikləri isə onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı- alimenti ödəmək öhdəliyindən azad edə biləcək əsas kimi qəbul edilib qiymətləndirilə bilməz. Alimentin məbləğinə gəldikdə qeyd etmək zəruridir ki, alimentin məbləği mövcud qanunverciliyə və “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarında müəyyən edilmiş normalara uyğun müəyyən edilmişdir. Bundan başqa iş materiallarından görünür ki, məhkəmə iclasının yeri və vaxtı barədə bildiriş Elektron Məhkəmə İnformasiya Sistemi vasitəsilə Borclu elektron kabinetinə 26 fevral 2025-ci il tarixində yerləşdirilmişdir. Həmçinin, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-187/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı Borclu elektron kabinetinə yerləşdirilmişdir. Yəni, borclunun məhkəmə iclasının keçirilməsindən və yekun məhkəmə aktının qəbul edilməsindən xəbərdar olmaması halı istisna edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-187/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 400, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-187/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-300/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-300/2025
02.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver