Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-303/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X2 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, X1 iştirakı ilə, X1 «qətnamənin hissə-hissə icra olunması» barədə ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 8(004)-269/2021 saylı qərardadından borclu tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi (borclu) X5 məhkəməyə ərizə ilə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1361/2020 saylı, 11.03.2020-ci il tarixli icra vərəqəsinin hər ay 50 manat olmaqla, hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 18 mart 2020-ci il tarixli, 2(004)-1361/2020 saylı qətnaməsinə əsasən ondan 7300 manat əsas pul və 30 manat dövlət rüsumu tutularaq tələbkar X6 xeyrinə ödənilməlidir. Həmin məbləği işləmədiyindən və heç bir gəlirinin olmadığından ödəyə bilmir. Onun tərəfindən hər ay 50 manat pulun ödənilməsi mümkündür. Qeyd edilənlərə əsasən məhkəmədən ərizənin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 8(004)- 269/2021 saylı qərardadı ilə (hakim Ayaz Məmmədov) ərizə təmin olunmamışdır. Qərardaddan narazı olan borclu ondan şikayət verərək ləğv edilməsini xahiş etmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayətin dəlilləri «qətnamənin hissə-hissə icra olunması» barədə birinci instansiya məhkəməsinə təqdim edilmiş ərizə ilə eynilik təşkil etmiş, həmçinin qərardadın əsassız olması, prosessual hüquq normalarının pozulması və s. kimi əsaslandırmış, məhkəmədən şikayətin təmin olunması xahiş edilmişdir. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən borclu şikayəti müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv olunmasını xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə işdə iştirak edən digər şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə qeyd edilən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: MPM-in 267.1-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Məhkəmə kollegiyası şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət təmin olunmamalı, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 11 mart 2020-ci il tarixli icra vərəqəsindən görünür ki, cavabdeh X3 7300 manat əsas pul və 30 manat dövlət rüsumu tutularaq iddiaçı X6 xeyrinə ödənilməlidir. Borclu ərizə ilə birinci instansiya məhkəməsinin müraciət edərək maddi vəziyyəti ilə əlaqədar qətnamənin hissə-hissə (hər ay 50 manat olmaqla) icra olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsi ərizəni rədd edərkən, borclu tərəfindən əmlak vəziyyəti və s. barədə məhkəməyə sübut təqdim etməməsinə əsaslanmışdır. Məhkəmə kollegiyası ərizənin təmin olunmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı sayaraq, həmçinin aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 12-ci və 13-cü bəndlərinəəsasən, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qeyd edilməlidir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Həmçinin, qətnamənin icra edilməsi zamanı istər müddət, istərsə də icra olunacaq hissələrin məbləği və ya miqdarı müəyyən olunarkən ağlabatanlıq və ədalət prinsipi rəhbər tutulmalı, eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası adından çıxarılan məhkəmə qətnaməsinin qanuniliyinə və səmərəliliyinə xələl gətirməsin. Çünki, məhkəmə qərarının uzun müddət ərzində icra olunmaması daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də zidd olardı. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Qeyd edilməlidir ki, borclunun hissə-hissə ödəmək istədiyi məbləğ ümumi borc məbləğinin uzun müddət ərzində icra olunması ilə nəticələnə bilər ki, bu da qeyd edilən norma və prinsiplərə zidd olmaqla, tələbkarın da mənafeyinə uyğun deyildir. Həmçinin, borclu maddi vəziyyəti ilə bağlı da məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş, şikayətin dəlillərini əsaslandırmamışdır. Borclu yalnız işləməməsi barədə arayış təqdim etsə də, bu hal özü-özlüyündə ərizənin təmin olunması üçün yetərli və mötəbər sübut kimi qəbul edilər bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq, şikayətin təmin olunmaması nəticəsinə gəlir. Birinci instansiya məhkəməsi ərizəni təmin etməməklə düzgün nəticəyə gəlmişdir, şikayətin dəlilləri əsassızdır. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: X1 «qətnamənin hissə-hissə icra olunması» barədə ərizəsi üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 8(004)-269/2021 saylı qərardadından borclu tərəfindən verilmiş şikayət təmin olunmasın. İş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 15 aprel 2021-ci il tarixli, 8(004)- 269/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, ondan kassasiya qaydasında şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-303/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-303/2021
29.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver