Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-304/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Tanrıverdiyev (sədrlik edən və məruzəçi) Tofiq Səməd oğlu Səmədov və İkram Sabir oğlu Şirinovdan ibarət tərkibdə, Fərəh Qulam qızının katibliyi, X2 və tələbkar Bank VTB-nin nümayəndəsi X1 iştirakları ilə, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-141/2021 saylı 01.03.2021-ci il tarixli qərardadından tələbkar Bank VTB ASC tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: X2 ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 950/2017 saylı, 13.07.2017-ci il tarixli icra sənədi üzrə mənzilə tutmanın yönəldilməsinin 1 (bir) il müddətinə təxirə salınmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, yuxarıda qeyd olunun icra sənədinə əsasən ondan 61.980 ABŞ dolları əsas, 12.812,52 ABŞ dolları faiz, 343,94 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 75.135,46 ABŞ dolları borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipotekanın qeydə alınması üçün 30 manat pulun Bank “VTB (Azərbaycan)” ASC-nin xeyrinə tutulması, tutmanın cavabdehə məxsus Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, Nümayəndə küçəsi, ev 99, mənzil 18-ə yönəldilməsi, mənzilin ilkin satış qiymətinin 80.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunmuş vəsaitin hesabına borcun ödənilməsi, mənzilə tutma yönəldikdən sonra cavabdehin ailə üzvləri ilə birlikdə mənzili ən geci bir ay müddətinə tərk etməsi, çıxmadıqda isə məcburi qaydada çıxarılması və evin boşaldılması qət edilmişdir. Həmin qətnamə qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Hazırda icra məmuru tərəfindən onun yaşayış sahəsindən çıxması və evin boşaldılması tələb olunur. Cavabdehin və ailə üzvlərinin başqa yaşayış yeri olmadığından, mövcud ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Binəqədi rayon Məhkəməsinin 8(001)-141/2021 saylı 01.03.2021-ci il tarixli qərardadı ilə ərizənin təmin edilməsi qərara alınmıışdır. (sədrlik edən: Günel Abbasova) Həmin qərardaddan tələbkar Bank VTB ASC şikayət verərək, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-141/2021 saylı 03.05.2021-ci il tarixli qərardadı ilə, şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Kollegiya iclasında iştirak edən tələbkar Bank VTB-nin nümayəndəsi X3 şikayətin məzmununa uyğun izahat verərək bildirmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən qətnamənin icrasına 1 il möhlət verilib. Həmin məhkəmə iclası tələbkarın iştirakı olmadan keçirilmişdir. Qətnamənin icrasına möhlət verilməsinə razı deyillər. Kollegiya iclasında iştirak edən X2 şikayətin dəlilərinə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Bildirdi ki, o xarici neft şirkəti ilə işləmiş və borcunu indiyədək problemsiz ödəmişdir. Devalvasiya olan zaman banka yaxınlaşmış və ona məlumat veriləcəyi deyilmişdir. Daha sonra banka yaxınlaşdıqda ona hələ ki, hər ay 500 ABŞ dolları ödəməsi bildirilmişdir, neft şirkətində vəzifəsi ixtisara düşdüyü üçün ödəniş edə bilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməlidir. Belə ki, icra haqqında Azərbaycan Respublikası Qanunun 15-ci maddəsində qeyd edilir ki, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.5-ci maddəsinə əsasən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.4-cü maddəsinə əsasən, tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 39.5-ci maddəsinə əsasən bu Qanunun 39.4-cü maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə məhkəmə qərarının icrasına möhlət verilməsinə, məhkəmə qətnaməsinin hissəhissə icra edilməsinə, icra üsulunun və qaydasının dəyişdirilməsinə, habelə icra üzrə icraatın dayandırılmasına yalnız ipoteka saxlayanın razılığı ilə yol verilir. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayətdə göstərilən dəlillər əsaslı olduğundan qərardadın ləğv edilməsi və təqdimatın təmin edilməsi üçün əsasdır. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən o hala istinad etmişdir ki, tutma yönəldilən ipoteka predmeti ipoteka qoyanın yeganə yaşayış yeri olduqda və digər yerdə yaşamağa imkanı olmadıqda məhkəmə ipoteka qoyanın vəsatəti əsasında tutmanın yönəldilməsini ən geci bir ilədək müddətə təxirə sala bilər. Bu hal ipoteka saxlayanın razılığının tələb olunmadığı haldır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 04 iyul 2014-cü il tarixli qərarında qeyd olunur ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasına möhlət verilməsi onun icrasının məhkəmə qərardadı ilə başqa müddətə keçirilməsini ifadə edir. Qətnamənin icrası elə bir müddətə təxirə salınır ki, həmin müddət qətnamənin icraya yönəldilməsi üçün qanunla müəyyən olunmuş müddətdən, başlanmış icra icraatı üzrə qətnamənin könüllü icrası və ya məcburi icra tədbirlərinin görülməsinin başlanması üçün qanunla müəyyən edilmiş müddətdən, qətnamənin özündə onun icra müddəti müəyyən olunduqda isə bu müddətdən ağlabatan müddətdə çox olsun. Beləliklə, məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin əsasları icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr yaratmamalıdır. Məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə məsələyə baxarkən hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsi, 71-ci maddəsinin İİ hissəsi, 127-ci maddəsinin İV hissəsi və ədalət prinsipindən irəli gələrək, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının mütənasiblik prinsipi əsasında, bütün tələbkarların və borcluların hüquq və qanuni maraqlarının balansını təmin etməklə qiymətləndirməli və həll etməlidir. Məhkəmə qətnaməsinin icrasına möhlət verilməsinin mümkünlüyü isə ədalət tələbinə uyğun, adekvat olmalı və icra icraatının iştirakçılarının konstitusiya hüquqlarının mahiyyətinə toxunmamalıdır. Eyni zamanda, məhkəmə qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, X2 tərəfindən verilmiş ərizədə Bakı şəhəri, Binəqədi rayonu, 8 mkr, Nümayəndə küçəsi, ev 99 ünvanında yerləşən 18 saylı mənzilin yeganə yaşayış yeri olduğunu bildirsə də bununla bağlı mötəbər sübutları məhkəməyə təqim etməmişdir. Belə ki, ərizəçi icra sənədini icra edə bilməməsi ilə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Ərizəçinin ərizədə qeyd etdiyi arqumentlər qətnamənin icrasına möhlət verilməsi üçün qanuni əsaslar hesab oluna bilməz. Sadalanan hallara əsasən, kollegiya hesab edir ki, tələbkar Bank VTB ASC tərəfindən verilmiş şikayət təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, X2 tərəfindən verilmiş ərizə rədd edilməlidir. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiya məhkəməsi q ə r a r a a l d ı: Tələbkar Bank VTB ASC tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 8(001)-141/2021 saylı 01.03.2021-ci il tarixli qərardadı ləğv edilsin. X2 tərəfindən verilmiş ərizə rədd edilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən: Anar Tanrıverdiyev
Məhkəmə qərarları › İş №8(103)-304/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-304/2021
25.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver