Məhkəmə qərarları › İş №8(103)-304/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-304/2025

03.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-304/2025 03.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ borclu "xxxx" MTK-nın borcun hissə-hissə ödənilməsi barədə ərizəsinə dair iş üzrə Açar sözlər: qətnamənin hissə-hissə icra olunması Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X1 (sədrlik edən və məruzəçi), X2 və kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Borclu "xxxx" MTK borcun hissə-hissə ödənilməsi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 8(005)-339/2025 nömrəli qərardadından borclu "xxxx" MTK-nın şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Borclu "xxxx" MTK ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi e-2(005)-390/2023 saylı, 31 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh "xxxx" MTK-dan iddiaçı Tələbkar xeyrinə 6442,05 manat pul tutulması, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun ½ hissəsi, yəni 50 manat pul cavabdeh "xxxx" MTK-dan, qalan ½ hissəsi, yəni 50 manat pul isə iddiaçı Tələbkar tutularaq Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi barədə 19 mart 2025-ci il tarixli icra sənədi üzrə qətnamənin 12 ay müddətində hissə-hissə icra edilməsinə "xxxx" MTK-ya müddət verilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. Ərizənin əsaslarına görə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)- 390/2023 saylı, 31 avqust 2023-cü il tarixli qətnaməsi ilə iddiaçı Tələbkar cavabdeh "xxxx" MTK-ya qarşı “pul” tələbinə dair iddia ərizəsi qismən təmin edilmiş, cavabdeh "xxxx" MTKdan iddiaçı Tələbkar xeyrinə 6442,05 manat pul tutulması, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat pulun ½ hissəsi, yəni 50 manat pul cavabdeh "xxxx" MTK-dan, qalan ½ hissəsi, yəni 50 manat pul isə iddiaçı Tələbkar tutularaq Məhkəmə Hkspertizası Mərkəzi hesabına keçirilinəsi qət edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1259/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qətnaməsi ilə birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-180/2025 saylı, 17 yanvar 2025-ci il tarixli Qərarı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-1259/2024 nömrəli, 26 sentyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Nərimanov Rayon Məhkəməsi tərəfindən e-2(005)-390/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli icra vərəqəsi 19 mart 2025-ci il tarixdə verilmiş, Nərimanov Rayon İcra Şöbəsinin icra məmuru R.Səfərov tərəfindən icra sənədi üzrə (10 aprel 2025-ci ildə təqdim olunmuş) icraata başlamaq haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 86 saylı, 25 fevral 2016-cı il tarixli qərarına və Nəsimi Rayon İcra Hakimiyyəti Başçısının 105 saylı, 19 aprel 2017-ci il tarixli sərəncamına əsasən Bakı şəhəri, Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli, Mərdanov Qardaşları, Novruzov Qardaşları və Möhsün Sənani küçələrinin kəsişrnəsindəki məhəllədə yerləşən yaşayış və qeyri-yaşayış tikililərinin sahibləri ilə razılıqlar əldə edilmiş, onlara mövcud sahələrindən 20 % əlavə sahə verilməklə və aylıq kirayə haqları ödənilmək şərti ilə müqavilələr imzalanılmış, həmin şəxslərə məxsus yaşayış və qeyri-yaşayış tikililər sökülərək, yerlərində müasir hündürmərtəbəli, 4 girişli, 2 bina inşa etmişdir. İddiaçı ilə "xxxx" MTK-a arasında 30 iyun 2017-ci il tarixli 20 №-li müqavilə bağlanılmış və adıçəkilən müqaviləyə əsasən cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan yaşayış sahəsi sökülməsi və bunun əvəzində həmin ərazidə inşa ediləcək hündürmərtəbəli, çoxmənzilli yaşayış binasında 55.0 kv.mdən ibarət təmirsiz mənzilin iddiaçının mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Sonradan tərəflər arasında aparılmış danışıqlar nəticəsində əldə edilmiş qarşılıqlı razılaşmaya əsasən (Tələbkar əvəzləşdirmə qaydasında verdiyi fərdi evin sahəsinin göstərilən ölçülərdə olmadığına görə), müqavilə üzrə verilməsi nəzərdə tutulmuş 55 kv.m dən ibarət mənzilin əvəzinə Tələbkar Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, B bloku, 5-ci mərtəbədə yerləşən 73 saylı, layihə üzrə 52.83 kv.m. ümumi sahəsi olan təmirsiz mənzilin verilməsi qət edilmişdir. Göstərilən ölçüdə ona yaşayış sahəsi verildiyini və bunu qəbul etdiyini 26 may 2020-ci il tarixli ərizədə də iddiaçı etiraf etmişdir. 23 may 2020-ci il tarixdə tərəflər tikintisi tam başa çatmış 73 saylı mənzildə ölçü işləri apararaq, mənzilin sahəsinin (işgüzar adətlərə uyğun olaraq artıq formalaşmış qaydalara uyğun olaraq çöl divarların ortasından hesablanmaqla) 7.8 metr x 6.5 metr olduğunu (7.8 x 6.5=50.7) və bu ölçünü Tələbkar "xxxx" MTK-dan əlavə 6000 (altı min) manat almaqla qəbul etdiyi barədə akt imzalamışlar, o cümlədən Tələbkar gələcəkdə heç bir iddia və tələbi olmayacağı barədə xx.xx.2020-ci il tarixdə yazılı ərizə yazmış və imzalamışdır. Burada sahənin ölçüsünə görə hesablaşma aparılmamış, ümumiyyətlə tərəflər arasında mənzil mübahisəsinin bitirilməsi məqsədilə mənzil sahəsinin razılaşdırılmış ümumi sahəsi və əlavə ödəniş ödənilməklə yekunlaşdırılmışdır. Məhkəmənin iş üzrə istinad etdiyi xx.xx.2020-ci il tarixli, 1 saylı Əlavə də isə texniki səhvlərə yol verilməklə imzalanmışdır. Belə ki, həmin əlavədə səhvən mənzil sahəsi 52.83 kv.m. kimi göstərilmiş, halbuki tərəflər arasında ondan 3 gün əvvəl bağlanılmış aktla mənzilin sahəsi 50.7 kv.m. olduğu göstərilmiş, eyni zamanda Tələbkar tərəfindən eyni tarixdə yazılmış ərizədə də açıq göstərmişdir ki, əvvəllər 52.83 kv.m. mənzil sahəsi onun mülkiyyətinə verilmiş, hazırda həmin mənzilin 50.7 kv.m. ümumi sahəsi olduğunu təsdiq edir və əlavə 6000 (altı min) manat məbləğində pul alaraq gələcəkdə heç bir iddiası olmayacaqdır. Bütün bu göstərilənlərdən sonra mənzilin açarı iddiaçıya verilmişdir. Tikintisi başa çatmış və iddiaçının naturada mülkiyyətinə keçmiş mənzilin sahəsinin cavabdehin sonradan dəyişdirməsi faktiki olaraq qeyri-mümkün olduğu mübahisəsizdir. Lakin, iddiaçı mənzilin təmiri həyata keçirdiyi üçün arakəsmə divarların və sair sahələrin tikilməsi ilə bağlı olaraq mənzilin istifadə sahəsi müəyyən qədər azalması təbiidir. "xxxx" MTK tərəfindən 2016-cı il tarixdə tikinti işlərinə başlanılmış və 2020-ci ildə tikinti işləri tam yekunlaşmış, bina istismara verilmişdir. Balansda hazırda hər hansı əmlak qalmamış, sadəcə kommunal ödənişlərin yığılmasından hər hansı vəsait yığıb ödəmək mümkündür. Ona görə də, yalnız icra sənədini hissə-hissə icra edilməsi mümkündür. Hazırda vaxt verilərsə hazırki borcun ödənişini də hissə-hissə həyata keçirəcəkdirlər.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 8(005)- 339/2025 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.

4. Qərardadın əsalarına görə icra vərəqəsi üzrə ödənilməli olan borcun ərizədə təklif edilən qaydada 12 ay müddətinə hissə-hissə ödənilməsi kifayət qədər uzun müddət vaxt tələb etməklə sonda tələbkarın məhkəmə aktının icrasını uzun müddət ərzində gözləməsi ilə nəticələnəcəkdir. Məhkəmə hesab edir ki, tələbkarın mənafeyi nəzərə alınmaqla, hazırda borclunun ərizədə göstərdiyi dəlillər (balansda əmlakın qalmaması, borcun yalnız kommunal vəsait yığılmaqla ödənilə bilməsi və s.) icra sənədinin hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinə əsasən qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, borclunun əmlakı üzərinə həbs qoyulması barədə məhkəmə qərardadından şikayət verilə bilər. Borclunun hal-hazırda ərizədə qeyd etdiyi hallar müstəsna hal kimi qiymətləndirilə bilməz. Bundan başqa qətnamənin icrasını çətinləşdirən əsaslarla bağlı hər hansı sübut ərizəyə əlavə edilməmişdir. Eyni zamanda icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olmadığından hazırki ərizədə qeyd edilən əsaslarla borclu "xxxx" MTK tərəfindən verilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-390/2023 nömrəli, 31 avqust 2023-cü il tarixli qətnaməsi üzrə borcun hissə-hissə ödənilməsinə dair ərizə əsaslı hesab edilərək təmin edilə bilməz.

5. Borclu "xxxx" MTK qərardaddan şikayət verərək, ləğv olunması və ərizənin təmin olunmasını xahiş etmişdir.

6. Şikayət ərizənin dəlillərinə əsasən məhkəmə işin faktiki halların, real vəziyyətini, MTK-nın binanı istismara verib fəaliyyəti olmadığını və balansında heç bir əmlakın qalmadığını nəzərə almayaraq, əsassız qərardad qəbul etmiş, hüquq normaları ciddi pozmuşdur.

7. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 05 iyun 2025-ci il tarixli, 8(005)- 339/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

8. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır; Maddə 43.1. Məcburi icra tədbirləri aşağıdakılardır: 43.1.2. tələbin borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəldilməsi; Maddə 44.1. Məcburi icra tədbirlərinin tətbiqinin əsasları aşağıdakılardır: 44.1.1. bu Qanunla müəyyən edilmiş qaydada tərtib olunmuş icra sənədinin icra məmuruna təqdim olunması; 44.1.2. icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi; 44.1.3. könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi.

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; Maddə 231.4. Qətnamə icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmə qərardadından şikayət verilə bilər; Maddə 269.1. Şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır; Maddə 269.2. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir; 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

10. İş materiallarından müəyyən olunur ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi 2(005)-390/2023 saylı, 31 avqust 2023-cü il tarixli qətnaməsi üzrə icra vərəqəsi verilmiş, icra işi üzrə icraata başlanılmışdır.

11. Borclunun şikatətinin dəlillərini o təşkil edir ki, məhkəmə işin faktiki halların, real vəziyyətini, MTK-nın binanı istismara verib fəaliyyəti olmadığını və balansında heç bir əmlakın qalmadığını nəzərə almamışdır.

12. Məhkəmə kollegiyası, borclunun bu mövqeyi və şikayətinin dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, qətnamənin hissə-hissə icrası qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni qanunla müəyyən edilmiş müddətdə icra etməyə imkan verməsin. Qətnamənin hissə-hissə icrası müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldiməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi qısa müddətdə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Bu baxımdan, borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, borclunun qətnaməni hissə-hissə icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun. Əgər qətnamənin icrası üçün borclunun tələbin yönəldilməsi mümkün olan hər hansı əmlakı və gəliri yoxdursa, onun əmlakının və gəlirlərinin axtarışı ilə bağlı tədbirlər nəticə verməmişdirsə, borclunun əmlak vəziyyəti nəzərə alınaraq qətnamə hissə-hissə icra oluna bilməz. Bundan əlavə, qətnamənin hissə-hissə icrası zamanı tələbkarın qanuni mənafeyi mütləq nəzərə alınmalı, müddət müəyyən edilərkən ağlabatanlıq və ədalətlilik meyarları rəhbər tutulmalıdır.

13. Qətnamənin hissə-hissə icrası haqqında məsələ həll olunarkən tərəflərin əmlak vəziyyəti ilə yanaşı nəzərə alınmalı olan digər hallar dedikdə, borclu üçün əlverişli olmayan və qətnamənin icrası üçün çətinlik yaradan müxtəlif hallar (mənzildən çıxarılma zamanı borclunun və ya onun ailə üzvlərinin xəstəliyi, həyat şəraitinin dəyişməsi, alınması qət olunmuş əmlakın borclunun özündə və ya natura şəklində mövcud olmaması, borclunun yaşayış yerini dəyişməsi və s.), tələbkarın üzrlü səbəblərdən qətnamə ilə müəyyən edilmiş icranı borcludan qəbul edə bilməməsi və tələbkarın qanunla qorunan mənafeyi başa düşülməlidir.

14. Qətnamənin hissə-hissə icrası zamanı tələbkarın qanuni mənafeyi mütləq qaydada nəzərə alınmalı, hissə-hissə icranın ayrı-ayrı hissələrinin məbləği və ya miqdarı, hissələrin dövriliyi müəyyən edilərkən ağlabatanlılıq və ədalətlilik meyarları rəhbər tutulmalı, qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin arasındakı vaxt intervalına və həmin hissələrin icra müddətinin həddən artıq çox olmamasına diqqət yetirilməlidir.

15. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir.”

16. Bundan əlavə, məhkəmə, qətnamənin icrasına möhlət verilməsi barədə borclunun irəli sürdüyü bütün əsasları, tələbkarın belə möhlətin verilməsinə qarşı mümkün olan etirazlarını öz daxili inamına görə qiymətləndirməli, hərtərəfli, tam, obyektiv və bilavasitə araşdırmalı, məsələ ilə bağlı öz nəticələrini müvafiq məhkəmə aktında əsaslandırmalıdır.

17. Bu zaman məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair” 04 iyul 2014-cü il tarixli Qərarı).”

18. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumu da “Məhkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli Qərarının 12-ci bəndi ilə məhkəmələrə tövsiyə etmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.

19. Ali Məhkəmənin Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və insan hüquqları üzrə Avropa məhkəməsinin presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 nömrəli Qərarının 6-cı bəndində isə məhkəmələrin diqqətinə çatdırılmışdır ki, Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.

20. Lakin işdən görünür ki, borclunun ərizəsində qətnamənin hissə-hissə icrasına səbəb təşkil edən müstəsna halın nədən ibarət olması konkret olaraq əsaslandırılmamışdır, əsaslandırılan hal isə müstəsna hal kimi qiymətləndirilə bilməz.

21. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

22. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 8(005)- 339/2025 nömrəli qərardadından borclu "xxxx" MTK tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 22 may 2025-ci il tarixli, 8(005)- 339/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar