Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-305/2021 23.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsilə, Kərimli İlham Əziz oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Arifli Şamxal Mehdi oğlunun katibliyi ilə, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 8(001)-37/2021 saylı 19.04.2021-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru A.Əhmədovun 08.12.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-786/2018 saylı 17.09.2018-ci il tarixli icra sənədi üzrə icraata başlanılması, borclular X7, X2 və X2 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirləri görülməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin X9 ünvanladığı 212076/2020- 4 saylı 07.12.2020-ci il tarixli bildirişdən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-786/2018 saylı 17.09.2018-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, bu müddətdə tələb üzrsüz səbəbdən icra edilmədiyi təqdirdə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin borcludan tutulacağı bildirilmişdir. X3 Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmuru Asəm Əhmədovun 08.12.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv olunmasına dair şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binqədi Rayon Məhkəməsinin 18.04.2019-cu il tarixli 2(001)-786/2018 saylı icra sənədinə əsasən tələbkar X10 Bakı şəhəri Binəqədi qəsəbəsi 8-ci mikrorayon Ş.Məmmədova küçəsi keçid 304, 11 saylı evin 108 saylı mənzilinə köçürülməli, həmin mənzildən istifadə etməsinə onun və X5 tərəfindən maneələrin yaradılması qadağan edilməli, mənzildəki yaşayış sahəsindən tələbkar X4 X8 ilə eyni hüquqlarla və vəzifələrlə birgə istifadə edə bilməkləri formasında istifadə qaydaları müəyyən edilməlidir. Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmurunun 08.12.2020-ci il tarixli icraata başlamaq haqqında qərarına əsasən iş üzrə icraata başlanılmış, icra sənədinin icrasını təmin etmək məqsədi ilə onların əmlakılarının siyahıya alınması və həmin əmlakların üzərinə həbs qoyulması qərara alınmışdır. Qeyd olunan qərar 07.12.2020-ci il tarixli 212076/2020-4 saylı tələbin könüllü icrası haqqında bildirişlə onun ünvanına göndərilmiş və 16.12.2020-ci il tarixdə poçt vasitəsilə çatdırılmışdır. Yuxarıda göstərildiyi kimi icraata başlama haqqında qərara əsasən X4 ilə eyni hüquqlarla və vəzifələrlə birgə istifadə edə bilməkləri formasında istifadə qaydaları müəyyən edilməlidir. Bunun onların əmlaklarının siyahıya alınması və üzərinə həbs qoyulmasına heç bir aidiyyəti yoxdur və ola da bilməz. Bu halda əmlakılarının siyahıya alınması və əmlakın üzərinə həbs qoyulması qanunsuz və əsassız hesab edilməlidir. Göründüyü kimi, icra məmurunun icraata başlamaq haqqında 08.12.2020-ci il tarixli qərarı qanuna uyğun deyildir. Binəqədi rayon İcra və probasiya şöbəsinin 17.07.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarına əsasən Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-786/2018 saylı 18.04.2019- cu il tarxli icra sənədi üzrə icraata xitam verilmişdir. X1 şikayət verərək bildirmişdir ki, guya mənzilə daxil ola bilmir, guya mənzilin giriş qapısının açarları dəyişdirilmişdir. Bununla əlaqədar Binəqədi Rayon Məhkəməsinin 16.01.2020-ci il tarixli 8(001)-4/2020 saylı qərardadı ilə İ.T.İsmayılovun şikayəti qismən təmin olunaraq Binəqədi rayon İcra və probasiya şöbəsinin 17.07.2019-cu il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarı ləğv edilmiş, 17.09.2018-ci il tarixli 2(001)-786/2018 saylı qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraat təzələnmişdir. X6 xüsusi mülkiyyətində ünvan 2 ünvanında 2 mənzili vardır və ailəsi ilə birlikdə avrotəmirli həmin mənzillərdə rahat yaşayır. Buna baxmayaraq onun məqsədi yaşadıqları mənzildən onları didərgin salmaq və həmin mənzili də ələ keçirməkdir. İ.T.İsmayılovun ailəsi münaqişəli ailə kimi polis idarəsində qeydiyyatdadır. İ.T.İsmayılov köçürülmək istədiyi mənzili banka girov qoyaraq 50000 manat pul götürmüş və bu günə kimi də ödəməkdən imtina etmişdir. Sözügedən mənzil Beynəlxalq Bankda girovdadır və artıq hərraca çıxarılmışdır. Ona görə də Binəqədi rayon İcra və probasiya şöbəsinin icra məmurunun 08.12.2020-ci il tarixli icraata başlamaq haqqında qərarının ləğv olunmasına dair qərardad qəbul olunmasını xahiş edir. Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərardadı ilə (hakim S.Səlimova, iş № 8(001)-37/21) şikayət təmin edilməmişdir. Borclu R.İsmayılova narazı qalaraq həmin qərardaddan şikayət vermiş və şikayətini onunla əsaslandırmışdır ki, icra məmuru icra sənədindən kənara çıxmaqla əmlakların siyahıya alınması və üzərinə həbs qoyulması barədə qərar qəbul etmişdir. Köçürülmə tələbi ilə əmlakların siyahıya alınması və üzərinə həbs qoyulmasının arasında nə əlaqə olması əsaslandırılmamışdır. Binəqədi Rayon Məhkəməsinin 31 may 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında məhkəmə bildirişi tərəflərə göndərilmiş, lakin onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası sədrlik edənin məruzəsini dinləyərək, şikayətin dəlillərini müzakirə edərək hesab edir ki, şikayət təmin edilmədən, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyasının qənaətinə görə birinci instansiya məhkəməsi borclu R.İsmayılovanın Binəqədi rayon İcra və probasiya şöbəsinin 08.12.2020-ci il tarixli icraata başlamaq haqqında qərarından verdiyi şikayəti rədd etməkdə haqlı olmuşdur. Belə ki, həmin qərarla icra sənədi üzrə icraata başlanılması, borclular X7, X2 və X2 10 gün müddətində icranı könüllü olaraq təmin etməsi, icra könüllü təmin edilmədikdə borclu barəsində məcburi icra tədbirləri görülməsi qərara alınmışdır. Bakı şəhəri Binəqədi rayon İcra və probasiya şöbəsinin X9 ünvanladığı 212076/2020-4 saylı 07.12.2020-ci il tarixli bildirişindən müəyyən olunur ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)- 786/2018 saylı 17.09.2018-ci il tarixli icra sənədində göstərilən tələbin 10 gün müddətində könüllü icra edilməsi xahiş olunmuş, bu müddətdə tələbin üzrsüz səbəbdən icra edilməsə icranın məcburi qaydada təmin ediləcəyi, həmçinin İcra haqqında Azərbaycan Respublikası Qanunun 78, 79 və 81-ci maddələrinə müvafiq olaraq icra ödənişi və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin borcludan tutulacağı bildirilmişdir. İcra haqqında Azərbaycan Respublikası Qanununun 8.1.-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. Həmin Qanunun 8.2.-ci maddəsinə əsasən icra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. Həmin qərarda icra məmuru icra sənədində göstərilmiş tələblərin borclu tərəfindən könüllü icrası üçün məhkəmənin qərarında digər icra müddəti müəyyən edilməyibsə, həmçinin bu maddənin üçüncü bəndində müəyyən edilmiş icra müddəti istisna olmaqla, icraata başlanıldığı vaxtdan ən çoxu on gün müddət təyin edir və bu barədə borcluya bildiriş verir. Bildirişdə həmin müddət başa çatdıqdan sonra göstərilən tələblərin məcburi qaydada icra ediləcəyi və bu Qanunla nəzərdə tutulmuş icra ödənişinin və icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı xərclərin ondan tutulacağı göstərilir. Məhkəmə kollegiyası qeyd edir ki, icra məmuru icra sənədini məhkəmədən qəbul etdikdən sonra icra hərəkətlərinə başlamalı olduğundan və hazırkı işdə də bu tələbə əməl olunduğundan borclunun şikayətində göstərilən hallar icra sənədi üzrə icraata başlamaq haqqında qərarın ləğv edilməsi üçün əsas ola bilməz, ona görə də şikayət rədd olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: İş üzrə X3nın şikayəti təmin edilməsin. Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 19 aprel 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Akif İsgəndərov Hakimlər İlham Kərimli Elşən Kazımov
Məhkəmə qərarları › İş №8(103)-305/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-305/2021
23.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver