Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-305/2025 07.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Ağalı Leyla Rasim qızının katibliyi ilə, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-314/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı X1 "alimentin indeksasiyası” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3056/2018 saylı xx.xx.2018- ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin indeksasiya olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tələbkar ərizəni onunla əsaslandırmışdır ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3056/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə yetkinlik yaşına çatmayan xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq iddiaçı X5 ödənilməsi qət edilmiş, 2018-ci il ilə hazırki yaşayış minimumu arasında kifayət qədər ciddi fərqlər mövcuddur, əvvəlki bazar qiymətləri, dolanışıq xərcləri hazırki vəziyyətdən qat-qat aşağı olmuşdur. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-314/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3056/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə Borclu xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin məbləğinin sonrakı artımlar nəzərə alınmaqla ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması qərara alınmışdır. Qərardadda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 110.1, 110.2; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 232.2, 232.2, 232.3; Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarının 8.4-2-ci maddəsinə istinadən qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” xx.xx.2024-cü il tarixli Qərarındakı hüquqi mövqeyə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır. Göründüyü kimi, indeksasiya üzrə həm Ailə Məcəlləsinin tələbi, həm də Ali Məhkəmənin mövqeyi indeksasiyanın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqına uyğun həyata keçirilməsi yönündədir. Hazırkı işin hallarından görünür ki, yetkinlik yaşına çatmayan uşağın saxlanılması üçün tutulan alimentin məbləği Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3056/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsi ilə 154 manat məbləğdə müəyyən edilmişdir. 2018-ci ildə ölkə üzrə minimum əmək haqqı 130 manat müəyyən edilmişdir. 154 manat məbləğdə aliment 2018-ci il üçün minimum əmək haqqının 1,18 misli həddində olmuşdur. Odur ki, indeksasiya da müvafiq həddə aparılmalı, tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunmalıdır. Birinci instansiya məhkəməsində icraat zamanı müəyyən edilmişdir ki: - Azərbaycan Respublikasının Prezidenti X6 əsasən minimum aylıq əmək haqqının məbləği 2018-cü il üzrə 130 manat müəyyən edilmişdir; - Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)- 3056/2018 saylı xx.xx.2018-ci il tarixli qətnaməsinə əsasən iddiaçı X3 cavabdeh Borclu qarşı "alimentin artırılması” tələbinə dair iddiasının qismən təmin edilməsi, xx.xx.2014-cü il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 154 manat sabit pul məbləğində alimentin cavabdeh Borclu tutularaq iddiaçı X3 xeyrinə ödənilməsi qət edilmişdir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Borclu qərardaddan şikayət verərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 8(004)-314/2025 tarixli qərardadı ləğv edilməsini, indeksasiya yenidən hesablanaraq 2025-ci il tarixdə ölkə üzrə minimum əmək haqqı məbləğinin 0.5 misli qədərində aliment hesablanması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Konstitusiyasının 26, 60; Azərbaycan Respublikası Prezidentinin "Məhkəməhüquq sistemində islahatların dərinləşdirilməsi" haqqında xx.xx.2019-cu il tarixli Fərmanına; Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarına; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 269.2, 269.3-cü maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə alimentin indeksasiya edilməsidə indeksasiya institutu ilə bağlı son zamanlar formalaşmış məhkəmə təcrübəsini pozmuş, keçmiş münasibətlərdən irəli gələn dərəcəni hazırki münasibətlərə şamil etməklə hazırkı yaşayış minimumundan da artıq aliment hesablamaqla kobud maddi və prosessual pozuntuya yol vermişdir. 2025-ci il tarxdə müəyyən edilmiş 400 AZN minimum əmək haqqı məbləğinə 1.18 misli qədərində aılimet hesablamasını kobud və qərəzli hesdab edir. Belə ki, məhkəmə özü qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə" xx.xx.2024-cü il tarixli Qərarı: “8.4-2.-ci bəndinə əsasən..... Hesab edir ki, bu hal oa da eyni qaydada şamil edilməlidir. Yəni 400 AZN minimum əmək haqqı nisbətinin 0,5 misli qədərində aliment hesablanmalı olduğu halda nədənsə məhkəmə bunu 1.18 qədərində yüksəltmək niyyətini ifadə edir. Bu kobud pozuntunun səbəbini müəyyən etməkdə çətinlik çəkir. Odur ki, işin mühüm əhəmiyyət kəsb edən halını məhkəmənin diqqətinə çatdırır və qanunun tələb etdiyi formada indeksasiya hesablanmasını xahiş edir. Nəzərə alınsa ki, ölkə üzrə minimum əmək haqqı 400 AZN təşkil edir və bu əməkhaqqının içərisində həm də onun da bir vətəndaş olaraq dolanışığı təmin edilməlidir (məhkəmənin diqqətinə çatdırır ki, heç yerdə işləmir, kirayədə qalır, günlük muzdlu işlərlə məşğul olmaqla çətin maddi və sosial sıxıntılar işərisində yaşayır. Bunu sübut edəcək hüquq müəyyənedici sənədləri məhkəmənin diqqətinə çatdırır) belə olan halda ölkə üzrə müəyyən edilən minimum əmək haqqının 1.18 misli qədərində aliment ödəməyini qanuni və ədalətli hesab etmir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-314/2025 saylı işi üzrə xx.xx.2025 -ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Ailə Məcəlləsinə görə: 110.1. Məhkəmə qətnaməsi ilə sabit pul məbləğində tutulan alimentin indeksasiyası aliment tutan təşkilatın müdiriyyəti tərəfindən müəyyən olunmuş minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq müəyyən edilir. 110.2. Alimentin indeksiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair 27 iyul 2016-cı il tarixli Аzərbаycаn Respublikası Konstitusiya Məhkəməsinin Plenum qərarına əsasən: 1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. 2. Bu Qərarın nəticə hissəsinin 1ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Prezidenti X6 əsasən minimum aylıq əmək haqqının məbləği 2018-cü il üzrə 130 manat müəyyən edilmişdir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli 15 nömrəli qərarına əsasən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarına 8.4-1 və 8.4-2-ci yarımbəndləri əlavə edilmişdir. 8.4-1-cü bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. 8.4-2-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.1-ci maddəsinə əsasən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada tutulan alimentin indeksasiyası ölkə üzrə müəyyən edilən minimum əmək haqqı məbləğinin artımına mütənasib olaraq alimentin tutulmasını həyata keçirən təşkilatın müdiriyyəti (borclunun rəsmi iş yerinin olduğu halda işəgötürən, rəsmi iş yerinin olmadığı halda isə icra qurumunun rəhbəri) tərəfindən müəyyən edilməlidir. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində sabit pul məbləğində tutulan alimentin konkret məbləğlə ifadə edildiyi hallarda, indeksasiya maraqlı tərəfin ərizəsi əsasında icraya nəzarət edən məhkəmə tərəfindən MPM-in 232-ci maddəsində nəzərdə tutulmuş qaydada qərardadın qəbul edilməsi yolu ilə həyata keçirilməlidir. Qərardad qəbul edilərkən indeksasiyanın bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydada aparılmalı olması, habelə qanunvericilikdə alimentin indeksasiyasının yeganə meyar kimi ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqı məbləğinin artımı ilə şərtləndirildiyi nəzərə alınmalıdır (məsələn, 2019-cu ildə qəbul edilmiş qətnamə ilə bir uşağın saxlanılması üçün 125 manat sabit pul məbləğində alimentin tutulması qət edilibsə, məhkəmə 2024-cü ildə indeksasiyanı həyata keçirən zaman qüvvədə olan qətnamə ilə tutulmuş alimentin miqdarının 2019-cu il üzrə müəyyən edilmiş 250 manat məbləğində minimum əmək haqqının 0,5 mislini təşkil etdiyini nəzərə alaraq, qərardadın nəticə hissəsində tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,5 misli həddində indeksasiya olunması şəklində göstərməlidir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 232.1.-ci maddəsinə əsasən tərəflərin ərizəsi üzrə işə baxmış məhkəmə qətnaməsinin icrası zamanı tutulmalı pul məbləğlərinin müvafiq indeksasiyasını həyata keçirə bilər. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Kollegiya hesab edir ki apellyasiya şikayətinin dəlilləri hazırkı mərhələdə qərardadın dəyişdirilməsi və ya ləğv edilməsi üçün hər hansı əsaslar müəyyən edilmişdir. Şikayət verən borcluya izah edilməlidir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinə (112.1-ci maddəsinə) müvafiq aliment ödənilməsi barədə saziş imzalamaq, habelə məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, cavabdehin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişməsi və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edilməsi üçün müraciət edilə bilər. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-314/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.
Məhkəmə qərarları › İş №8(103)-305/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-305/2025
07.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver