Məhkəmə qərarları › İş №8(103)-306/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-306/2024

02.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-306/2024 02.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mərdanova Xumar Afət qızı (sədrlik edən və məruzəçi), Həsənov Elnur Məmmədsaat oğlu və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-130/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadından Tələbkar tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraata qaydasında baxaraq, Müəyyən etdi: Borclu (cavabdeh) Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3744/2022 saylı, xx.xx.2022 ci il tarixli qətnaməsini hər ay 150-200 manat həcmində ödəməklə hissə-hissə icra edilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-3744/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehin iddiaçının mülkiyyəti (ünvan 1 ünvanında yerləşən mənzilə dair) üzərində qanunsuz sahibliyinə son qoyulması, cavabdehin və digər şəxslərin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin iddiaçıya təhvil verilməklə mənzilə köçürülməsi, iddiaçıya məxsus dəyəri 600 (altı yüz) ABŞ dolları olan 1 (bir) ədəd divan və 5 (beş) ədəd hər birinin qiyməti 420 (dörd yüz iyirmi) manat olan yumşaq oturacaqlı kreslolar, qeyd olunan əşyalar mövcud olmadıqda isə onların dəyəri, yəni- 600 ABŞ dolları ödəniş gününə olan manat məzənnəsi ilə və 2.100 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması, iddia tələbi qalan hissədə rədd edilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəyə mindiyi üçün icra edilməsi məqsədilə Nəsimi rayon icra şöbəsinə verilmiş, həmin işin icrası isə icraçı Rövşən Əhmədovun icrasına verilmişdir. Bildirir ki, cavabdehin mobil telefonuna gələn könüllü icra ilə bağlı mesajla onun məhkəmə qətnaməsini könüllü icra etməyi bildirilmişdir. Maddi imkanı bir dəfəyə həmin borcu ödəməyə imkan vermədiyi üçün o, borcu tələbkara tam qaytarmaq imkanı olmamışdır. Lakin icraçı tərəfindən bir dəfə edilmiş xəbərdarlıqdan sonra onun əmlak vəziyyəti müəyyən edilmədən dərhal onun ölkədən getmək hüququnun məhdudlaşdırılması barədə növbəti mesaj ona göndərilmiş, bundan dərhal sonra icraya yaxınlaşdıqda artıq icra edilməli borcun onun əmək haqqının 50%-nə yönəldilməsi barədə ona icraçı tərəfindən məlumat verilmişdir. Hesab edir ki, bu şəkildə icranın həyata keçirilməsi ədalətsizdir. Belə ki, cavabdeh müəllimə işləyir. Ailədə 2 övladı və anası onun himayəsində əldə etmiş olduğu qazancı hesabına yaşayırlar. Qızı Atatürk Universitetində pullu təhsil alır, oğlu isə universitetə hazırlıq mərhələlərində davamlı olaraq hazırlıqlara gedir. Bundan əlavə, qızının yeni olunmuş əməliyyatı üçün 1500 manat pulu borc edib ödəmişdir. Tələbkar tərəfindən verilmiş aliment uşaqların özlərinin aylıq təminatlarını belə ödəmir. Cavabdeh demək olar ki, uşaqların və ailənin böyük xərcli ehtiyaclarını banklardan mütəmadi şəkildə götürmüş olduğu kreditlər hesabına həll etməyə çalışır. Hazırda da bankların vermiş olduğu kartlardan çıxarmış olduğu pulun qaytarılmasını icra edir. Ən əsası, əgər hazırki tələb onun əmək haqqının hansısa hissəsinə yönəlmiş olacaqdırsa, cavabdeh bundan sonra bankların kredit təminatına cavab verə bilmədiyi üçün ona kredit verilməyəcəkdir. Bu da ailənin və övladlarının gələcək həyat təminatlarını sual altına qoyacaqdır. Bu məsələ zərrə qədər uşaqların atası olan tələbkarı maraqlandırmır. Onun məqsədi onları daha da çətinliyə salıb çarəsiz vəziyyətə qoymaqdır. Hesab edir ki, ilk öncə əmək haqqının üzərinə bu borcun qeyd etdiyi səbəblərə görə üzərinə tutma yönəldilməməli və cavabdehə hər ay 150-200 manat həcmində ödəməklə qətnaməni hissə-hissə icra etməyə şərait yaradılmalıdır. Digər bir məsələ isə tələbkara ödəniləcək 3100 manat borcun əmək haqqısının 50%-nə yönəldilməsidir ki, bu da ayrıca onları ailə olaraq ikinci bir çıxılmaz bir vəziyyətə salmışdır. Belə ki, 800 manat almış olduğu əmək haqqı ilə o, 4 nəfər ailə üzvlərinin bir çox təminatlarını həll etməyə çalışdığı halda yeganə qazanca bu həcmdə faiz dərəcəsinin yönəldilməsi təəssüf ki, olduqca ədalətsizdir. Məlumat üçün bildirilmişdir ki, aliment tələbi üzrə borclu Tələbkar özü alimenti vaxtında ödəmədiyi üçün hazırda onun aliment borcu yaranmışdır. Tələbkar əvvəlki törətmiş olduğu cinayətlərə görə bir neçə dəfə yaşamış məhkumluğundan islah olmayaraq yenidən bir neçə şəxsə qarşı eyni xarakterli cinayət əməlləri törətməsi səbəbindən bir neçə gün bundan öncə DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən saxlanılmış və onun barəsində Nərimanov rayon məhkəməsinin müvafiq qərarı ilə 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Görünən odur ki, onu qarşıda daha neçə illər həbs həyatı gözləməkdədir. Belə olduqda gələcəkdə onun aliment öhdəliklərinin icrası da sual altında olacaqdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-130/2024 saylı qərardadı ilə Borclu tərəfindən verilmiş ərizənin təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3744/2022 saylı, xx.xx.2022 ci il tarixli qətnaməsi ilə tutulan (müəyyən edilən) və Tələbkar ödənilməli olan borc məbləğinin hər ay 200 manat ödənilməsi şərtilə hissə-hissə ödənilməsi qərara alınmışdır. Həmin qərardaddan Tələbkar şikayət verərək, qərardadın ləğv edilməsini və iş üzrə ərizənin rədd edilməsi barədə yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, tələbkar qərardadla qəti razı deyildir. Belə ki, cavabdehin maddi imkanı yuxarı səviyyədədir. Adına bir çox əmlaklar mövcuddur, hansılardan o, icarə və kirayə haqqı alır. Məhkəmə qeyd etmişdir ki, onun tərəfindən ərizəyə heç bir münasibətin bildirilməməsini, borclunun digər ödəmələrinin olmasını, maddi gəlirlərinin kifayət etməməsini nəzərə alaraq, məhkəmə hesab etmişdir ki, ərizə təmin edilməli, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3744/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə tutulan və Tələbkar ödənilməli olan borc məbləği hər ay 200 manat ödənilməsi şərtilə hissə-hissə ödənilməlidir. Halbuki, o, hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır və ərizəyə münasibət bildirməyə imkanı olmamış, eyni zamanda məhkəmə tərəfindən onun iştirakı təmin edilməmişdir. Eyni zamanda, hazırda o işləmir və pula ehtiyacı var. Məhkəmə qətnaməsinin hissə-hissə icra olunması mənafeinə ziddir və ümumiyyətlə ağlabatan deyil. Həmçinin borclu maddi imkanın aşağı olması ilə bağlı məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(006)-130/2024 saylı qərardadı ilə şikayət təmin edilməmiş və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən məhkəmə işdə iştirak edən şəxsləri məhkəmə iclasının vaxtı və yeri, prosessual hüquq və vəzifələri, işə şifahi və ya yazılı icraat qaydasında baxılması, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməlidir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, Borclu tərəfindən müraciət daxil olmuşdur. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, şikayət qismən təmin edilməklə, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və aşağıda göstərilənlərə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3744/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə qətnamənin “hissə-hissə icra olunması” barədə borclu (cavabdeh) Borclu ərizəsinə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə göndərilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi qeyd olunan nəticəyə gələrkən işin faktiki hallarını düzgün müəyyən etməyərək, yanlış nəticəyə gəlmişdir. Belə ki, ərizəçinin ərizəsindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e- 2(006)-3744/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsi ilə iddia tələbinin qismən təmin edilməsi, cavabdehin iddiaçının mülkiyyəti (ünvan 1 ünvanında yerləşən mənzilə dair) üzərində qanunsuz sahibliyinə son qoyulması, cavabdehin və digər şəxslərin iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən mənzildən çıxarılaraq mənzilin iddiaçıya təhvil verilməklə mənzilə köçürülməsi, iddiaçıya məxsus dəyəri 600 (altı yüz) ABŞ dolları olan 1 (bir) ədəd divan və 5 (beş) ədəd hər birinin qiyməti 420 (dörd yüz iyirmi) manat olan yumşaq oturacaqlı kreslolar, qeyd olunan əşyalar mövcud olmadıqda isə onların dəyəri, yəni - 600 ABŞ dolları ödəniş gününə olan manat məzənnəsi ilə və 2.100 manat məbləğində pulun cavabdehdən alınaraq iddiaçıya qaytarılması, iddia tələbi qalan hissədə rədd edilməsi qət olunmuşdur İş materiallarında olan "xxxx" ASC tərəfindən verilən xx.xx.2023-cü il tarixli hesab açmadan köçürmənin aparılması üçün ərizədən görünür ki, Borclu tərəfindən X2 ve X1 5250 TRY pul ödənilmişdir. İşdə olan “Elektron məhkəmə” informasiya sistemindən edilən Borclu məxsus gəlir məlumatları bölməsindən edilən çıxarışdan görünür ki, o, Bakı şəhəri üzrə Təhsil İdarəsində müəllim işləyir, əmək haqqı 999,44 manat məbləğindədir. Məhkəmə kollegiyası qeyd edir ki, göstərilən sənədlərdən başqa hissə-hissə icra edilməsi xahiş edilən məhkəmə qətnaməsi və icra vərəqəsi iş materiallarına əlavə edilməmiş, eləcə də birinci instansiya məhkəməsi icra işini tələb etməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e 2(006)-3744/2022 nömrəli, 21 noyabr 2022-ci il tarixli qətnaməsinin icraya yönəldilməsindən keçən müddət ərzində borclu tərəfindən ödənişlər edilib-edilməməsini, ümumiyyətlə icra sənədində sadalanan çoxsaylı tələblərin icrasının hansı mərhələdə olub-olmamasını aydınlaşdırmamışdır. Göründüyü kimi qətnamənin icraya yönəldilməsindən sonra keçən müddət ərzində borclu tərəfindən borc məbləğinin ödənilməsinə yönəlmiş hansı əsaslı tədbirlər görülməsi barədə iş materiallarında hər hansı sübut olmadan birinci instansiya məhkəməsi əsassız olaraq borclunun borcun ödənilməsindən yayınmaması, tələbkara borclu tərəfindən verilmiş ərizəyə münasibət bildirməsinə dair vaxt verilməsinə baxmayaraq onun tərəfindən ərizəyə heç bir münasibətin bildirilməməsini, borclunun digər ödəmələrinin olmasını, maddi gəlirlərinin kifayət etməməsini nəzərə alınmasını göstərməklə birinci instansiya məhkəməsi ərizənin təmin edilməli olmasına dair səhv nəticəyə gəlmişdir. Halbuki, sadalananlar borclunun məhkəmə qətnaməsinin hissə-hissə icra edilməsi üçün kifayət qədər yetərli əsaslar deyildir. Belə ki, borclu özünün əmlak vəziyyətinin pis olması barədə, eləcə də borcu dərhal ödəməyə imkan vermədiyini təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmişdir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Qanunun mənasından da göründüyü kimi, qanunverici qətnamənin icrasına möhlət verilməsini və ya onun hissə-hissə icra edilməsini, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirərək, eləcə də hansı halların “digər hallara” aid edilməsini məhkəmənin mülahizəsinə buraxmışdır. Bu baxımdan, məhkəmə qeyd edir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi mahiyyət etibarı ilə məhkəmə qərarının icrasının məcburiliyini nəzərdə tutan konstitusion pirinsipin məhdudlaşdırılmasına, eləcə də tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə halların tətbiqi müstəsna xarakter daşımalı və işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2015-ci il tarixli qərarının 12-ci bəndində göstərilmişdir ki, “məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar.” Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Birinci instansiya məhkəməsi isə borc məbləğini nəzərə alaraq qətnamənin borclunun xahiş etdiyi qaydada hissə-hissə icra edilməsi halında məhkəmə qərarının uzun müddət ərzində icra olunması ilə nəticələnəcəyinə diqqət yetirməmiş, həmçinin bu halın tələbkarın mənafeyinə zidd olub-olmamasına, eləcə də icra sənədi ağlabatan müddətdə icra edilməli olduğundan icra sənədinin hissə-hissə icra edilməsinə dair ərizəyə icra işini tələb edərək işin faktiki halları baxımından qiymət verməmişdir. Odur ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və qeyd olunan göstərişlərə əməl edilməklə ərizəyə yenidən baxılması üçün iş materialları birinci instansiya məhkəməsinə qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Porsessual Məcəlləsinin 397, 398, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 8(006)-130/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadı ləğv edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin e-2(006)-3744/2022 saylı, xx.xx.2022-ci il tarixli icra sənədi üzrə qətnamənin hissə-hissə icra olunması barədə borclu (cavabdeh) Borclu tərəfindən verilmiş ərizəyə yenidən baxılması üçün iş materialları Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin Qərardaddan şikayət verilə bilməz. Qərardad dərhal qanuni qüvvəyə minir. Sədrlik edən: Xumar Mərdanova Hakimlər: Elnur Həsənov Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar