Məhkəmə qərarları › İş №8(103)-308/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-308/2021

30.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-308/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X2 (sədrliyi və məruzəsi ilə), Eyvazov Rafael Əmir oğlu, Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, hakim köməkçisi Hüseynova Amilya Aqil qızının katibliyi, X3nun iştirakı ilə, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli 2(004)-8200/2018 nömrəli icra sənədi üzrə borcun hissə-hissə ödənilməsi barədə X3nun ərizəsinə əsasən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-337/21 saylı iş üzrə, 08.05.2021-ci il tarixli qərardadından X1 tərəfindən verilmiş şikayətə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli 2(004)-8200/2018 nömrəli icra sənədi üzrə X3ndan 25.000 (iyirmi beş min) manat pul vəsaiti, habelə ödənilmiş dövlət rüsumunun əvəzi qismində 30 (otuz) manat pul vəsaiti alınaraq Tələbkar verilməlidir. X3 23.04.2021-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət edərək, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli icra sənədi üzrə Tələbkar olan 25000 manat borcundan ödənilməmiş qalan 21600 manat hissəsinin hər ay əmək haqqından 50%, yəni 250 manat olmaqla hissə-hissə ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-337/21 saylı, 08.05.2021-ci il tarixli qərardadı ilə ərizə rədd edilmişdir. Qərardadda Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə; Azərbaycan Respublikası MPM-in 15, 231-ci maddəsinə; "İcra haqqında” Qanunun 12, 15-ci maddələrinə istinadən qeyd edilmişdir ki, X3 Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 03.12.2018-ci il tarixli icra sənədi üzrə ödəməli olduğu 25.000 manat borcdan hazərkı vaxta kimi Tələbkar cəmi 3.400 manat pul ödəmiş, 21.600 manat borcu ödəməmişdir. İcra sənədi 03.12.2018-ci il tarixdə verilməsinə və kifayət qədər uzun müddət keçməsinə baxmayaraq, hazırkı vaxta kimi borclu borcun tam ödənilməsini həyat keçirməmişdir. Odur ki, borclu hazırkı ərizəni verməklə icra sənədinin icrasını yubatmaq niyyətini güdür. Məhkəmə qətnamənin hissəhissə icrasına dair borclunun ərizəsinin rədd edərkən borclunun mənafeyi ilə yanaşı, tələbkarın da mənafeyini nəzərə alır və qeyd edir ki, 21.600 manat borcun ayda 250 manat olmaqla hissə-hissə ödənilməsi tələbkarın mənafeyinə ziddir və qətnamənin icra edilməməsi tələbkar üçün əlverişsizdir. X1 şikayət verərək, hazırkı iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 8 (004)-337/2021 saylı qərardadını ləğv edib, qətnamənin hissəhissə icra edilməsinə dair ərizənin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası MPM-in 9, 17, 87.1 və 87.2-ci maddələrinə; Azərbaycan Respublikasında 2021-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə istinadən qeyd edilmişdir ki, məhkəməyə müraciət etməkdə məqsədi respublikada və dünyada baş verən iqtisadi proseslər, pandemiya ilə əlaqədar çətinlik, işlərin dayanması, əlavə gəlirlərinin olmamasıdır. Lakin məhkəmə heç bir əsaslı səbəb gətirmədən, icra işini tələb edib icra məmuru tərəfindən əmlak vəziyyətinin yoxlanılmasına dair sorğulara və sənədlərə baxış keçirmədən, birtərəfli qaydada maddi imkanının olması qənaətinə gəlməkdə haqlı olmamış və tələbkarların mənafeyinə uyğun qərar qəbul etməklə qanunsuz nəticəyə gəlmişdir. Göründüyü kimi qanunvericilikdə tərəfin əmlak vəziyyətinə və digər hallara əsasən qətnaməni hissə-hissə icra etdirməyə dair müraciət etmək, işə baxan hakimin isə bu müraciəti təmin etmək hüququ vardır. Bir daha qeyd edir ki, iqtisadi çətinlik səbəbindən maddi vəziyyəti daha da pisləşmiş və Tələbkar qeyd olunan məbləği qaytara bilməmişdir. Bütün dünyada yaşanan iqtisadi çətinlik, təlatüm və Azərbaycan Respublikasında manatın dəyərdən düşməsi, bahalaşma işində ciddi problemlər yaradıbdır. Hazırda qətnamə ilə müəyyən edilən məbləği tam şəkildə qaytarmağa maddi çətinlik çəkir. Bununla belə xeyli miqdarda pul vəsaitini tələbkara ödəmişdir. Tələbkar icra məmuruna müraciət edərək tələbin borclunun əmək haqqına yönəldilməsini xahiş etmiş, icra məmurunun müvafiq qərarı ilə Tələbkar ərizəsi təmin edilmişdir. O, 500 manat məvacib alır. Hazırkı vəziyyətdə, külli miqdarda pulun birdəfəlik ödənilməsi ağlabatan deyil. Belə olan halda birinci instansiya məhkəməsinin sözügedən qərardadı əsaslı sayıla bilməz. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 02.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən X3 tələbkarın hesabına hər ay 500 manat ödədiyini və bu məbləği ödəməkdə davam edə bildiyini, əmək haqqından bu barədə çıxarış aldığını, ona görə hissə-hissə borcun ödənilməsi barədə qərardad qəbul edilməsini, lakin tələbkarın razılığı olmadığını bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir. Məlumatlandırılması üçün qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi nəticə vermədiyindən Tələbkar, Bakı şəhəri Yasamal rayon İcra Şöbəsinin nümayəndəsinin iştirakları olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiyasının 129, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15, 231, 395-400, “İcra haqqında” Qanunun 2.1, 3 və 15-ci maddələrinə əsasən qeyd edir ki, qərardadda göstərilən əsasları təkzib edən hallar müəyyən edilmədiyindən, habelə ərizənin və şikayətin dəlilləri üzrə fərqli əsaslarla (məbləğlə) apellyasiya məhkəməsinin icraatı zamanı nümayiş edilən borclunun mövqeyini və tələbkarla razılığın olmamasını nəzərə alaraq, prosessual hüquq normalarına müvafiq qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi (dəlillərin müzakirəsi) üçün əsaslar müəyyən edilmir. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-406-cı maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: X1 tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-337/21 saylı iş üzrə, 08.05.2021-ci il tarixli (qətnamənin hissə-hissə icra edilməsi barədə ərizənin təmin edilməməsi üzrə) qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar