Məhkəmə qərarları › İş №8(103)-309/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-309/2021

30.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-309/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi Nağıyeva Aynur Valeh qızının katibliyi ilə, X1 nümayəndəsi X5 iştirakı ilə, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 8(010)-144/2021 saylı qərardadından X3 tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-3303/2018 saylı, 10.07.2018-ci il tarixli qətnaməsi ilə 5000 ABŞ dolları məbləğində borcun və iddiaçı tərəfindən məhkəməyə iddia ilə müraciət edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun ondan iddiaçı X2 xeyrinə tutulması qət edilmişdir. X3 məhkəməyə ərizə ilə müraciət edib, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 3303/2018 saylı, 10.07.2018-ci il tarixli icra sənədi üzrə təyin olunmuş 5000 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun hər ay 100 manat olmaqla hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 8(010)-144/2021 saylı qərardadı ilə ərizə təmin edilməmişdir. X3 şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 19 may 2021-ci il tarixli, 8(010)-144/2021 saylı qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında borclunun nümayəndəsi X8 bildirdi ki, atası əmək qabiliyyətini itirib, anası da işləmir. Ailədə tək işləyən odur. O, da 450 manat maaş alır. Hissə-hissə ödəmək istəyir, amma qarşı tərəf də, icra məmuru da razılaşmır. İcra məmuru atasının gətirilməsi barədə axtarış verir. Məhkəmədən şikayətinin təmin edilməsini xahiş edir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Konstitusiya Məhkəməsi Plenumunun "Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.4-cü maddəsinin şərh edilməsinə dair" 04.07.2014-cü il tarixli Qərarında göstərildiyi kimi, qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının məhdudlaşdırılmasına yönəlməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məһkəmə qətnaməsi haqqında” 24 noyabr 2005-ci il tarixli 4 nömrəli qərarının 12-ci bəndində qeyd olunur ki, məhkəmələr qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilməsini nəzərə almalıdırlar. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Apellyasiya instansiya məhkəməsi belə qənaətə gəlir ki, tələbkarın da mənafeyinin müdafiəsi baxımından şikayət təmin edilə bilməz. Çünki, borclunun ərizədə göstərdiyi dəlillər icra sənədinin icrasına möhlət verilməsi üçün əsas ola bilməz. Şərh olunanlara əsasən, şikayət təmin edilmədən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 8(010)-144/2021 saylı qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: X1 şikayəti təmin edilməsin. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 16 aprel 2021-ci il tarixli, 8(010)-144/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar