Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-309/2024 03.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu qətnamənin hissə-hissə icra edilməsi barədə ərizəsinə dair iş üzrə (Açar sözlər: borcun hissə-hissə ödənilməsi) Bakı Apelyasiya Məhkəməsinin Mülki kollegiyası, hakimlər X4 (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X3 ibarət tərkibdə, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-270/2024 saylı, 29 iyul 2024-cü il tarixli qərardadından ərizəçi-Borclu nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayət üzrə işə Bakı Apelyasiya Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İş üzrə qəbul edilmiş məhkəmə aktları:
1. Ərizəçi-Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4739/2023 saylı qətnaməsi üzrə 79.000 manat məbləğində pulun hər ay 500 manat olmaqla ödənilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4739/2023 saylı icra vərəqəsinə əsasən 79.000 manat məbləğində pul Borclu alınaraq Tələbkar ödənilməlidir. İcra işi 7 iyun 2024-cü il tarixdə Qaradağ rayon icra və probasiya şöbəsində icraata qəbul edilmiş və icraata başlamaq haqqında qərar qəbul olunmuşdur. 8 iyul 2024-cü tarixdə, o, icra məmurunun çağırışı əsasında icra şöbəsinə gəlmiş, tələbin könüllü icrası haqqında bildirişi almış, izahat vermiş, lakin tələbi birdəfəlik ödəməyə imkanı olmadığını bildirmişdir. Mülkiyyətində əmlakı yoxdur. 79.000 manat məbləğində pulu birdəfəlik ödəməyə imkanı yoxdur. Hazırda usta işləyir və aylıq əmək haqqısı 800 manat təşkil edir. Əmək haqqısından hər ay 500 manat olmaqla ödəmək imkanındadır
3. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-270/2024 saylı, 29 iyul 2024cü il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6379/2022 nömrəli xx.xx.2022-ci il tarixli icra sənədi üzrə borcun hissə-hissə icra edilməsi barədə ərizəçi- Borclu nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş ərizə təmin edilməmişdir.
4. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, hissə-hissə icra barədə ərizə verən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın icranın qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, borclunun təklif etdiyi icra qaydası həmin meyara cavab vermir. Belə ki, borclunun ərizədə göstərilən dəlillərinə nəzərən icra sənədinin icra olunmaması nəticəsində tələbkarın məruz qaldığı məhrumiyyətlər nisbətdə daha ciddi olması hazırkı icra sənədi üzrə e183198/2024 nömrəli icra işin materiallarına əsasən müəyyən edilir.
5. Bundan başqa məhkəmə qeyd etmişdir ki, borclu hissə-hissə icra olunmaya dair tələbini müvafiq məbləği birdəfəlik ödəmək iqtidarında olmaması kimi hallarla əlaqələndirsə də, istinad etdiyi həmin hallara hər hansı sübutu məhkəməyə təqdim etməmiş, əmək qabiliyyətsiz olmasını, işləməməsi üçün hər hansı əsaslı səbəblərin olmasını təsdiq edən sənədləri təqdim etməmiş, uzun müddət keçməsinə baxmayaraq məhkəmə qətnaməsini qismən də olsa icra etməmişdir.
6. Birinci instansiyası məhkəməsi qərardadını “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə; Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə; “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarına; Ali Məhkəmənin “İcra vərəqəsinin verilməsi və icrası ilə əlaqədar məhkəmə təcrübəsinin bəzi məsələləri barədə” xx.xx.2003-cü il tarixli Qərarına istinadla əsaslandırmışdır.
Şikayətin dəlilləri, şikayətə etirazın dəlilləri və birinci instansiya məhkəməsinin şikayətə dair gəldiyi nəticə:
7. Ərizəçi (borclu) Borclu nümayəndəsi-vəkili Nümayəndə şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Qaradağ Rayon Məhkəməsinin 8(002)-270/2024 saylı, 29 iyul 2024-cü il tarixli qərardadı ləğv edilərək, ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.
8. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4739/2023 saylı qətnaməsinə əsasən 79.000 manat məbləğində pul vəsaiti Borclu tutularaq Tələbkar ödənilməlidir. Həmin icra sənədi icraya yönəldilmiş, 7 iyun 2024-cü il tarixdə Qaradağ rayon icra şöbəsində icraata başlanılmışdır. 8 iyul 2024-cü tarixdə Borclu icra məmurunun çağırışı əsasında icra şöbəsinə dəvət olunmuş, tələbin könüllü icrası haqqında bildirişi almış, izahat vermiş, lakin tələbi birdəfəlik ödəməyə maddi imkanı olmadığını bildirmişdir. Onun hal-hazırda mülkiyyətində hər hansı əmlakı yoxdur. Bu səbəbdən 79.000 manat məbləğində pul vəsaitini birdəfəlik ödəməyə heç cür imkanı yoxdur. O, hal-hazırda usta işləyir və aylıq gəliri 800 manat təşkil edir. Yeganə gəlir yeri əmək haqqından ibarət olduğuna görə tələbi hər ay 500 manat olmaqla ödəyə bilər. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərardadı ilə Borclu maliyyə vəziyyəti və ödəmə qabiliyyəti düzgün qiymətləndirilməmişdir. Onun əmək haqqı 800 manatdır və digər gəlir mənbələri və əmlakı yoxdur. Borcun aylıq 500 manat ödənişlə ödənilməsi onun maliyyə imkanlarına tam uyğun gəlir və bu borclu tərəfindən mümkün olan maksimum ödənişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin qərarında borclunun ödəmə qabiliyyəti nəzərə alınmadan qərar qəbul edilməsi bu prinsipə ziddir və Avropa İnsan Hüquqları Məhkəməsinin mövqeyinə uyğun gəlmir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərar borclunun maliyyə vəziyyətini düzgün qiymətləndirmədiyi üçün həmin prinsipə uyğun gəlmir və borclunun hüquqlarını pozur. Hazırda Borclu əmək haqqından başqa gəliri yoxdur. Belə şəraitdə ondan vəsaitin tam şəkildə tələb edilməsi məqsədəmüvafiq deyildir. Hal-hazıradək həmin borc məbləğindən hissə-hissə 1900 manat məbləğində vəsait ödənilmiş, Tələbkar Borclu ümumu borc məbləindən 1000 manat aldığını etiraf etmişdir. Qalan məbləğ isə qəbzlərdə öz əksini tapmışdır. Həmçinin qeyd edilir ki, icra vərəqəsi 6 iyun 2024-cü il tarixdə verilmişdir. Tələbin könüllü icrası haqqında bildiriş borcluya 8 iyul 2024-cü il tarixdə təqdim edilmişdir. Borclu bildirişi aldıqdan sonra 1 ay ərzində tələbkara 1900 manat məbləğində vəsait ödəmişdir. Məhkəmə qərarında alternativ həll yolları, məsələn, borcun daha uzun müddətə bölünməsi və ya daha kiçik məbləğlərlə ödənilməsi kimi mümkün olan variantlar nəzərə alınmamışdır. Bu, məhkəmənin qərarının əsassız olmasına səbəb olur. Eyni zamanda məhkəmə tərəfindən borclunun maliyyə vəziyyəti və ödəmə qabiliyyəti də nəzərə alınmamışdır. Belə ki, borclunun maddi vəziyyətinin təhlili məhkəmə tərəfindən qəbul edilmiş qərarda düzgün qiymətləndirilməmişdir. Borclu tərəfindən təqdim edilmiş iş yerindən arayış əsasında onun ödəmə qabiliyyəti düzgün müqayisəli şəkildə təhlil edilməmişdir. Borclu hazırda aylıq gəliri 800 manat təşkil edən ustadır və bu məbləğ borcu ödəmək üçün kifayət deyildir. Məhkəmə borclunun aylıq gəlirlərini nəzərə almadan qərar çıxarmışdır. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş qərarda Mülki Prosessual Məcəllənin 231-ci maddəsinin düzgün tətbiq edilməməsi səbəbindən borclunun hüquqlarının pozulduğu hesab edilir. Həmin norma icra sənədinin icrasını və borclunun ödəmə qabiliyyətinin qiymətləndirilməsini ehtiva edir. Ancaq məhkəmə bu maddənin tətbiqində borclunun maddi vəziyyətinə uyğunluğunu düzgün olaraq qiymətləndirməmişdir. Borclu tərəfindən təqdim edilmiş iş yerindən arayış məhkəmə tərəfindən nəzərə alınmamış və düzgün təhlil edilməmişdir. Bu hallar isə nəticə etibarılə məhkəmə qərarının əsassız və qanunsuz olmasına dəlalət edir.
8. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 13 avqust 2024-cü il tarixli qərardadı ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-270/2024 saylı 29 iyul 2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməyərək, işlə birlikdə apellyasiya qaydasında baxılması üçün göndərilmişdir.
9. Şikayətə Azərbaycan Respublikası MPM-in 10.8-1 və 397.2-ci maddələrinə uyğun olaraq yazılı icraat qaydasında baxılmışdır.
Tətbiq edilən hüquq normaları:
10. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir.
11. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Konvensiyanın 1-ci maddəsinin 1-ci bəndi “məhkəmə çıxış hüququna” təminat verir. Lakin dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin hərəkətsiz qalmasına imkan verirsə, məhkəməyə çatmaq hüququ xəyali xarakter alar (“Hornsbi Yunanıstana qarşı”, 19 mart 1997-ci il). “Tələb” onun hüquqi cəhətdən reallaşdırılması kifayət qədər müəyyənləşdirilmişdirsə və o, hüquqi cəhətdən reallaşdırıla bilərsə, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə “əmlak” kimi başa düşülür (“Stren” X7 Zavodu və X1rşı”, 09 dekabr 1994-cü il)”.
12. Konvensiyanın 6-cı maddəsində ifadəsini tapan “ədalətli məhkəmə baxışına olan hüquq” qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin dövlət tərəfindən icra edilməsi vəzifəsini özündə ehtiva edir.” Bu hüququn pozulması icranın tam yerinə yetirilməməsində, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasının gecikdirilməsində də təzahür edə bilər. (“Burdov Rusiyaya qarşı”, şikayət №59498/000. ECHR.2002).
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin
12. 15.2-ci maddəsinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır.
13. 15.3-cü maddəsinə əsasən, məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icra məmuru icraata daxil olmuş icra sənədlərinin vaxtında, tam və düzgün icra edilməsi üçün tədbirlər görməlidirlər.
14. 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır.
16. 267-ci maddəsinə görə məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. İşdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər. Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir.
17. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.
18. «Məhkəmə qətnaməsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 noyabr 2005-ci il tarixli Qərarının 12-ci və 13-cü bəndlərində göstərilmişdir ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Qətnamənin icrasına möhlət verilməsinin və ya onun hissə-hissə icrasının əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi bir dəfəyə könüllü və ya məcburi qaydada tam icra edə bilmir.
19. Həmin Qərara əsasən borclunun əmlak vəziyyətini nəzərə almaqla qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yalnız o halda mümkün sayıla bilər ki, məhkəməyə möhlət müddətinin sonunda və ya qətnamənin hissə-hissə icrası zamanı icra edilməli hissələrin icra müddəti çatdıqda borclunun qətnaməni icra etmək üçün kifayət qədər əmlaka malik olacağı barədə sübut təqdim edilmiş olsun.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası şikayətin dəlillərini işin materialları ilə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, şikayət təmin edilməməli, iş üzrə qəbul edilmiş birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.
22. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. «İnsan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin icra məmurlarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.
23. Beləliklə qanunvericilik, məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin onların icrasına möhlət verilməsi institutlarını nəzərdə tutsa da, həmin institutları tənzimləyən MPM-in 231.1-ci maddəsinin məzmununa əsasən bu imkanlar, tərəflərin əmlak vəziyyəti və digər hallarla əlaqələndirilmiş, eləcə də məhkəmə aktının ağlabatan müddət ərzində icra edilməsinin təmin edilməsinə yönəlmişdir.
24. Başqa sözlə desək, məhkəmə aktının hissə-hissə icra edilməsinə icazə verilməsi bunu xahiş edən şəxsin əmlak vəziyyətinin həmin aktın icrasına maneə törədəcək şəkildə aşağı olmasının müəyyən edilməsindən asılı olduğu qədər, həm də onun təklif etdiyi icra qaydası tələbkarın da hüquqlarını pozmamalı və məhkəmə aktının real icrasını təmin etməli, tələbkarın həmin aktın icrasının qısa müddət ərzində təmin olunmasına dair qanuni mənafeyi mütləq nəzərə alınmalıdır.
25. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Əgər məhkəmə qərarları hər hansı bir səbəblə icra edilmirsə, o zaman, ədalət mühakiməsinin məqsədlərinə nail olunmasından söhbət gedə bilməz.
26. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” işdə bu prinsipi belə vurğulamışdır: “....Razılığa gələn Dövlətlərin daxili hüquq sistemləri məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq icra olunmadan qalmasına yol versəydi, 6-cı maddə ilə təmin olunan məhkəməyə müraciət hüququ xəyali hüquq olardı”. Həmin Məhkəmənin “Əfəndiyeva Azərbaycana qarşı” və “Tarıverdiyev Azərbaycana qarşı” qərarları da məhz məhkəmə qərarlarının icra edilməməsi ilə bağlı qəbul edilmiş və Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarının icra olunması İnsan hüquqları haqqında Avropa Konvensiyasının 6-cı maddəsində təsbit olunmuş ədalətli məhkəmə araşdırması hüququnun ayrılmaz tərkib hissəsi kimi nəzərdən keçirilməlidir.
27. Kollegiya borclu tərəfindən hissə-hissə ödəmə aparılmaqla məhkəmə qətnaməsinin icrasının uzun müddət davam edəcəyini, bununla da tələbkarın dövlət tərəfindən təminat verilən «ədalətli məhkəmə baxışına olan hüququ»nun pozulacağını nəzərə alaraq hesab edir ki, borclunun təklif etdiyi icra qaydası göstərilən meyarlara cavab vermir.
28. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
29. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır.
30. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 263, 264 və 398-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Borclu nümayəndəsi-vəkili Nümayəndə tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 8(002)-270/2024 saylı 29 iyul 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Sədrlik edən hakim imza: Cəmilə Musayeva Hakimlər imzalar: Fuad Babayev Günay Axundova