Məhkəmə qərarları › İş №8(103)-310/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-310/2021

29.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-310/2021 29.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mehdiyev Emin Əlixan oğlu (sədrlik edən və məruzəçi), Sarıyev Xəyal Əjdər oğlundan və Cəfərov Namiq Şamil oğlundan ibarət tərkibdə, Cəfərova Şəfəq Natiq qızının katibliyi, Tələbkar iştirakı ilə, Borclunun əmlakı üzərinə həbs qoyulması barədə Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 8(002)-78/2021 saylı qərardadından Borclu vermiş olduğu şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2(105)-1479/2016 saylı qətnaməsi üzrə 24 aprel 2017-ci il tarixdə verilmiş icra vərəqəsinə əsasən cavabdehlər Borclu və X1 34583,35 ABŞ dolları məbləğində pul ödəniş gününə Azərbaycan manatına məzənnə ilə və 15 manat dövlət rüsumu alınaraq iddiaçı Tələbkar verilməlidir. Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru təqdimatla məhkəməyə müraciət edərək, icra sənədinin icrasını təmin etmək məqsədi ilə Borclu adına rəsmiləşdirilmiş “MERCEDES BENZ C220 CDİ” minik markalı, 99- HE-439 dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, icra sənədi üzrə borcluya tələbin könüllü icrasına dair bildiriş göndərilsə də, adı çəkilən şəxs tələbin könüllü icrası müddətində icra sənədinin tələblərini icra etməmiş və icra sənədində göstərilən borc məbləğini ödəməmişdir. Borclunun əmlak vəziyyətini müəyyən etmək məqsədilə aidiyyatı dövlət orqanlarına sorğular ünvanlanmış, hazırda “Elektron İcra İnformasiya” Sistemindən əldə edilmiş məlumata əsasən müəyyən edilmişdir ki, “MERCEDES BENZ C220 CDİ” minik markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobil Borclu adına qeydiyyata alınmışdır. Qeyd olunan borc məbləği ödənilmədiyindən o, göstərilən təqdimatla məhkəməyə müraciət etmiş və məhkəmədən təqdimatın təmin olunmasını xahiş etmişdir. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 8(002)-78/2021 saylı qərardadı ilə təqdimat təmin edilmişdir. Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 8(002)-78/2021 saylı qərardadının ləğv edilməsi və ona məxsus “MERCEDES BENZ C220 CDİ” minik markalı, **-HE-*** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin 16 avqust 2016-cı il tarixli, 2(105)-1479/2016 saylı qətnaməsi üzrə ondan və X1 cəmi 34583,35 ABŞ dolları məbləğində pul ödənişinin Azərbaycan manatına məzənnə ilə və 15 manat dövlət rüsumunun tutularaq Tələbkar verilməsi qət edilmişdir. Həmin qətnamənin icrası ilə əlaqədar o, və digər cavabdeh hər ay ödənişlər etmişlər, hazırkı vaxt kimi təxminən 15000dən artıq ödənişlər olmuşdur. Onların guya qətnaməni könüllü olaraq icra etməmələri düzgün deyildir. Hazırda üzərinə həbs qoyulmuş avtomobildən o, qazanc məqsədi ilə istifadə edərək ailəsinin dolandırılmasını təmin edir. Həmin avtomobilin üzərinə həbs qoyulması səbəbindən ailədə çətinlik yaranmaqla borcunun ödənilməsini də təmin edə bilməyəcəkdir. Qeyd olunan avomobillə o, gündəlik qazanc əldə etməklə istifadə edir. Həmin avtomobilin üzərinə həbs qoyulması onun güzaranının pisləşməsinə gətirib çıxarmışdır. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 03 iyun 2021-ci il tarixli, 8(002)-78/2021 saylı qərardadı ilə şikayət təmin olunmamış və şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışı zamanı tələbkar şikayətə etiraz edərək təmin olunmamasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, borclu və icra məmuru iclasda təmsil olunmamış və bunun səbəblərini bildirməmişlər. Kollegiya işə borclunun və icra məmurunun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası tələbkarı dinləyib, iş materiallarını və şikayətlərin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinə görə icra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. İşin tədqiq edilmiş halları əsasında müəyyən edilmişdir ki, “Elektron İcra İnformasiya” Sistemindən çıxarışdan görünür ki, Borclu adına “MERCEDES BENZ C220 CDİ” minik markalı, 99- HE-439 dövlət qeydiyyat nişanlı avtomobil qeydiyyatda vardır. Həmçinin, şikayətdə qeyd olunan hallar, o cümlədən avtomobilin borclunun yeganə qazanc mənbəyi olması və borcun onun tərəfindən qismən ödənilməsi barədə hər hansı sübut təqdim edilməmişdir. Qeyd edilənlərə əsasən, birinci instansiya məhkəməsinin mübahisəlndirilən qərardadı qanuni və əsaslıdır. Qeyd edilənlərə əsasən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 397-398, 405-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli, 8(002)-78/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar