Məhkəmə qərarları › İş №8(103)-313/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-313/2021

25.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-313/2021 25.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsilə, Məhərrəmova Şeyda Ədalət qızı və Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi İbrahimova Pərvin Adil qızının katibliyi ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-101/2021 saylı, 07.05.2021-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, müəyyən e t d i: Borclu şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin 13.07.2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı üzrə Bakı şəhəri Tələbkar icra məmuru X1 icraata başlamaq haqqında 05.02.2021-ci il tarixli 29922/2021-7-8-004 nömrəli qərarının ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 07.05.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmişdir. Qərardadla razılaşmayan borclu ondan şikayət verərək, qərardad qanunsuz və ədalətsiz olmaqla işin faktiki halına uyğun gəlmədiyinə və bu qəradad qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilmədiyinə görə ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, borclu 03.03.2021-ci il tarixdə Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis bölməsinin 13.07.2020-ci il tarixli ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı üzrə Bakı şəhəri Tələbkar icra məmuru X1 icraata başlamaq haqqında 05.02.2021-ci il tarixli 29922/2021-7-8-004 nömrəli qərarını aldıqdan sonra məsələni aydınlaşdırmaq üçün Nizami RPİ 24-cü Polis bölməsinə yaxınlaşmışdır. Polis bölməsində ona bildirmişlər ki, Tələbkar icra məmuru F.Şahhüseynovun 05.02.2021ci il tarixli 29922/2021-7-8-004 nömrəli qərarında ciddi səhvə yol verilmişdir. Belə ki, polis şöbəsində ona verilən məlumata görə Nizami RPİ 24-cü Polis Bölməsinin 13.07.2020-ci il tarixli ******* nömrəli icra sənədi tamamilə başqa bir vətəndaşa aiddir və və icra şöbəsinin xətası üzündən qərar yanlışlıqla borclunun ünvanına göndərilib. Hesab edir ki, icra məmuru F.Şahhüseynovun 05.02.2021-ci il tarixli 29922/2021-7-8-004 nömrəli qərarının sənəddə qeyd olunan hadisədən səkkiz ay sonra ona verilməsi və bu zamana qədər bununla bağlı heç bir xəbərdarlıq və ya bildirişin təqdim edilməməsi, hadisə ilə bağlı hər hansı video, foto, onun şəxsi imzası və ya hansı bir başqa sübutun olmaması bir daha bu qərarın absurd və əsassız olmasını sübut edir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-101/2021 saylı, 01.06.2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apelyasiya instansiyası məhkəməsində işə baxılmanın vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş tərəflər məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, Borclu şikayəti təmin edilməməli, Nizami Rayon Məhkəməsinin 8(007)-101/2021 saylı, 07.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Borclu şikayətində heç bir inzibati xəta törətmədiyini, barəsində heç bir inzibati protokol tərtib edilmədiyini, icra sənədinin yalnışlıqla onun adına tərtib edildiyini bildirsə də işin 16-22-ci səhifələrində olan Bakı şəhəri Nizami rayon polis idarəsi 24-cü polis şöbəsinin “Nizami rayon icra və Probasiya şöbəsinin rəisinə” ünvanlanmış məktubları, inzibati protokoldan məcburi icraya yönəldilməsi haqqında qərardaddan, 13.07.2020-ci il tarixli MN №-0673892-3106 saylı “İnzibati xəta haqqında” protokoldan, 13.07.2020-ci il tarixli MN №0561849 saylı “İnzibati tənbeh vermə haqqında” qərardan məlum olur ki, X3 13.07.2020-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu Q.Qarayev prospekti 25\19 ünvanda qoruyucu vasitələrdən istifadə etmədən xüsusi karantin qaydalarını pozması barədə müvafiq protokol və qərarlar tərtib olunmuş, o inzibati qaydada cərimə olunmuşdur.Ona görə də Borclu şikayətinin dəlilləri Bakı şəhəri Nizami rayon icra məmuru tərəfindən qəbul edilmiş 05.02.2021-ci il tarixli qərarının ləğvi üçün əsas kim qəbul edilə bilməz. Borclu şikayətinin digər, yəni inzibati xəta törətməsi barədə hər hansı video, foto və ya başqa sübutun olmaması barədə dəlilləri, Nizami rayon icra məmurunun qəbul etdiyi 05.02.2021-ci il tarixli qərardadının deyil, Nizami RPİ 24-cü polis şöbəsinin rəisinin, “İnzibati tənbeh vermə haqqında” qərarının mübahisələndirilməsi üçün əsas kimi çıxış edə bilər. Həmin qərarı isə Borclu mübahisələndirməmişdir. Ona görə qeyd olunan dəlillər də əsassız hesab olunmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. “İcra haqqında'' Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.2-ci maddəsinə əsasən icra sənədinin icraya yönəldilməsi bilavasitə müvafiq qərarı çıxarmış məhkəmənin və ya digər orqanın vəzifəsidir. İcra sənədi bu Qanunun 7-ci maddəsində nəzərdə tutulan tələblərə uyğundursa, icra məmuru icra sənədini məhkəmədən və ya digər orqandan qəbul etməli və icraata başlamalıdır. İcra məmuru icra sənədini aldığı vaxtdan üç gün müddətində icraata başlamaq haqqında qərar qəbul edir. “İcra məmurları haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, icra məmurlarının qanunazidd hərəkətləri barədə yuxarı vəzifəli şəxsə və ya məhkəməyə şikayət verilə bilər. Yuxarı vəzifəli şəxsə icra məmurunun hərəkətindən şikayət vermə şikayət edən şəxsin məhkəməyə müraciət etməsi üçün maneə törətmir. İcra məmurları öz hərəkətlərinə (hərəkətsizliyinə) və törətdiyi hüquq pozuntularına görə Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, icra məmuru üzərinə düşən vəzifəni yerinə yetirərək icraata başlamaq haqqında qərar qəbul etmiş, lakin icra sənədi üzrə Bakı şəhəri Tələbkar icra məmuru X1 hər hansı qanunsuz hərəkətlərə yol verməsi müəyyən edilməmişdir. Bundan başqa, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün qənaətə gəlmişdir ki, Borclu Bakı şəhəri Nizami rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin 13.07.2020-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının qanunsuz olması barədə göstərdiyi xüsusatlar qanunvericiliyin tələbinə əsasən hazırki iş üzrə deyil, inzibati icraat qaydada araşdırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 8(007)-101/2021 nömrəli 07.05.2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Vəfaddin İbayev Hakimlər Şeyda Məhərrəmova Məmməd Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar