Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-314/2021 30.06.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin Mülki Кollegiyası Hakimlər: Məhərrəmova Şeyda Ədalət qızı (sədrlik edən və məruzəçi), Məmmədov Məmməd Allahverdi oğlu və İbayev Vəfaddin Ələm oğlundan ibarət tərkibdə, Şərifova Aysel Şərafəddin qızının katibliyi ilə Tələbkar və Borclu iştirakları ilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-546/2020 saylı 07 oktyabr 2020-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: Bakı şəhəri Sabunçu rayon İcra və probasiya şöbəsinin icra məmuru Firdovsi Vəliyev Borclu Sabunçu rayon İcra və probasiya şöbəsinə məcburi gətirilməsi barədə təqdimatla məhkəməyə müraciət etmişdir. Təqdimat onunla əsaslandırılır ki, Yasamal Rayon Məhkəməsinin 08.06.2020-ci il tarixli 2(004)-2766/2020 nömrəli icra sənədinə əsasən Borclu iki uşağının saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin 1/8 hissəsi miqdarında aliment Tələbkar xeyrinə tutulmalıdır. İcra sənədi 12.06.2020-ci il tarixdə icraata daxil olduqdan sonra icraata başlamaq haqqında qərar qəbul edilmiş və qanunla müəyyən edilmiş 10 gün müddətində icra sənədi üzrə tələbin könüllü icra edilməsi üçün müvafiq qaydada qərarın surəti bildirişlə bərabər borclunun icra sənədində göstərilən ünvanına göndərilmişdir. Lakin borclu bu günədək icra sənədi üzrə tələbi təmin etməmişdir. Borclu rəsmi çağırışlara gəlmədiyi üçün təqdimatın təmin edilməsi barədə qərardar qəbul edilməsi xahiş edilmişdir. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-546/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmişdir. Məhkəmə öz qərardadında icra məmurunun təqdimatında qeyd olunan əsasları təkrarlayaraq vurğulamışdır ki, borclunun icra məmurunun çağırışlarına üzrsüz səbəbdən gəlməməsi təsdiq edilmişdir. Həmin qərardadın ləğvinə dair Borclu şikayəti birinci instansiya məhkəməsinin 10 dekabr 2020-ci il tarixli qərardadı ilə təmin edilməyərək baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayət belə əsaslandırılmışdır ki, Yasamal rayon Məhkəməsinin 08.06.2020-ci il tarixli 2(004)-2766/2020 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilmiş və hal hazırda qətnamə qanuni qüvvəsini almamışdır. Lakin apellyasiya məhkəməsi davam edən müddətdə məhkəmə sistemində olan sənəd dövriyyəsinin düzgün aparılmaması səbəbi ilə apellyasiya məhkəməsinin qərarı qanuni qüvvəyə minmədən birinci instansiya məhkəməsinin qərarı icraya yönəldirilmişdir. İş üzrə icra məmurunun onun ünvanına icra işi ilə bağlı bildiriş ünvanlasa da poçt sistemində olan problemlərə görə bildiriş onun ünvanına çatmamış və icra məmuruna geri qayıtmışdır. Bundan sonra icra məmuru hazırki təqdimatla məhkəməyə müraciət etmişdir. Məhkəmə bildirişi ona çatar-çatmaz icra məmuruna yaxınlaşmışdır. İcra məmurunun araşdırması zamanı məsələnin poçt sisteminin bə məhkəmə sənəd dövriyyəsi sisteminin xətası üzündən baş verdiyi aydınlaşdırılmışdır. Bundan sonra icra məmuru ona bildirmişdir ki, məhkəmə zalına getməyinə gərək yoxdur. Lakin sonradan hazırda mübahisələndirilən qərardad qəbul edilmişdir. Məhkəmə iclasında iştirak edən borclu şikayəti müdafiə edərək qərardadın ləğv edilməsini, təqdimatın təmin edilməməsi barədə qərardad qəbul edilməsini xahiş edərək əlavə olaraq bildirdi ki, qətnamənin icrası ilə bağlı icra məmurunun bildirişi ona gəlib çatmamışdır, ancaq məcburi qaydada gətirmə olrkən xəbəri olmuşdur. Buna baxmayaraq alimenti vaxtında ödəmiş, qətnamənin icrasından boyun qaçırmamışdır. 2020-ci ilin iyun ayından tam ödəniş etmişdir. Belə ki, qətnamənin icrası ilə bağlı icra məmurunun bildirişi onun yaşadığı ünvana gəlib çatmasa da, iş yerində əmək haqqından müvafiq tutulmalar həyata keçirilir və tələbkara aliment borcu yoxdur. Məhkəmə iclasında iştirak edən tələbkar izahatında göstərdi ki, borclu tərəfindən aliment vaxtında ödənilir. Bu barədə icra məmuruna da məlumat verilmişdir. Ümumiyyətlə borclu tərəfindən alimentin ödənilməsi gecikdirilməmişdir. İşə baxılmasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi hər hansı üzrlü səbəb göstərmədən nümayəndəsini göndərməmişdir. Kollegiya izahatları dinləyib, şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunaraq birinci instansiya məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilməklə, iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08.06.2020-ci il tarixli 2(004)- 2766/2020 nömrəli icra sənədinə əsasən Borclu iki uşağının saxlanılması üçün hər ay qazancının və ya başqa gəlirlərinin 1/8 hissəsi miqdarında aliment Tələbkar xeyrinə tutulmalıdır. “İcra haqqında” Qanunun 84.2-ci maddəsinə görə, icra məmurunun çağırışı ilə gəlməkdən və ya icra hərəkətlərinin həyata keçirildiyi yerə gəlməkdən üzrsüz səbəbdən yayınan şəxslər barəsində məhkəmənin qərarı əsasında məcburi gətirilmə tədbiri tətbiq olunur. Qanunvericiliyin mənasına görə borclunun icra şöbəsinə məcburi gətirilməsi yalnız, onun icra məmurunun çağırışına məhəl qoymadığı, yəni müəyyənləşdirilmiş qaydada dəvət olunmasına baxmayaraq, bundan imtina etdiyi təqdirdə mümkündür. İş materiallarında icra məmurunun öz qərarını əsaslandırdığı halların mövcudluğunu təsdiq edən sübutlar barədə, yəni borcluya göndərilən bildirişlərin borcluya çatdırılıbçatdırılmamasına dair sənədlərin olmamasına baxmayaraq, birinci instansiya məhkəməsi təqdimatı təmin etmişdir. Halbuki, Mülki Prosessual Məcəllənin 81-ci maddəsinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Buna əsasən, məhkəmə işə baxarkən icra vərəqəsinin və bununla bağlı icraata başlamaq haqqında qərarın, eləcə də könüllü icra barədə bildirişin həqiqətən də borcluya təqdim edilib-edilmədiyini, onun icra şöbəsinə dəvət olunub-olunmadığını və üzrsüz səbəbdən bundan yayınıb-yayınmadığını araşdıraraq təqdimata qiymət verməli idi. Təqdimata və şikayətə baxılması ilə bağlı məhkəmənin iclas protokollarından isə, məhkəmənin icra işini tələb edərək öyrəndiyi, ötən müddət ərzində hansı icra hərəkətlərinin aparıldığını yoxladığı və borclunun icra şöbəsinə məcburi gətirilməsi üçün prosessul və maddi hüquqi əsasların mövcud olub-olmadığını aydınlaşdırdığı ümumiyyətlə görünmür. Bundan başqa kollegiyanın iclasında borclu, eləcə də tələbkar öz izahatlarında alimentin ödənilməsində hər hansı gecikməmənin olmadığını bildirmişlər, aliment borcunun ödənilməsi üşün hər ay borclunun əmək haqqından tutulmalar həyata keçirilir. İcra işini həyata keçirən qurum isə öz nümayəndəsinin iştirakını kollegiya iclasında təmin etməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilməklə qanuna müvafiq qərarın qəbul edilməsi üçün iş həmin məhkəməyə göndərilməli, işə yenidən baxarkən məhkəmə tərəflərin iştirakını təmin etməklə, alimentin ödənilib-ödənilməməsini aydınlaşdırmalı, eləcə də müvafiq icra işi tələb edilməklə yuxarıda qeyd edilən zəruri hallar araşdırıldıqdan sonra təqdimata qiymət verməlidir. Mülki Prosessual Məcəllənin 398.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququna malikdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Şikayət qismən təmin olunsun. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 8(008)-546/2020 saylı, 07 oktyabr 2020-ci il tarixli qərardadı ləğv edilsin, iş təqdimata yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən hakim imza: Şeyda Məhərrəmova Hakimlər imzalar: Məmməd Məmmədov Vəfaddin İbayev
Məhkəmə qərarları › İş №8(103)-314/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-314/2021
30.06.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver