Məhkəmə qərarları › İş №8(103)-314/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-314/2025

08.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-314/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Azad Nizam oğlu İmanovun sədrliyi ilə, Məmməd Allahverdi oğlu Məmmədovdan və X1 ibarət tərkibdə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-400/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə əsasən mülki işə yazılı icraat qaydasında baxaraq müəyyənetdi: Tələbkarın nümayəndəsi və vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2018-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 15:00-dan bazar günü saat 15:00-dək (gecə qalmaqla), uşağın doğum günü yəni hər ilin oktyabr ayının 29 saat 10:00dan saat 18:00-dək, 1 gündən artıq olan bayram günlərinin 2-ci günü saat 10:00-dan saat 21:00-dək, 2 gündən artıq olan bayram günlərinin 2-ci günü saat 10:00-dan bayram günlərinin sonuncu günü saat 21:00-dək (gecə qalmaqla), həmçinin xüsusi günlərdə, yəni ailə üzvlərinin , atasının və anasının ad günlərində saat 10:00-dan saat 21:00 qədər atası olaraq tələbkarla birlikdə ünsiyyət qurması üçün şərait yaradılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Tələbkar cavabdeh Borclu ilə xx.xx.2017-ci ildə qeydə alınmış nikah Xətai Rayon Məhkəməsinin 2(011)- 2188\2022 saylı qətnaməsi ilə pozulmuşdur. Birgə nikahdan 29 oktyabr 2018-ci il tarixdə anadan olmuş X2 anada qalması qət edilmişdir. Məryəm hazırda anası ilə birlikdə yaşayır, iddiaçı Tələbkar cavabdeh Borclu qarşı Bakı şəhər Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(011)- 299/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş ünsiyyətdə olmaq müddəti azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 15:00-dan saat 20:00-dək qət edilmişdir. Bir ata kimi həmişə azyaşlı uşağının qayğısına qalmış, qətnamə ilə müəyyən olunan alimentin vaxtında ödənilməsi təmin edilmiş, evində uşaq üçün ayrıca uşaq otağı hazırlamış və həmin otaqda uşağın istirahəti zamanı çəkilmiş fotoşəkili də məhkəmə baxışı zamanı təqdim ediləcək. Ancaq cavabdeh ünsiyyət müddətinin qısa olmasından istifadə edərək övladı ilə normal vaxt keçirilməsinə maneçilik yaradır. Bu isə bir ata kimi onu çox narahat edir. Bununla yanaşı o, övladının sağlam böyüməsini, uşaqda hər hansı mənfi psixoloji halın yaranmasını istəmir. Buna görə də o, daimi olaraq azyaşlı övladı ilə ünsiyyətdə olmaq və daimi olaraq qanun qeydinə qalmaq arzusundadır. Uşaqla ünsiyyətdə olmaq müddəti dəyişdirilərək, azyaşlı övladı xx.xx.2018-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 15:00-dan bazar günü saat 15:00-dək (gecə qalmaqla), uşağın doğum günü yəni hər ilin oktyabr ayının 29 saat 10:00-dan saat 18:00- dək, 1 gündən artıq olan bayram günlərinin 2-ci günü saat 10:00-dan saat 21:00-dək, 2 gündən artıq olan bayram günlərinin 2-ci günü saat 10:00-dan bayram günlərinin sonuncu günü saat 21:00-dək (gecə qalmaqla), həmçinin xüsusi günlərdə, yəni ailə üzvlərinin , atasının və anasının ad günlərində saat 10:00-dan saat 21:00-a qədər onunla birlikdə qalması məqsədə müvafiqdir. Bu səbəbdən də məhkəmə müdaxiləsi zərurəti yaranmışdır. Tələbkarın nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələblərinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq bildirmişdir ki, icraatda olan 8(011)-400/2025 saylı iş üzrə tələblərini dəqiqləşdirərək, məhkəmədən xx.xx.2018-ci il təvəllüdlü X3 ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü saat 11:00-dək (gecə qalmaqla), uşağın doğum günü yəni hər ilin oktyabr ayının 29 saat 10:00-dan 18:00-dək, 1 gündən artıq olan bayram günlərinin 2-ci günü saat 10:00- dan saat 21:00-dək, 2 gündən artıq olan bayram günlərinin 2-ci günü saat 10:00-dan bayram günlərinin sonuncu günü saat 21:00-dək (gecə qalmaqla), həmçinin xüsusi günlərdə, yəni ailə üzvlərinin, atasının və anasının ad günlərində saat 10:00-dan saat 21:00-a qədər atası olaraq tələbkarla birlikdə ünsiyyət qurması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 8(011)-400/2025-014 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Tələbkar uşaqla ünsiyyətin dəyişdirilməsi barədə ərizəsi qismən təmin edilərək, Tələbkar qızı xx.xx.2018-ci il təvəllüdlü X3 ilə ünsiyyət qaydasının dəyişdirilməsi və ünsiyyətin hər həftənin şənbə günü saat 14:00-dan (gecə qalmaqla) bazar günü saat 14:00-dək, uşağın doğum günü yəni hər ilin oktyabr ayının 29 saat 17:00- dan 20:00-dək, 1 gündən artıq olan bayram günlərinin 2-ci günü saat 12:00-dan saat 20:00-dək müəyyən edilməsi, ünsiyyət hüququnun təmin edilməsi üçün uşağın onun yaşayış yeri üzrə ünvan 1 ünvanında Borclu tərəfindən Tələbkar təhvil verilməsi, ünsiyyət müddəti bitdikdən sonra uşağın Tələbkar tərəfindən Borclu təhvil verilməsi qərara alınmışdır. Borclu qeyd edilən qərardaddan şikayət verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 8(011)-400/2025 nömrəli qərardadının ləğv edilməsini, əks halda şikayətlərinin baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, “Uşağın yaşı ilə bağlı” halı nəzərə alsaydı onda 7 yaşı tamam olmamış qız övladı faktiki olaraq şənbə və bazar günü gecə qalmaq şərtilə tələbkara verməzdi. Bildiyiniz kimi qız uşaqlarının əsasən analarına bağlılığı olur və ataya birbaşa deyə bilməyəcəyi bir çox nüansları vardır. Gecə uşaq sanitar qovşağa getdikdə həmişə aparıb təmizləmişdir. Hazırkı vəziyyətdə uşağın bu problemi necə həll edəcəyi sual altındadır. Eyni zamanda uşağın qida, tibbi, gigiyenik tələblərini də atası təmin edə bilməz. Həmçinin xüsusilə qız uşağının gecə qalmaq şərtilə tələbkara verilməsi mənəvi dəyərlərimizə də ziddir. Belə ki, artıq 3 ildir ki, uşaq həmin evdə yaşamır və faktiki olaraq heç bir qohumunu tanımır. Həmin evə kimlərin gəldiyi, hansı otaqda kimlərlə yatacağı mənəvi cəhətdən çox zəruri nüanslardır. Həmçinin məlumunuz olduğu kimi hazırkı ünsiyyət yalnız ata üçün təyin edilmişdir, digər qohumlar hələlik ünsiyyət tələbi ilə müraciət etməmişdir. Eyni zamanda işlədiyini qeyd edir. Övladı ilə həftə sonu vaxt keçirmək və onunla əylənmək üçün hər həftə sonunun səbrsiliklə gözləyir. Hazırkı halda isə belə çıxır ki, həftə sonu yalnız ata övladı ilə vaxt keçirəcək. “Hansı valideynə daha çox bağlılığı” məsələsini isə hansı formada nəzərə aldığını ümumiyyətlə əsaslandırmamışdır. Uşağın hansı valideynə bağlı olması barədə məsələ hakimin şəxsi fikirləri ilə tənzimlənə bilməz və hakimin daxili inamına bağlı məsələ deyil. Bu barədə müvafiq orqanın rəyi olmalıdır. “ mənəvi, psixi və fiziki inkişafına təsir edən amilləri” məsələsi ilə bağlı qeyd edir ki, məhkəmənin yanaşmasına görə uşaq hər il öz ad günündə saat 17:00- da 20:00-dək atasının yanında olmalıdır. Təsəvvür edin ki, uşağa hansısa restoranda öz dostları ilə ad günü təşkil edir. Adətən belə tədbirlər saat 18:00-da başlayır. Lakin həmin vaxt uşaq atasının yanında olacaq. Saat 20:00-da sonra öz dostlarının yanına gəldikdə isə artıq 6 yaşında olan bir uşaq üçün hansı psixi, mənəvi zərərlər vurmasını məhkəmə əsaslandırmayıb. Təbii ki, bu yaşda uşağın yatma vaxtı saat 22:00-dan gec olmadığı üçün uşağ faktiki olaraq öz dostları və anası ilə yox, yalnız atası ilə ad gününü keçirəcək. Bu halda isə övladının doğum gününü qeyd etmək kimi əlamətdar bir halı məhkəmə əlindən almaqla hüquqlarını pozmuşdur. Həmçinin hər il oktyabr ayının 29-u həftə sonuna düşmədiyi üçün uşağın orta məktəbə gedib-gəlməsi, neçənci növbə olması, saat neçədə məktəbdən çıxacağını aydınlaşdırmadan Qərardad qəbul etmək hesab edir ki, qanunsuz və əsasszıdır. Məhkəməyə təqdim etdiyi ərizədə də göstərmişdir ki, atanın əsl niyyəti övladı ilə vaxt keçirmək deyil. Əgər onun belə bir niyyəti olsaydı hər həftə şənbə günü övladı ilə görüşə səbrsizliklə gələrdi. Amma təqdim etdiyi qrafikdən də (bu barədə icra şöbəsində akt da tərtib edilir) göründüyü kimi, o ay ərzində minimum 1 görüşə gəlmir. Hətta elə aylar olub ki, cəmi 1 görüşə gəlib. Halbuki övladı ilə hər şənbə günü müəyyən olunmuş vaxtda icra şöbəsində olduğunu bildirir. Lakin tələbkar gəlməyəcəyi barədə məlumat vermədən övladı ilə ünsiyyətdə olmamışdır. Məhkəmə qərardad qəbul edərkən ”Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun xx.xx.2011-cü il tarixli Qərarının 2.2-ci maddəsində qeyd edilən “məktəbəqədər və ümumi təhsil rejimini” nəzərə almamışdır. Həmçinin 2.3-cü bənddə qeyd edilmişdir ki, uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi, uşaqla ünsiyyət üçün simvolik və əlverişsizmüddət müəyyən edilməsi yolverilməzdir. Məhkəmə vaxtı təyin edərkən yenə də şəxsi düşüncəsini rəhbər tutmuş və bu barədə heç bir rəyə istinad etməmişdir. Belə ki, həmin iş üzrə 2 dəfə “Qəyyumluq və himayəçilik komissiyası” tərəfində rəy verilmiş və həmin rəylərdə uşaqla ünsiyyətdə olmanın vaxtı və müddəti qeyd edilməmişdir. Belə olan halda məhkəmə nəyə əsaslanaraq belə qərardad qəbul etməsi sual olaraq qalır. İş üzrə Xətai rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(011)-299\2022 saylı qətnamə qəbul edilmiş və həmin qətnaməyə əsasən uşaqla ünsiyyət hər həftənin şənbə günü saat 15:00dan 20:00-dək müəyyən edilmişdir. Həmin qətnamə qəbul edilməsindən o qədər də uzun müddət keçməmiş, dəyişilən hər hansı bir hal baş verməmişdir. Hakim qərardad qəbul edərkən həmin qətnamədə göstərilən müddətdən kəskin fərqlənən müddətlər təyin etməsini heç bir sübutla əsaslndırmamışdır. Qeyd edilənləri nəzərə alaraq hesab edir ki, qərardad əsassızdır və ləğv edilməlidir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-400/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə kollegiyası iş materiallarını və şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-400/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının 5-11/2-2055/2024 saylı 22 noyabr 2024-cü il tarixli rəyinin surətindən görünür ki, iddiaçı Tələbkar yetkinlik yaşına çatmayan övladı xx.xx.2018-ci il təvəllüdlü X3 ilə görüşüb ünsiyyətdə olması üçün vaxt təyin edilməsi mümkün hesab edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasının 5-11/2-147/2025 saylı 24 yanvar 2025-ci il tarixli rəyinin surətindən görünür ki, iddiaçı Tələbkar yetkinlik yaşına çatmayan övladı xx.xx.2018-ci il təvəllüdlü X3 ilə görüşüb ünsiyyətdə olması üçün vaxt təyin edilməsi mümkün hesab edilmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin ll hissəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024cü il tarixli, 15 nömrəli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2011-ci il 28 oktyabr tarixli 6/2011 nömrəli Qərarında bəzi dəyişikliklər edilmiş, 2.5-ci bəndə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilmişdir: “Məhkəmələr ayrı yaşayan valideynin uşağı ilə istirahətinin səmərəli təşkili və digər məqsədlərlə birlikdə ölkə daxili və xarici səfərlər etmə imkanını nəzərə alaraq, verilmiş əsaslandırılmış tələbə uyğun qiymətləndirmə həyata keçirməklə ardıcıl bir neçə gün gecə qalmaqla, ünsiyyət qaydasını müəyyən edə bilərlər.” Həmin Plenum Qərarının 3-cü bəndinin mətni ləğv edilmiş və 3.1 və 3.2-ci bəndlər əlavə edilmişdir: “3.1. Məhkəmələr uşaqlardan ayrı yaşayan valideynin uşaqla ünsiyyət hüququnun hə/ata keçirilməsi barədə iddialara baxarkən iddianın predmetinin ünsiyyət hüququnun müəyyən edilməsindən ibarət olduğunu, ünsiyyətin vaxtı, müddəti, yeri, forması, şəraiti və digər xüsusiyyətlərinin isə bu hüququn icra qaydası və (və ya) üsulunu ehtiva etdiyini nəzərə almalıdırlar. Məhkəmələr iddianın predmetinə qiymət verərkən ünsiyyət hüququnun müəyyən edilməsini tələb edən valideynlə uşağın ünsiyyətdə olmasının sonucunun fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər verə biləcəyi halların mövcudluğu baxımından araşdırmalı, habelə bu ünsiyyətin uşağın mənafeyinə uyğun olub-olmadığını müəyyən etməklə iddianı təmin və ya rədd etməlidirlər. İddiaçının qeyd edilən iddia tələbi ilə birgə verilən ünsiyyət qaydası və (və ya) üsuluna dair müraciətinə münasibətdə isə məhkəmələr bu Qərarın 2.2-ci bəndində göstərilənlərə uyğun qiymətləndirmə aparmaqla, təmin etdiyi hüququn icrası qaydası və (və ya) üsulunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən müəyyən etməlidirlər. 3.2. Bu Qərarın 3.1-ci bəndində göstərilənlər baxımından məhkəmə tərəfindən qanuni qüvvəyə minmiş qətnamə ilə müəyyən edilmiş ünsiyyət qaydası və (və ya) üaulunun (vaxt, müddət, yer, forma, şəraitvə s.) istənilən əsasla valideynlərdən hər hansı birinin müraciəti ilə sonradan dəyişdirilməsi bu barədə yeni iddianın qaldırılması deyil, Mülki Prosessual Məcəllənin 231-ci maddəsinə əsasən qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsinə dair ərizənin verilməsi yolu ilə həll edilməlidir. Buna dair müstəqil iddia ilə müraciət edildiyi halda Mülki Prosessual Məcəllənin 153.2.1 -ci maddəsinə əsasən iddianın yolverilməzliyinə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli, iddia ərizəsi artıq icraata qəbul edildiyi halda isə Mülki Prosessual Məcəllənin 261.0.1- ci maddəsinə əsasən mülki iş üzrə icraata xitam verilməlidir ”. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 50.3-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaq onların hər biri ilə ünsiyyət hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Həmin Məcəllənin 61.3-cü maddəsinə əsasən uşaqlardan ayrı yaşayan valideynlər valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında yazılı saziş bağlaya bilərlər. Valideynlər razılığa gələ bilmədikdə, mübahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti orqanının (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) iştirakı ilə məhkəmə tərəfindən həll edilir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 18-ci maddəsinə əsasən valideynlərinin hər ikisindən və ya birindən ayrı yaşayan uşağın onları tanımaq, habelə bu ona mənfi təsir göstərmirsə, valideynləri ilə ünsiyyətdə olmaq hüququ vardır. Həmin Qanunun 19-cu valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Onlar uşağı sağlam böyütməli, ümumbəşəri və milli dəyərlər əsasında tərbiyə etməli, müstəqil həyata hazırlamalıdırlar. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin 07 avqust 1996-cı il tarixli “Yohansen Norveçə qarşı” qərarında da qeyd olunmuşdur ki, İnsan hüquqları üzrə Avropa Konvensiyasının 8-ci maddəsi çərçivəsində ailə həyatına hörmət hüququ dövlətin üzərinə valideynlərlə uşaqların qovuşmasını təmin etmək üzrə pozitiv öhdəlik qoyur. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlərin arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. “Valideynlərin və digər qohumların uşaqla ünsiyyətdə olmaq hüquqları ilə əlaqədar qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 oktyabr 2011-ci il tarixli qərarının 1-ci bəndinin izahına görə uşaqlardan ayrı yaşayan valideynlərə uşaqlarla ünsiyyət üçün elə vaxt və müddət müəyyən edilməlidir ki, o, qanunla nəzərdə tutulan valideynlik hüquqlarını real və maneəsiz həyata keçirə bilsin. Məhkəmələr nəzərə almalıdırlar ki, uşaqla ünsiyyətdə olmaq istəyən valideynin iddiasının formal təmin edilməsi uşaqla ünsiyyət üçün simvolik və əlverişsiz müddət müəyyən edilməsi yolverilməzdir. Həmin Qərarın 12.1-ci maddəsinə əsasən Mülki Prosessual Məcəllənin 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Bu baxımdan məhkəmələrə izah edilir ki, ünsiyyətə dair qətnamənin nəticə hissəsində uşağın ünsiyyət hüququnun həyata keçirilməsi və daha sonra geri qaytarılmasından ibarət tərəflərin qarşılıqlı öhdəliklərinin icrası məqsədilə uşağın harada, nə vaxt və ya hansı müddətdə təhvil verilməli olduğu göstərilməlidir. Qanunvericilik məhkəmə icraatı tərəflərinin hüquqlarını və qanuni maraqlarını nəzərə alaraq məhkəmə aktlarının icrasının hissə-hissə həyata keçirilməsi, həmçinin qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi institutlarını nəzərdə tutmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. Kollegiya hesab edir ki, məhkəmə Borclu tərəfindən təqdim edilmiş CD diskdə olan səsyazısına münasibətdə haqlı olaraq qeyd etmişdir ki, həmin yazıda ata tərəfindən uşağın mənafeyinə zidd olaraq edilmiş hər hansı hərəkət aşkar edilməmişdir. Bundan başqa borclu tələbkar tərəfindən uşağa fiziki və psixoloji şiddət göstərildiyini bildirsə də, bunu təsdiq edən hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Kollegiya hesab edir ki, məhkəmə uşaqla ünsiyyətdə olma vaxtını müəyyən edərkən işin bütün hallarını, o cümlədən uşağın yaşını, hansı valideynə daha çox bağlılığını, onun mənəvi, psixi və fiziki inkişafına təsir edən digər amilləri nəzərə almış və ərizəni qismən təmin etməklə düzgün nəticəyə gəlmişdir. Şikayətin dəlilinə gəldikdə isə kollegiya qeyd edir ki, şikayətdə qeyd edilən hallar yuxarıda göstərilənlərə əsasən əsaslı sayıla və qanuni və əsaslı məhkəmə qərardadının ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Bu halda məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-400/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-400/2025 saylı xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar