Məhkəmə qərarları › İş №8(103)-315/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-315/2025

07.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-315/2025 07.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ hakimlər X1 (sədrliyi və məruzəsi ilə), İmanov Azad Nizam oğlu, Məmmədov Məmməd Allahverdi oğlundan ibarət tərkibdə, hakim köməkçisi Həsənova Ləman Rasim qızının katibliyi ilə, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-384/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadından borclu Maraqlı şəxs tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq müəyyən etdi: İşin halları və iş üzrə məhkəmə icraat(lar)ı Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-384/2025 nömrəli xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, 11 aprel 2009-cu il təvəllüdlü X3 və 13 aprel 2014-cü il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılmaları üçün Maraqlı şəxs Tələbkar xeyrinə tutulan alimentin məbləğinin hər ay hər uşaq üçün sonrakı artımlar nəzərə alınmaqla, ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.58 misli həddində indeksasiya olunması qərara alınmışdır. Borclu Maraqlı şəxs həmin qərardan apellyasiya şikayəti vermiş və apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizə ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-384/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə ərizə rədd edilmiş, Maraqlı şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 384/2025 nömrəli 10 aprel 2025-ci il tarixli qərardadından verdiyi apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır. Qərardadda Mülki Prosessual Məcəllənin 130.1, 133.1, 363.1.3 396.1-ci maddələrinə istinadən qeyd edilmişdir ki, məhkəmə sənədlərinin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsinə dair "AZEMİS” elektron məhkəmə informasiya sistemindən çıxarışdan görünür ki, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 384/2025 nömrəli 10 aprel 2025-ci il tarixli qərardadı xx.xx.2025-ci il tarixdə borclunun elektron kabinetinə yüklənmişdir. Mülki işin materiallarından görünür ki, borclunun Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-384/2025 nömrəli 10 aprel 2025-ci il tarixli qərardadından apellyasiya şikayəti və apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpası barəsində ərizəsi xx.xx.2025-ci il tarixdə daxil olmuşdur. Müddətin ötürülməsi ilə bağlı borclunun ərizədə qeyd etdiyi səbəbi məhkəmə üzrlü və ağlabatan hesab etmir. Göründüyü kimi, borclu qərardaddan apellyasiya şikayəti verilmə müddətini üzrsüz səbəbdən ötürmüşdür. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, qərardaddan apellyasiya şikayəti verilmə müddəti ötürüldüyündən və həm də üzrsüz səbəbdən ötürüldüyündən, borclunun qərardaddan apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizəsi rədd edilməli və apellyasiya şikayəti geri qaytarılmalıdır. Belə ki, müddətin ötürülməsi borclunun iradəsindən kənar baş verməmişdir. Məhkəmə bu halı üzrlü hesab etmir. Apellyasiya şikayəti, etiraz və məhkəmənin mövqeyi Borclu şikayət vermiş və Bakı şəhər, Xətai rayon Məhkəməsinin alimentin məbləğinin artırılmasına dair 8(001)- 384/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadının ləğv edilməsinə və ötürülmüş prosessual müddətin bərpa edilməsinə dair yeni qərardad çıxarılmasını xahiş etmişdir. Şikayətdə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112; Mülki Prosessual Məcəllənin 267.1, 267.2, 267.3, 266, 268-ci maddələrinə istinadən qeyd edilmişdir ki, ərizəçi Tələbkar ərizəçi qərəzli olaraq alimentin məbləğinin artırılmasını tələb etmişdir. Məhkəmə tələbi təmin edərək icraya yönəltdiyini və elektron imzasına yerləşdiriyini bildirmişdir. Ancaq o, elektron imzadan və digər maildən istifadə edə bilmədiyi üçün başı çıxmamış və bu işdən apellyasiya şikayəti vermə bilməmişdir. SMS göndərməmişdir. Yəni onu qəbul edilmiş qərardad barədə xəbərdar etməmişdir. Alimentin indeksasiya olunmasına dair qərardadan şikayət vermişdir. Məhkəmə onun alimentin artırılmasına dair verdiyi etiraza düzgün qiymət verməmişdir. Tələbkar onda pul tələb etməsinə baxamayaraq, onun bu məbləğə ehtiyacı yoxdur. Tələbkar özü işlədiyi halda, onu incitmək məqsədilə alimentin məbləğinin artırır. Məhkəmə onun etirazında qeyd etdiyi faktları tam araşdırmamışdır. Alimentin artırılmasına dair verilmiş ərizə üzrə işdə iştirak etməmişdir, alimentin artırılması barədə verilmiş ərizədə maddi vəziyəti nəzərə alınmamışdır. Məhkəmə işə baxarkən verdiyi etiraz ərizəsində qeyd etdiyi kimi xəstəliklərini nəzərə alınmamışdır, öd kisəsində polif yaraması nəticəsində qaraciyər serozu olmağı təhlükəsindədir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-384/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya baxışında müəyyən edilən hallar və Mülki Kollegiyanın mövqeyi Mülki Prosesual Məcəllənin 10.8-1 və 397.2-ci maddəsinə istinadən işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Azərbaycan Respublikası Konstitusiyasının İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının əsas prinsipini müəyyən 24 maddəsinin İİİ hissəsinə əsasən: Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanununun Tələblərinə əsasən: 1.2.Heç kəs öz hüquqlarından və azadlıqlarından sui-istifadə etməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 268.1-ci maddəsinə əsasən: Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Məcəllənin 129-cu maddəsinə əsasən: 129.1. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır.129.2. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.129.3. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur.129.4. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Məcəllənin 135.5-ci maddəsinə əsasən: Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Məcəllənin 135.6, 135.7, 135.8-ci maddələrinə əsasən: 135.6. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmişlərsə, məhkəmə sənədləri bu şəxslərin həmin sistemdə yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır.135.7. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. 135.8. Kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Qeyd edilənlərdən əlavə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəalarına əsasən diqqətə çatdırılmalıdır: 10-1.2. Məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir. 10-1.3. Kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. 10-1.7. “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir. 10-1.8. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 10-1.9. “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 133.1-ci maddəsinə əsasən: Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Diqqətə çatdırılmalıdır ki, apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri birinci instansiya məhkəməsinin qəbul etdiyi məhkəmə aktlarının qanuniliyinin yoxlanılmasından ibarətdir. Mülki Prosessual Məcəllənin tələblərinə əsasən: 387.1. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin və ya qərardadın ləğv edilməsinə yalnız o halda əsas olur ki, bu, düzgün olmayan qətnamənin və ya qərardadın qəbul edilməsinə səbəb olsun. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Konstitusiyasının 24 (İİİ), 60, 80; Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 2, 8, 9, 46-50, 128-146, 357, 360- 366, 385, 387; “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 62-67-ci maddələrinə əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir, prosessual qanunvericiliyin mahiyyətinə aid olmayan formal və sübuta yetirilməyən mülahizələr əsasında tərtib edilmiş şikayətin dəlilləri üzrə qərardadın tam və ya qismən ləğv edilməsi, yaxud dəyişdirilməsi üçün əsaslar müəyyən etmir. Belə ki, apellyasiya şikayəti müddətin ötürülməsi ilə verilmiş ərizə təqdim edilmiş, müddətin üzrlü hesab edilməsi üçün mötəbər sübutlar təqdim edilməmiş, şikayət üzrə irəli sürdüyü dəlillər isə formal olaraq qəradadın ləğv edilməsi üçün əsas ola bilməz. Beləliklə, prosessual müddətlərin müəyyən edilməsi və hesablanması zamanı dəqiq təqvim tarixi ilə və hərəkətin edilə biləcəyi vaxt dövrü, sənədlərin dövriyyəsi nəzərə alınmaqla, hər ötürülmüş günün səbəblərinin müzakirəsi prosessual-hüquqi əhəmiyyət kəsb edir. Belə ki, bir şəxsin məhkəmə müdafiəsi hüququ ehtimallara deyil, qanunla müəyyən edilmiş əsaslara uyğun həyata keçirilməli və bu hüquqlardan (dispozitiv imkandan və diskression səlahiyyətlərdən) sui-istifadəyə şərait yaradan hal kimi digər şəxslərin sui-istifadəyə məruz qalaraq hüquqlarının əsassız məhdudlaşmasına xidmət etməməlidir. Ərizəçi 19 gün müddət ərzində gecikmənin üzrlü səbəblərini “elektron imzadan və digər maildən istifadə edə bilməməsi” ilə əsaslandırmışdır ki, bunlarda subyektiv dəyərləndirməyə aid meyarlardır və bu dəlillər obyektiv mənada (hər günün üzrlü səbəblərlə ötürülməsi baxımından) sübutedici əsas kimi qiymətlədirilə bilməz. Qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 402.2-ci maddəsinə əsasən hazırki iş üzrə qəbul edilmiş Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının qərardadından kassasiya şikayətinin verilməsi nəzərdə tutulmamışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 395- 403-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclu Maraqlı şəxs şikayəti təmin edilməsin. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)- 384/2025 saylı işi üzrə xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar