Məhkəmə qərarları › İş №8(103)-316/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-316/2025

08.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-316/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 8(011)-526/2025 saylı iş üzrə Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli qərardadından X1 verdiyi şikayətəyazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X2 “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında” şikayət ilə Rayon Məhkəməsinə müraciət edərək, bildirmişdir ki, Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-637/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə əsasında dərhal verilmiş “icra vərəqəsinə” əsasən ondan, 1 uşağın yetkinlik yaşına çatana kimi, onun qazancının və başqa gəlirinin 1/4 hissəsi tutularaq Tələbkar verilməlidir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-830/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə əsasında isə xx.xx.2024-cü il tarixdə verilmiş “icra vərəqəsinə” əsasən ondan 11.000 manat məbləğində pul tutularaq Tələbkar verilməlidir. Həmin “icra vərəqələri” üzrə icra hərəkətlərini həyata keçirən Bakı Şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov “icra vərəqələrinin” icrası ilə əlaqədar onun əmək haqqısının 25%-i, cəmi isə 50%-ni tutur. Tələbkar isə borcun tam həcmdə tutulmasını icra məmurundan tələb edir. Halbuki, o, qətnamələrin icrasından boyun qaçırmır, hərbçi olaraq qazancı çərçivəsində “icra vərəqələrini” icra edir. Buna baxmayaraq icra məmuru onun barəsində “inzibati protokol” tərtib edərək, protokolda qeyd etmişdir ki, guya o, Xəzər Rayon Məhkəməsinin 2(003)-830/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qətnamə əsasında isə xx.xx.2024-cü il tarixdə verilmiş “icra vərəqəsini” icra etmir, 11.000 manat məbləğində pulun Tələbkar ödəməkdən qəsdən yayınır, buna görə də, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmalıdır. İcra məmuru tərəfindən toplanmış inzibati xəta haqqında işə baxmış Bakı Hərbi Məhkəməsi onun yuxarıda qeyd edilən “icra vərəqəsinin” icrasından yayınmadığını, onun əmək haqqısından hər 2 “icra vərəqəsi” üzrə cəmi 50%-nin tutulmasını nəzərə alaraq iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarla inzibati xəta haqqında işə onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığına görə xitam vermişdir. Göründüyü kimi icra məmurunun onun barəsində etdiyi hərəkət qanunsuz olmuşdur. Buna görə də, icra məmurunun onun barəsində “inzibati protokol” tərtib etməkdən ibarət hərəkəti dayandırılmalı, icra məmurunun fəaliyyətinə hüquqi qiymət verilməli və barəsində müvafiq tədbir görülməlidir. “İcra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında” şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini qərara almışdır. Rayon Məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarının məcburiliyi onların bütün dövlət orqanları və vəzifəli şəxslər tərəfindən qanunla müəyyən edilmiş qaydada hər hansı haldan asılı olmayaraq icra edilməsini nəzərdə tutmaqla, eyni zamanda belə aktların qanunsuz və əsassız olması ehtimallarına söykənməklə icra ilə bağlı məhdudiyyətlərin yaradılmasını və maneələrin törədilməsini qadağan edir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “C.İsmayılzadənin şikayəti” ilə əlaqədar qəbul etdiyi xx.xx.2007-ci il tarixli qərarı). Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov “İcra haqqında” və “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunları ilə icra məmurlarına verilmiş səlahiyyətlər çərçivəsində həmin Qanunlar ilə icra məmurlarının üzərinə qoyulmuş vəzifələri yerinə yetirmişdir. İcra məmuru Vüsal Umarovun hərəkətlərinə qanunsuzluq olmamışdır. Bun görə də, “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında” şikayət əsaslı hesab edilə bilməz. Borclu həmin qərardaddan Rayon Məhkəməsinə şikayət verərək, qərardadın ləğv edilməsini və şikayətin təmin edilməsini xahiş etmişdir. Əsasları “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında” şikayətin əsasları ilə eynilik təşkil edən şikayətdə əlavə olaraq qeyd edilmişdir ki, işə baxmış Rayon Məhkəməsi iş üzrə sübutları düzgün araşdırmamış, işin hallarına səhv qiymət vermiş, maddi hüquq normalarını düzgün tətbiq etməmiş və nəticədə iş üzrə əsassız qərardad qəbul etmişdir. Buna görə də, qərardad ləğv edilməli və “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında” şikayət təmin edilməlidir. Bundan başqa icra məmuru Vüsal Umarov Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 594-ci maddəsinə əsasən cərimə olunmalıdır. Borclunun həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ilk növbədə nəzərə alınmalıdır ki, məhkəmələr hər hansı inzibati xəta ilə bağlı inzibati icraata başlamır. Buna görə də, Məhkəmə, borclunun şikayətinin “icra məmurunun fəaliyyətinə hüquqi qiymət verilməsi, icra məmurunun inzibati məsuliyyətə cəlb olunması və barəsində müvafiq tədbir görülməsi haqqında” hissəsini əsassız hesab edir. Şikayətin digər hissəsi ilə bağlı qeyd edilməlidir ki, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsindən ibarət hərəkət Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibini yaradır. Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Vüsal Umarov qanunla onun üzərinə qoyulmuş vəzifəni icra edib, borclunun barəsində İXM-in qeyd edilən maddəsi ilə inzibati icraata başlayaraq topladığı inzibati materialı Bakı Hərbi Məhkəməsinə göndərsə də, hazırkı işə nüsxəsi əlavə edilmiş 3-1(093)-456/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Bakı Hərbi Məhkəməsi borclunun yuxarıda qeyd edilən “icra vərəqəsinin” icrasından yayınmadığını, onun əmək haqqısından hər 2 “icra vərəqəsi” üzrə cəmi 50%nin tutulmasını nəzərə alaraq iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərarla inzibati xəta haqqında işə onun hərəkətlərində inzibati xətanın tərkibi olmadığına görə xitam vermişdir. Bu kimi qərarın mövcud olması icra məmuru Vüsal Umarovun hərəkətlərinin qanunsuz hesab edilməsi üçün əsas ola bilməz. Çünki o, icra hərəkətlərini həyata keçirməyə səlahiyyəti olan vəzifəli şəxsdir və o, “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu və “İcra məmurları haqqında” Azərbaycan Respublikasının Qanunu ilə icra məmurlarına verilmiş səlahiyyətlər çərçivəsində həmin Qanunlar ilə icra məmurlarının üzərinə qoyulmuş vəzifələri yerinə yetirmişdir. Bakı Hərbi Məhkəməsinin 3-1(093)-456/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarının mövcud olması o demək deyil ki, icra məmuru hazırkı iş üzrə borclunun hərəkətlərində gələcəkdə İXM-in 528.1-ci maddəsinin əlamətlərini müəyyən etdiyi halda onun barəsində “inzibati protokol” tərtib etməkdən ibarət hərəkətinin qarşısı alınmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə, məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır (maddə 15.2.). Məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir (maddə 15.3.). “İcra məmurları haqqında” Qanunun 8-ci maddəsinə görə, icra xidməti icra məmurunun icra ilə əlaqədar aşağıdakı hüquqları vardır: öz səlahiyyətləri daxilində müəssisə, təşkilat, idarə və vətəndaşlardan icra ilə əlaqədar məlumat, arayış və izahat almaq; borclunun iş yerində icra sənədlərinin icrası vəziyyətini yoxlamaq; müəssisələrə, təşkilatlara, idarələrə və vətəndaşlara icra ilə əlaqədar konkret tapşırıqlar vermək; zəruri hallarda borcluya məxsus mənzilə və ya otağa daxil olmaq, orada baxış keçirmək və bütün saxlama yerlərini açmaq və baxmaq, habelə müvafiq məhkəmənin qərarına əsasən bu hərəkətləri borcluya məxsus digər şəxslərin tutduqları mənzil və otaqlarda da həyata keçirmək; əmlaka həbs qoymaq, əmlakı götürmək, saxlanmağa vermək və üzərinə həbs qoyulmuş əmlakı realizə etmək (qanuna əsasən icra sənədləri üzrə tələb yönəldilə bilməyən əmlak növlərindən başqa); tələbi borclunun hesabında olan pul vəsaitlərinə və digər qiymətli əşyalarına, banklarda və ya digər kredit təşkilatlarındakı əmanətlərinə yönəltmək; tələbi borclunun əmək haqqına, pensiyasına, təqaüdünə və sair gəlirlərinə yönəltmək; tələbi borclunun digər şəxslərdə olan pul məbləğinə və əmlakına yönəltmək; icra sənədlərində göstərilmiş predmetləri borcludan almaq və tələbkara vermək; borclunun yerinin, əmlakının, uşağının olduğu yerin müəyyən edilməsi üçün qanunla nəzərdə tutulmuş qaydada tədbirlər görmək; icra hərəkətləri ilə əlaqədar vətəndaşları və vəzifəli şəxsləri çağırmaq; icra sənədlərində göstərilən digər tədbirləri həyata keçirmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək; müvafiq icra hakimiyyəti orqanı və digər dövlət orqanlarından (qurumlarından) icra hərəkətlərinin həyata keçirilməsi ilə bağlı onların səlahiyyətlərinə uyğun olaraq yardım almaq; icra hərəkətlərinin həyata keçirilməsi ilə əlaqədar məlumatları müvafiq icra hakimiyyəti orqanının “Elektron icra” informasiya sistemi vasitəsilə əldə etmək; qanunda nəzərdə tutulmuş qaydada eyni vaxtda birdən çox məcburi icra tədbiri görmək. İcra xidməti icra məmurunun məhkəmələrin müəyyən olunmuş fəaliyyət qaydasının təmin edilməsi ilə əlaqədar aşağıdakı hüquqları vardır: kömək üçün polis və təhlükəsizlik orqanlarının əməkdaşlarının, daxili qoşunların hərbi qulluqçularının dəvət olunması üçün icra qurumunun rəhbərinə müraciət etmək; Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş qaydada və hallarda fiziki güc, xüsusi vasitə və xidməti silah tətbiq etmək. Odur ki, göstərilənlərə əsasən müəyyən edilir ki, “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında” şikayətin “icra məmurunun borclunun barəsində “inzibati protokol” tərtib etməkdən ibarət hərəkəti dayandırılması haqqında” hissəsi də, əsassızıdır. Buna görə də qəbul edilməlidir ki, işə baxmış Rayon Məhkəməsi də bu nəticəyə gəlməkdə və “icra məmurunun hərəkətlərinin qanunsuz hesab edilməsi haqqında” şikayəti təmin etməməkdə haqlı olmuşdur. Rayon Məhkəməsinin qərardadından tələbkarın verdiyi şikayət əsassızdır. Odur ki yuxarıda göstərilənlərə əsaslanan, MPM-in 398-ci maddəsində təsbit edilmiş səlahiyyətlərindən çıxış edən və MPM-in 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Hazırkı iş üzrə dair Bakı Şəhəri Xətai Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 02 iyun 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar