Məhkəmə qərarları › İş №8(103)-319/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-319/2025

10.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-319/2025 10.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ tələbkar X3 icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi barədə ərizəsinə dair iş üzrə Açar sözlər: icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X2 (sədrlik edən və məruzəçi), X4 və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, tələbkar X3 icraata xitam verilməsi haqqında qərarının ləğv edilməsi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, 8(005)-258/2025 nömrəli qərardadından borclu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. X8 İlyas məhkəməyə ərizə verərək, Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinin icra məmuru X1 icraata xitam verilməsi haqqında 17 mart 2025-cu il tarixli qərarının ləğv edilməsi, Nərimanov Rayon Məhkəməsinin e-2(005)- 2576/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli icra sənədi üzrə icra hərəkətlərinin davam etdirilməsi üçün icra işinin yenidən Bakı şəhəri Nərimanov rayon İcra şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2576/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qətnaməsi ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə qarşı iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinin 17 aprel 2024-cü il tarixli, K/M-42 saylı əmri ləğv edilərək, onun Goranboy Rayon Peşə Məktəbinin direktoru vəzifəsinə işə bərpa olunması və cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyindən 18 aprel 2024cü il tarixdən başlayaraq işə bərpa edildiyi günə qədər məcburi iş buraxma müddəti üçün əmək haqqının tutularaq ona ödənilməsi qət edilmişdir. 30 avqust 2024-cü il tarixdə məhkəmənin qeyd edilən qətnaməsinə icra sənədi verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən qətnamədən 30 avqust 2024-cü il tarixdə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilərək, qeyd edilən qətnamənin ləğv edilməsi, iddia tələbinin təmin olunmaması barədə iş üzrə yeni qətnamə qəbul olunması xahiş olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5657/2024 saylı, 11 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmədən, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e2(005)-2576/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən ünvanına 28 noyabr 2024-cü il tarixli, К/М-104 №-li əmr göndərilərək onun işə bərpa olunduğu bildirilmişdir. Tərəfindən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə məktub göndərilərək, məhkəmə qətnaməsinin qanuni qüvvəsini almadığı bildirilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5657/2024 saylı, 11 oktyabr 2024- cü il tarixli qətnaməsindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilmədiyi üçün, 19 dekabr 2024-cü il tarixdə mülki iş Nərimanov Rayon Məhkəməsinə qaytarılmışdır. Tərəfindən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyinə müraciət olunaraq Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2576/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli qətnaməsinin icra olunması xahiş olunaraq, Goranboy Rayon Peşə Məktəbinin ona təhvil verilməsinin təmin olunması xahiş olunmuşdur. Dəfələrlə müraciət etsə də, qətnamə tam icra olunmamış, Goranboy Rayon Peşə Məktəbinin möhürü, müvafiq sənədlər və avadanlıqları ona təhvil verilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin iş üzrə 21 yanvar 2025-ci il tarixli məktubu ilə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsindən Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2576/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli icra sənədinin icra olunmasının təmin olunması xahiş olunmuşdur. Lakin bu günədək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2576/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli icra sənədi icra olunmamışdır. Borclu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə məktub göndərərək icra sənədinin icra olunduğunu bildirsə də, Goranboy Rayon Peşə Məktəbi qanunvericiliklə müəyyən olunmuş qaydada ona təhvil verilməmişdir. Bu barədə Bakı şəhəri Nərimanov rayon İcra Şöbəsinə müraciət edərək, məktəbin rəsmi qaydada ona təhvil verilməsinin təmin olunmasını xahiş etsə də, icra məmuru qanunla üzərinə düşən vəzifəni yerinə yetirməmiş, qanunsuz olaraq iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul etmişdir.

3. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qətnaməsi və Bakı Apellyasiya Məhkəməsinin 11 oktyabr 2024-cü il tarixli qətnaməsi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən tam icra edilmişdir. Məhkəmə qərarlarının tələblərinə uyğun olaraq, iddiaçı E.Abışov 2024-cü il 21 oktyabr tarixli KM/104 nömrəli Əmrlə 2024-cü il 07 noyabr tarixindən Əmək və Məşğulluq altsistemində müvafiq düzəliş edilərək öz əvvəlki vəzifəsinə bərpa edilmişdir. Bununla yanaşı, işçinin məcburi işburaxma dövrü üçün hesablanan əməkhaqqı tam həcmdə ona ödənilmişdir. Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən E. Abışovun faktiki olaraq işinə başlaması üçün dəfələrlə yazılı çağırış məktubları göndərilmiş və onunla əlaqə saxlamaq üçün bütün zəruri cəhdlər göstərilmişdir. Lakin E. Abışov heç bir üzrlü səbəb olmadan əmək funksiyalarını icra etməkdən imtina etmiş və işə çıxmayaraq öz vəzifəsi üzrə təhvil təslim prosesinin həyata keçirilməsinə şərait yaratmamışdır. Faktiki vəziyyət ondan ibarətdir ki, işəgötürən məhkəmə qərarının icrası üçün tələb edilən bütün zəruri addımları atsa da, işçi öz əmək funksiyasını yerinə yetirməyə başlamamışdır. Qeyd etmək lazımdır ki, işçinin əmək funksiyasını icra etməməsi işəgötürənin hər hansı qanunsuz hərəkəti və ya hərəkətsizliyi ilə bağlı deyil. Əksinə, işəgötürən məhkəmə qərarının icrası üçün öz öhdəsinə düşən bütün vəzifələri icra etmiş, iddiaçını işinə bərpa edərək onu işləməyə dəvət etmişdir. İşçinin səbəbsiz yerə işə çıxmaması və öz vəzifə borclarını yerinə yetirməməsi onun şəxsi davranışından irəli gəlir. Bu hal icra prosesinin yenidən açılmasını və ya davam etdirilməsini şərtləndirə bilməz, çünki Elçin Abışovun işə bərpa edilməsi haqqında ƏMAS sistemində və rəsmi poçtla bildiriş təqdim edilməsinə baxmayaraq E.Abışov işə bərpa edildiyi gün yəni 07 noyabr 2024-cü il tarixində səhhətində yaranan problemlərlə əlaqədar işə çıxa bilməyəcəyini bildirmişdir. Məhkəmə qətnaməsinin icra edilməsi məqsədilə E.Abışovun işə bərpa edilərək məcburi işburaxma dövrü üçün əmək haqqının ödənilməsinə baxmayaraq, E.Abışov bugünə qədər işə çıxmamış, əmək qanunvericiliyinə əsasən hər hansı üzürlü səbəb bildirməmiş, daimi olaraq əsassız və anlaşılmaz mövqe sərgiləyərək müxtəlif şikayətlərlə dövlət və məhkəmə orqanlarında çaşqınlıq yaratmağa çalışmışdır. Bundan başqa, təhvil-təslim aktının tərtib olunmamasının yeganə səbəbi məhz iddiaçının işə başlamamasıdır. İşəgötürən tərəfindən işçinin öz vəzifəsini təhvil alması üçün bütün imkanlar verilsə də, iddiaçı bu prosesdə iştirakdan öz hərəkətləri (hərəkətsizliyi) ilə faktiki imtina etmişdir. Nəhayət, xüsusilə vurğulanmalıdır ki, Agentlik dövlət büdcəsindən maliyyələşən dövlət orqanıdır və belə bir Agentliyin tabeliyindəki təhsil müəssisələrində idarəetmənin davamlılığını təmin etmək üçün məhkəmə qərarının vaxtında icra olunması vacib idi. İcra prosesinin əsassız yerə uzadılması həmin təhsil müəssisəsində iş prosesinin və idarəetmənin pozulmasına səbəb olur.

4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 8(005)- 258/2025 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Sevinc Qurbanovanın icra sənədi üzrə icraata xitam verilməsi haqqında 17 mart 2025-ci il tarixli qərarı ləğv edilməsi və Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin e-2(005)-2576/2024 nömrəli, 19 iyul 2024-cü il tarixli icra sənədi üzrə müvafiq icra tədbirləri davam etdirilməsi qərara alınmışdır.

5. Qərardad onunla əsaslandırılmışdır ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən icra sənədi tam icra olunduqda icra sənədi icra edilmiş sayılır. Hazırki iş materiallarından isə görünür ki, məhkəmə aktı tam icra edilməmişdir, yəni iddiaçı Əmək və məşğulluq alt sistemində direktor vəzifəsinə bərpa edilsə də, faktiki olaraq səlahiyyətlərinin icrasına başlaması üçün şərait yaradılmamış, təhvil-təhsil həyata keçirilməmişdir. Halbuki cavabdehin vəzifəyə bərpa edilməsi haqqında 21 oktyabr 2024-cü il tarixli əmrinin 4-cü bəndində də “Goranboy Peşə Məktəbinin direktoru Elçin Abışovun Ticarət və Xidmət üzrə X12 Təhsil Mərkəzi Publik Hüquqi Şəxsinin direktoru Azər Rüstəmovla təhvil-təslim işlərinin aparılmasını təmin etməsi və 10 gün ərzində nəticələri barədə hesabatın Agentliyə təqdim edilməsi əmr edilmişdir. Lakin hər hansı bir hesabat məhkəməyə təqdim edilməmişdir. Digər tərəfdən məhkəmə icraatının gedişi zamanı tərəflərə təhvil-təslim üçün vaxt verilmiş, lakin xx.xx.2025-ci il tarixli aktın surətindən də göründüyü kimi, cavabdeh tərəf təhvil - təslim etmək üçün məktəbə gəlməmişdir. Bütün bunlar bir daha məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin tam şəkildə icra edilmədiyini və iddiaçının hüquqlarının pozuntusunun davam etdiyini müəyyən etməyə əsas verir. Belə ki, iddiaçının əvvəlki vəzifəsinə bərpa edilməsinə baxmayaraq, həmin vəzifədə səlahiyyətlərinin icrasına başlaya bilməməsi məhkəmə müdafiəsi hüququna və məhkəmə aktının icrasının məcburiliyi prinsipinə xələl gətirmiş olur. Bu səbəbdən icra məmurunun icra sənədi üzrə icraata xitam verməsi barədə qərarı qanunauyğun qərar hesab edilə bilməz. Borclunun iddiaçının işə bərpa edilməsinə baxmayaraq qəsdən işə çıxmaması, xəstəlik vərəqəsi gətirmədən təhvil-təslimin həyata keçirilməsinin mümkünsüzlüyü, iddiaçının əsas məqsədinin işləmədiyi dövr üçün məcburi iş buraxma müddəti üçün əmək haqqı almaq olması kimi dəlilləri ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı işə bərpa tələbi ilə bağlı mediasiyadan keçmək və məhkəməyə müraciət etmək, aylarla davam edən məhkəmə proseslərində iştirak etmək məcburiyyətində qalmışdır. Bu baxımdan iddiaçının tələbinin təmin edildiyi halda qəsdən işə çıxmaması ağlabatan deyildir. İş materiallarından və tərəflərin izahatından görünür ki, icra sənədi bir gün tez verilmiş və həmin gün də cavabdeh tərəfindən apellyasiya şikayəti daxil olmuş, dərhal məhkəmə tərəfindən icra məmuruna apellyasiya şikayətinin daxil olması, icra sənədinin icra edilmədən qaytarılması barədə məktub göndərilmişdir. İş apellyasiya məhkəməsinin icraatında olarkən iddiaçı işə bərpa edilmiş, bu barədə müvafiq əmr verilmişdir. İddiaçı isə qətnamə qanuni qüvvəyə minmədən onun icra edilməsində cavabdehin əsas məqsədinin iddiaçını işə bərpa edərək, noyabr ayında onunla bağlanmış müqaviləyə müddətin bitməsi əsası ilə xitam vermək olduğunu bildirmişdir. Göründüyü kimi, tərəflər arasında qətnamənin icra edilməsi müddəti ilə bağlı anlaşılmazlıq yaranmışdır. Hər bir halda iddiaçı qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəfə vəzifəsinin icrasına başlaması üçün şərait yaradılması məqsədilə dəfələrlə müraciət etmişdir. Həmçinin məhkəmə iclasında iştirak edən iddiaçı tərəf icra sənədi icra edildikdən sonra işə çıxmağa şərait yaradılmamasına baxmayaraq, həmin dövrdə məcburi iş buraxma müddəti üçün əmək haqqı ilə bağlı hazırda tələbinin olmadığını da bildirmişdir. Nəzərə alınmalıdır ki, qanunverici icra sənədlərinin icrası müddətlərini və bununla bağlı edilməli hərəkətlərin ardıcıllığını, icra etməməyə görə məsuliyyət məsələsini, eləcə də icra sənədinin icrasının mümkün olmaması zamanı qəbul edilməli qərarlarla bağlı məsələləri hərtərəfli tənzimləyir. Bu mənada, icra tədbirləri təsirli və qanunvericiliklə müəyyən edilmiş ardıcıllığa uyğun olmalıdır. Hər bir halda, qərar xeyrinə çıxarılmış tərəf onun icrası ilə bağlı ağlabatan müddətləri keçəcək həddə qeyri-müəyyən vəziyyətdə saxlanılmamalıdır. Belə hallar ümumən ədalət mühakiməsinə inamı sarsıda bilər. Hazırki iş üzrə icraata xitam verilməsi haqqında icra məmurunun qərarında isə məhkəmə qətnaməsinin icra edilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş bütün zəruri icra tədbirlərinin həyata keçirildiyi aşkar olunmur. Beləliklə, icra məmuru icra sənədini tam icra etmədən icra sənədi üzrə icraata xitam verilməsi haqqında qərar qəbul etmişdir. Bu səbəbdən məhkəmə icra məmurunun qərarının qanunsuz hesab edilərək ləğv edilməsini və icra sənədi üzrə tələbin icra olunması üçün müvafiq hərəkətlərin davam etdirilməsini məqsədəmüvafiq hesab edir.

6. Həmin qərardaddan borclu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi şikayət verərək qərardadın ləğv, ərizənin isə rədd olunmaması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

7. Şikayətin dəlillərinə görə, məhkəmə tərəfindən işin faktiki hallarına düzgün qiymət verilməməklə yanaşı mübahisəli maddi hüquq normalarının pozuntusuna yol verməklə yanlış mövqə ilə qərardad qəbul etmişdir. Ümumiyyətlə sözügedən qərardada nəzər yetirdikdə görünür ki, həmin qərardad qəbul edilərkən hakim qanundan çox öz subyektiv yanaşmasını ön plana çıxarmış və kifayət qədər sübut olmadan Elçin Abışovun xeyrinə qərar çıxarmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qətnaməsi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən tam icra edilmişdir. Məhkəmə qətnaməsinin tələblərinə uyğun olaraq, Elçin Abışov 21 oktyabr 2024-cü il tarixli KM/104 nömrəli əmrlə 07 noyabr 2024-cü il tarixindən Əmək və Məşğulluq alt sistemində müvafiq düzəliş edilərək öz əvvəlki vəzifəsinə bərpa edilmişdir. Bununla yanaşı, işçinin məcburi işburaxma dövrü üçün hesablanan əməkhaqqı tam həcmdə ona ödənilmişdir. Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən Elçin Abışovun faktiki olaraq işinə başlaması üçün dəfələrlə yazılı çağırış məktubları göndərilmiş və onunla əlaqə saxlamaq üçün bütün zəruri cəhdlər göstərilmişdir. Lakin o, heç bir üzrlü səbəb olmadan əmək funksiyalarını icra etməkdən imtina etmiş, telefon danışığı ilə və səs yazısı göndərərək xəstəxanada müalicə aldığını və üzürlü səbəbdən işə çıxa bilməyəcəyini qeyd etmiş, göndərdiyi növbəti səsyazmalarda isə ümumiyyətlə işə çıxmayacağını və işə bərpa edilməsinin vaxtından əvvəl həyata keçirildiyini iddia etmişdir. Beləliklə, işə çıxmayaraq öz vəzifəsi üzrə təhvil-təslim prosesinin həyata keçirilməsinə şərait yaratmamışdır. Faktiki vəziyyət ondan ibarətdir ki, işəgötürən məhkəmə qərarının icrası üçün tələb edilən bütün zəruri addımları atsa da, işçi öz əmək funksiyasını yerinə yetirməyə başlamamışdır. Ərizəçi tərəfindən təqdim olunmuş yazılı şikayətdə, onun 21 oktyabr 2024-cü il tarixli K/M-104 nömrəli əmrlə işə bərpa olunduğuna dair məlumat aldığını, lakin bu əmrin guya məhkəmə qətnaməsinin qanuni qüvvəyə minməsindən əvvəl verildiyini iddia edərək işə gəlməməsini əsaslandırmaq istəmiş, bununla da Peşə Təhsili üzrə Dövlət Agentliyinin işə bərpa əmrinə etibarsızlıq yaratmağa çalışmışdır. Ərizəçi öz şikayətində Nərimanov Rayon Məhkəməsinin 19 iyul 2024-cü il tarixli qətnaməsinin guya tam icra olunmadığını, təhvil-təslim aktının tərtib edilmədiyini, habelə Goranboy Peşə Məktəbinin möhürünün ona verilmədiyini əsas göstərərək icra hərəkətlərinin davam etdirilməsini xahiş etmişdir. Halbuki, Agentlik tərəfindən 21 oktyabr 2024-cü il tarixli əmr əsasında 07 noyabr 2024-cü il tarixində Elçin Abışovun işə bərpası tam şəkildə həyata keçirilmişdir. E.Abışov 08 noyabr 2024-cü il tarixində şifahi olaraq səhhəti ilə bağlı işə gələ bilməyəcəyini bildirmiş (bu faktı təsdiq edən səsyazıları sübut qismində məhkəməyə təqdim olunmuşdur), lakin bu günədək tibbi arayış və ya üzrlü səbəbə dair hər hansı rəsmi sənəd təqdim etməmişdir. Ərizəçinin sözgedən davranışının qəsdən vaxtı uzatmaq, işə gəlmədiyi halda məcburi iş buraxma üçün ödəniş almaq niyyətinə xidmət etdiyi ehtimal olunur. Agentlik, işəgötürən qismində çıxış edərək, E.Abışovun əmək qabiliyyətini müvəqqəti itirməsi ehtimalını nəzərə almış və nəticə etibarilə onun işə çıxmasını ən azı 6 ay müddətində gözləmişdir. Bununla belə, hazırda davam edən məhkəmə prosesi çərçivəsində formalaşmış sübutlar göstərir ki, E.Abışovun əmək funksiyalarını icra etməməsi üzürlü səbəblərlə izah oluna bilməz. Əldə olunmuş məlumatlara əsasən, E.Abışov qeyd olunan normativ tələbdən sui-istifadə edərək, qərəzli mövqe sərgiləmiş, faktiki olaraq əmək fəaliyyətinə başlamamış və bu yolla işə bərpa edildiyi tarixdən sonrakı dövrlər üçün işə çıxmamağı və bu dövrdə kompensasiyanı işləmədən, süni şəkildə müddəti uzatmaqla əldə etməyə çalışmışdır. E.Abışov xəstəlik səbəbindən işə çıxa bilməyəcəyini bildirərək Agentliyi məlumatlandırsa da, onun müxtəlif inzibati orqanlara ünvanladığı müraciətlərə Agentlik tərəfindən cavab verilmiş və bu müraciətlərin cavablandırılması zamanı həmin məsələlər dəfələrlə ərizəçinin diqqətinə çatdırılmışdır. Lakin sonrakı mərhələdə müəyyən edilmişdir ki, E.Abışov 23 yanvar 2025-ci il tarixindən etibarən Goranboy Peşə Məktəbinin Xocalı filialında müəllim vəzifəsində əmək fəaliyyətini davam etdirmişdir. Bu hal, onun əmək qabiliyyətini itirmədiyini və müvafiq vəzifə funksiyalarını yerinə yetirməyə tam qadir olduğunu açıq şəkildə sübut edir. Nəticə olaraq, bu faktlar nəzərə alınmaqla, Agentlik tərəfindən ərizəçiyə xəbərdarlıq xarakterli məktublar göndərilmiş, əmək fəaliyyətinə başlaması xahiş olunmuş və eyni zamanda işə çıxmadığı təqdirdə qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi barədə məlumat verilmişdir. Agentlik məhkəmə qərarının icrası üçün zəruri olan bütün tədbirləri vaxtında görmüş, əmr vermiş, işə bərpa barədə məktublar təqdim etmiş və ərizəçini iş yerinə dəvət etmişdir. E.Abışov 07 noyabr 2024-cü il tarixində işə bərpa edilsə də, faktiki olaraq işə gəlməmiş və bu hal müəssisənin idarə olunmasına əngəl yaratmışdır. Agentlik qanunvericiliyin tələbinə uygun olaraq, işçinin üzrlü səbəbdən işə çıxmamasının təsdiqini (məsələn, tibbi vərəqə) gözləmək məcburiyyətində qalmışdır. Beləliklə, 07 noyabr 2024-cü il tarixindən etibarən E.X10 Məktəbinin direktoru vəzifəsinə bərpa edilmiş hesab olunsa da, o, faktiki olaraq əmək funksiyalarını icra etməmiş, məcburi işburaxma dövrünü süni şəkildə uzatmış və əsassız şəkildə qeyri-adekvat davranış nümayiş etdirərək ədalət mühakiməsini çaşdırmağa cəhd göstərmişdir. X6 Məktəbinə hər gün gəlməsi barədə iddiası reallığı əks etdirmir. Belə ki, Goranboy Peşə Məktəbinin Xocalı filialı həmin məktəbin əsas binasından coğrafi baxımdan ayrı məkanda yerləşir və öz fəaliyyətini müstəqil şəkildə davam etdirir. Qeyd olunan halda, Goranboy Peşə Məktəbinin əsas binası rayonun Dəliməmmədli kəndində, Xocalı filialı isə Goranboy rayonunun Civəzadə küçəsində yerləşir. Bu səbəbdən, ərizəçinin qeyd olunan iddiası əsassız olub, məhkəməni yanlış yönləndirmək və faktiki olaraq işə çıxmamasını əsaslandırmaq məqsədi daşıdığı qənaəti formalaşır. Ərizəçi yalnız Goranboy Peşə Məktəbinin direktoru vəzifəsi üzrə Peşə Təhsili üzrə Dövlət Agentliyi ilə əmək münasibətlərinə daxil olmuşdur. Onun müəllim kimi fəaliyyəti isə birbaşa həmin peşə təhsili müəssisəsi ilə bağlanmış müstəqil əmək müqaviləsinə əsasən həyata keçirilmişdir. Bu səbəbdən, E.Abışovun 23 yanvar 2025-ci il tarixindən etibarən Goranboy Peşə Məktəbinin Xocalı filialında müəllim vəzifəsində əmək fəaliyyəti ilə məşğul olması Agentliyə yalnız sonradan məlum olmuş, bu fakt təsdiqləndikdən dərhal sonra ərizəçinin ünvanına məktub göndərilərək sağlamlıq vəziyyətinin bərpa olunduğu əsas götürülərək əmək funksiyalarının icrasına dərhal başlaması tələb edilmişdir. Ərizəçinin məhkəməyə təqdim etdiyi təhvil-təslim aktının məhz məhkəmə prosesinin gedişində tərtib edilməsi və indiyədək bu barədə hər hansı məlumatın verilməməsi, onun gerçək niyyətini açıq şəkildə ortaya qoyur. Əgər ərizəçi belə bir aktı tərtib edə biləcək imkan və iradəyə malik idisə, onun bu sənədi vaxtında, yəni işə dəvət olunduğu dövrdə təqdim etməməsi ciddi hüquqi və məntiqi suallar doğurur. Bu isə onu deməyə əsas verir ki, ərizəçi sözügedən aktı sadəcə məhkəmə prosesinə aldadıcı təsir göstərmək, bu günədək işə çıxmamasına dair məsuliyyəti örtbasdır etmək və süni əsas yaratmaq məqsədilə təqdim etmişdir. Belə bir davranış işəgötürənin hərəkətsizliyi ilə deyil, məhz ərizəçinin qərəzli mövqeyi ilə izah olunmalıdır.

8. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 13 iyun 2025-ci il tarixli, 8(005)- 258/2025 nömrəli qərardadı ilə şikayət təmin olunmayaraq işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

9. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 20.1. İcra sənədi üzrə icraata aşağıdakı hallarda xitam verilir: 20.1.5. icra sənədi tam icra olunduqda. Maddə 20.6. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı məhkəmə tərəfindən ləğv edildikdə icra tədbirləri davam etdirilir. Bu zaman icra sənədinin icra müddəti icraata başlamaq haqqında qərarın qəbul edildiyi vaxtdan hesablanır Maddə 20.7. İcraata xitam verilməsi barədə icra məmurunun qərarı bu Qanunun 20.4-cü və 20.5-ci maddələrinə müvafiq olaraq ləğv olunmadıqda və ya ondan şikayət verilmədikdə, şikayət verildikdə isə bu şikayətin təmin olunmaması barədə məhkəmə qərarı qanuni qüvvəyə mindikdən sonra icra sənədi 3 gün müddətində onu vermiş məhkəməyə və ya digər orqana(notarius istisna olmaqla) geri qaytarılır. Maddə 70.2. İşə bərpa etmək haqqında icra sənədi dərhal icra edilir. Qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. Maddə 70.3. Bu Qanunun 70.1-ci və 70.2-ci maddələri ilə nəzərdə tutulmuş tələblər borclu tərəfindən üzrsüz səbəblərdən yerinə yetirilmədikdə, icra məmuru borclu barəsində bu Qanunun 82-ci maddəsi ilə müəyyən edilmiş tədbirləri görür

10. Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” 2015-ci il 2 sentyabr tarixli Qərarı: “Məhkəmə müdafiəsi hüququ bir tərəfdən hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər tərəfdən isə məhkəmələrin həmin müraciətlərə ağlabatan müddətdə baxmaq və ədalətli qərar qəbul edərək, onların vaxtında icra edilməsinə nəzarət etmək vəzifəsini müəyyən edir. İcra sənədini vermiş məhkəmənin icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət etmək funksiyası, həmçinin “İcra haqqında” Qanunun 20-ci maddəsində nəzərdə tutulan icraata xitam verilməsinin əsasları və qaydalarından da irəli gəlir”

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Borclu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi vəsatətlə məhkəməyə müraciət edərək şikayətə şifahi məhkəmə iclasında baxılmasını xahiş etmişdir. Vəsatət onunla əsaslandırılmışdır ki, işin mahiyyətinə dair əsaslandırılmış və ətraflı izahatların verilməsi zərurəti yaranmışdır.

13. Məhkəmə kollegiyası vəsatətə münasibətdə qeyd edir ki, yaranmış mübahisənin mahiyyəti icra sənədinin tam icra olunması ilə bağlıdır, bu hal isə yalnız yazılı sübutlar əsasında müəyyən olunaraq “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 70.2-ci maddəsinin tələbləri baxımından qiymətləndirilməlidir. Həmin normanın tələbinə görə qanunsuz olaraq işdən çıxarma və ya başqa işə keçirmə haqqında sərəncamın ləğv olunması barədə müdiriyyətin müvafiq əmrindən sonra işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başladığı andan icra sənədi icra olunmuş hesab edilir. Yəni, məhkəmənin müəyyən etməli olduğu məsələ işçinin əvvəlki vəzifələrini yerinə yetirməyə başlayıb – başlamamasıdır. Buna görə də məhkəmə kollegiyası bu qənaətə gəlir ki, şikayətə şifahi məhkəmə iclasında baxılması üçün əsaslar mövcud deyildir.

14. Birinci instansiya məhkəməsi tərəfindən işin halları ilə bağlı düzgün araşdırma və qiymətləndirmə aparıldığından məhkəmə kollegiyası əlavə araşdırmaya zərurət görmür və həmçinin qeyd edir ki, iddiaçı Əmək və məşğulluq alt sistemində direktor vəzifəsinə bərpa edilsə də, faktiki olaraq səlahiyyətlərinin icrasına başlaması üçün şərait yaradılmamış, təhvil-təhsil həyata keçirilməmişdir.

15. 21 oktyabr 2024-cü il tarixli əmrin 4-cü bəndində də “Goranboy Peşə Məktəbinin direktoru Elçin Abışovun Ticarət və Xidmət üzrə X12 Təhsil Mərkəzi Publik Hüquqi Şəxsinin direktoru Azər Rüstəmovla təhvil-təslim işlərinin aparılmasını təmin etməsi və 10 gün ərzində nəticələri barədə hesabatın Agentliyə təqdim edilməsi əmr edilmişdir. Lakin borcul tərəfindən məhkəməyə hər hansı bir hesabat təqdim olunmamışdır.

16. Qeyd olunan xüsusatlar icra məmuru tərəfindən araşdırılmadan icra sənədi üzrə icraata xitam verilməsi barədə qərar qəbul olunmuşdur və buna görə də birinci instansiya məhkəməsi əsaslı olaraq bu qərarın ləğv olunması qənaətinə gəlmişdir.

17. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslıdır, şikayətin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunmaqla, qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

18. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, 8(005)- 258/2025 nömrəli qərardadından borclu Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 02 may 2025-ci il tarixli, 8(005)- 258/2025 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar