Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-320/2022 06.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Həsənov Rəşad Məhəmməd oğlunun sədrliyi və məruzəsi ilə, Məmmədov Məmməd Allahverdi oğlu və Məhərrəmova Şeyda Ədalət qızından ibarət tərkibdə, X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2508/2019 saylı, xx.xx.2019cu il tarixli qətnaməsi üzrə ödəməli olduğu alimentin 95 manatının övladı X6 adına açılacaq bank hesabına köçürülməsi barədə ərizəsinin təmin edilməməsinə dair Yasamal Rayon Məhkəməsinin 8(004)-580/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərardadından X3 tərəfindən verilmiş şikayətə əsasən mülki işə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, Müəyyən etdi : X3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2508/2019 saylı, 02 aprel 2019-cu il tarixli qətnaməsinin icra üsulunun və qaydasının dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Maraqlı şəxs yanında qalan övladı xx.xx.2014-cü il tarixli X7 yetkinlik yaşına çatana qədər 2022-ci il üçün ödədiyi 193 manat, sabit pul məbləğindən, uşaqlar üçün hər il təyin edilən minimum yaşayış həddinə uyğun olaraq 50 faizdən çox olmayan 95 manat aliment vəsaitinin övladının adına, bank hesabına köçürülməsi haqqında qərardad qəbul edilib və icra üçün Binəqədi rayon icra şöbəsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Yasamal Rayon Məhkəməsinin 8(004)-580/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə X2 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2508/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi üzrə ödəməli olduğu alimentin 95 manatının övladı X6 adına açılacaq bank hesabına köçürülməsi barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır. X3 Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2 (004)-580/2022 saylı, xx.xx.2022ci il tarixli qərardadından xx.xx.2022-ci il tarixdə elektron məhkəmə sistemi vasitəsi ilə şikayət verərək, müvafiq qərardadın ləğv edilməsi barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-580/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin olunmayaraq baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra Haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Azərbaycan Respublikası MPM-in 231.1-ci maddəsinə əsasən işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Məhkəmələr bu məsələləri həll etdikdə təkcə borclunun deyil, tələbkarın mənafeyini də nəzərə almalıdırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair 22 may 2015-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin məzmununa müvafiq olaraq, möhlət verilməsi qanuni qüvvəyə minmiş qətnamə ilə həll olunduqdan sonra birinci instansiya məhkəməsi işdə iştirak edən şəxslərin ərizəsi əsasında qətnamənin icra qaydasının dəyişdirilməsi məsələsinə baxmağa haqlıdır. Bu zaman məhkəmə hər bir konkret halda Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinin və 71-ci maddəsinin İİ hissəsinin, habelə “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Konstitusiya Qanununun 3-cü maddəsinin müddəalarından çıxış edərək, qanuni quvvəyyə minmiş məhkəmə qətnaməsinin daha səmərəli icrasına nail olmaq məqsədilə, konstitusiya mütənasiblik prinsipi əsasında tələbkarların və borcluların hüquqlarının ədalətli və ağlabatan tarazlığını təmin etməklə, onların konstitusiya hüquqlarının mahiyyətini dəyişməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Kollegiya qeyd edir ki, X2 ərizəsi Yasamal Rayon Məhkəməsinin 2 (004)-2508/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə 06 avqust 2014-cü il təvəllüdlü X1 üçün hər ay 160 (yüz altmış) manat sabit pul məbləğində alimentin və hər ay müalicə xərcləri üçün 80 (səksən) manat pul məbləğinin tutulması qət edilmişdir. Hazırda ərizəçi bildirir ki, onunla tələbkar arasında alimentin ödənilməsi ilə bağlı razılıq əldə edilmiş və həmin razılığa əsasən o, həm aliment, həm əlavə xərclər, həm də alimentlə bağlı yaranmış borclarının əvəzi olaraq, tələbkara hər ay cəmi 300 manat pul ödəyir. Hazırda isə həmin 300 manat pulun 50% hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsini istəyir. Həmçinin, borclu bu məsələnin məhkəmə qərarının icrası üsulu və qaydasının dəyişdirilməsi şəklində həll edilməsini xahiş edir. Kollegiya bununla bağlı ilk növbədə qeyd edir ki, adıçəkilən məhkəmə qətnaməsində X4 tutularaq iddiaçı Maraqlı şəxs ödənilməli olan aliment məbləği 300 manat deyil, 160 manat müəyyən edilmişdir. Borclu Ü.Hüseynovun ərizəsindən bəlli olur ki, o, həmin borcu vaxtında ödəməmişdir və nəticədə onun aliment borcu yaranmışdır. Hazırda o, həm aylıq ödəməli olduğu alimenti, həm əvvəlki aylarda ödənilməmiş alimentlərə görə yaranmış borcu, həm də əlavə xərclərə görə ödəməli olduğu məbləği ödəməlidir. Göründüyü kimi, borclu Ü.Hüseynov hazırda alimentin deyil, faktiki olaraq həm əvvəlki aylarda ödəmədiyi aliment borcunun, həm də əlavə xərclərə görə ondan tutulmalı olan pul məbləğinin 50% hissəsinin uşağın adına açılmış bank hesabına köçürülməsini xahiş edir. Halbuki, qətnamə ilə ödənilməli olan aliment məbləği cəmi 160 manat təşkil edir. Tərəflərin yaranmış borcun ödənilməsi qaydası və məbləği ilə bağlı sonradan öz aralarında razılaşdıqları məbləğ məhkəmə qətnaməsi ilə müəyyən edilmədiyindən və məcburi xarakter daşımadığından, həmin məbləğin ödənilməsi qaydası və şərtləri qətnamənin icra üsulu və qaydasının dəyişdirilməsi çərçivəsində həll edilə bilməz. Kollegiyanın qənaətinə görə, burada söhbət yalnız məhkəmə qətnaməsi ilə müəyyən edilmiş aliment məbləğinin (160 manat) 50 faizinin uşağın adına açılacaq bank hesabına köçürülməsindən gedə bilər ki, bu da müstəqil iddianın predmeti hesab olunmaqla, iddia icraatı qaydasında həll edilməli məsələdir. Belə ki, Ailə Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmə uşağa görə aliment ödəyən valideynin tələbi ilə alimentin 50 faizdən çox olmayan məbləğini yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürmək barədə qərar çıxara bilər. Bu maddənin dispozisiya şərtindən göründüyü kimi, alimentin müəyyən hissəsinin yetkinlik yaşına çatmayan uşağın adına açılmış bank hesabına köçürməsi məsələsi maddi hüquqi tələb olmaqla, aliment ödəyən valideynin tələbi əsasında həll edilir. Qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi isə məhkəmənin qətnaməsinin icrasına yönəlmiş tədbir olmaqla, onun məzmununu dəyişmədən həmin qətnamədə müəyyən edilmiş nəticənin icrasının təmin edilməsinə xidmət edir. Halbuki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 02.09.15-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, “....qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bu vəzifələr (qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi, əlavə qətnamənin çıxarılması, qətnamənin izah edilməsi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi, icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli pul məbləğlərinin indeksasiyası) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır.” Kollegiya hesab edir ki, hazırkı iş üzrə qəbul edilmiş qətnamədə ödənilməli alimentin məbləğinin 50 faizinin uşağın adına açılmış bank hesabına köçürülməsi nəzərdə tutulmadığından, bu cür tədbirin qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi qaydasında həyata keçirilməsi həmin qətnamənin səmərəli icrasını təmin etməməklə yanaşı, faktiki olaraq, qəbul edilmiş məhkəmə qətnaməsinin məzmununu dəyişmiş olardı. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən məsələ üzrə düzgün nəticəyə gəlmişdir və şikayətin dəlilləri məhkəmənin qərardadın ləğv edilməsi üçün əsas deyildir. Ona görə də, birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397-398, 400-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ : Şikayət təmin edilməsin. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-580/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-320/2022
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-320/2022
06.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver