Məhkəmə qərarları › İş №8(103)-320/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-320/2024

10.09.2024 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-320/2024 10.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Babayev Fuad Fikrət oğlu və X1 ibarət tərkibdə, Yasamal rayon icra şöbəsinin (icra məmuru Sahib Allahverdiyev) borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə təqdimatına dair iş üzrə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-336/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayət üzrə apellyasiyanın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-829/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinə əsasən Borclu xx.xx.2020-ci il tarixli Təhsil Müqaviləsinə əsasən təhsil xərci əvəzi olaraq ödənilmiş 12629,47 Avro məbləğində vəsait (ödəniş günü Mərkəzi Bankın məzənnəsinə uyğun olaraq), mediasiya prosesi üçün ödənilmiş 50 manat xidmət haqqı, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 109 manat dövlət rüsumu tutularaq iddiaçı Tələbkar ASC-nin xeyrinə ödənilməlidir. Bakı şəhəri Yasamal rayon icra şöbəsinin icra məmuru Sahib Allahverdiyev təqdimatla məhkəməyə müraciət edərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-829/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədinin icrasını təmin etmək məqsədilə Borclu ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixli qərarla icraata başlanmış icra sənədi üzrə Borclu qızı könüllü müəyyən olunmuş vaxtda borcun ödənilməsi üçün bildiriş göndərilməsinə, şifahi xəbərdarlıq edilməsinə baxmayaraq, borclu icranı könüllü təmin etməmiş, tələbin borclunun əmlakı hesabına ödənilməsi istiqamətində görülmüş tədbirlər isə müsbət nəticə verməmişdir. “Elektron icra” İnformasiya sistemi vasitəsilə inteqrasiya olunmuş DYP, Milli Depozit Mərkəzi, Dövlət Vergi Xidməti və banklardan əldə edilmiş məlumatlarda borcluya məxsus pul vəsaiti və əmlak aşkar edilməmişdir. “Elektron icra” İnformasiya sistemindən məlum olur ki, borclunun mülkiyyətində hər hansı əmlak yoxdur. Belə olan icra sənədinin icrasını təmin etmək məqsədilə borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını məqsədəmüvafiq hesab edir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-336/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim Gülnar Babazadə) təqdimat təmin olunaraq, xx.xx.1993-cü il təvəllüdlü ünvan 1 ünvanında yaşayan Borclu ölkədən getmək hüququ Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-829/2023 saylı, xx.xx.2023-cü il tarixli icra sənədi icra edilənədək müvəqqəti məhdudlaşdırılması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan Borclu (bundan sonra borclu) şikayət vermiş, şikayət məhkəmənin xx.xx.2024-ci il tarixli qərardadı ilə qaytarılmışdır (qanunvericiliklə müəyyən edilmiş müvafiq formaya uyğun tərtib edilmədiyindən). Bundan sonra, borclu tərəfindən verilmiş şikayət yenidən Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-336/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə qaytarılmış, borclu isə məhkəməyə daha bir şikayət ünvanlayaraq məhkəmənin məhz 20 iyun 2024-cü il tarixli qərardadının ləğv olunmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-336/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayət baxılması üçün mülki iş materialları Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 8(103)-320/2024 nömrəli, 22 avqust 2024-cü il tarixli qərardadı ilə şikayətə apellyasiya qaydasında yazılı icraat şəklində baxılması mümkün hesab olunaraq, icraata qəbul olunmuşdur. İşə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 397.2-ci maddəsinə əsasən yazılı icraat qaydasında baxılmış, bu barədə tərəflərə əvvəlcədən məlumat (bildiriş) göndərilmiş, şikayətə etiraz, həmçinin tərəflərin işə məhkəmə iclasında baxılması barədə vəsatətləri daxil olmamışdır. Məhkəmə kollegiyası, şikayəti nəzərdən keçirib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayətə mahiyyəti üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılmadığından, hazırki vəziyyətdə ona apellyasiya qaydasında hüquqi qiymət verilməsi mümkün deyildir. Belə ki, MPM-nin 267.1 və 268-ci maddələrinə əsasən məhkəmə tərəfindən ayrıca akt şəklində qəbul edilmiş qərardaddan bu Məcəllədə göstərilmiş hallarda şikayət verilə bilər. Şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. MPM-nin 267.2 və 267.3-cü maddələrinə əsasən işdə iştirak edən şəxslər və qərardadın bilavasitə aid olduğu digər şəxslər şikayət vermək hüququna malikdirlər.Şikayət yazılı şəkildə qərardadı qəbul edən məhkəməyə verilir. MPM-nin 269-cu maddəsinə əsasən şikayətə qərardadı qəbul etmiş birinci instansiya məhkəməsi tərəfindən 3 gün müddətində yazılı icraat qaydasında baxılır. Şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Əks təqdirdə bu şikayət baxıldıqdan sonra 7 gün müddətində işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə, bu Məcəllənin 32.5-ci maddəsində nəzərdə tutulmuş qaydada aidiyyət haqqında qərardaddan şikayət verildikdə isə həmin şikayət bu Məcəllənin 403-1.5-ci maddəsinin tələbləri izah edilməklə işdə iştirak edən şəxslərə rəsmi qaydada verilir və iş kasasiya instansiyası məhkəməsinə göndərilir. İşdən görünür ki, borclu şəxs Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(004)-336/2024 nömrəli qərardadından ilkin olaraq verdiyi şikayət qaytarılmış, sonra borclu buraxılmış prosessual müddətin bərpası barədə ərizə əlavə etməklə yeni şikayət vermiş, 20 iyun 2024-cü il tarixli qərardadın ləğv olunmasını xahiş etmiş, lakin həmin şikayət də məhkəmə tərəfindən xx.xx.2024-cu il tarixdə eyni əsasla (şikayətin apellyasiya şikayəti üçün qanunvericlikdə nəzərdə tutulmuş forma və məzmun tələbinə cavab vermədiyindən) geri qaytarmışdır. Bundan sonra, yəni xx.xx.2024-cü il tarixdə borclu tərəfindən yenidən məhz məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadından şikayət verilmiş, lakin məhkəmə özünün xx.xx.2024-cü il tarixli qərardadı ilə şikayətə mahiyyəti üzrə baxmamış, yanlış olaraq xx.xx.2024-cü il tarixli qərardadının dəyişdirilmədən saxlanılması nəticəsinə gəlmişdir. Halbuki, borclu sonuncu dəfə Yasamal Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərardadından deyil, xx.xx.2024-cü il tarixli qərardadından şikayət vermişdir. Göründüyü kimi, qərardaddan verilmiş şikayətə mahiyyəti üzrə birinci instansiya məhkəməsi tərəfindən baxılmadığından, hazırki vəziyyətdə ona apellyasiya qaydasında hüquqi qiymət verilməsi mümkün deyildir (apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdur). Bu səbəbdən də, Bakı Apellyasiya Məhkəməsinin 8(103)-320/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunmalı, iş materialları şikayətə MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilməlidir. MPM-in 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366 və 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 8(004)-336/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə hazırki vəziyyətdə apellyasiya qaydasında baxılması üçün prosessual əsaslar mövcud olmadığından, şikayətin icraata qəbul edilməsi barədə Bakı Apellyasiya Məhkəməsinin 8(103)-320/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ləğv olunsun, iş materialları şikayətə MPM-nin 269-cu maddəsinə əsasən baxılması üçün Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar