Məhkəmə qərarları › İş №8(103)-321/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-321/2023

12.09.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-321/2023 12.09.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakim Şirinov İkram Sabir oğlunun sədrliyi və məruzəsi ilə, Hakimlər Cəfərov Namiq Şamil oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Mirzəyev Ziya Əziz oğlunun katibliyi ilə, Nəsimi Rayon Məhkəməsinin 8(006)-232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, m ü ə y y ə n e t d i:

1. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icraatında olan e120964/2023-5-34 saylı icra işi üzrə qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022- ci il tarixli, 2(006)-41/2022 saylı qətnaməsinin icrasına 1 il müddətinə möhlət verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

2. Nəsimi Rayon Məhkəməsinin 8(006)-232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(006)- 41/2022 saylı qətnaməsinin icrasına möhlət verilməsi barədə Borclu tərəfindən verilmiş ərizənin təmin edilməmişdir.

3. Həmin qərardaddan borclu tərəfindən verilmiş şikayət rayon məhkəməsinin eyni saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə təmin edilməmiş və baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

4. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, hazırkı şikayətə yazılı icraat qaydasında baxılır.

5. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir.

6. Məhkəmə kollegiyası işin materiallarını nəzərdən keçirib, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, rayon məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır.

7. «İcra Haqqında» Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsinə əsasən tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

8. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231.1. maddəsinin mənasından görünür ki, qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə dair ərizələrə baxarkən işə baxmış hakim tərəfindən tərəflərin əmlak vəziyyəti və digər hallar nəzərə alınmalıdır.

9. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsində təsbit olunmuşdur ki, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir, habelə məhkəmə qərarlarının icra olunmaması qanunla müəyyən olunmuş məsuliyyətə səbəb olur.

10. Bundan başqa, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir çox qərarlarında formalaşdırdığı hüquqi mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində müəyyən olunmuş «məhkəmə araşdırması hüququ» təkcə məhkəməyə müraciəti və yekun məhkəmə aktının qəbulunu deyil, həm də (və mütləq qaydada) məcburi qüvvəyə malik yekun məhkəmə aktının icrasını nəzərdə tutur. Məhkəmə, Burdov Rusiyaya qarşı iş üzrə Qərarında həmçinin qeyd etmşdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər, lakin bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüquqların mahiyyətinə xələl gətirməməlidir. (Burdov Rusiyaya qarşı iş üzrə 2002-ci il 7 may tarixli Qərar, § 35)

11. Məhkəmənin mövqeyinə görə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində tərəflərə verilən prosessual təminatlar (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) məhkəmə qərarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. İştirakçı dövlətlərin daxili qanunvericiliyi tərəflərdən birinin ziyanına məhkəmə qərarının icra olunmadan qalmasına imkan versəydi, onda 6-cı maddədə nəzərdə tutulmuş (təminat verilən) məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrasına Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün «məhkəmə araşdırmasının» ayrılmaz tərkib hissəsi kimi baxılmalıdır (Hornsbi Yunanıstana qarşı iş üzrə 1997-ci il 19 mart tarixli Qərar, § 40).

12. Həmin mövqeyini təkrarlayaraq, Avropa Məhkəməsi Azərbaycana qarşı bir sıra qərarlarında da yekun məhkəmə qərarlarının icra edilməmiş qalmasının Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin pozuntusu olduğunu müəyyən etmişdir. (Tarverdiyev Azərbaycana qarşı (şikayət №33343/03) işi üzrə 26 iyul 2007-ci il tarixli Qərar, Əfəndiyeva Azərbaycana qarşı (şikayət №31556/03) iş üzrə 25 oktyabr 2007-ci il tarixli Qərar, Hacıyeva və başqaları Azərbaycana qarşı (şikayətlər № 50766/07, 50786/07, 50871/07 və 50913/07) iş üzrə 08 iyul 2010-cu il tarixli Qərar və s.)

13. Birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşan kollegiya qeyd edir ki, ərizənin təmin edilməsi tələbkarın mənafeyinə ciddi xələl gətirməklə, məhkəmə aktlarının vaxtında icra edilməməsi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin də bir çox qərarlarında dəfələrlə vurğuladığı kimi ədalətli məhkəmə araşdırmasının həyata keçirilməsi prinsipini də pozur.

14. Beləliklə, məhkəmə kollegiyası rayon məhəməsinin mövqeyi ilə razılaşaraq ərizəçinin qətnamənin icrasına möhlət verilməsi ilə bağlı gətirdiyi dəlilləri əsassız sayır və hesab edir ki, borclunun ərizəsində göstərilən hallar hazırkı iş üzrə qanuni qüvvədə olan məhkəmə qətnaməsinin icrası üçün mane olan hal kimi qiymətləndirilə bilməz.

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: - 398.0.1. məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; - 398.0.2. qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; - 398.0.3. qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək.

16. «Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinə dəyişikliklər edilməsi haqqında» (2021-ci il 1 oktyabr tarixdən qüvvəyə minmiş) 09 iyul 2021-ci il tarixli Azərbaycan Respublikasının Qanununa əsasən Məcəllənin 402-ci maddəsinə əsasən Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi, bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında qərardadlarından kassasiya şikayəti verilə bilər.

17. Qeyd olunanlardan müəyyən olunur ki, hazırkı qərardaddan kassasiya şikayəti verilməsi nəzərdə tutulmamışdır.

18. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398, 400, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

q ə r a r a a l d ı:

Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Hazırkı iş üzrə Nəsimi Rayon Məhkəməsinin 8(006)-232/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı onun şikayətinə əsasən dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir, qərardaddan şikayət verilə bilməz.

Sədrlik edən: İkram Şirinov Hakimlər: Namiq Cəfərov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar