Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-323/2021 06.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri – Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Məmmədova Şərafət Asif qızı və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi X14 oğlunun katibliyi, Tələbkarın nümayəndəsi Fomin Vadim və tərcüməçi X2 iştirakı ilə, Tələbkarlar X6 və Tələbkar2 «icra məmurunun hərəkətsizliyi» barədə şikayət ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 8(011)-419/2021 saylı qərardadından tələbkarlar X9 və Tələbkar2 tərəfindən verilmiş şikayət üzrə işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Tələbkarlar X9 və Tələbkar2 icra məmurunun hərəkətsizliyindən şikayətlə birinci instansiya məhkəməsinə müraciət etmişlər. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı Apelyasiya Məhkəməsinin 27 noyabr 2019-cu il tarixli, 2(103)-13846/2019 saylı qətnaməsi üzrə 20 iyul 2020-ci il tarixdə icra vərəqəsi verilmişdir. Həmin icra sənədi üzrə icra işi Bakı şəhəri Xətai rayon İcra və Probasiya şöbəsinin icra məmuru X3 icraatındadır. İcra sənədi üzrə borclu X5 cəmi 2251,01 manat məbləğində pul X6 xeyrinə ödənilməli, 30 manat pul X6 və Tələbkar2 xeyrinə ödənilməli, X13un üzərinə Bakı şəhəri, Xətai rayonu, Cavanşir küçəsi, 7 saylı evin 99 saylı mənzilindən 2 ədəd qəhvəyi rəngli kreslo, 1 ədəd qəhvəyi rəngli divan, 1 ədəd qəhvəyi rəngli güllü çarpayı, 1 ədəd boz rəngli «Supermax» markalı televizor, 1 ədəd boz rəngli «LG» markalı videomaqnitofon və kitabların götürülməsi vəzifəsi qoyulmalıdır. İcra məmurunun 29 iyul 2020-ci il tarixli qərarına əsasən icra sənədi üzrə icraata başlanılmışdır. X12 10 gün müddətində icranın könüllü olaraq təmin etməsi təklif olunmuşdur. İcra sənədi üzrə icraata başlanılmasından 2 aydan çox müddət keçməsinə baxmayaraq, icra sənədində göstərilən tələblərin icra olunması təmin edilməmişdir. X13 icra sənədini qəsdən icra etmir, icra məmuru V.Mahmudov isə bütün zəruri icra hərəkətlərini həyata keçirmir, bunun nəticəsində tələbkarların qanunla qorunan hüquq və mənafeləri kobud şəklində pozulur. Dövlət adından qəbul edilmiş və qanuni qüvvəyə minmiş məhkəmə aktına bu cür yanaşması qəbuledilməzdir. Qeyd edilənlərə əsasən, məhkəmədən ərizənin təmin olunması xahiş edilmişdir. Bakı şəhəri Xətai Rayon Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 8(011)- 419/2021 saylı qərardadı ilə (hakim Lalə Rəhimli) ərizə təmin edilməmişdir. Qərardaddan narazı olan tələbkarlar ondan şikayət verilmiş, şikayət təmin edilməyərək, baxılması üçün işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Şikayətin dəlilləri: Şikayət birinci instansiya məhkəməsinə təqdim edilmiş icra məmurunun hərəkətsizliyindən şikayətin dəlilləri ilə əsaslandırılmışdır. İzahatlar, prosessual məsələlər: Məhkəmə iclasında iştirak edən tələbkarın nümayəndəsi Fomin Vadim şikayətin dəlillərinə uyğun izahat vermiş, əlavə olaraq göstərmişdir ki, şikayətin verilməsində əsas məqsədləri qanuni qüvvədə olan məhkəmə qərarının icra məmuru tərəfindən qanunla müəyyən olunmuş müddət ərzində icra olunmaması, hərəkətsizlik göstərməsi olmuşdur. Birinci instansiya məhkəməsi şikayəti mahiyyəti üzrə tam və ətraflı araşdırmamış, icra sənədinin icra olunmamasının səbəblərini yoxlamamışdır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyasından şikayətin təmin edilməsini xahiş etmişdir. İşə baxılması ilə bağlı məhkəmə iclasının yeri və vaxtı barədə digər şəxslərə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, onlar naməlum səbəblərdən məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 376.2-ci maddəsinə əsasən işə həmin şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası məruzəni və izahatları dinləyib, şikayətin dəlililərini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə müdafiəsi hüququnun tam həcmdə həyata keçirilməsi və pozulmuş hüquqların ədalət mühakiməsinin əsas prinsiplərinin tələblərinə cavab verən şəkildə bərpa edilməsi üçün qanunvericilikdə digər təminatlar da nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Birinci instansiya məhkəməsi şikayəti rədd edərkən göstərmişdir ki, tələbkarlar şikayətdə tələbin icra məmurunun şəxsi hesabına təmin edilməsini xahiş edirlər. Halbuki, pul vəsaiti icra sənədi üzrə X13dan tutulmuşdur. İcra sənədi üzrə tələbin icra məmurunun şəxsi hesabına ödənilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Bundan başqa isə, məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında tutulmuş pul tələbinin icra sənədi üzrə icra məmurundan tutulması qanunvericiliyin tələblərinə ziddir. Göründüyü kimi, birinci instansiya məhkəməsi şikayətə formal (hərfi mənada) yanaşmış, şikayətin verilməsinə əsas olan səbəbin məhz icra məmuru tərəfindən icra sənədinin qanunla müəyyən olunmuş müddət ərzində icra olunmamasını, şikayətin icra məmurunun hərəkətsizliyindən verilməsi və s. bu kimi halları nəzərə almamışdır. Yəni, birinci instansiya məhkəməsi yalnız icra sənədi üzrə tələbin icra məmurunun şəxsi hesabına ödənilməli olması ilə bağlı şikayətin dəlilinə hüquqi qiymət verməklə kifayətlənməməli, eyni zamanda icra məmurunun hərəkətsizliyi ilə bağlı dəlilləri araşdırmalı, icra sənədinin vaxtında icra olunmaması ilə bağlı məsələlərə də münasibət bildirməli idi. İş materiallarından isə görünür ki, birinci instansiya məhkəməsi ərizəyə baxarkən, ümumiyyətlə icra işini tələb edərək ona baxış keçirməmiş, icra vəziyyətini və həyata keçirilmiş icra tədbirlərini, bu istiqamətdə icra məmurunun hərəkətsizliyinin olubolmamasını müəyyən etməmiş, həmçinin bu və digər halları tam, hərtərəfli və obyektiv araşdırmamışdır. Halbuki, «İcra haqqında» Qanunun 26-cı maddəsinə əsasən icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmçinin qeyd edilməlidir ki, məhkəmə qərarının uzun müddət ərzində icra edilməməsi isə daxili qanunvericiliyin tələblərinin pozulması ilə yanaşı, həmçinin, «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə də ziddir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsinin birinci bəndinə görə, hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işin ədalətli və açıq araşdırılması hüququna malikdir. Avropa İnsan Hüquqları Məhkəməsinin «Əfəndiyeva Azərbaycana qarşı» (2007) işdə olan hüquqi mövqeyinə görə ki, 6-cı maddənin yalnız məhkəməyə müraciət hüququ ilə və məhkəmə prosesinin həyata keçirilməsi ilə bağlı olan maddə kimi şərh edilməsi iştirakçı dövlətlərin Konvensiyanı ratifikasiya edərkən hörmət etməyi öhdələrinə götürdükləri qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxara bilər. Buna görə də hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün «məhkəmə araşdırmasının» tərkib hissəsi sayılmalıdır. Avropa İnsan Hüquqları Məhkəməsi «X4rşı» (21 fevral 1975, 35-ci bənd) işdə göstərmişdir ki, Avropa Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndinin mülki işlərdə tərəflərə verilən prosessual təminatları ətraflı təsvir etməli olduğunu düşünmək və ilk növbədə həmin təminatlardan praktiki olaraq istifadə etmək hüququnu, yəni məhkəməyə müraciət etmək hüququnu qorumadığını düşünmək ağlasığmaz olardı. Əgər məhkəmə prosesi yoxdursa, o halda məhkəmə prosesinə xas olan ədalətlilik, açıqlıq və prosesin vaxtında həyata keçirilməsi kimi xüsusiyyətlər mənasını itirir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli Qərarında qeyd edilir ki, Avropa Konvensiyasının iştirakçısı olan dövlətin hüquq sistemi qanuni qüvvəyə minmiş və icra edilməli olan qətnamənin tərəflərdən birinə münasibətdə icrasız qalmasına imkan versəydi, onda ədalətli məhkəmə baxışında olan hüquq xəyali xarakter alardı. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, işə prosessual normaların tələblərinin pozulması ilə baxıldığından və həmin pozuntular düzgün olmayan qərardadın çıxarılması ilə nəticələndiyindən, şikayət qismən təmin edilməli, qərardad ləğv edilməli, iş yenidən baxılması üçün göndərilməlidir. İşə yenidən baxılarkən yuxarıda göstərilən bu və digər hallar işdə iştirak edən şəxslərin və icra məmurunun iştirakı ilə (icra işinə baxış keçirilməklə) tam, hərtərəfli və obyektiv araşdırılmalı, nəticəyə uyğun olaraq əsaslandırılmış qərardad qəbul edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 263-264, 357-358, 366, 395, 397-400-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Tələbkarlar X6 və Tələbkar2 «icra məmurunun hərəkətsizliyi» barədə şikayət ərizəsi üzrə Bakı şəhəri Xətai Rayon Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 8(011)-419/2021 saylı qərardadından tələbkarlar X9 və Tələbkar2 tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Xətai Rayon Rayon Məhkəməsinin 26 may 2021-ci il tarixli, 8(011)- 419/2021 saylı qərardadı ləğv edilsin, iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-323/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-323/2021
06.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver