Məhkəmə qərarları › İş №8(103)-323/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-323/2025

08.07.2025 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-323/2025 08.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məmmədov Məmməd Allahverdi oğlu (sədrlik edən və məruzəçi), X3 və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, 8(001)-380/2025 saylı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2025-ci il tarixli qərardaddan iş üzrə X1 verdiyi şikayətə yazılı icraat qaydasında baxaraq MÜƏYYƏN ETDİ: X2 ərizə ilə Rayon Məhkəməsinə müraciət edərək, ondan Tələbkar xeyrinə ödənilməmiş 51.024 ABŞ dolları məbləğində pulun tutulması barədə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-1626/2024 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2024-cü il tarixli qətnamənin onun tərəfindən tələbkara hər ay 500 manat ödəməklə, hissə-hissə icra edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qeyd edilən icra vərəqəsinə əsasən ondan 51.024 ABŞ dolları məbləğində pul və dövlət rüsumunun əvəzi olaraq 363 manat pul borcludan alınaraq tələbkara verilməlidir. İcra vərəqəsi icra edilməsi üçün Bakı Şəhəri Binəqədi Rayon İcra Şöbəsinə göndərilmiş, onun əsasında İcra Şöbəsinin icra məmuru tərəfindən icra işinin icraatı başlanmış və borcludan həmin icra sənədinin icra edilməsi tələb edilmişdir. Ərizəçi qeyd edir ki, məhkəmə qətnaməsi çıxandan hər ay davamlı şəkildə iddiaçıya 500 manat olmaqla ümumilikdə 6.600 ABŞ dolları məbləğində ödəniş etmişdir, hazırda ödənilməmiş 44.424 ABŞ dolları borcu qalmışdır. O, ödənişdən yayınmır və qərəzli boyun qaçırmır, lakin ayda 500 manatdan artıq ödəniş etməyə imkanı yoxdur. Ərizəyə baxmış Rayon Məhkəməsi iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla ərizənin təmin edilməməsini qərara almışdır. Borclunun həmin qərardaddan verdiyi şikayətə baxmış Rayon Məhkəməsi, iş üzrə qəbul etdiyi xx.xx.2025-ci il tarixli qərardadla şikayətin təmin edilməməsini və baxılması üçün, şikayətin, mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini qərara almışdır. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası (bundan sonra – Məhkəmə) şikayətin dəlillərini və iş üzrə materialları araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, barəsində şikayət verilmiş qərardad dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə görə, tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası, yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır. Mülki Prosessual Məcəllənin 231.1-ci maddəsinə görə, işə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2005-ci il tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə, işə baxan məhkəmə nəzərə almalıdır ki, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Bu məsələ həll edilərkən təkcə borclunun deyil, tələbkarın da mənafeyini nəzərə alınmalıdır. Göründüyü kimi, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən və yaxud borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq edilə bilər. Lakin qeyd edilən məsələlər həll edilərkən təkcə borclunun deyil, habelə tələbkarın da mənafeyi nəzərə alınmalıdır. Borclunun ərizəsində qeyd edilmiş təklifdən işin hallarına yanaşdıqda müəyyən edilir ki, borclunun ərizəsi təmin olunarsa tələbkara münasibətdə qətnamə 12 ildən uzun müddət (təqribən 151 ay) ərzində icra olunacaqdır. Qətnamənin bu qaydada icra edilməsi tələbkarın mənafeyinin pozulması ilə nəticələnəcək, bu isə yolverilməzdir. Qeyd edilənləri nəzərə alan Məhkəmə hesab edir ki, Rayon Məhkəməsi borclunun ərizəsini və qərardaddan verilmiş şikayətini təmin etməməkdə haqlı olmuşdur. Şikayətin dəlilləri “qətnamənin hissə-hissə icra edilməsi barədə” ərizənin təmin edilməsi və barəsində şikayət verilmiş qərardadın tam və ya qismən ləğv edilməsi, habelə dəyişdirilməsi üçün əsaslı deyil. Odur ki, yuxarıda göstərilənlərə əsaslanan və MPM-in 398, 400, 402-ci maddələrinin tələblərini rəhbər tutan Məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Hazırkı iş üzrə Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş 16 may 2025-ci il tarixli qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir və ondan şikayət verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar