Məhkəmə qərarları › İş №8(103)-324/2021

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-324/2021

05.07.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-324/2021 05.07.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Vəfaddin Ələm oğlu İbayevin sədrliyi və məruzəsilə, Şeyda Ədalət qızı Məhərrəmova və Məmməd Allahverdi oğlu Məmmədovdan ibarət tərkibdə, Ləman İmanverdi qızı Şükürlünün katibliyi, Tələbkar nümayəndəsi və vəkili X2, Borclu nümayəndəsi və vəkili Vəkil, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X3 iştirakı ilə, Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən verilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(005)-27/2019-032 saylı icra sənədi üzrə «daşınmaz əmlak üzərinə həbs qoyulması»na barədə təqdimatına dair mülki iş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-193/2021 saylı 08 may 2021ci il tarixli qərardadından borclunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayətə əsasən mülki işə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X6 məhkəməyə təqdimatla müraciət edərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli, 2(005)-27/2019-032 saylı icra sənədi üzrə Borclu məxsus daşınmaz əmlakların üzərinə həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli 2(005)-27/2019 saylı icra sənədinə əsasən cavabdeh (borclu) Borclu 1 114 703 (bir milyon yüz on dörd min yeddi yüz üç) manat məbləğində pul vəsaiti iddiaçılar (tələbkar) "xxxx" MMC-nin təsisçiləri X7 və Tələbkar xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsi müəyyən etmişdir ki, İcra sənədi 13.04.2021-ci il tarixdə Bakı şəhəri Nəsimi rayon İcra və probasiya şöbəsinə daxil olmuş və qanunamüvafiq qaydada icraya yönəldilmiş, icraata başlamaq haqqında qərar qəbul olunaraq, surəti bildirişlə bərabər icra sənədi üzrə Borclu icra sənədində qeyd olunan ünvanına göndərilmiş, borclu könüllü icra müddətində icra sənədi üzrə tələbi təmin etmədiyi üçün borclunun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə elektron sistem vasitəsi ilə sorğular edilmişdir. «Elektron icra» informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Borclu məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin müəyyən qismi (3 şəxsə aid olduğu üçün), ünvan 1 ünvanında yerləşən “Mehriban” kafesinin müəyyən qismi (2 şəxsə aid olduğu üçün) və Bakı şəh., Nəsimi ray., İ.Qasımov küç., ev 48A fərdi yaşayış evinin olması müəyyən edilmişdir. Bu səbəbdən icra sənədinin icrasını təmin etmək məqsədilə məcburi icra tədbirləri kimi borclunun əmlakının üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi barədə məcburi icra tədbirləri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Borclu məxsus Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin müəyyən qisminin (3 şəxsə aid olduğu üçün), ünvan 1 ünvanında yerləşən “Mehriban” kafesinin müəyyən qisminin (2 şəxsə aid olduğu üçün) və Bakı şəh., Nəsimi ray., İ.Qasımov küç., ev 48A fərdi yaşayış evinin üzərinə həbs qoyulması barədə qərardad çıxarılması xahiş edilmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-193/2021 saylı 08 may 2021-ci il tarixli qərardadı ilə təqdimat təmin edilmiş, Borclu məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin (Borclu aid hissədə) və ünvan 4 ünvanında yerləşən “Mehriban” kafesinin (Borclu aid hissədə) üzərinə həbs qoyulması qərara alınmışdır. Qərardaddan Borclu nümayəndəsi və vəkili Vəkil şikayət verərək, qeyd olunan qərardadın ləğv edilməsi, təqdimatın təmin edilməməsi və kobud qanun pozuntularına yol verdiyinə görə icra məmurunun əməlinə hüquqi qiymət verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-193/2021 saylı 08 iyun 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında Borclu nümayəndəsi və vəkili Vəkil şikayəti müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Tələbkar nümayəndəsi və vəkili X5 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X6 şikayətə etiraz edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası izahatları dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-193/2021 saylı 08 may 2021-ci il tarixli qərardadı ləğv edilməli, təqdimat təmin edilməli, Borclu məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin (Borclu aid hissədə) və ünvan 4 ünvanında yerləşən “Mehriban” kafesinin (Borclu aid hissədə) üzərinə həbs qoyulmalıdır. Belə ki, təqdimata əlavə olunmuş 14.04.2021-ci il tarixli qərar və bildirişin surətlərindən görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 17.01.2019-cu il tarixli 2(005)-27/2019 saylı icra sənədi üzrə icraat başlanılmış, 14.04.2021-ci il tarixdə könüllü icra barədə e84174/2021-5-6- 004 nömrəli bildiriş borcluya təqdim olunmuşdur. Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi Üzrə Dövlət Komitəsi tərəfindən verilmiş 13.03.2006-cı il tarixli, 000343 saylı şəhadətnamənin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən “Mehriban” kafesi üzərində Borclu və X1 hüququ vardır. Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamenti tərəfindən verilmiş mülkiyyət hüququ haqqında 28.04.2003-cü il tarixli, 000539 saylı və 24.01.2006-cı il tarixli 000004 saylı şəhadətnamələrin surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsi Borclu, X4 və Tələbkar xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin RX ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəh., Nəsimi ray., İ.Qasımov küç., ev 48A da yerləşən fərdi yaşayış evi Borclu xüsusi mülkiyyətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələbinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun: 43.1-ci maddəsinə əsasən, borclunun əmlakı üzərinə həbs qoymaq və onu satmaq yolu ilə tələbin əmlaka yönəldilməsi məcburi icra tədbiridir. 44.1.2 və 44.1.3-cü maddələrinin tələblərinə görə icra məmuru tərəfindən icraata başlamaq haqqında qərarın qəbul edilməsi və könüllü icra üçün icra məmuru tərəfindən borcluya verilmiş müddətin keçməsi məcburi icra tədbirinin tətbiqi üçün əsasdır. 50.1-ci maddəsinə əsasən icraata başlamaq haqqında qərar borcluya təqdim olunduğu gündən ən geci 1 (bir) ay müddətində, zəruri hallarda isə qərarın təqdim olunması ilə eyni vaxtda borclunun əmlakı üzərinə həbs qoyulur. 50.2-ci maddəsinin tələblərinə əsasən borclunun əmlakı üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlamaq üçün verilməsindən ibarətdir. İcra sənədi icraya yönəldilənə qədər borclunun əmlakına həbs qoyulmayıbsa və ya icra sənədinin icrası zamanı tələbin borclunun əmlakına yönəldilməsi hallarında əmlak üzərinə həbs, bir qayda olaraq, icra məmurunun əsaslandırılmış təqdimatına əsasən məhkəmənin qərardadı ilə qoyulur. Borclunun nümayəndəsi və vəkili Vəkil iş üzrə Nəsimi rayon Məhkəməsinin 08 may 2021-ci il tarixli, 8(006)-193/2021 saylı qərardadından verilmiş şikayətində ona istinad etmişdir ki, 07 may 2021-ci il tarixdə Nəsimi rayon məhkəməsinə rəsmi müraciət edərək, məhkəmə prosesinin təyin edildiyi vaxt və saatda başqa prosesdə iştirak etməli olduğunu nəzərə alıb prosesin başqa tarixə təxirə salınmasını xahiş etmiş və bu barədə müvafiq sənədlər təqdim etmişdir. Lakin Nəsimi rayon Məhkəməsində keçirilən prosesdə onun iştirakı təmin edilməmiş, işə borclu tərəfin iştirakı olmadan baxılaraq Borclu əmlakları üzərinə həbs qoyulmuşdur. Məhkəmə prosesində iştirak etmək hüququ, yəni çəkişmə prinsipi pozulduğuna görə iş üzrə qəbul olunmuş qərardad ləğv olunması və Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Ramin Quliyevin Borclu əmlakının üzərinə həbs qpyulmasına dair təqdimatın təmin olunmamasını xahiş edir. Kollegiya qeyd edir ki, iş materilları ilə Vəkil 08 may 2021-ci il tarixdə Bakı Apelyasiya Məhkəməsində iştirak etməli olması təsdiq olunur. Belə ki, Nəsimi rayon Məhkəməsində keçirilmiş 08 may 2021-ci il tarixli iclas protokolunda qeyd olunur ki, məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, borclu və tələbkar məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişdir. Vəkil ərizəsi və ona əlavə olunmuş sənədlər məhkəməyə 07 may 2021-ci il tarixində daxil olduğuna və Vəkil məhkəməyə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verdiyinə görə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni düzgün hesab etmir və belə qənaətə gəlir ki, borclu məhkəmədə iştirak hüququ , yəni ədalətli məhkəmə baxışına hüququ pozulmuşdur. Kollegiya V.İ. Kərimovun birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi ilə bağlı irəli sürdüyü digər dəlilləri yəni, icra məmurunu icra sənədinin könüllü icrası ilə əlaqədar on gün müddəti gözləmədən məcburi icra hərəkəti apararaq borclunun əmlakı üzərinə həbs qoyulması ilə bağlı hərəkətlər etməsi və İcra haqqında Qanunun 38-ci maddəsinin tələbini pozaraq bildirişi şəxsən Ş. Şahbazova təqdim etmək üçün borclunun ünvanına gedib, hal şahidlərinin iştirakı ilə protokol tərtib etməsi, əmlak üzərinə həbs qoyularkən qanunvericilikdə müəyyən edilmiş ardıcılığı gözləməməsi , borclunun başqaları ilə ümumi mülkiyyətində olan əmlak üzərində həbs qoyulmasını məhkəmə kollegiyası qərardadın ləğvi və təqdimatın təmin olunmaması üçün əsaslı hesab etmir. Belə ki, həmin hərəkətlər yerinə yetirilərkən icra məmurunun müəyyən pozuntulara yol verməsi məhkəmənin əmlak üzərində həbs qoyulması barədə qərardadının ləğvi üçün əsas hesab edilə bilməz. V.İ. Kərimovun digər dəlili ümumi mülkiyyətdə olan əmlak üzərində həbs qoyulmasının yol verilməzliyi ilə əlaqədardır. Məhkəmə kollegiyası həmin dəlili də əsaslı hesab etmir . Belə ki, borclunun ümumi mülkiyyətdə payı Mülki Məcəllənin 213 və 220-ci maddələrinin tələbləri nəzərə alınmaqla müəyyən edilə və ona borcun yönəldilməsi təmin oluna bilər. Vəkil şikayətinin dəlillərindən biri də, Azərbaycan Respublikası NK-nın 05.06.2002-ci il tarixli 89 saylı qərarı ilə təsdiq edilmiş “ Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı”na əsasən borclunun və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarının təmin edəcək mənzil , ev və ya onun ayrı-ayrı hissələrinə tələbin yönəldilməsinin yol verilməzliyi ilə bağlıdır.Məhkəmə kollegiyası həmin dəlili də əsaslı hesab etmir. Belə ki, icra prosesində həbs qoyulan mənzilin borclunun yeganə mənzili olması müəyyən ediləcəyi təqdirdə borcun həmin əmlaka yönəldilməsi istisna olunmur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsində icra məmurunun hərəkətlərinə hüquqi qiymət verilməməsi , eyni zamanda məhkəmənin ayrıca akt şəklində çıxardığı qərardadı 5 gün müddətində işdə iştirak edən şəxslərə rəsmi qaydada verməməsi barədə dəlillərini də birinci instansiya məhkəməsinin qərardadının ləğvinə və təqdimatın təmin olunmamasına əsas hesab etmir. Beləliklə, V.İ. Kərimovun şikayətinin dəlillərini , işdə olan sübutları və tərəflərin izahatlarını araşdıraraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi borclu tərəfin məhkəmə prosesində iştirak hüququnu təmin etməməklə ədalətə məhkəmə baxışına olan hüququnu pozmuşdur. Ona görə də, kollegiya hesab edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-193/2021 saylı 08 may 2021-ci il tarixli qərardadı ləğv edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9.1-ci maddəsinə görə ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə görə bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə birbirlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək, qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək, qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək hüququ vardır. Məhkəmə kollegiyası qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrası ədalətli məhkəmə baxışının tərkib hissəsini təşkil edir. Borclunun əmlakı üzərində həbs qoyulması məhkəmə qətnaməsinin icrasına xidmət etdiyinə görə, təqdimat qismən təmin edilməli, Borclu məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin (Borclu aid hissədə) və ünvan 4 ünvanında yerləşən “Mehriban” kafesinin (Borclu aid hissədə) üzərinə həbs qoyulmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası q ə r a r a a l d ı: Borclunun nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-193/2021 saylı 08 may 2021-ci il tarixli qərardadı ləğv edilsin. Təqdimat qismən təmin edilsin. Borclu məxsus ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin, Bakı şəhəri, Nəsimi rayonu, Tbilisi prospekti, 1058 məhəllədə yerləşən 9 saylı Yük avtomobil nəqliyyat müəssisəsinin (Borclu aid hissədə) və ünvan 4 ünvanında yerləşən “Mehriban” kafesinin (Borclu aid hissədə) üzərinə həbs qoyulsun. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar