Məhkəmə qərarları › İş №8(103)-325/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-325/2022

10.10.2022 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-325/2022 10.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kazımov Elşən Cələddin oğlunun sədrliyi və məruzəsi ilə, İsgəndərov Akif Əsgər oğlu və Kərimli İlham Əziz oğlundan ibarət tərkibdə, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-507/2022 saylı, 22 avqust 2022ci il tarixli qərardadından Borclu tərəfindən verilmiş şikayətə, Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Bakı Şəhəri Nərimanov Rayon İcra şöbəsinin icra məmuru Zamiq Kazımov məhkəməyə müraciət edərək Tələbkar Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1066/2021 saylı, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbdən imtinası barədə qərar qəbul edilməsini xahiş etmişdir. Təqdimat onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-1066/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədinə əsasən Borclu 30000 ABŞ dolları məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumu tutularaq Tələbkar xeyrinə ödənilməlidir. Tələbkar Kazımov X2 Rayon Məhkəməsinin 2(005)- 1066/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə nəzərdə tutulmuş vəsaitdən 30000 manatı qəbul etdiyini, qalan vəsaitdən isə imtina etməsi barədə xx.xx.2022-ci il tarixli notarial təsdiqli ərizə ilə şöbəyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-507/2022 saylı, 22 avqust 2022ci il tarixli qərardadı ilə təqdimat təmin edilməmişdir. Borclu nümayəndəsi X1 şikayət verərək qərardadın ləğv edilməsini və təqdimatı təmin edilməsini xahiş etmişdir. Şikayət bununla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadını əsaslandırmaq üçün qərardadda qeyd etmişdir ki, tələbkar xx.xx.2022-ci il tarixində Gəncə şəhər 5 saylı notariat ofisində imzasını təsdiqlətməklə verdiyi 8İ-4375 reyestr nömrəli ərizəsini xx.xx.2022-ci il tarixində notariat ofisinə verdiyi 8İ-2057 reyestr nömrəli ərizə ilə ləğv etmiş və buna görə də, təqdimat təmin edilə bilməz. Məhkəmə qərardadda “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 16-1-ci bəndinə istinad etmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki, tələbkar tərəfindən Nərimanov Rayon İcra Şöbəsinin adına ünvanlanmaqla imzalanmış 8İ-4375 reyestr nömrəli xx.xx.2022-ci il tarixli ərizə ilə tələbkar yalnız onunla aralarında bağlanmış barışıq razılaşması üzrə məlumatları özündə əks etdirir. Həmin ərizənin sonradan tələbkar tərəfindən birtərəfli qaydada ləğv edilməsinin mümkünlüyü, tələbkarla aralarında əldə edilmiş razılığın da etibarsız sayılması ilə nəticələnə bilməz. İndiki halda, tələbkar onunla aralarında yuxarıda qeyd edilən məzmunda barışıq razılaşmasının əldə olunduğunu və həmin razılaşmanın şərtlərinə uyğun olaraq ondan 30000 manat pulu aldığını inkar etmir. Göründüyü kimi, tərəflər arasında artıq barışıq razılaşması əldə olunmuş, tələbkar həmin razılaşmanın şərtlərini qəbul edərək ondan 30000 manat pulu götürmüş, bu barədə icra şöbəsinə ərizə yazmışdır. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-507/2022 saylı, 15 sentyabr 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. İşdə iştirak edən şəxslərə şikayətə yazılı icraat qaydasında baxılacağı barədə məhkəmə bildirişi göndərilmiş və onlarda olan bütün sübutların, eləcə də şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin işdə iştirak edən şəxslər sübutlar, etiraz və ya izahatlarını məhkəməyə təqdim etməmişlər. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi şikayəti rədd edərkən qeyd etmişdir ki, mübahisələndirilən qərardadda məhkəmə belə nəticəyə gəlmişdir ki, hazırki iş üzrə tələbkar tərəfindən tələbdən imtinası barədə ərizəsi ləğv edildiyindən təqdimatın təmin edilməsi mümkün deyildir. Şikayətin aralarında barışıq razılaşmasının əldə olunması, tələbdən imtinanın sonradan tələbkar tərəfindən birtərəfli qaydada ləğv edilməsinin tələbkarla aralarında əldə edilmiş razılığın da etibarsız sayılması ilə nəticələnə bilməməsi ilə bağlı məhkəmə qeyd edir ki, borc məbləği məhkəmə qərarı ilə təsdiq olunduğundan həmin məbləğə dair barışıq razılaşması da yazılı şəkildə bağlanmalı və məhkəmə tərəfindən təsdiq olunmalıdır. “İcra haqqında” Qanunun 20.1.1-ci maddəsinə əsasən isə icra sənədi üzrə icraata məhkəmə tələbkarın tələbdən imtinasını qəbul etdikdə xitam verilir. “İcra haqqında” Qanunun 20.1.2-ci maddəsinə görə, məhkəmə tələbkar ilə borclu arasında barışıq sazişini təsdiq etdikdə icra sənədi üzrə icraata xitam verilir. Apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayətdə göstərilənlər qərardadın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki, Tələbkar Gəncə şəhər 5 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş ərizəni təqdim edərək Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)- 1066/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə ona ödənilməli olan pulun aralarında razılığa gələrək könüllü şəkildə 30000 manatı aldığını, yerdə qalan 21030 manatdan imtina etdiyini bildirsə də, Gəncə şəhər 6 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş ərizə ilə də Gəncə şəhər 5 saylı notariat ofisində xx.xx.2022-ci il tarixdə təsdiq edilmiş ərizədən razılığa gəlməməsi səbəbindən imtina etdiyini göstərmişdir. Birinci instansiya məhkəməsi də haqlı olaraq tələbkarın tələbdən imtinasını qəbul etməmişdir. Bunun qəbul edilməsi də mümkün olmazdı. Çünki, tələbkar birinci ərizəsini borclu ilə razılığa gəlməməsi səbəbindən ikinci ərizəsi ilə ləğv etdirdiyini bildirir. Deməli, tələbkarın tələbdən imtina barədə iradəsi ifadəsi həqiqi olmamışdır. Şərh olunanlara əsasən, apellyasiya instansiyası məhkəməsi hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-507/2022 saylı, 22 avqust 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanmalıdır. Şərh olunanlara əsasən və Mülki Prosessual Məcəllənin 398.0.1, 400, 402-406-cı maddələrini rəhbər tutaraq, apellyasiya instansiyası məhkəməsi q ə r a r a a l d ı: Borclu şikayəti təmin edilməsin. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 8(005)-507/2022 saylı, 22 avqust 2022ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar