Məhkəmə qərarları › İş №8(103)-329/2023

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-329/2023

03.10.2023 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-329/2023 03.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(006)- 241/2023 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinə dair iş üzrə Açar sözlər: icraya möhlət verilməsi Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası hakimlər X3 (sədrlik edən və məruzəçi), X5 və Sarıyev Xəyal Əjdər ibarət tərkibdə, Borclu Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(006)- 241/2023 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə ərizəsinə dair iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 8(006)-270/2023 nömrəli qərardadından borclunun şikayətinə yazılı icraat qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Birinci instansiya məhkəməsində icraat

1. Borclu ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(006)-241/2023 nömrəli qətnaməsinin icrasına möhlət verilməsi barədə qərardad çıxarılmasını xahiş etmişdir.

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(006)-241/2023 nömrəli qətnaməsi ilə ondan 27268 manat ödənilməmiş təhsil haqqı, penya (dəbbə pulu) qismində 1000 manat, ödənilmiş dövlət rüsumunun 107,94 manatı və 145 manat ekspertiza xərcinin tutularaq iddiaçı “BSB” X7 Məktəbinin xeyrinə ödənilməsi qət edilmişdir. Maddi imkanının ağır olması, daimi iş yerinin olmaması və himayəsində 30 aprel 2009-cu il təvəllüdlü övladının olması ilə əlaqədar borcun dərhal ödənilməsi öhdəliyini yerinə yetirə bilmir. Eyni zamanda bildirmişdir ki, anasına məxsus evdə yaşayırlar. Hazırda borcunu ödəmək üçün bir sıra tədbirlər həyata keçirir və şəxsi işlə məşğul olaraq (evlərdə təmizlik işlərini həyata keçirmək yolu ilə) pul qazanmağa çalışır. Hər hansı bir qiymətli əşyaya sahib deyil. İddiaçıya hər ay 50-100 manat məbləğdə borcunu ödəməyə razıdır. İmkan yarandıqda borcun vaxtından əvvəl ödənilməsi məqsədilə ödənişlərin məbləği artırılacaqdır.

3. Tələbkar ərizəyə etiraz edərək, borclunun ərizəsinin rədd edilməsini xahiş etmişdir.

4. Etiraz onunla əsaslandırılmışdır ki, “BSB” X7 Məktəbində təhsil almış X4 təhsil müqavilələri Borclu tərəfindən bağlanılsa da, bu müqavilələr üzrə təhsil haqları 02 mart 2019 - 28 yanvar 2022-ci il tarixlərdə onun atası tərəfindən “BSB” X7 Məktəbinin bank hesabına ödənilmişdir. Bununla bağlı təsdiqedici sənədlər mülki işə baxılarkən təqdim olunmuşdur. Borclu Cəfərova Yevqeniya Yusifovna ərizəsində iş üzrə tərəflərin mənafelərinin tarazlığını qorumaq üçün iddaçıya borc tam ödənilənə qədər ayda 50-100 manat məbləğdə vəsait ödənilməklə məhkəmə qərararının icrasını mümkün hesab etdiyini bildirmişdir. Əgər sadə riyazi hesablama aparılsa ayda 100 manat ödənilməklə ümumi borcun ödənilməsinə 23 ilədək vaxt lazımdır. Bu müddət təbii ki, ağılasığmaz bir müddətdir və borclunun qeyd etdiyi kimi tərəflərin mənafelərinin tarazlığını qorumağı ifadə etmir. Hesab edir ki, borclunun belə yanaşmasında məqsəd məhkəmə qətnaməsinin icrasından dolayı surətdə boyun qaçırmaqdır.

5. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 8(006)- 270/2023 nömrəli qərardadı ilə ərizə rədd edilmişdir.

6. Qərardad onunla əsaslandırılmışdır ki, borclu X1 ərizəsinin təmin edilməsi tələbkarın hüququnun (icra sənədi üzrə tələbin yerinə yetirilməsini tələb etmək hüququnun) pozulmasına gətirib çıxara bilər. Belə ki, qətnamənin icrasına möhlət verilməsi tələbkarın məhkəmə müdafiəsi hüququnun mahiyyətinə xələl gətirəcəkdir. Digər tərəfdən borclu ərizəsində tələbkara olan borcunu hər ay 50-100 manat məbləğdə ödəməyə razı olduğunu bildirsə də, borcun hər ay qeyd edilən məbləğdə ödənilməsi icra sənədinin icrasının lüzumsuz şəkildə uzanmasına və tələbkarın hüquqlarının pozulmasına səbəb ola bilər.

7. Borclu qərardaddan şikayət verərək, ləğv edilib, ərizənin təmin olunması barədə qərardad çıxarılmasını xahiş etmişdir.

8. Şikayətin dəlillərinə görə, məhkəmə heç bir ciddi əsas gətirmədən qətnamənin hissə-hissə icra edilməsinin cavabdehin mənafeyinə zidd olmasını əsas gətirərək ərizəni təmin etməmişdir. Bunu onunla əsaslandırmışdır ki, qətnamənin icrasına möhlət verilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsinin əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəlməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi qısa müddətdə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Göründüyü kimi, məhkəmə onun ərizəsində göstərilən hallara əhəmiyyət vermədən yalnız cavabdehin mənafeyini əsas götürərək ərizəni təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinə istinad etmişdir ki, həmin norma əsasında onun əmlak vəziyyəti nəzərə alınaraq ərizəsi təmin edilməli idi.

9. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 29 avqust 2023-cü il tarixli, 8(006)- 270/2023 nömrəli qərardadı ilə şikayət mülki işin materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir.

Tətbiq edilən hüquq

10. “İcra haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 15. Tərəflər icra sənədinin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icrası yaxud icra sənədinin icrası üsulunun və qaydasının dəyişdirilməsi haqqında işə baxmış məhkəməyə müraciət edə bilərlər. Borclunun əmlak vəziyyətini və digər halları nəzərə alaraq, məhkəmə həmin müraciətlərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 231-ci maddəsi ilə müəyyən edilmiş qaydada baxır.

11. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 231.1. İşə baxmış hakim, işdə iştirak edən şəxslərin ərizəsi üzrə tərəflərin əmlak vəziyyətinə və digər hallara əsasən qətnamənin icrasına möhlət verməyə və ya qətnaməni hissə-hissə icra etdirməyə, habelə onun icra üsulunu və qaydasını dəyişdirməyə haqlıdır; Maddə 398.0. Apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: 398.0.1. Məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12 . İş materiallarından görünür ki, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 28 fevral 2023-cü il tarixli, 2(006)-241/2023 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, müqavilə öhdəliklərinin pozulması ilə əlaqədar 24 may 2017-ci il, 13 noyabr 2018-ci il, 06 avqust 2019-cu il və 14 sentyabr 2020-ci il tarixli təhsil müqavilələri üzrə ümumilikdə 27268 manat ödənilməmiş təhsil haqqı, penya (dəbbə pulu) qismində 1000 manat və ödənilmiş dövlət rüsumunun 107,94 manatının cavabdeh Borclu tutularaq iddiaçı “BSB” X7 Məktəbinin xeyrinə tutulması, ekspertiza xərci olan 145 manatın cavabdeh X2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

13. Qətnamə üzrə icra vərəqəsi verilmiş, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmurunun qərarı ilə icraata başlanılmış, borcluya tələbin könüllü icrası üçün müddət verilmişdir.

14. Birinci instansiya məhkməsi hazırkı ərizəni rədd edərkən, qeyd etmişdir ki, qətnamənin icrasına möhlət verilməsi qətnamənin icrası prosesində baş verən hallardan asılıdır. Belə bir zərurət, bir qayda olaraq, o halda yaranır ki, tərəflərin mövcud əmlak vəziyyəti və digər hallar qətnaməni qanunla müəyyən edilmiş müddətdə icra etməyə imkan verməsin. Qətnamənin icrasına möhlət verilməsi müstəsna hal olub, qətnamənin icrası üçün çətinlik törədən, borclu üçün yaranmış əlverişsiz hallarda tətbiq oluna bilər. Qətnamənin icrasına möhlət verilməsinin əsası kimi nəzərə alınmalı olan borclunun əmlak vəziyyəti onun elə bir maddi təminat səviyyəsini nəzərdə tutur ki, bu vəziyyətdə borclu ona məxsus və tələbin yönəldilməsi mümkün olan əmlakının realizəsi hesabına qətnamə üzrə tələbi qısa müddətdə könüllü və ya məcburi qaydada tam icra edə bilmir. Bundan əlavə, qətnamənin icrasına möhlət verilməsi zamanı tələbkarın qanuni mənafeyi mütləq nəzərə alınmalı, icrasına möhlət verilməsi qaydası müəyyən edilərkən ağlabatanlıq və ədalətlilik meyarları rəhbər tutulmalıdır.

15. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin əsaslandırması ilə razılaşaraq qeyd edir ki, həqiqətən də hazırkı iş üzrə icra vərəqəsinin icrasına möhlət verilməsi üçün əsas olan müstəsnalıq müəyyən edilmir. Borclu bu barədə mövqeyini maddi vəziyyətinin aşağı olması ilə əsaslandırır ki, bu faktor özlüyündə hazırkı ərizənin təmin olunması üçün əsas ola bilməz.

16. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 231.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 22 may 2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “Qətnamənin icrasına möhlət verilməsi tələbkarın qanunla qorunan mənafelərinin və pozulmuş hüquqlarının real müdafiəsi müddətini uzatdığına görə, belə möhlətin verilməsi müstəsna xarakter daşımalı, icra hərəkətlərinin həyata keçirilməsinə ciddi maneələr və çətinliklər olduqda tətbiq edilməli, işdə iştirak edən şəxslərin hüquqlarının əsassız məhdudlaşdırılmasına yönəlməməlidir. Bunun üçün, ilk növbədə, qətnamənin icrasına möhlət bu aktın özü ilə əvəzlənməməli, onun məzmununu dəyişdirməməli, möhlətin müddəti isə məhkəmə müdafiəsinin səmərəliliyinə xələl gətirməməlidir.”

17. Beləliklə, hazırkı işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, şikayətin dəlilləri qərardadın ləğvinə əsas vermir. Buna görə də qərardad dəyişdirilmədən saxlanılmalı, şikayət təmin olunmamalıdır.

18. Göstərilənlərə əsasən və MPM-in 263, 264 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 8(006)- 270/2023 nömrəli qərardadından Borclu tərəfindən verilmiş şikayət təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08 avqust 2023-cü il tarixli, 8(006)- 270/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

HAKİMLƏR Fərrux Qasımov

Fuad Abdıyev

Xəyal Sarıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar