Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 8(103)-33/2021 26.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Kərimli İlham Əziz oğlu (sədrlik edən və məruzəçi), İsgəndərov Akif Əsgər oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Dadaşzadə Günay Möhübbət qızının katibliyi, Tələbkar X1 nümayəndəsi X3, Borclu iştirakı ilə, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(007)-289/2020 saylı qərardadından tələbkar X2 tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxx 2018-ci il tarixli 2(007)-210/2018 nömrəli icra vərəqəsinə əsasən, «Mercedes Benz E 220 CDİ» minik markalı ** HF *** dövlət qeydiyyat nişanlı, «Mercedes Benz 816 D» yük markalı ** OH *** dövlət qeydiyyat nişanlı, «QAZ 33021» markalı, ** BF *** dövlət qeydiyyat nişarlı, «QAZ 33021» yük minik markalı ** BJ *** dövlət qeydiyyat nişanlı, «HONDA CRV» minik markalı ** EP *** dövlət qeydiyyat nişanlı, «FORD TRANZİT» yük markalı ** GM *** dövlət qeydiyyat nişanlı, «QAZ 53» markalı ** BM *** dövlət qeydiyyat nişanlı və «QAZ SAZ 3507» markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobillər üzərində X1 payının 1/2 hissə və Borclu payının 1/2 hissə müəyyən edilməsi, ünvan 1 məhəllə, 1 D ünvanındakı 2 mərtəbəli 5 otaqlı fərdi yaşayış evinin tikintisinə sərf olunmuş 50000 manat üzərində X1 payının 1/2 hissə və Borclu payının 1/2 hissə müəyyən edilməsi, Borclu X1 xeyrinə əmlakın dəyərinin yarısı, yəni 25000 manat pulun tutulması, Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi sahə 52 G ünvanında yerləşən 0,12 ha torpaq sahəsi üzərində X1 payının 1/2 hissə və Borclu payının 1/2 hissə müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin icra vərəqəsi üzrə Bakı şəhəri Nizami rayon İcra və Probasiya şöbəsinin icra məmuru Əlihüseyn Aslanovun xx xxxxxx 2018-ci il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmışdır. İcra məmuru Əlihüseyn Aslanov ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədinə izah verilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, icra prosesində Azərbaycan Respublikası DİN BDYPİ tərəfindən icra qurumuna məktub göndərilərək «Mercedes Benz 816 D» yük markalı ** OH *** dövlət qeydiyyat nişanlı avtomobilin xx xxxxx 2017-ci il tarixli alqı-satqı müqaviləsi əsasında Borclu adından qeydiyyatdan çıxarıldığı bildirilmiş və avtomobil üzərində tərəflərin ½ hissədə pay hüququnun tanınması mümkün olmamışdır. Bu hal qətnamənin icrasında çətinlik yaratmış, buna görə də icra sənədinə izah verilməsi üçün məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(007)-289/2020 saylı qərardadı ilə icra sənədinə izah verilməsinə dair ərizə təmin edilməmişdir. Tələbkar X2 həmin qərardaddan şikayət vermiş, qərardadın ləğv edilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(007)-289/2020 saylı qərardadı ilə şikayət təmin edilməmiş və iş materialları ilə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilmişdir. Məhkəmə kollegiyasının iclasında tələbkarın nümayəndəsi şikayəti müdafiə edərək təmin edilməsini, borclu isə şikayətin təmin edilməməsini məhkəmədən xahiş etdilər. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarını və şikayətin dəlilini araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(007)-289/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən icra sənədində göstərilmiş tələblər aydın olmadıqda, icra məmuru həmin icra sənədinin verilməsi üçün əsas olmuş qərarın, habelə qanuna əsasən icra sənədi sayılan sənədin izah olunması barədə müvafiq məhkəməyə və ya digər orqana ərizə ilə müraciət etməlidir. Məhkəmə və ya digər orqan icra məmurunun ərizəsinə onun daxil olduğu vaxtdan 10 gün müddətində baxır və icra sənədinin verilməsi üçün əsas olmuş müvafiq qərarı, habelə qanuna əsasən icra sənədi sayılan sənədi onların məzmununu dəyişdirmədən izah edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 230.1-ci maddəsinə əsasən işə baxmış hakim, apellyasiya instansiyası məhkəməsi tərəfindən ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Məhkəmə qətnaməsi aydın olmadıqda, ziddiyyətli olduqda izah etməyə zərurət yaranır. Bundan başqa mülki prosessual qanunvericiliyin tələblərinə əsasən, işə baxmış hakim icra sənədinin məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmə qətnaməsi haqqında" xx.xx.2005-ci il tarixli 4 nömrəli Qərarının 14-cü bəndində də göstərilmişdir ki, qətnamə aydın və dəqiq olmadıqda, həmçinin ziddiyyətli olduqda işi həll etmiş hakim (məhkəmə tərkibi) qətnamənin məzmununu dəyişdirmədən onu izah etməyə haqlıdır. Qətnaməni izah etmək yolu ilə onun dəyişdirilməsinə və yaxud onda məhkəmə baxışının predmeti olmayan məsələlərin həll edilməsinə yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq həmin məhkəmənin xx xxxx 2018-ci il tarixli 2(007)-210/2018 saylı qətnaməsi üzrə verilmiş icra sənədində göstərilmiş tələblər üzrə qətnaməyə izah verilməsindən imtina etmişdir. Belə ki, həmin məhkəmənin xx xxxx 2018-ci il tarixli icra vərəqəsində göstərilmiş tələblər kifayət qədər aydın yazılmış və hər hansı bir anlaşılmazlıq olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398-400, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 8(007)-289/2020 saylı qərardadından tələbkar X2 tərəfindən verilmiş şikayət təmin edilməsin, qərardad dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №8(103)-33/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №8(103)-33/2021
26.01.2021 · Məhkəmə qətnamələrinin (qərarlarının) icrası
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver